280.000.000
“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat N 2977
“13” may 2003-cü il
Nazir____________ F.F. Məmmədov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
Əmr N 216/ü
“03” aprel 2003-cü il
Nazir ________________H.S. Bağırov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi
Əmr N 29ü
“21” aprel 2003-cü il
Sədr ____________Ə.C. Əhmədzadə
|
Azərbaycan Respublikasında dövlət su kadastrının aparılması qaydaları haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar.
1.1. Bu Əsasnamə “Dövlət su kadastrının aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 05 dekabr tarixli 261 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinə, digər qanunvericilik aktlarına və bu aktlar əsasında qəbul edilmiş normativ-hüquqi sənədlərə uyğun olaraq hazırlanmışdır, Dövlət Su Kadastrının (bundan sonra - DSK) aparılmasının əsas prinsiplərini müəyyən edir, onun aparılması zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin DSK-nı aparan tabeli qurumlarının bu sahədəki fəaliyyətini tənzimləyir.
1.2. DSK vahid dövlət fondunu təşkil edən yerüstü və yeraltı su mənbələri, su ehtiyatları, suların rejimi, keyfiyyəti, sulardan istifadə, eləcə də sulardan istifadənin göstəriciləri haqqında sistemləşdirilmiş, mütəmadi olaraq tamamlanan və zəruri hallarda dəqiqləşdirilən məlumatlar toplusudur.
1.3. DSK özündə suların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçot məlumatlarını, su obyektləri və su təsərrüfatı obyektləri haqqında məlumatları, sudan istifadə edənlərin qeydiyyatını, həmçinin sudan istifadənin göstəricilərini əks etdirir.
2. DSK-nın aparılmasının məqsədi və bu sahədə işin təşkili
2.1. DSK xalq təsərrüfatı sahələrinin zəruri məlumatlarla təmin edilməsi üçün ölkə ərazisində su və su təsərrüfatı obyektləri, su ehtiyatları, suların rejimi, keyfiyyəti və istifadə edilməsi, həmçinin sudan istifadə edənlər (istehlakçılar) haqqında vahid məlumat bazasını yaradır.
2.2. DSK-nın məlumatları rəsmi xarakter daşıyır və onlardan aşağıdakı məqsədlər üçün istifadə edilir:
- sulardan cari və perspektiv istifadənin planlaşdırılması və su mühafizəsi tədbirlərinin həyata keçirilməsində;
- su ehtiyatlarının kompleks istifadəsi, mühafizəsi sxemlərinin və su təsərrüfatı balanslarının tərtib edilməsində;
- sulardan istifadə edən su təsərrüfatı, nəqliyyat, sənaye və başqa müəssisə və qurğuların layihələndirilməsində;
- hidroloji və hidrogeoloji şəraitin dəyişməsinin, çay və göllərin, sututarların sululuğunun, suların keyfiyyətinin proqnozlaşdırılmasında;
- su təsərrüfatı sistemlərinin işinin səmərəliliyinin artırılması tədbirlərinin hazırlanmasında;
- sulardan istifadənin və tullantı sularının axıdılmasının (kənar edilməsinin), həmçinin suların keyfiyyət göstəricilərinin normalaşdırılmasında;
- sulara zərərli təsirlərin qarşısının alınması və onların ləğvi tədbirlərinin hazırlanmasında;
- sulardan səmərəli istifadəyə və onların mühafizəsinə yönəlmiş tədbirlərə dövlət nəzarətinin həyata keçirilməsində;
- sulardan istifadə edənlər arasında, həmçinin sulardan istifadə edənlərlə digər müəssisə və təşkilatlar arasındakı münasibətlərin tənzimlənməsində;
- sulardan istifadə ilə əlaqədar digər məsələlərin həllində.
2.3. DSK-nın məlumatları aşağıdakılardan ibarətdir:
- arxiv materialları (kitabçalar, cədvəllər, disketlər, uzunmüddətli texniki daşıyıcılardakı məlumatlar və çap olunmuş məlumatlar);
- su və su təsərrüfatı obyektlərinin kataloqları;
- illik və çoxillik məlumatlar toplusu.
2.4. DSK məlumatlarının tərkibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən təsdiq edilən “Dövlət Su Kadastrının məlumatlarının tərkibi” adlı ayrıca normativ-texniki sənədlə müəyyən edilir.
2.5. DSK-nın nəşr tərkibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət Su Kadastrının nəşr ediləcək hissəsinin strukturu” əsasında müəyyən edilir.
2.6. DSK məlumatları haqqı ödənilməklə çap edilmiş formada istehlakçılara, onların sorğusuna əsasən təqdim edilir.
2.7. DSK-nın çıxan nəşrləri, sorğu ilə verilən məlumatlarının növü və onların verilmə qaydası haqqında istehlakçıların məlumatlandırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən birlikdə “Dövlət Su Kadastrının məlumat bülleteni” nəşr edilir.
2.8. Su obyektlərinin növlərinə, suların öyrənilməsi və onlardan istifadə üzrə vəzifələrin bölüşdürülməsinə uyğun olaraq DSK aşağıdakı bölmələri əhatə edir:
Yerüstü su obyektləri - yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxil olmaqla, onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir, çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.
1. Yerüstü sular
1.1. Çaylar və kanallar;
1.2. Göllər və su anbarları;
1.3. Yerüstü suların keyfiyyəti;
1.4. Sellər və daşqınlar;
1.5. Buzlaqlar;
1.6. Dəniz və çayların dəniz mənsəbləri.
Yeraltı su obyektlərinə - yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxil olmaqla, aşağıdakılar aid edilir:
Sulu horizont - yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);
Yeraltı su hövzəsi - yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;
Yeraltı su yatağı - sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.
2. Yeraltı sular
2.1. İçməyə yararlı və az minerallaşmış sular;
2.2. Mineral sular:
2.2.1. Termal sular;
2.2.2. Sənaye əhəmiyyətli sular;
2.2.3. Müalicə əhəmiyyətli sular.
3. Sulardan istifadə
2.9. DSK-nın məlumatları Respublikanın ərazisində çay və göl hövzələri üzrə, yeraltı sular bölməsi isə hidrogeoloji hövzələrə görə sistemləşdirilir və nəşr edilir.
2.10. Yerüstü suların ehtiyatları, onların keyfiyyəti və təsərrüfat fəaliyyətinin təsiri nəticəsində suların keyfiyyətinin dəyişilməsi haqqında məlumatlar, su obyektləri və onların sahələri, çay və göllərin hövzələri, su təsərrüfatı sahələri, dövlətlərarası əhəmiyyəti olan çay və göllərin hövzələri, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, inzibati və iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və Respublikanın digər əraziləri üzrə ümumiləşdirilir.
2.11. Yeraltı suların ehtiyatları, onların keyfiyyəti və təsərrüfat fəaliyyətinin təsiri nəticəsində dəyişilməsi haqqında olan məlumatlar su obyektləri və onların sahələri, hidrogeoloji regionlar, çay və göllərin hövzələri, su təsərrüfatı sahələri, inzibati və iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və Respublikanın digər əraziləri üzrə ümumiləşdirilir.
2.12. Yeraltı suların ehtiyatları, onların kəmiyyət və keyfiyyətinin təsərrüfat fəaliyyəti nəticəsində dəyişilməsi haqqında məlumatlar hidrogeoloji regionlar üzrə ümumiləşdirilir.
2.13. Sulardan istifadə və sulardan istifadə növləri haqqında məlumatlar Naxçıvan Muxtar Respublikası və Respublikanın digər ərazisi, inzibati rayonlar və xalq təsərrüfatının sahələri üzrə ümumiləşdirilir.
2.14. Yeraltı suların ehtiyatları, onların yerüstü sularla qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilir.
2.15. DSK-nın vahid sistemdə aparılmasını təmin etmək üçün hazırlanan DSK-nın aparılmasına dair metodiki göstərişlər, DSK nəşrlərinin maketləri və DSK üzrə digər normativ-texniki sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən təsdiq edilir.
2.16. Xalq təsərrüfatı sahələrinin su ehtiyatları və onlardan istifadə edilməsi haqqında zəruri məlumatlarla təmin edilməsində operativliyin, həmçinin bu məlumatların istehlakçıların tələbinə uyğun işlənib hazırlanmasının və ümumiləşdirilməsinin səviyyəsinin yüksəldilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılır.
2.17. DSK-nın aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mütəxəssislərindən ibarət DSK-nın Baş Koordinasiya Mərkəzi, yerüstü, yeraltı sular və sulardan istifadə bölmələri üzrə isə DSK-nın müvafiq mərkəzləri yaradılır.
2.18. DSK-nın Baş Koordinasiya Mərkəzi aşağıdakı funksiyaları həyata keçirir:
- Respublika üzrə DSK-nın vahid elmi-metodik əsasda aparılmasının ümumi prinsiplərinin hazırlanmasını;
- DSK üzrə Respublikada aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsini və bu sahəyə nəzarəti;
- DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin təşkilinin ümumi prinsiplərinin hazırlanmasını və onun vahid sistem kimi fəaliyyətini;
- Bölmə mərkəzləri ilə birgə DSK üzrə idarələrarası normativ-texniki sənədlərin və DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sisteminə layihə sənədlərinin hazırlanmasını;
- Bölmə mərkəzləri ilə birlikdə DSK-nın birləşdirilmiş nəşr maketlərinin və onların hazırlanması üçün metodiki göstərişlərin işlənib hazırlanmasını;
- DSK-nın aparılması üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən hazırlanmış metodiki göstərişlərin, nəşr maketlərinin və digər normativ-texniki sənədlərin, həmçinin DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sisteminə aid olan layihə sənədlərinin müvafiq qaydada razılaşdırılmasını;
- Respublikanın ərazisi üzrə yerüstü və yeraltı suların ehtiyatları haqqında, onlardan istifadə edilməsi barədə məlumatlar toplusunun təhlilini, əlaqələndirilməsini, ümumiləşdirilməsini və onların müəyyən edilmiş qaydada istehlakçılara verilməsini;
- Bölmə mərkəzləri ilə birlikdə DSK-nın qiymətləndirilməsi meyarlarının hazırlanmasını və onun iqtisadi effektivliyinin qiymətləndirilməsini.
2.19. DSK Baş Koordinasiya Mərkəzinin və bölmə mərkəzlərinin funksiyaları DSK-nın aparılması üzrə metodiki göstərişlərlə (“Yerüstü sular”, “Yeraltı sular” və “Sulardan istifadə” bölmələri üzrə) müəyyən edilir.
3. Dövlət su kadastrının aparılması üzrə Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin vəzifələri
Yerüstü sular bölməsi üzrə
3.1. DSK-nın “Yerüstü sular” bölməsinin aparılması üzrə işləri istiqamətləndirir və əlaqələndirir.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə DSK-nın ümumi prinsiplərini və elmi-metodik əsaslarını, DSK-nın aparılması, DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin təşkili və layihələndirmə qaydalarını işləyib hazırlayır.
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə DSK-nın normativ-texniki sənədlərini (o cümlədən DSK-nın birləşmiş nəşr maketlərini), həmçinin DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin layihə sənədlərini işləyib hazırlayır.
3.4. Yerüstü sular və onlardan istifadə edilməsi haqqında məlumatların toplu təhlilini, əlaqələndirilməsini və ümumiləşdirilməsini yerinə yetirir, DSK-nın birləşdirilmiş məlumatlarını çapa hazırlayır və nəşr etdirir.
3.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birgə “Dövlət Su Kadastrının məlumat bülleteni”nin çapa hazırlanmasını və nəşrini həyata keçirir.
3.6. DSK-nın “Yerüstü sular” bölməsinin hazırlanmasını və aparılmasını həyata keçirir, o cümlədən:
- bölmə üzrə DSK-nın aparılması sisteminin (DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sistemi daxil olmaqla) işlənib hazırlanmasını və təkmilləşdirilməsini;
- yerüstü suların klassifikatorlarının işlənib hazırlanmasını;
- yerüstü sular haqqında məlumatların işlənilməsi, ümumiləşdirilməsi və nəzarəti üzrə qaydaların və kompüter proqramlarının işlənib hazırlanmasını;
- məlumatların kodlaşdırılması və saxlanılması üsullarının işlənib hazırlanmasını;
- bölmə üzrə DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin funksional və növ yarımsistemlərinin layihələndirilməsini, sınaqdan keçirilməsi, tətbiq edilməsi və təkmilləşdirilməsini;
- bölmə mərkəzləri üçün DSK-nın bölmə üzrə aparılmasının metodik göstərişlərinin, nəşr maketlərinin və DSK üzrə digər normativ-texniki sənədlərin işlənib hazırlanmasını;
- yerüstü sular haqqında məlumatların toplanılmasını, işlənilməsini, saxlanılmasını və istehlakçılara, onların sorğusu ilə müvafiq qaydada verilməsini;
- yerüstü suların ehtiyatlarının cari və perspektiv qiymətləndirilməsini, onların təsərrüfat fəaliyyəti nəticəsində dəyişilməsini;
- DSK nəşrlərinin çapa hazırlanması və nəşr etdirilməsini.
3.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə DSK-nın “Sulardan istifadə” bölməsinin aparılması üçün lazımi məlumatların verilməsini təmin edir.
Yeraltı sular bölməsi üzrə
3.8. DSK-nın “Yeraltı sular” bölməsinin hazırlanmasını və aparılmasını həyata keçirir, o cümlədən:
- bölmə üzrə DSK-nın aparılması sisteminin (DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sistemi daxil olmaqla) işlənib hazırlanmasını və təkmilləşdirilməsini;
- yeraltı suların klassifikatorlarının işlənib hazırlanmasını;
- yeraltı sular haqqında məlumatların işlənilməsi, ümumiləşdirilməsi və nəzarəti üzrə qaydaların və kompüter proqramlarının işlənib hazırlanmasını;
- məlumatların kodlaşdırılması və saxlanılması üsullarının işlənib hazırlanmasını;
- bölmə üzrə DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin funksional və növ yarımsistemlərinin layihələndirilməsini, sınaqdan keçirilməsi, tətbiq edilməsi və təkmilləşdirilməsini;
- bölmə mərkəzləri üçün DSK-nın bölmə üzrə aparılmasının metodik göstərişlərinin, nəşr maketlərinin və DSK üzrə digər normativ- texniki sənədlərin işlənib hazırlanmasını;
- yeraltı sular haqqında məlumatların toplanılmasını, işlənilməsini, saxlanılmasını və istehlakçılara müvafiq qaydada, onların sorğusu ilə verilməsini;
- yeraltı suların ehtiyatlarının, onların keyfiyyətinin cari və perspektiv qiymətləndirilməsini və təsərrüfat fəaliyyəti nəticəsində dəyişilməsini;
- DSK məlumatlarının çapa hazırlanması və nəşr etdirilməsini.
3.9. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə DSK-nın “Sulardan istifadə” bölməsinin aparılması üçün lazımi məlumatların verilməsini təmin edir.
4. Dövlət su kadastrının aparılması üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin vəzifələri
4.1. DSK-nın “Sulardan istifadə” bölməsinin hazırlanmasını və aparılmasını həyata keçirir, o cümlədən:
-bölmə üzrə DSK-nın aparılması sisteminin (DSK-nın Avtomatlaşdırılmış İnformasiya Sistemi daxil olmaqla) hazırlanmasını və təkmilləşdirilməsini;
- sulardan istifadə edilməsi haqqında məlumatların işlənilməsi, ümumiləşdirilməsi və nəzarəti üzrə qaydaların və kompüter proqramlarının işlənib hazırlanmasını;
- məlumatların kodlaşdırılması və saxlanılması üsullarının işlənib hazırlanmasını;
- DSK Avtomatlaşdırılmış İnformasiya Sisteminin funksional yarımsistemlərinin layihələndirilməsini, sınaqdan keçirilməsi, tətbiq edilməsi və təkmilləşdirilməsini;
- bölmə üzrə DSK-nın aparılmasının metodik göstərişlərinin, nəşr maketlərinin və DSK üzrə digər normativ-texniki sənədlərin işlənib hazırlanmasını;
- sudan istifadə edənlər, yerüstü və yeraltı sulardan istifadə edilməsi haqqında məlumatların toplanılmasını, işlənilməsini, saxlanılmasını və istehlakçılara müvafiq qaydada, onların sorğusu ilə verilməsini;
- sudan istifadə edilməsinin cari və perspektiv qiymətləndirilməsini, su təsərrüfatı balanslarının tərtib edilməsini;
- DSK məlumatlarının çapa hazırlanması və nəşr etdirilməsini.
4.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə DSK-nın “Yerüstü sular” və “Yeraltı sular” bölmələrinin aparılması üçün məlumatların verilməsini təmin edir.