AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2002
QEYDİYYAT NÖMRƏSİ
790
ADI
Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2002, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 563)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında

Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədi ilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. Onların arasında Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli, 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli, 69 nömrəli fərmanları, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 610 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" xüsusi yer tutur. Bu tədbirlərin və eləcə də həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşür.

Eyni zamanda qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır. Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir.

Ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək və ona mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilsin.

Hüquq mühafizə orqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: [1]

vergilərin ödənilməsində yol verilən nöqsanları, o cümlədən vergilərin əvvəlcədən qanunsuz ödənilməsi hallarını aradan qaldırsın;

vergi yoxlamalarının qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan uzun müddətə aparılmasına və onun səlahiyyətinə aid olmayan yoxlamaların aparılmasına yol verməsin;

vergi orqanları tərəfindən həyata keçirilən səyyar vergi yoxlamalarının sayını azaltsın və bir-birini təkrarlayan əsassız yoxlamaların qarşısını alsın;

vergi orqanlarının vəzifəli şəxslərinin qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinə əməl etməsinə ciddi nəzarət etsin və vergi ödəyicilərinə xidmət sahəsində süründürməçiliyin aradan qaldırılmasını təmin etsin;

vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə vaxtında və obyektiv baxılmasını təmin edən müvafiq tədbirlər görsün;

vergi orqanları tərəfindən təsərrüfat subyektlərinin fəaliyyətinin, o cümlədən bank hesabları üzrə əməliyyatlarının qeyri-qanuni surətdə məhdudlaşdırılması hallarının qarşısını alsın;

vergi nəzarəti işinin qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etsin;

bu Fərmanın 2-ci bəndində müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi gömrük orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarına son qoyulmasını təmin etsin, onların işini təkmilləşdirsin, qaçaqmalçılığa qarşı nəzarəti gücləndirsin və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikası Rabitə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, həmin orqanlar və onların qurumları tərəfindən aparılan qanunsuz yoxlamaları və sahibkarlara törədilən maneələri aradan qaldırsınlar, gələcəkdə sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilə hallarına yol verilməməsi üçün zəruri tədbirlər görsünlər.

5. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, həmin orqanların nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlarını (departament, idarə, mərkəz, büro və s.) on gün müddətində ləğv etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

6. Müəyyən edilsin ki, dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. [2]

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin nəqliyyat vasitələrinin işinə yersiz müdaxilələrinin qarşısını alsın, onun işini təkmilləşdirsin, şəxsi heyətini 15 faiz ixtisar etsin. Yolların müvafiq texniki vasitələrlə təminatının yaxşılaşdırılmasına və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə olunsun ki:

iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etsinlər və mübahisələrin baxılmasında süründürməçilik hallarına yol verməsinlər;

məhkəmə icraatı zamanı dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərarlar qəbul edərkən dövlət əmlakının süni surətdə müflisləşdirilməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin maraqlarının təmsil edilməsini təmin etsin. [3]

9. Sahibkarların hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, hakimlərin ədalətsiz və bir çox hallarda mövcud qanunları təhrif edən qərarlarını araşdırıb Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyasında baxılmasını təmin etsin və altı ay müddətində barələrində intizam məsuliyyəti tətbiq edilmiş hakimlər haqqında Azərbaycan Respublikasının Prezidentinə müvafiq məlumat təqdim etsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlara verilən müxtəlif növ sertifikat, şəhadətnamə, xüsusi razılıq və bu kimi digər sənədlərin verilməsini tənzimləyən mexanizmlərin səmərəliliyini araşdırsın və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yoxlama-nəzarət funksiyalarını həyata keçirən və müasir tələblərə cavab verməyən struktur bölmələri işçilərinin sayını 40 faiz ixtisar etsin, Nazirliyin Tədris Mərkəzinin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görsün və bunlar barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

vergi orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılmasını, müasir tələblərə cavab verən kompüter şəbəkəsinin yaradılmasını təmin etsin və vergi orqanları işçilərinin maaşlarının artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

əsassız vergi yoxlamalarının qarşısının alınması məqsədi ilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət funksiyalarını tənzimləyən müvafiq qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq bir ay müddətində təsdiq etsin;

kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş uçot sistemini müəyyənləşdirən normativ hüquqi aktın layihəsini bir həftə müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

sahibkarlıq subyektlərinin vergi borclarına görə bank hesablarından vəsaitin dövlət büdcəsinə alınmasının icrası mexanizmlərinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişlərinin bağlanması praktikasına keçidin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılması məqsədi ilə tətbiq olunan Nəzarət Kitabçasından istifadənin səmərəliliyini artırmaq üçün bir ay müddətində zəruri tədbirlər görsün;

öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: [4]

sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlərin Nəzarət Kitabçası ilə təmin olunması məsələsini həll etsin, yoxlamalarla bağlı bu kitabçalarda olan qeydlərin təhlilini aparsın və ildə iki dəfə bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

sahibkarlarla operativ əlaqə sistemi yaratsın, onların fəaliyyətinə mane olan və qanunsuz müdaxilə edənlər haqqında məlumatı sistemləşdirib tədbir görülmək üçün müvafiq orqanlara göndərsin və nəticəsi barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarların fəaliyyətinə qanunvericiliklə nəzərdə tutulmayan müdaxilə hallarına yol verən ictimai təşkilatlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görsün.

13. "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 387 nömrəli Fərmanına aşağıdakı redaksiyada "4" bəndi əlavə edilsin:

"4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma) maddələri üzrə cinayət işləri Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən başlandıqda, həmin cinayətlərin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 184-cü (Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma), 195-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197-ci (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198-ci (Bilə-bilə yalan reklam etmə), 199-cu (İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma), 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 201-ci (Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə), 202-ci (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 203-cü (Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 205-ci (Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama və ya satma), 208-ci (Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama), 210-cu (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211-ci (Qəsdən müflisləşmə), 212-ci (Saxta müflisləşmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələrində göstərilən cinayətlərin əlamətləri aşkar olunduqda, göstərilən işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən aparılır".

14. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 sentyabr 2002-ci il

                   № 790

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

2.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

3.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

4.       31 oktyabr 2014-cü il tarixli 318 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1203)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.       28 dekabr 2022-ci il tarixli 1925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286)

 

 FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2022-ci il tarixli 1925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2-ci hissənin birinci abzasında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 6-cı hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

31 oktyabr 2014-cü il tarixli 318 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1203) ilə 6-cı hissəsi ləğv edilmişdir.

 

[3] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 8-ci bəndinin üçüncü abzasında “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 8-ci bəndinin üçüncü abzasında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 8-ci hissənin üçüncü abzasının ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələri ilə” sözləri “İqtisadiyyat Nazirliyi dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 11-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 11-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status