Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 169 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələrinin verilməsi işinin başa çatması ilə əlaqədar "Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarının 3-cü bəndi 2005-ci il 1 iyul tarixdən qüvvədən düşmüş hesab edilsin.
2.
Müəyyən edilsin ki, 2005-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikasında vergi ödəyiciləri tərəfindən tərtib edilən mühasibat, statistika hesabatlarında, vergi və yük-gömrük bəyannamələrində, gömrük, bank və bütün digər ödəniş sənədlərində və ciddi hesabat blanklarında, bağlanılan təsərrüfat müqavilələrində, habelə əhali ilə nağd hesablaşmaların aparılması üçün istifadə edilən nəzarət-kassa aparatlarının çeklərində "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına əsasən inventarlaşdırmadan keçmiş vergi ödəyicilərinə dövlət vergi orqanları tərəfindən verilmiş yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələri göstərilməlidir. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində (vergilər və sosial sığorta üzrə ödəniş halları istisna olmaqla) VÖEN köhnə qayda ilə 9 (doqquz) rəqəmlə göstərildikdə, həmin sənədlər etibarsızdır və ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.
3.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün vergi ödəyiciləri 2005-ci il iyulun 1-dən 9 (doqquz) rəqəmli VÖEN-lə çap etdirdikləri istifadə edilməmiş ciddi hesabat blanklarının məhv edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları" ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 may 2005-ci il
№ 91