AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.06.2005
QEYDİYYAT NÖMRƏSİ
249
ADI
“Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 486)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2005-ci il

№249

 


 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Məlumatların dövlət sirrinə aid edilməsi

QAYDALARI

1.         Bu Qaydalar “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və məlumatların dövlət sirrinə aid edilməsi qaydalarım müəyyən edir.

2.         Bu Qaydalar dövlət sirrinə aid edilən məlumatların siyahısı tərtib edilərkən, dövlət hakimiyyəti orqanları tərəfindən məxfiləşdirilməli məlumatların geniş siyahıları işlənib hazırlanarkən tətbiq edilməlidir.

3.         Məlumatlar “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi prinsipləri əsasında, onların sahə, idarə və ya məqsədli proqram mənsubiyyətinə uyğun olaraq dövlət sirrinə aid edilir.

4.         Məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi məqsədilə dövlət sirrinə aid edilən məlumatların siyahısı hazırlanır. Həmin siyahı “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və bu Qaydaların 3-cü bəndində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra - İdarələrarası Komissiya) tərəfindən hazırlanır.

Siyahıda dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar göstərilir.

Siyahı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Zəruri hallarda siyahıya yenidən baxıla bilər. Siyahıya yenidən baxılması onun hazırlandığı qaydada həyata keçirilir.

5.    Dövlət sirri təşkil edən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanında məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bu orqan üzrə məxfiləşdirilməli məlumatların geniş siyahısı (bundan sonra - geniş siyahı) tərtib edilir.

Geniş siyahı bu Qaydaların 4-cü bəndində nəzərdə tutulan siyahı ilə dövlət hakimiyyəti orqanının sərəncamına verilmiş məlumatlar əsasında tərtib edilir. Geniş siyahıya dövlət hakimiyyəti orqanı və bu orqanın tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar daxil edilir.

Geniş siyahıya vətəndaşlar, bu siyahını hazırlayan dövlət hakimiyyəti orqanının tabeliyində olmayan müəssisə, idarə və təşkilatlar tərəfindən əldə edilmiş (hazırlanmış) məlumatlar da daxil edilə bilər, bir şərtlə ki, həmin məlumatlar bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş siyahıda sadalanmış olsun.

6.    Geniş siyahının layihəsini hazırlamaq məqsədilə dövlət hakimiyyəti orqanı rəhbərinin sərəncamına əsasən dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış mütəxəssislərdən ibarət ekspert komissiyası yaradılır.

Ekspert komissiyası geniş siyahıya daxil edilməli məlumatları müəyyən etmək məqsədilə bu orqanın və onun tabeliyində olan müəssisə, idarə və təşkilatların bütün fəaliyyətinin ekspertizasını həyata keçirir (təhlilini aparır), vətəndaşların, həmin orqanın tabeliyində olmayan müəssisə, idarə və təşkilatların mülkiyyətində olan məlumatların məxfiləşdirilməsi barədə onların təqdimatlarını öyrənir və geniş siyahının layihəsini hazırlayır.

Geniş siyahıda konkret məlumatların (məlumat qruplarının) məxfilik dərəcələri göstərilməlidir. Geniş siyahının strukturu idarə və sahə xüsusiyyətləri nəzərə alınmaqla tərtib edilməlidir.

Vətəndaşlar, geniş siyahının tərtib edildiyi dövlət hakimiyyəti orqanının tabeliyində olmayan müəssisə, idarə və təşkilatlar tərəfindən əldə edilmiş (hazırlanmış) və geniş siyahıya daxil edilmiş məlumatların məxfilik dərəcəsi həmin orqan ilə bu vətəndaşlar, müəssisə, idarə və təşkilatlar arasında “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə edilmiş razılıq əsasında müəyyən edilir. Əgər belə razılıq əldə edilməzsə, bu cür məlumatların məxfilik dərəcəsi İdarələrarası Komissiya tərəfindən müəyyən edilir.

7.    Geniş siyahıya daxil edilən məlumatlara “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı məxfilik dərəcələri verilə bilər:

“xüsusi əhəmiyyətli” - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrinə aid olan və yayılması həmin sahələrdən birində və ya bir neçəsində Azərbaycan Respublikasının mənafeyinə ziyan vura bilən məlumatlara verilən məxfilik dərəcəsi;

“tam məxfi” - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrinə aid olan və yayılması həmin sahələrdən birində və ya bir neçəsində Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanının mənafeyinə ziyan vura bilən məlumatlara verilən məxfilik dərəcəsi;

“məxfi” - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrinə aid olan və yayılması həmin sahələrdən birində və ya bir neçəsində ayrı-ayrı dövlət müəssisə, idarə və təşkilatlarının mənafeyinə ziyan vura bilən məlumatlara verilən məxfilik dərəcəsi.

Dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəriciləri dövlət sirrinə aid edilmiş məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq etdikləri normativ-metodiki sənədlərlə müəyyən edilir.

Bir neçə dövlət hakimiyyəti orqanının sərəncamında olan dövlət sirrinə aid edilən məlumatların məxfilik dərəcəsi həmin orqanlar arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyən edilir.

8.    Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri ekspert komissiyası tərəfindən hazırlanmış geniş siyahını təsdiq edir və bu siyahının özünün də məxfiləşdirilməsinin məqsədəuyğunluğu məsələsini həll edir.

9.    Təsdiq edildikdən sonra geniş siyahı aşağıdakılara təqdim edilir:

İdarələrarası Komissiyaya - tam həcmdə;

aidiyyəti dövlət hakimiyyəti orqanlarına - tam və ya zəruri həcmdə;

dövlət hakimiyyəti orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatlara - zəruri həcmdə;

birgə işlərin aparılmasında iştirak edən təşkilatlara - sifarişçi tərəfindən müəyyən edilən həcmdə.

10.  Zərurət olduqda (obyektiv əsaslar yarandıqda, Azərbaycan Respublikası müvafiq beynəlxalq öhdəliklər götürdükdə, elm və texnika sahəsində müvafiq nailiyyətlər əldə edildikdə və s.), lakin geniş siyahı təsdiq edildikdən sonra beş ildən gec olmayaraq geniş siyahıya yenidən baxılır. Geniş siyahıya yenidən baxılması onun hazırlandığı qaydada həyata keçirilir.

Geniş siyahıya dəyişikliklər və əlavələr edilməsi barədə təkliflər həmin siyahının tərtib edildiyi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim edilir. Dövlət hakimiyyəti orqanının rəhbəri daxil olmuş təkliflərin üç ay ərzində bu Qaydalara uyğun olaraq ekspertizasının keçirilməsini təşkil edir və ekspertizanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edir.

11.  Geniş siyahılara yenidən baxılması nəticəsində bu Qaydaların 4-cü bəndində nəzərdə tutulan siyahıya yenidən baxılması zərurəti yarandıqda, aidiyyəti dövlət hakimiyyəti orqanlarının rəhbərləri müvafiq təkliflərlə İdarələrarası Komissiyaya müraciət etməlidirlər.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status