Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 211-ci maddəsinin birinci bəndinin sonuncu abzasına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 may 2005-ci il
№ 95
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 30 may tarixli 95 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli
92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək
funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən,
zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi
QAYDALARI
1.
Zərərli və ağır istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə əlavə məzuniyyət "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarına əsasən verilir.
2.
Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının (bundan sonra - Siyahı) müvafiq bölmələrində istehsalatlar, sexlər və sahələr üzrə nəzərdə tutulan peşə və vəzifələrdə çalışan fəhlə və mütəxəssislər həmin istehsalatların, sexlərin və sahələrin iqtisadiyyatın hansı sahəsinə aid olmasından asılı olmayaraq əlavə məzuniyyət hüququna malikdirlər.
Əlavə məzuniyyət yalnız peşə və vəzifələri müvafiq istehsalatlarda, sexlərdə və sahələrdə nəzərdə tutulan işçilərə verilir.
Misallar: Maşınqayırma, yüngül, yeyinti və sənayenin digər sahələrinin müəssisələrinin tökmə istehsalatının (əlvan tökmədən başqa) işçilərinə əlavə məzuniyyət "Metal emalı" bölməsinin "Tökmə istehsalatı" yarımbölməsinə əsasən verilir.
Maşınqayırma, yüngül, yeyinti və sənayenin digər sahələrinin müəssisələrinin əlvan metalların tökmə istehsalatının işçilərinə əlavə məzuniyyət "Əlvan metallurgiya" bölməsinin "Əlvan metalların emalı və təkrar emalı. Şixtə hazırlığı" yarımbölmələrinə əsasən verilir.
Sənayenin hansı sahəsinin müəssisələrində olmasından asılı olmayaraq, ağac emalı sexlərinin işçilərinə əlavə məzuniyyət "Ağac emalı istehsalatı" bölməsində nəzərdə tutulmuş istehsalatların, sexlərin, peşələrin və vəzifələrin siyahısı üzrə verilir.
3.
Siyahıda ayrı-ayrı iş növlərini nəzərdə tutan bölmələr və yarımbölmələr göstərildiyi halda (məsələn, "Qaynaq işləri", "Rəngsaz işləri" və s.) əlavə məzuniyyət bu işlərin hansı istehsalatlarda, sexlərdə və ya sahələrdə görülməsindən asılı olmayaraq verilməlidir.
4.
Peşə və vəzifələri "İqtisadiyyatın bütün sahələrində ümumi peşələr" bölməsində göstərilən işçilərə əlavə məzuniyyət onların hansı istehsalatlarda, sexlərdə və sahələrdə işləməsindən asılı olmayaraq (həmin peşə və vəzifələr Siyahının müvafiq bölmə və ya yarımbölmələrində xüsusi olaraq nəzərdə tutulmadığı halda) verilir.
Misal: "İqtisadiyyatın bütün sahələrində ümumi peşələr" bölməsinin 107-ci sıra nömrəsinə əsasən bütün müəssisələrdə ERA-I, ERA-F "KREROKS" tipli elektroqrafik reproduksiyalı aparatlarda bilavasitə məşğul olan üzçıxarıcı və çoxaldıcı maşınların operatoru 6 gün müddətində əlavə məzuniyyət hüququna malikdir.
5. Peşələri Siyahıda göstərilən briqadirlərə, köməkçilərə və əlaltı fəhlələrə əlavə məzuniyyətin müddəti müvafiq peşədən olan fəhlələr üçün nəzərdə tutulduğu kimi müəyyən olunur.
Misal: "İqtisadiyyatın bütün sahələrində ümumi peşələr" bölməsinin 32-ci sıra nömrəsinə əsasən tozlanan və digər toksik yüklər yükləyib-boşaltma işlərində daim məşğul olan yükləyiciyə 6 gün müddətində əlavə məzuniyyət nəzərdə tutulub.
Deməli, yükləyicilərin briqadirinə də əlavə məzuniyyətin müddəti yükləyicinin məzuniyyətinə bərabər tutularaq 6 gün müəyyən edilir.
"Dağ-mədən işləri" bölməsinin "İstismar olunan və tikilməkdə olan karxanalar, açıq dağ-mədən, eləcə də dağ-mədən şaxtasəthi işləri və geoloji kəşfiyyat" yarımbölməsinin 94-cü sıra nömrəsinə əsasən filizin çıxarılmasında və üstünün açılmasında məşğul olan ekskavator maşinistinə 6 gün müddətində əlavə məzuniyyətin verilməsi nəzərdə tutulduğu üçün, bu maşinistin köməkçisinə də 6 gün müddətində əlavə məzuniyyət verilməlidir.
6. Siyahıda nəzərdə tutulmuş əlavə məzuniyyət, bir qayda olaraq, əsas əmək məzuniyyəti ilə birlikdə verilir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölündüyü kimi, əlavə məzuniyyət də bölünə bilər. Siyahıda əlavə məzuniyyət hüququ olan işçilərə bir iş ilindən artıq dövrün bu əlavə məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.
Misal: İşçinin 21 gün əsas məzuniyyət və 6 gün zərərli əmək şəraitinə görə əlavə məzuniyyət - cəmi 27 gün məzuniyyət hüququ vardır.
İşçi 2002-2003-cü iş ili üçün məzuniyyətdən istifadə etməmişdir və bununla işəgötürən tərəfindən Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi pozulmuşdur. 2003-2004-cü iş ili üçün işçiyə məzuniyyət verildikdə yalnız bu iş ili üçün nəzərdə tutulmuş məzuniyyət istifadə edilməlidir. 2002-2003-cü iş ili üçün istifadə edilməmiş məzuniyyət yalnız Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verildiyi vaxt istifadə oluna bilər.
Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət vaxtı üçün orta əməkhaqqının müvafiq hissəsi Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən işçinin əməkhaqqından tutula bilər.
7. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir.
Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
İşçi iş ilində Siyahıda nəzərdə tutulmuş istehsalatlarda, sexlərdə, sahələrdə, peşə və vəzifələrdə 12 aydan az olan müddətdə işlədiyi halda, ona əlavə məzuniyyətin müddəti faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. Zərərli və ağır iş şəraiti olan istehsalatlarda, sexlərdə, sahələrdə, peşə və vəzifələrdə daimi məşğul olan işçilərə növbəti əmək məzuniyyətinin avansla (işçiyə birinci iş ili üçün əmək məzuniyyətinin əmək müqaviləsinin bağlandığı andan altı ay işlədikdən sonra verilməsi, işçiyə əmək məzuniyyətinin iş ili ərzində verilməsi və s.) verildiyi halda əlavə məzuniyyət tam müddətə 12 ayın bitməsinə qədər verilə bilər.
Növbəti əsas əmək məzuniyyəti Siyahıda nəzərdə tutulmuş əlavə məzuniyyətin müddəti ilə eyni vaxta düşməyəndə işçiyə həmin məzuniyyətlər, bir qayda olaraq, tam və birlikdə verilir. Eyni zamanda gələn iş ilinin hesabına növbəti məzuniyyət hüququ verən iş stajı əsas əmək və əlavə məzuniyyətlər üzrə ayrı-ayrılıqda hesablanır.
Misallar: Əlavə məzuniyyət hüququ olan sex ustası (məzuniyyət müddəti - 12 gün) 2003-cü ilin martın 1-də işə qəbul olunub. 2004-cü ilin martında o, əmək məzuniyyətinə çıxmışdır. Bu halda ona əsas məzuniyyəti ilə bərabər əlavə məzuniyyət də tam müddətə verilir. 2004-cü ilin iyulun 1-də göstərilən usta müəssisənin idarəetmə aparatında mühəndis vəzifəsinə keçirilmişdir. Nəticə etibarilə, növbəti əmək məzuniyyətinə getdiyi zaman bu işçiyə zərərli iş şəraitinə görə əlavə məzuniyyət hüququ verən sexdə faktiki işlədiyi müddətə mütənasib olaraq verilir. Yəni 3 aya - aprel, may və iyun ayına görə (12 gün: 12x3 aya) 3 gün.
Fəhlə 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli əmək şəraiti olan istehsalatda işə 2002-ci ilin noyabrında qəbul olunmuşdur. 2003-cü ilin oktyabrında ona ümumilikdə 21+12 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. 2004-cü il üçün əmək məzuniyyəti cədvəlinin hazırlanması zamanı bu fəhləyə (ikinci iş ili üçün) əmək məzuniyyəti 2004-cü ilin iyununda nəzərdə tutulmuşdur. Bu halda, növbəti əmək məzuniyyəti avansla verildiyinə görə, əlavə məzuniyyət də avansla və tam verilməlidir.
Fəhlə təchizat şöbəsinə 2002-ci ilin avqustunda qəbul olunmuşdur. 2003-cü ilin fevralın 1-dən 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli iş şəraitli işə keçirilmişdir. 2003-cü ilin sentyabrından (ikinci iş ili üçün) məzuniyyətə getdiyi zaman bu fəhləyə növbəti əmək məzuniyyəti verilməsi zamanı əlavə məzuniyyət tam müddətə verilir. Bu halda növbəti əmək məzuniyyəti üçün iş stajı ayrı-ayrılıqda hesablanacaqdır. Əsas məzuniyyət üçün iş ili üzrə 2003-cü ilin avqustundan 2004-cü ilin avqustunadək, əlavə məzuniyyət isə 2003-cü ilin fevralından 2004-cü ilin fevralınadək verilir.
8. Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət hüququ verən əmək stajına aşağıdakı dövrlər daxil edilir:
8.1.
zərərli və ağır əmək şəraitində faktiki işlədiyi dövr;
8.2.
əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda iş yerinin və əməkhaqqının saxlanılması şərtilə işçinin işdən ayrıldığı dövr;
8.3.
qanunsuz və əsassız işdən çıxarılma, yaxud başqa işə keçirilmə ilə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
8.4.
əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
8.5.
təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
9. Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.
Misal: İşçi əlavə məzuniyyət hüququ verən işə 2003-cü il 3 fevral tarixində qəbul olunub. 2003-cü ilin sentyabrında o, işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri işçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
10. Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur.
Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi sayılır.
11. İş ilində işçi müxtəlif müddətli əlavə məzuniyyət verilən müxtəlif istehsalatlarda, sexlərdə, peşələrdə və vəzifələrdə işlədiyi halda, zərərli və ağır əmək şəraitində işlənən iş vaxtının müddəti müvafiq istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə işləyən işçi üçün Siyahıda müəyyən olunmuş əlavə məzuniyyətin əsasında hər bir iş üzrə ayrı-ayrılıqda hesablanır.
Misal: Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırma sexində (əlavə məzuniyyətin müddəti - 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti - 6 təqvim günü) işləmişdir. Bu fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasiya və polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü).
12. Siyahıda zərərli və ağır əmək şəraiti olan istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə işlənilən iş vaxtının müddətinə Siyahıda "daimi məşğul olan" və yaxud "daimi işləyən" işçilər üçün həmin istehsalatlarda, sexlərdə, sahələrdə, peşə və vəzifələrdə müəyyən olunmuş iş günlərindən bu şəraitdə yalnız tam faktiki məşğul olduğu iş günləri daxil edilir.
Siyahı ilə nəzərdə tutulmuş zərərli və ağır əmək şəraiti olan istehsalatlarda, sexlərdə, sahələrdə, peşə və vəzifələrdə iş vaxtının müddətinə həmin istehsalatlarda, sexlərdə, sahələrdə, peşə və yaxud vəzifələrdə bu əmək şəraitində işçilər üçün müəyyən olunmuş iş gününün 90 faizindən az olmayaraq faktiki məşğul olduğu günlər daxil edilir.
13. Peşələri və vəzifələri Siyahıya daxil edilmiş, lakin Siyahıda nəzərdə tutulmuş zərərli əmək şəraiti olan istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə ayrı-ayrı günlərdə iş vaxtının 90 faizindən az olmayaraq çalışan işçilərə əlavə məzuniyyət peşə və vəzifələri Siyahıda nəzərdə tutulan işçilər üçün müəyyən olunmuş əsaslarla verilir.
Misal: Eyni zamanda qaynaqçı peşəsinə malik olan çilingərə zərərli istehsalatla əlaqədar olaraq otaqlarda elektroqaynaq işlərinin aparılması tapşırılmışdır. Bu halda çilingərə il ərzində qaynaqçı kimi işlədiyi vaxta mütənasib olaraq 6 təqvim günü hesabından əlavə məzuniyyət verilməlidir.
14.
İşçinin eyni vaxtda bu Siyahıda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli bir əlavə məzuniyyət verilir.
15.
Bu Siyahıda göstərilən əlavə məzuniyyətin müddətləri 2004-cü il 5 iyul tarixindən və sonra növbəti məzuniyyətə çıxan işçilər üçün verilir.