×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.03.2000
QEYDİYYAT NÖMRƏSİ
56
ADI
Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 244)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.03.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan SSR kiçik çaylarının su mühafizə zolaqları (zonaları) haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 17 yanvar tarixli, 22 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. Rasİzadə

 

Bakı şəhəri, 24 mart 2000-ci il

                  № 56

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi

 

Qaydaları

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

4. Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir.

5. Su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi onların fiziki-coğrafi, torpaq, hidroloji və sair şəraitindən asılı olaraq, su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [1]

6. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

7. Su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri müəyyən edilir:

çaylar və göllər üzrə—yay dövründə orta illik su səviyyəsi həddindən;

su anbarları üzrə—suyun normal yığılma səviyyəsindən;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə—suyun maksimum səviyyəsi həddindən;

bataqlıqlar üzrə—onların sərhədlərindən.

Çayların başlanğıcında yerləşən bataqlıqlar, habelə su yığımı hövzələrində yaranan digər bataqlıqlar üzrə su mühafizə zonaları onlara bitişik ərazilərdə müəyyən edilir.

8. Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:

uzunluğu 10 km-dək olduqda—50 m;

uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m;

uzunluğu 50 km-dən 100 km-dək olduqda—200 m;

uzunluğu 100 km-dən 200 km-dək olduqda—300 m;

uzunluğu 200 km-dən 500 km-dək olduqda—400 m;

uzunluğu 500 km-dən artıq olduqda—500 m.

9. Çayların başlanğıcında su mühafizə zonasının radiusu 50 metrdən az olmamaq şərti ilə qəbul edilir.

10. Göllərin və su anbarlarının su mühafizə zonalarının minimum eni aşağıdakı hədlərdə götürülür:

akvatoriyasının sahəsi 2 kv. km-dək olduqda—300 m;

akvatoriyasının sahəsi 2 kv. km-dən artıq olduqda—500 m.

11. Çayın başlanğıcında yerləşən bataqlıqlar və su yığımı hövzələrində yaranan digər bataqlıqlar üzrə su mühafizə zonalarının ölçüləri göllərdə və su anbarlarındakı kimi götürülür.

12. Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir:

3 kbm/san-yə qədər olduqda—5 m;

3—10 kbm/san olduqda—10 m;

10—30 kbm olduqda—25 m;

30—50 km/san olduqda—60 m;

50 kbm/san-dən artıq olduqda—100 m.

13. Şəhərlərin və digər yaşayış yerlərinin ərazisində su mühafizə zonalarının ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə uyğun müəyyən edilir. [2]

14. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.

15. Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir:

 

Su obyektinə bitişik kənd təsərrüfatı yerlərinin (uqodiyaların) növləri

Su obyektlərinə bitişik ərazilərin yamaclarının mailliyindən asılı olaraq sahil mühafizə zolaqlarının eni (metr)

əks maillik və maillik olmadıqda

3 dərəcəyədək maillik olduqda

3 dərəcədən artıq maillik olduqda

Əkin

25

50

80

Örüş, biçənək

25

35

50

Meşə, kolluq

35

40

80

 

16. Su tutarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.

17. Su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədləri su mühafizə zonalarının layihələrində dəqiqləşdirilir.

18. Su obyektlərinin su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələşdirilməsi üzrə sifarişçi funksiyaları, bu layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədlərinin yerlərdə müvafiq su qoruyucu nişanlarla müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. [3]

19. Su mühafizə zonalarının layihələşdirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş normativ-metodik sənədlərə əsasən həyata keçirilir. [4]

20. Su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edir, onlar şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülür. [5]

21. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş qaydada məlumatlandırılır.

22. Su mühafizə zonalarında qadağan edilir:

aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi;

gübrə və pestisidləri saxlamaq üçün anbarların və pestisid aparatlarının doldurulması meydançalarının yerləşdirilməsi;

neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi;

su mühafizə zonalarının eni 100 metrdən az və su obyektlərinə bitişik ərazilərinin yamaclarının mailliyinin 3 dərəcədən artıq olduqda bağ və bağ-bostan sahələrinin salınması;

su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq  qazma və digər işlərinin aparılması;

su mühafizə zonalarının ərazisində yerləşən meşələrdə aralıq istifadə üçün qırmalara və su obyektlərinin mühafizəsini təmin edən digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına yol verilir.

23. Bu Qaydaların 22-ci bəndində göstərilən məhdudiyyətlərə əlavə olaraq, sahil mühafizə zolaqlarında qadağan edilir:

torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması;

gübrələrdən istifadə edilməsi;

mövsümü stasionar çadırcıq şəhərciklərinin salınması, dağ və dağ-bostan sahələrinin yerləşdirilməsi, habelə xüsusi tikinti üçün torpaq sahələrinin ayrılması;

avtomobil və traktorların (xüsusi təyinatı avtomobillər istisna olmaqla) hərəkəti;

Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulan hallar istisna olmaqla digər fəaliyyət növləri.

Sahil mühafizə zolaqlarında mövcud qanunvericiliyə uyğun olaraq su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir.

24. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.

25. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.

26. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur.

27. Su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

28. Bu Qayda içməli su mənbələrinin sanitar mühafizə zonaları barədə normativ aktlarını əvəz etmir.

29. Su obyektlərində içməli su mənbələrinin sanitar mühafizə zonaları müəyyən edilərkən, su mühafizə zonalarının minimal ölçüləri və burada təsərrüfat fəaliyyətinin rejimi sanitar qaydaları və normaları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir. [6]

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

3.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

4.       10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 472)

5.       12 iyun 2013-cü il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 iyun 2013-cü il, № 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 732)

6.       24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nın 5-ci, 18-ci, 19-cu və 20-ci bəndlərində "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları"nın 5-ci, 18-ci, 19-cu və 20-ci bəndlərində "Kənd Təsər
rüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su Mühafizə zonalarının, onların sahil Mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nın 5-ci, 6-cı və 19-cu bəndlərində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 472) ilə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”n 5-ci hissəsində “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.

 

[2] 12 iyun 2013-cü il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 iyun 2013-cü il, № 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 732) ilə 13-cü hissədə “konkret planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara” sözləri “ərazi planlaşdırılması sənədlərinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 472) ilə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”n 18-ci hissədə “müəyyənləşdirilməsi” sözündən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və” sözləri əlavə edilmişdir.

 

[4] 10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 472) ilə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”n 19-cu hissədə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.

 

[5] 10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 472) ilə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”n 20-ci hissədə “Cəmiyyəti” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.

 

12 iyun 2013-cü il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 iyun 2013-cü il, № 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 732) ilə 20-ci hissədə “tikinti baş planlarına, torpaq istifadəsi planlarına və digər plan-kartoqrafik materiallarına” sözləri “baş planlarına” sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527) ilə “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na yeni məzmunda 30-cu hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status