×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
22.06.2002
QEYDİYYAT NÖMRƏSİ
952
ADI
"Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nәzarәt və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2002, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 359)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nәzarәt və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət

"Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nәzarәt və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2000-ci il iyulun 5-da Vyana şəhərində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri olan tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət üzrə Proqramını (BMTNBNP) xəbərdar etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2002-ci il
№ 952

Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət Üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə

 

 Qarşılıqlı Anlaşma Memorandumu

 

 Bundan  sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və BMTNBNP,

 Narkotiklərin qanunsuz dövriyyəsinin bütün formalarının sağlamlıq, təhlükəsizlik və bəşəriyyətin rifahi üçün ciddi təhlükə yaratdığını və cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi əsaslarına mənfi təsir göstərdiyini etiraf edərək,

 Narkotiklərin qanunsuz istehsalının və qaçıqmalçılığın miqyasının artması səbəbindən yaranan vəziyyətin ciddiliyini başa düşərək,

 Narkotiklər üzrə nəzarətə tarazlaşdırılmış münasibətin olması zərurəti ilə əlaqədar olaraq, narkotiklər üzrə nəzarətə dair beynəlxalq konvensiyaların müddəalarını, habelə Dünya üzrə Narkotiklər Probleminə qarşı Birgə mübarizəyə həsr olunmuş Baş Assambleyanın İyirminci Xüsusi Sessiyasının Siyasi Bəyannaməni və görülmüş tədbirləri rəhbər tutaraq,

 Qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsi və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq koordinasiya və əməkdaşlığın böyük әhәmiyyәtini etiraf edərək,

 aşağıdakılara dair razılığa gəlmişlər:

 

Maddə 1

 

 Narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların qanunsuz dövriyyəsi, habelə narkotiklərə tələbatın azaldılmasına və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində olan əməkdaşlıq bu Qarşılıqlı Anlaşma Memorandumun əhatə dairəsini təşkil edir.

 

Maddə 2

 

 Tərəflər arasındakı əməkdaşlığın əsas sahələri aşağıdakılardır:

 a) narkotiklərə tələbatın azaldılması;

 b) səmərəli təlim, profilaktika, müalicə və bərpa proqramları üzrə təcrübə mübadiləsi;

 c) narkotiklərin qanunsuz istehsalının və dövriyyəsinin qarşısının alınması;

 d) qanuni məqsədlər üçün tələb olunan narkotiklərin istehsalına, alverinə və istifadəsinə nəzarət;

 e) narkotik vasitələrin satıcıları tərəfindən istifadə olunan üsullar və fəaliyyət tərzlərinə dair təcrübə və məlumat mübadiləsi;

 f) narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən, iştirak etməkdə şübhə doğuran və ya iştirak etdiklərinə görə həbs edilmiş şəxslərə və  şəbəkələrə, habelə narkotiklərin qanunsuz daşımalarının yeni marşrutlarına dair məlumat mübadiləsi;

 g) narkotiklərin qanunsuz dövriyyəsi əleyhinə mübarizə sahəsində qanunvericiliyə və hüquqi praktikaya dair məlumat mübadiləsi;

 h) narkotiklərə nəzarət üzrə mövcud olan beynəlxalq sənədlərin əhatə dairəsində olub-olmamasından asılı olmayaraq, yeni növ narkotiklərə və narkotiklərin qanunsuz istehsalı üsullarına dair məlumatla təminat;

 i) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən kampaniyalarda və profilaktika, müalicə və bərpa tədbirlərində iştirak edərək şəxslərin hazırlanması;

 j) qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinin qarşısının alınması və mübarizə tədbirləri;

 k) prekursorlar üzrə nəzarət sahəsində əməkdaşlıq;

 l) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ümumi narahatçılıq doğuran digər sahələr.

 

Maddə 3

 

 Tərəf-Dövlətlər nəzarətə götürülmüş təchizatların həyata keçirilməsini müvafiq milli qanunvericiliklərinə və Narkotik Vasitələrin və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsinə qarşı Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Konvensiyasının 11-ci maddəsinə müvafiq şəkildə nəzərdən keçiriləcəklər.

 

Maddə 4

 

 Bu Qarşılıqlı Anlaşma Memorandum ilə bağlı olaraq əldə edilmiş məlumat və sənədlər tələb edildikdə məxfi saxlanılmalı vo onları təqdim edən Tərəfin müəyyənləşdirdiyi məqsədlərə uyğun istifadə olunmalıdır. Bu Qarşılıqlı Anlaşma Memorandumunun müvafiq surətdə əldə edilmiş məlumat və sənədlər təqdim edən Tərəfin qabaqcadan yazılı icazəsi olmadan üçüncü Tərəfə verilə bilməz.

 

Maddə 5

 

 Narkotiklərlə bağlı vəziyyəti və bu Qarşılıqlı Anlaşma Memorandumunun həyata keçirilməsi zamanı əldə edilmiş irəliləyişi müntəzəm şəkildə nəzərdən keçirmək üçün Tərəflər öz ölkələrində hər il növbə ilə görüşlərin keçirilməsi haqqında razılığa gəlirlər. Zərurət yarandıqda, fövqəladə görüşlər çağırıla bilər. Həmin görüşlərdə o cümlədən davam edən birgə səylər nəzərdən keçiriləcək və əməkdaşlığın yeni sahələri müəyyənləşdiriləcək və inkişaf etdiriləcək. Həmin görüşlərdə üç Hökumətin narkotiklərə nəzarət qurumlarının və BMTNBNP-nin bu sahədə siyasəti təyin edən vəzifəli şəxsləri iştirak edəcəklər.

 

Maddə 6

 

 Narkotik Vasitələrin və Psixotrop Maddələrinin Qanunsuz Dövriyyəsinə qarşı Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Konvensiyasını nəzərə alaraq, BMTNBNP bu Konvensiyanın məqsədlərinin həyata keçirilməsi sahəsində Tərəflər arasında əməkdaşlığın gələcəkdə gücləndirilməsi məqsədi ilə birgə fəaliyyəti dəstəkləyəcək.

 

Maddə 7

 

 Bu Qarşılıqlı Anlaşma Memorandumunun müddəalarının izahında və ya yerinə yetirilməsində ortaya çıxa bilən mübahisə və ya ixtilaflar maraqlı Tərəflər arasında məsləhətləşmələr yolu ilə beynəlxalq hüququn müvafiq normalarına uyğun həll edilməlidir.

 

Maddə 8

 

 Bu Qarşılıqlı Anlaşma Memorandumunun yerinə yetirilməsi hər bir Tərəf-Dövlətin milli qanunvericiliyindən və BMTNBNP buna qatıldığı səviyyədə, müvafiq proqram və ya layihə sənədlərinin imzalanmasından asılı olaraq, Tərəf-Dövlətlərin digər beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mane olmamalıdır.

 

Maddə 9

 

 Bu Qarşılıqlı Anlaşma Memoranduma qoşulmaq arzusunda olan hər hansı dövlət və ya beynəlxalq təşkilat öz arzusu haqqında BMTNBNP-yə məlumat verməklə qoşula bilər; bundan sonra BMTNBNP bütün Tərəflərə bir ay ərzində xəbər verir. Tərəflərin illik görüşlərdə yeni namizədlər müzakirə olunur və Tərəflərin ümumi rəyi ilə razılaşdırılır. Yeni üzvün qəbul olunması onun üzvlüyünün təsdiq edilməsi tarixindən qüvvəyə minir.

 

Maddə 10

 

 Bu Qarşılıqlı Anlaşma Memorandumunun heç bir müddəası Birləşmiş Millətlər Təşkilatının imtiyazlarından və toxunulmazlıqlarından imtina və ya formasını dəyişmə kimi izah edilməməlidir.

 

Maddə 11

 

 Hər hansı Tərəf digər Tərəflərə üç ay əvvəldən yazılı bildiriş verməklə Qarşılıqlı Anlaşma Memorandumdan çıxa bilər.

 

Maddə 12

 

 Bu Qarşılıqlı Anlaşma Memorandumun onun qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların başa çatdırılması haqqında diplomatik kanallar vasitəsi ilə sonuncu yazılı bildirişin BMTNBNP tərəfindən alındığı gündən qüvvəyə minir.

 

 Əsli bir nüsxədə, ingilis dilində, Azərbaycan, gürcü, fars dillərində tərcümə olunmaqla 2000-ci ilin iyul ayının 5-də Vyanada imzalanmışdır. Mübahisə və ya fikir ayrılığı olduqda üstünlük ingilis dilində olan varianta veriləcəkdir.

 

Azərbaycan Respublikası

adından

 

(imza)

 

İran İslam Respublikası

adından

 

 

(imza)

Gürcüstan

adından

 

(imza)

 

Birləşmiş Millətlər Təşkilatının

Narkotiklərə Beynəlxalq Nəzarət

üzrə Proqramı adından

 

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status