AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.02.1994
QEYDİYYAT NÖMRƏSİ
782
ADI
Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-09-1994, Nəşr nömrəsi: 17, Maddə nömrəsi: 234)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.1994
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
234 Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır.

1. Azərbaycan Respublikasının Konsul Nizamnaməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Konsul Nizamnaməsi 1994-cü il martın 1-dən qüvvəyə minsin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 8 fevral 1994-cü il

    № 782

 

 


 

Azərbaycan Respublikasının

1994-cü il 8 fevral tarixli 782 saylı Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSUL NİZAMNAMƏSİ

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1

 

Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə edir.

Konsulluqlar Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsinə yardım göstərir.

 

Maddə 2

 

Konsulluqlar Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən baş konsulluqlardan, konsulluqlardan, vitse-konsulluqlardan və konsul agentliklərindən ibarətdir.

 

Maddə 3

 

Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tutur.

 

Maddə 4

 

Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir.

 

Maddə 5

 

Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə müdirləri başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-konsullar və konsul agentləri başçılıq edirlər.

 

Maddə 6

 

Konsul bu Nizamnamədə nəzərdə tutulmuş funksiyaları yerinə yetirir.

Konsul bu Nizamnamədə nəzərdə tutulmamış başqa funksiyaları da yerinə yetirə bilər, bu şərtlə ki, həmin funksiyalar Azərbaycan Respublikasının qanunvericiliyinə və konsulluğun olduğu dövlətin qanunvericiliyinə zidd olmasın.

 

Maddə 7

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan dövlətdə bu dövlətin razılığı ilə konsula diplomatik funksiyalar da həvalə oluna bilər.

 

Maddə 8

 

Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi dövlətlə razılıq əsasında müəyyənləşdirilir.

 

Maddə 9

 

Konsulluq, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikasının dövlət dilində konsulluğun adı olan möhürə malikdir.

 

Maddə 10

 

Konsulluq yerləşdiyi binaya üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin dilində adı yazılan lövhə vurulur.

 

Maddə 11

 

Konsulluq yerləşdiyi bina üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırıla bilər.

Konsul öz iqamətgahında, habelə nəqliyyat vasitələrində Azərbaycan Respublikasının Dövlət bayrağını qaldıra bilər.

 

Maddə 12

 

Bu Nizamnamədə işlədilən terminlər aşağıdakı mənaları daşıyır:

“konsul” — konsulluğa başçılıq edən baş konsul, konsul, vitse-konsul və ya konsul agenti;

“konsulluğun vəzifəli şəxsi” — konsulluğun başçısı da daxil olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər bir şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa ezam olunmuş şəxs (stajkeçən);

“konsulluğun əməkdaşı” — konsulluqda inzibati və ya texniki vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı vəzifələri yerinə yetirən hər hansı şəxs;

“konsul dairəsi” — konsulluğun yerləşdiyi dövlətlə razılıq əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi.

 

II fəsil

KONSULLUQ HEYƏTİ

 

Maddə 13

 

Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət qulluğundadırlar.

 

Maddə 14

 

Yalnız Azərbaycan Respublikasının vətəndaşı konsulluğun vəzifəli şəxsi ola bilər.

 

Maddə 15

 

Vəzifəyə təyin edilərkən konsul Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən vəkalətnamə-konsul patenti alır.

 

Maddə 16

 

Konsul, vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq (ekzekvatura) alandan sonra başlayır.

 

Maddə 17

 

Əgər konsul Hər hansı səbəbə görə öz funksiyalarını yerinə yetirə bilmirsə və ya onun yeri boşdursa, yeni konsul təyin edilənədək konsul vəzifəsinin icrası bu konsulluğun və ya Azərbaycan Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğunun vəzifəli şəxsinə, yaxud Azərbaycan Respublikasının oradakı diplomatik nümayəndəliyinin diplomatik heyəti üzvlərindən birinə həvalə edilir.

 

III fəsil

KONSUL FUNKSİYALARININ HƏYAYA KEÇİRİLMƏ QAYDASI

 

Maddə 18

 

Konsul ona həvalə olunmuş funksiyaları şəxsən icra edir və ya onların icrasını konsulluğun vəzifəli digər şəxsinə tapşırır.

 

Maddə 19

 

Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi və qəbul edən dövlətin razılığı əsasında yerinə yetirə bilər.

 

Maddə 20

 

Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına öz konsul dairəsi hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün məsələlər barədə müraciət edə bilər.

 

Maddə 21

 

Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq üçün ildə bir dəfədən az olmayaraq öz konsul dairəsinin ərazisini gəzməlidir.

 

Maddə 22

 

Konsulluğun vəzifəli şəxslərinin və konsulluq əməkdaşlarının fəaliyyətinə dair şikayətlərə tabelik qaydasında baxılır.

 

IV fəsil

AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI VƏ HÜQUQİ ŞƏXSLƏRİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 23

 

Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən, Azərbaycan Respublikasının və həmin dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdən, habelə beynəlxalq adətlərdən irəli gələn bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün tədbirlər görməlidir.

Konsul həm yazılı, həm də şifahi ərizələri qəbul edir.

 

Maddə 24

 

Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin pozulmuş hüquqlarını bərpa etmək üçün zəruri tədbirlər görür.

 

Maddə 25

 

Konsul öz konsul dairəsinin ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün buraya gələn Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır. [1]

 

Maddə 26

 

Konsul öz konsul dairəsinin hüdudlarında olan Azərbaycan Respublikası nazirliklərinin, idarə və təşkilatlarının nümayəndələrinə, habelə Azərbaycan Respublikasının xaricə ezam edilmiş digər vətəndaşlarına xidməti vəzifələrini yerinə yetirməkdə yardım göstərir.

 

Maddə 27

 

Konsul öz konsul dairəsində müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına konsulluğun yerləşdiyi dövlətin qanun və qərarları, habelə yerli adətlər barədə məlumat verir.

 

Maddə 28

 

Konsul konsulluq dairəsində olan Azərbaycan Respublikası vətəndaşları üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə kömək edir.

 

Maddə 29

 

Konsul, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində Azərbaycan Respublikası vətəndaşlarını, onlar orada olmadıqda və işin aparılmasını hər hansı şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir.

 

Maddə 30

 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki müvafiq icra hakimiyyəti orqanına kəlməsini təmin edir. [2]

 

Maddə 31

 

Konsul Azərbaycan Respublikası məhkəmələrinin və ya istintaq orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair tapşırıqlarını, əgər həmin tapşırıqların icrası konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə yerinə yetirir.

 

Maddə 32 [3]

 

Konsul Azərbaycan Respublikasının vətəndaşı olan və onun hüdudlarından kənarda yaşayan uşağın övladlığa götürülməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə qərar qəbul etmək hüququna malikdir.

 

Maddə 33

 

Konsul öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına çatmamış, valideynlərinin himayəsindən məhrum olmuş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların qəyyumluğa və himayəyə götürülməsi üçün tədbirlər görür.

Konsul səhhətinə görə öz hüquqlarını müstəqil həyata keçirə bilməyən və öz vəzifələrini yerinə yetirə bilməyən yetkinlik yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğa və himayəyə götürülməsi üçün tədbirlər görür.

 

Maddə 34

 

Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra onun Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür.

Əgər həmin əmlak tamamilə və ya onun bir hissəsi xarab ola bilən əşyalardan ibarətdirsə və ya onun saxlanması çox baha başa gələrsə, konsul bu əmlakı satmaq və satışdan əldə edilmiş pulu aidiyyəti üzrə göndərmək hüququna malikdir.

 

Maddə 35

 

Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir.

 

Maddə 36

 

Konsul Azərbaycan Respublikası vətəndaşlarına məxsus olan pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri saxlamaq üçün qəbul edə bilər.

Saxlanca verilmiş əmlakın sahibi öldükdə, həmin əmlak barəsində bu Nizamnamənin 34-cü maddəsinin müddəaları tətbiq edilir.

 

Maddə 37

 

Konsul həbsdə olan və ya cinayət törətməkdə şübhəli şəxs kimi tutulub saxlanılan və ya Azərbaycan Respublikası vətəndaşının azadlığını məhdudlaşdıran başqa tədbirlərə məruz qalan, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkən, digər məhkəmə və ya inzibati təsir tədbirlərinə məruz qalan Azərbaycan Respublikası vətəndaşı barəsində konsulluğun yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət etməlidir.

Konsul azadlıqdan məhrumetmə yerlərində və ya həbsdə olan Azərbaycan Respublikası vətəndaşlarına maraqlı şəxslərin xahişi ilə, öz təşəbbüsü ilə baş çəkməli, onların saxlanma şəraitini öyrənməlidir. Konsul bu vətəndaşların saxlanma şəraitinin gigiyena və sanitariya tələblərinə uyğun olmasına, onlara qarşı qəddar və insan ləyaqətini alçaldan rəftara yol verilməməsinə nəzarət etməlidir.

 

Maddə 38

 

Konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək , onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək hüququna malikdir. [4]

 

Maddə 38-1

 

Konsul qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququna malikdir. [5]

 

Maddə 39

 

Konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün vizalar vermək , onların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququna malikdir. [6]

 

Maddə 39-1 [7]

 

Konsul xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir.

 

Maddə 40

 

Konsul Azərbaycan Respublikası vətəndaşlığı məsələləri ilə əlaqədar öz konsulluq dairəsində yaşayan şəxslərin ərizələrini qəbul etmək hüququna malikdir.

 

Maddə 41

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq konsul Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirir. [8]

Konsul Azərbaycan Respublikasının xaricdə daimi yaşayan vətəndaşlarının vətəndaşlıq vəziyyəti akt qeydində dəyişikliklər edir, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərini bərpa edir, vətəndaşlıq vəziyyəti akt qeydlərini ləğv edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verir. [9]

 

Maddə 42

 

Konsul Azərbaycan Respublikasına məxsus olan dəniz və ya hava gəmisində hər hansı şəxsin doğulması və ya ölməsi haqqında məlumat aldıqda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən doğum və ya ölüm aktını qeydiyyatdan keçirir.

 

Maddə 43

 

Konsulun vətəndaşlıq vəziyyəti aktlarını qeydiyyata alma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [10]

 

V fəsil

NOTARİAT ƏMƏLİYYATLARI

 

Maddə 44

 

Konsul aşağıdakı notariat əməliyyatlarını aparır:

1)    Azərbaycan Respublikası ərazisində olan yaşayış evlərinin girov qoyulması və özgəninkiləşdirilməsi hallarına aid olan müqavilələr istisna olmaqla əqdləri (müqavilələri, vəsiyyətnamələri, etibarnamələri və s.) təsdiq edir;

2)    miras əmlakın qorunması üçün tədbirlər görür;

3)    vərəsəlik hüququ haqqında şəhadətnamə verir;

4)    ər-arvadın ümumi əmlakından paya mülkiyyət hüququ haqqında şəhadətnamə verir;

5)    sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünü təsdiq edir;

6)    sənədlərdəki imzanın həqiqiliyini təsdiq edir;

7)    sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

8)    vətəndaşın sağ olması faktını təsdiq edir;

9)     vətəndaşın müəyyən yerdə olması faktını təsdiq edir;

10)   vətəndaşla fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

11)   sənədlərin təqdim edilmə vaxtını təsdiq edir;

12)   pul vəsaitini və qiymətli kağızları depozitə qəbul edir;

13)   icra qeydləri aparır;

14)   sənədləri saxlanmaq üçün qəbul edir;

15)   sübutlar gətirilməsini təmin edir;

16)   dəniz protestləri verir.

Azərbaycan Respublikası qanunvericiliyində konsulun digər notariat əməliyyatları aparması da nəzərdə tutula bilər.

Konsulun notariat əməliyyatları aparması qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Nizamnaməyə və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarına əsasən müəyyən edilir. Konsulun notariat əməliyyatları aparması qaydası haqqında təlimatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi təsdiq edirlər. [11]

 

Maddə 45

 

Notariat əməliyyatları Azərbaycan Respublikasının konsulluğunda aparılır. Ayrı-ayrı hallarda notariat əməliyyatları bu idarədən kənarda da yerinə yetirilə bilər.

 

Maddə 46

 

Notariat əməliyyatları aparan konsul bu əməliyyatların sirrini saxlamalıdır.

Aparılmış notariat əməliyyatları haqqında arayışlar və sənədlər “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilir. [12]

 

Maddə 47

 

Notariat əməliyyatları lazımi sənədlərin təqdim olunduğu, dövlət rüsumunun və faktik xərclərin ödənildiyi gün aparılır. [13]

Əlavə məlumat və ya sənədlərin tələb edilməsi, yaxud sənədlərin ekspertizaya göndərilməsi lazım gəldikdə, habelə AzərbaYcan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa əsaslara görə notariat əməliyyatlarının aparılması təxirə salına bilər.

 

Maddə 48

 

Notariat qaydasında təsdiq edilmiş əqdlər, ərizələr və başqa sənədlər notariat əməliyyatları aparan konsulun yanında imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun yanında imzalanmayıbsa, bunları imzalayan şəxs sənədi özü imzaladığını şəxsən təsdiq etməlidir.

Notariat əməliyyatlarını aparan konsul Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələrini onlara izah etməli, aparılan notariat əməliyyatlarının nəticələri haqqında xəbərdarlıq etməlidir ki hüquqi məlumatsızlıqdan və bu kimi başqa hallardan onların zərərinə istifadə olunmasın.

 

Maddə 49

 

Konsul öz adına və öz adından, arvadının (ərinin) adına və ya arvadının (ərinin) adından, qohumlarının adına və ya qohumlarının adından notariat əməliyyatları apara bilməz.

 

Maddə 50

 

Konsulluqda notariat kargüzarlığı Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat əməliyyatı aparılması üçün müraciət edən şəxs Azərbaycan Respublikasının dövlət dilini bilmirsə, onun üçün hazırlanan sənədlərin mətnləri notariat əməliyyatı aparan konsul tərəfindən və ya konsulun tanıdığı tərcüməçi tərəfindən tərcümə olunmalıdır.

Maddə 51

Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə vərəsəlik açıldığı konsula məlum olduqda, o dərhal bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında ona bəlli olan bütün məlumatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir.

 

Maddə 52

 

Hər hansı notariat əməliyyatının aparılması Azərbaycan Respublikası qanunvericiliyinə zidd olarsa, konsul bu əməliyyatı aparmaqdan imtina edir.

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmayan və ya öz məzmunu ilə Azərbaycan dövlətinin mənafeyinə, onun vətəndaşlarının şərəfinə və ləyaqətinə xələl gətirə bilən sənədləri konsul notariat əməliyyatı aparmaq üçün qəbul etmir.

Notariat əməliyyatlarının yerinə yetirilməməsinin səbəbləri haqqında maraqlı şəxslərə onların xahişi ilə məlumat verilir.

 

Maddə 53

 

Notariat əməliyyatı aparılarkən Azərbaycan Respublikası qanunvericiliyinə, Azərbaycan Respublikasının və konsulluğun yerləşdiyi dövlətin iştirak etdikləri beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin hüquq normaları tətbiq edilir.

Konsul xarici dövlətin hüquq normalarına əsasən hazırlanmış sənədləri qəbul edir və bu sənədlərdə xarici dövlətin qanunvericiliyində nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd, olmayan şəkildə təsdiq qeydləri aparır.

 

VI fəsil

KONSUL LEQALLAŞDIRMASI

 

Maddə 54

 

Konsul, konsul dairəsində olan dövlət orqanlarının iştirakı ilə hazırlanmış və ya bu orqanlardan daxil olan sənədləri və aktları leqallaşdırır.

Azərbaycan Respublikasının orqanları belə sənədləri və aktları, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və konsulluğun yerləşdiyi dövlətin iştirak etdiyi beynəlxalq müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız konsul tərəfindən leqallaşdırıldıqdan sonra qəbul edirlər.

Konsul leqallaşdırması bu sənədlərdə və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğunluğunu müəyyənləşdirib təsdiq etməkdən ibarətdir.

Konsul leqallaşdırması qaydasını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir.

 

Maddə 55

 

Öz məzmunu etibarı ilə Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan sənəd və aktlar leqallaşdırılmır.

 

VII fəsil

KONSUL ƏMƏLİYYATLARI ÜÇÜN DÖVLƏT RÜSUMU VƏ MÜVAFİQ İNZİBATİ XƏTALARA GÖRƏ İNZİBATİ CƏRİMƏ [14]

 

Maddə 56

 

Xarici ölkədə və Azərbaycan Respublikasında aparılan konsul əməliyyatları üçün dövlət rüsumu tutulur. [15]

Göstərilmiş əməliyyatların aparılması ilə bağlı faktik xərclər də ödənilməlidir.

Xarici ölkədə törədilən müvafiq inzibati xətalara görə inzibati cərimə tətbiq edilir. [16]

 

Maddə 57   [17]

 

Dövlət rüsumu xaricdə konsulluğun yerləşdiyi ölkənin valyutası ilə, Azərbaycan Respublikasında isə manatla tutulur.

İnzibati cərimə konsulluğun yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur. [18]

 

Maddə 58 [19]

 

Konsul rüsumları tarifi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir.

Konsul üzürlü səbəblər olduqda ayrı-ayrı şəxsləri konsul rüsumları ödəmə edən azad edə bilər.

 

Maddə 59

 

Aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu və müvafiq inzibati xətalara görə inzibati cərimə bir ay ərzində dövlət büdcəsinə köçürülür. [20]

 

Maddə 60 [21]

 

Dövlət rüsumu ödəməkdən azad olunma halları qanunla müəyyən edilir.

 

VIII fəsil

AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ GƏMİLƏRİ VƏ KÖMƏKÇİ HƏRBİ GƏMİLƏRİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 61

 

Konsul, konsulluğun yerləşdiyi dövlətin bu konsul dairəsi hüdudlarında olan limanlarına, ərazi sularına və daxili sularına gəlmiş Azərbaycan Respublikası hərbi gəmilərinə və köməkçi hərbi gəmilərinə (bundan sonra “gəmilər” adlandırılır) sahillə əlaqə saxlamaqda, yerli hakimiyyət orqanları ilə münasibətlərdə, maddi-texniki təminat məsələlərində və başqa məsələlərdə hərtərəfli kömək etməlidir.

 

Maddə 62

 

Konsul, konsul dairəsinin hüdudlarında yerləşən limana gəmilər daxil olacağı barədə məlumat aldıqda, limana daxil olmaq üçün losman lazım olarsa, losmanın gəmiyə vaxtında kəlməsi üçün tədbirlər görür.

 

Maddə 63

 

Gəmi gəldikdən sonra konsul gəminin komandirinə yerli hakimiyyət orqanları ilə əlaqəyə girmək üçün lazım olacaq, xüsusilə sanitariya vəziyyəti, habelə komandir və gəmi heyəti tərəfindən icrası məcburi sayılan liman qaydaları, yerli qanunlar və adətlər haqqında dərhal məlumat verir.

 

Maddə 64

 

Konsul imkan olan kimi, gəlmiş gəmiyə və ya gəmilər dəstəsinə şəxsən baş çəkməlidir.

Konsulluğun yerləşdiyi dövlətin vəzifəli şəxslərinin yanına gedərkən gəmi komandirlərini, lazım gəldikdə, konsul müşayiət edir.

 

Maddə 65

 

Gəmi heyəti üzvünün ağır xəstələndiyi və müalicə üçün konsulluğun yerləşdiyi dövlətdə saxlanılmalı olduğu halda, konsul onun müalicəsinə nəzarət etməli, Azərbaycan Respublikasına göndərilməsini təmin etməlidir.

Gəmi heyəti üzvü vəfat etdikdə konsul onun lazımi qaydada dəfn edilməsi və ya cənazənin Azərbaycan Respublikasına göndərilməsi üçün tədbirlər görməlidir. Mərhumun sənədləri və şəxsi əşyaları Azərbaycan Respublikasına göndərilir.

 

Maddə 66

 

Qəza, gəmilərin toqquşması və başqa dəniz hadisələri zamanı konsul gəmilərə lazımi yardım göstərilməsi və baş vermiş hadisədən hüquqi cəhətdən lazımi qaydada qeydə alınması üçün özündən asılı olan bütün tədbirləri görməlidir.

 

Maddə 67

 

Konsul yuxarı komandanlıqla əlaqə saxlamaqda və gəminin xidməti poçtunun göndərilməsində gəmi komandirinə yardım göstərir.

 

Maddə 68

 

Konsul, gəmi komandirinə, gəmi ehtiyatlarını tez və keyfiyyətli surətdə təmin edə biləcək şirkətlərin müəyyən olunmasında köməklik göstərir və bununla əlaqədar bütün hesabları və sənədləri leqallaşdırır.

 

Maddə 69

 

Bu Nizamnamənin VIII fəslinin müddəaları müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyyarə və vertolyotlarına da şamil edilir.

 

IX fəsil

AZƏRBAYCAN RESPUBLİKASININ GƏMİLƏRİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 70

 

Konsul, konsulluğun yerləşdiyi dövlətin limanlarında, ərazi və daxili sularında, öz konsul dairəsinin hüdudlarında konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyini, bu dövlətin və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq, gəmilərə tam həcmdə hüquq və immunitetlər verilməsinə nəzarət edir.

 

Maddə 71

 

Konsul, konsulluğun yerləşdiyi dövlətin limanlarında, ərazi və daxili sularında gəmi kapitanına yardım göstərir.

 

Maddə 72

 

Konsul gəminin konsulluğun yerləşdiyi dövlətin limanına gəldiyinin gəmi kapitanı tərəfindən ona bildirilməsinə və gəminin üzməsi şəraiti barədə məlumat verilməsinə nəzarət etməlidir.

Konsul gəmi kapitanının konsulluğa kəlməsini və gəminin üzməsi şəraiti barədə məruzə təqdim etməsini ondan tələb etmək hüququna malikdir.

 

Maddə 73

 

Konsul gəmiyə istənilən vaxt baş çəkə bilər.

 

Maddə 74

 

Konsul gəmi üzərkən və limanda olarkən gəmi heyətində baş vermiş dəyişiklikləri qeydə almalıdır.

 

Maddə 75

 

Konsul:

a)    gəminin limana daxil olmasına, limandan çıxmasına və limanda dayanmasına yardım edir;

b)    gəmidə baş vermiş hadisələri aydınlaşdırmaq məqsədi ilə gəmi kapitanını və heyət üzvlərini sorğu-sual edir;

v)   işin icrası vaxtı kapitanla heyət üzvləri arasında yaranmış mübahisəli məsələləri həll etmək səlahiyyətinə malikdir.

 

Maddə 76

 

Gəmi xaricdə alındıqda konsul onun Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzməsinə dair müvəqqəti şəhadətnamə verir.

Konsul Azərbaycan Respublikası gəmiləri ilə əlaqədar hər bir bəyannaməni və ya Azərbaycan Respublikası qanunvericiliyində, yaxud Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş digər sənədi almağa, tərtib və ya təsdiq etməyə səlahiyyətlidir.

 

Maddə 77

 

Konsul Azərbaycan Respublikasının limanlarına yollanan gəmilərlə Azərbaycan Respublikasının vətəndaşlarını, poçtu və yükləri göndərməyə səlahiyyətlidir.

 

Maddə 78

 

Konsul lazım gəldikdə gəmi kapitanına sənəd (şəhadətnamə) verir; həmin sənəddə gəminin kəlməsi, getməsi vaxtı, gəmi kapitanının konsulluğa gələcəyi günə gəminin getdiyi liman, sərnişinlərin sayı, habelə yükün sayı, növü və çatacağı yer göstərilir.

 

Maddə 79

 

Əgər konsulda olan məlumata əsasən gəminin hər hansı limana daxil olması təhlükəli, arzuolunmaz və ya qeyri-mümkün olarsa, konsul bu barədə yola düşən gəminin kapitanını xəbərdar etməlidir.

Maddə 80

Zərurət olduğu halda, konsul dənizə çıxmağa hazır olan gəmini ləngitmək və ya onun kapitan tərəfindən nəzərdə tutulan vaxtdan tez, hətta yükvurma-yükboşaltma əməliyyatlarını qurtarmadan yola düşməsini tələb etmək hüququna malikdir. Bu halda o, gəmi jurnalında gəminin ləngidilməsinin və ya təcili olaraq getməsi tələbinin səbəblərini göstərməlidir.

 

Maddə 81

 

Gəminin batdığı və ya qəzaya uğradığı hallarda konsul sərnişinlərin, heyət üzvlərinin, gəminin və yükün xilas edilməsi üçün ondan asılı olan bütün tədbirləri görməlidir.

 

Maddə 82

 

Konsul gəmi kapitanından gəminin və ya yükün məhv olması, yaxud zədələnməsi, ya da zədələnəcəyi ehtimalının olduğu barədə ərizəni qəbul edir, habelə kapitanın xahişi ilə dəniz protesti aktını tərtib edir.

Dəniz protesti aktı gəmi kapitanının ərizəsinə, gəmi jurnalındakı məlumatlara əsasən, habelə gəmi kapitanının özünün və imkan daxilində gəminin komanda heyətinə və gəmi komandasına daxil olan şəxslərdən azı iki şahidin sorğu-sual edilməsinə əsasən tərtib olunur. Konsul dəniz protesti aktını öz imzası ilə və gerbli möhürlə təsdiq edir.

Kapitana öz xahişi ilə, onun verdiyi dəniz protesti haqqında sənəd və dəniz protesti aktı verilir.

 

Maddə 83

 

Konsul batmış və ya digər qəzaya uğramış gəminin sərnişinlərinə və heyət üzvlərinə yardım göstərməli və lazım gəldikdə onların Azərbaycan Respublikasına qayıtmasına kömək etməlidir.

 

Maddə 84

 

Gəminin üzdüyü, yaxud xarici limanda dayandığı zaman heyətin hər hansı bir üzvü xəstələnərsə, konsul bu xəstənin konsulluğun yerləşdiyi dövlətdə müalicəsinə yardım göstərir.

 

Maddə 85

 

Xəstələnmiş heyət üzvünün konsulluğun yerləşdiyi dövlətdə müalicə üçün saxlandığı təqdirdə konsul onun müalicəsinin gedişini izləməli və Azərbaycan Respublikasına göndərilməsini təmin etməlidir.

Gəmi heyətinin üzvü öldükdə konsul onun lazımi qaydada dəfn olunması və ya cənazənin Azərbaycan Respublikasına göndərilməsi üçün tədbirlər görür, onun sənədlərini və şəxsi əşyalarını Azərbaycan Respublikasına göndərir.

 

X f ə s i l

MÜLKİ HAVA GƏMİLƏRİ VƏ ONLARIN HEYƏTİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 86

 

Konsul Azərbaycan Respublikasının mülki hava gəmisi (bundan sonra “hava gəmisi” adlanır) komandirinə konsulluğun yerləşdiyi dövlətin orqanları ilə əlaqəyə girməkdə kömək etməli, lazım gəldikdə, hava gəmisini, onun heyət üzvlərini və sərnişinlərini Azərbaycan Respublikasına qaytarmaq və ya uçuşu davam etdirmək üçün bütün tədbirləri görməlidir.

 

Maddə 87

 

Konsul hava gəmilərinə və onların heyətinə dair aşağıdakı hüquqlara malikdir:

a)   hava gəmisinin hava limanında enməsinə, hava limanından uçmasına və hava limanında dayanmasına yardım etmək;

b)   hava gəmisində baş vermiş hadisələrlə əlaqədar komandiri və heyət üzvlərini sorğu-sual etmək;

v)   lazım gəldikdə, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərinin müalicəsinin təmin olunması və Azərbaycan Respublikasına göndərilməsi üçün tədbirlər görmək;

q)   Azərbaycan Respublikası qanunvericiliyində və ya Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə hava gəmiləri barəsində nəzərdə tutulmuş hər hansı bəyannaməni və ya başqa sənədi almaq, tərtib və təsdiq etmək.

 

Maddə 88

 

Konsul dairəsinin hüdudlarında hava gəmisi qəzaya uğradıqda, yerə enməyə məcbur olduqda və ya başqa hadisə baş verdikdə konsul heyət üzvlərinə və sərnişinlərə lazımi kömək göstərir.

Konsul qəzaya uğrayan və ya yerə enməyə məcbur olan hava gəmisinin, onun yükünün və hadisənin xarakterini göstərən maddi sübutların mühafizəsini təşkil edir və uçuş zamanı baş vermiş hadisəni araşdırmaqda Azərbaycan Respublikasının mütəxəssislərinə yardım göstərir. [22]

 

Maddə 89

 

hava gəmisində cinayət törədilərsə, konsul hava gəmisinin komandirinə Azərbaycan Respublikası qanunvericiliyindən və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsində yardım göstərir.

 

Maddə 90

 

Konsul Azərbaycan Respublikasının hava limanlarına uçan hava gəmilərində Azərbaycan Respublikasının vətəndaşlarını, poçt və yük göndərmək hüququna malikdir.

 

XI fəsil

AVTOMOBİL, DƏMİRYOL NƏQLİYYATI VASİTƏLƏRİ BARƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 91

 

Konsul avtomobil, dəmiryol nəqliyyatı vasitələri barəsində konsul funksiyalarını həyata keçirərkən bu Nizamnamənin IX və X fəsillərinin müddəalarını rəhbər tutur.

 

XII fəsil

SANİTARİYA, FİTOSANİTARİYA VƏ BAYTARLIQ MÜHAFİZƏSİ SAHƏSİNDƏ KONSULUN FUNKSİYALARI

 

Maddə 92

 

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verir.

Konsul bu barədə Azərbaycan Respublikasının başqa əlaqədar idarələrinin nümayəndələrini də xəbərdar edir.

Konsul Azərbaycan Respublikasına getməyə icazə almış vətəndaşlara Azərbaycan Respublikasına gələrkən peyvənd olunduğu barədə beynəlxalq sertifikatların təqdim edilməsi zərurətini bildirir.

 

Maddə 93

 

Konsul dairəsinin hüdudlarında kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ya ziyanvericilər meydana çıxdıqda, habelə mal-qara və quş kütləvi surətdə xəstələndikdə, yaxud insanlar və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda, konsul bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verir. [23]

 

Maddə 94

 

Konsul Azərbaycan Respublikasına getmək üçün icazə almış vətəndaşlara Azərbaycan Respublikasına gedərkən aparılan heyvanlar, heyvan mənşəli xammal və məhsullar barədə baytarlıq sertifikatlarının təqdim edilməsi zərurətini bildirir, toxumların, bitkilərin, təzə meyvə və tərəvəzin aparılması qaydaları haqqında məlumat verir.

 

XIII fəsil

ŞTATDANKƏNAR KONSULLAR

 

Maddə 95

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi konsulluğun yerləşdiyi dövlətin razılığına əsasən ayrı-ayrı konsul funksiyalarının yerinə yetirilməsini ştatdankənar konsullara tapşıra bilər.

 

Maddə 96

 

Ştatdankənar konsulların funksiyalarını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir.

 

Maddə 97

 

Ştatdankənar konsullar Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

2.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

3.       3 mart 2006-cı il tarixli  79-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223)

4.       30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936)

5.       19 aprel 2013-cü il tarixli 615-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 464)

6.       17 oktyabr 2014-cü il tarixli 1054-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1334)

7.       31 may 2018-ci il tarixli 1169-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1189)

8.       12 fevral 2019-cu il tarixli 1500-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 386)

9.       29 mart 2019-cu il tarixli 1541-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2019-cu il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 794)

10.    27 iyun 2019-cu il tarixli 1616-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1360)

11.    8 oktyabr 2019-cu il tarixli 1672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1681)

12.    27 dekabr 2021-ci il tarixli 465-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 12)

13.    2 dekabr 2022-ci il tarixli 666-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 24 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 25 yanvar 2023-cü il, № 16)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 oktyabr 2014-cü il tarixli 1054-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1334) ilə 25-ci maddədə “daimi yaşayan və müvəqqəti olaraq” sözləri “müvəqqəti və ya daimi yaşamaq üçün” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 fevral 2019-cu il tarixli 1500-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 386) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 30-cu maddəsində “konsul” sözündən sonra “xaricdə yaşayan” sözləri, “18 yaşına çatmış vətəndaşlarının” sözlərindən sonra “müddətli” sözü əlavə edilmişdir və “hərbi komissarlıqlara” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 32-ci maddə çıxarılmışdır.

 

[4] 19 aprel 2013-cü il tarixli 615-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 464) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsindən “, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək” sözləri çıxarılmışdır.

 

[5] 30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936) ilə 38-1-ci maddə əlavə edilmişdir.

 

31 may 2018-ci il tarixli 1169-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1189) ilə 38-1-ci maddə ləğv edilmişdir.

 

[6] 17 oktyabr 2014-cü il tarixli 1054-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1334) ilə 39-cu maddədən “, onların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək” sözləri çıxarılmışdır.

 

[7] 17 oktyabr 2014-cü il tarixli 1054-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1334) ilə 39-1-ci maddə əlavə edilmişdir.

 

[8] 27 dekabr 2021-ci il tarixli 465-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 12) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 41-ci maddəsinin birinci hissəsində “Respublikası qanunvericiliyinə əsasən” sözləri “Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq” sözləri ilə, “aktlarını qeydə alır” sözləri “aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

[9] 27 dekabr 2021-ci il tarixli 465-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 12) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 41-ci maddəsinin ikinci hissəsində “aktlarının qeydlərində dəyişikliklər, düzəlişlər və əlavələr” sözləri “akt qeydində dəyişikliklər” sözləri ilə əvəz edilmişdir.

 

2 dekabr 2022-ci il tarixli 666-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 24 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 25 yanvar 2023-cü il, № 16) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 41-ci maddəsinin ikinci hissəsində itirilmiş qeydlərin bərpası, habelə vətəndaşın adının, soyadının və atasının adının dəyişdirilməsi haqqında vəsatət qaldırır sözləri itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərini bərpa edir, vətəndaşlıq vəziyyəti akt qeydlərini ləğv edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verir sözləri ilə əvəz edilmişdir.

 

[10] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 43-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Konsulun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alma qaydası haqqında təlimatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi təsdiq edirlər

 

[11] 8 oktyabr 2019-cu il tarixli 1672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1681) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 44-cü maddənin üçüncü hissəsinin birinci cümləsində “dövlət notariat haqqında” sözləri “Notariat haqqında” Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir.

 

[12] 8 oktyabr 2019-cu il tarixli 1672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1681) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 46-cı maddəsində “dövlət notariatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilmişdir.

 

[13] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 47-ci maddənin birinci hissəsində "konsul rüsumlarının" sözü "dövlət rüsumunun" sözü ilə əvəz edilmişdir.

 

[14] 30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936) ilə VII fəsilin adında “dövlət rüsumu” sözlərindən sonra “və müvafiq inzibati xətalara görə inzibati cərimə” sözləri əlavə edilmişdir.

VII fəsil

KONSUL RÜSUMLARI

 

31 may 2018-ci il tarixli 1169-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1189) ilə VII fəslin adından və 59-cu maddədən “və müvafiq inzibati xətalara görə inzibati cərimə” sözləri çıxarılmışdır.

 

[15] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 56-cı maddənin birinci hissəsində "konsul rüsumlarının" sözü "dövlət rüsumunun" sözü ilə əvəz edilmişdir.

 

[16] 30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936) ilə 56-cı maddəyə üçüncü hissə əlavə edilmişdir.

VII fəsil

KONSUL RÜSUMLARI

 

31 may 2018-ci il tarixli 1169-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1189) ilə 56-cı maddənin üçüncü hissəsi və 57-ci maddənin ikinci hissəsi ləğv edilmişdir.

 

[17] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 57-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Konsul rüsumları Azərbaycan Respublikasının konsul rüsumları tarifinə müvafiq surətdə xaricdə konsulluğun yerləşdiyi ölkənin valyutası ilə„ Azərbaycan Respublikasında isə manatla tutulur.

 

[18] 30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936) ilə  57-cı maddəyə ikinci hissə əlavə edilmişdir.

VII fəsil

KONSUL RÜSUMLARI

 

[19] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 58-ci maddə çıxarılmışdır.

 

[20] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 59-cu maddədə "konsul rüsumlarının" sözü "dövlət rüsumunun" sözü ilə əvəz edilmişdir.

3 mart 2006-cı il tarixli  79-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223) ilə 59-cu maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət rüsumu dövlət büdcəsinə keçirilir

 

30 sentyabr 2010-cu il tarixli 1076-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 936) ilə  59-cu maddədə “dövlət rüsumu” sözlərindən sonra “və müvafiq inzibati xətalara görə inzibati cərimə” sözləri əlavə edilmişdir.

 

[21] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 60-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Konsul rüsumları aşağıdakı hallarda tutulmur:

a) konsul rüsumlarının qarşılıqlı surətdə tutulmaması haqqında Azərbaycan Respublikası ilə konsulluğun yerləşdiyi dövlət arasında beynəlxalq müqavilə olduqda;

b) Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına qaytarılmasına dair işlər üzrə;

v) qarşılıqlı əsaslarla xarici diplomatik pasportlara viza verməyə görə;

q) vətəndaşların əmək stajına, sosial təminatına aid sənədləri tələb edib almağa və leqallaşdırmağa görə, aliment işləri üzrə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

 

[22] 29 mart 2019-cu il tarixli 1541-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2019-cu il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 794) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 88-ci maddəsinin ikinci hissəsində “təhqiq etməkdə” sözləri “araşdırmaqda” sözü ilə əvəz edilmişdir.

 

[23] 27 iyun 2019-cu il tarixli 1616-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1360) ilə “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 93-cü maddəsində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status