×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.06.1995
QEYDİYYAT NÖMRƏSİ
1049
ADI
Haqsız rəqabət haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1995, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 366)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Haqsız rəqabət haqqında

Haqsız rəqabət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur.

Qanun Azərbaycan Respublikasının ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir. [1]

 

I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;

haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;

qanunsuz ödənişlər — rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, media subyektləri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli ödənişlər; [2]

rəqib — müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.

Bu Qanunda istifadə olunan digər anlayışlar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir.

Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar

Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.

 

II f ə s i l

 

HAQSIZ RƏQABƏT

Maddə 3. Haqsız rəqabətin formaları

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:

rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;

rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

haqsız sahibkarlıq fəaliyyəti;

haqsız işgüzarlıq davranışı;

istehlakçıların çaşdırılması.

Maddə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:

rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;

digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;

eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. [3]

Maddə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması

Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:

digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;

rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması.

Maddə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:

rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;

rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.

Maddə 7. Haqsız sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;

rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;

əmtəələrin məcburi əlavə çeşidlə satışı;

müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;

qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.

Maddə 8. Haqsız işgüzarlıq davranışı

İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;

rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi.

Maddə 9. İstehlakçıların çaşdırılması

Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:

əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;

əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; [4]

əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;

əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi;

əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.

Maddə 10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi

Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə, həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:

bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;

müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması;

rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.

 

III f ə s i l

 

QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri

1.   Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:

müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;

     qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; [5]

haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər;  [6]

bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

2.   Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:

qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;

qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;

vurulmuş zərəri ödəməyə;

tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. [7]

Maddə 12. Maliyyə sanksiyaları [8]

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; [9]

bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; [10]

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)  5 faizinə qədər maliyyə sanksiyaları.

2    (Çıxarılıb) [11]

3.   Maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. [12]

Maddə 13. Qanunsuz əldə olunan mənfəətin geri alınması və vurulmuş zərərin ödənilməsi

Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır. [13]

Haqsız rəqabət fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.

Maddə 14. Haqsız rəqabətə görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından şikayət verilməsi

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 2 iyun 1995-ci il.

№ 1049.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

2.       12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686)

3.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

4.       03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370)

5.       31 may 2017-ci il tarixli 694-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1260)

6.       28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 26)

7.       17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 26) ilə preambulanın ikinci hissəsində “ərazisində” sözündən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[2] 17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 1-ci maddənin birinci hissəsinin dördüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686) ilə 4-cü maddəsinin dördüncü abzasında "xidmət nişanını" sözləri "coğrafi göstəricilərinin" sözləri ilə əvəz edilmişdir.

 

[4] 31 may 2017-ci il tarixli 694-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1260) ilə 9-cu maddəsinin üçüncü abzasında “qanunsuz” sözü “haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin 1-ci hissəsinin üçüncü abzasından "və cərimələr" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq edə bilər;

 

[6] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 11-ci maddəsinin 1-ci bəndinin dördüncü abzasından "və ya arbitraj məhkəməsinə"  sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər;

 

[7] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin 2-ci hissəsinin beşinci abzasından "və cərimələri" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar.

 

[8] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 12-ci maddədə maddənin adından "və cərimələr" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12. Maliyyə sanksiyaları və cərimələr 

 

[9] 03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370) ilə 12-ci maddənin 1-ci hissənin ikinci abzasda “bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370) ilə 12-ci maddənin 1-ci hissənin dördüncü və beşinci abzaslarda “bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) 12-ci maddənin 2-ci hissəsi  çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

2. Bu Qanunun tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bazar subyektlərinin vəzifəli şəxslərinə aşağıdakı cərimələr tətbiq edilir:

bu Qanunun 4, 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə—aylıq əmək haqqının 3 mislinədək;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumatlar verdikdə və ya lazımi məlumatı vermədikdə—aylıq əmək haqqının 3 mislinədək;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu Qanuna uyğun olaraq verdiyi göstərişləri yerinə yetirmədikdə və ya bu Qanunun tələblərinin pozulmasına 1 il ərzində təkrar yol verdikdə—aylıq əmək haqqının 5 mislinədək.

 

[12] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 12-ci maddənin 3-cü hissəsindən "və cərimələr" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

3. Maliyyə sanksiyaları və cərimələr bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir.

 

03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370) ilə 12-ci maddənin 3-cü hissəsinə yeni redaksiyada ikinci cümlə əlavə edilmişdir.

 

[13] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 13-cü maddənin birinci hissəsindən  "və ya arbitraj məhkəməsinin" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı ilə dövlət büdcəsinə alınır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status