AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.06.2000
QEYDİYYAT NÖMRƏSİ
356
ADI
Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2000, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 435)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.06.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında

Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

İqtisadiyyatın inkişafında energetikanın müstəsna rolunu nəzərə alaraq, Azərbaycanda 1970-1980-ci illərdə bu sahədə geniş yenidənqurma işləri aparılmış və güclü maddi-texniki baza yaradılmışdır. Həmin illərdə Azərbaycan DRES-i, Şəmkir SES-i, Naxçıvanda və Tərtərdə SES-lər tikilib işə salınmış, Bakı və Sumqayıt şəhərlərində istilik elektrik mərkəzləri genişləndirilmişdir. Azərbaycan DRES-dən Abşerona 500 kilovoltluq iki elektrik ötürücü xətti çəkilib istismara verilmiş, 50 min kilometrdən artıq paylayıcı elektrik xətləri tikilmiş, bütün rayonlar ikitərəfli 35-110 kilovoltluq xətlər və transformatorlarla təchiz edilmişdir. Bunların nəticəsində 3000 meqavatdan artıq yeni elektrik gücləri istismara verilmiş, respublikanın elektrik enerjisinə olan tələbatının tam ödənilməsi təmin edilmişdir.

Lakin Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk illərdə yaranmış qeyri sabitlik iqtisadiyyatın başqa sahələri kimi elektroenergetikanı da ciddi tənəzzülə uğratmışdır.

İqtisadiyyatın bu mühüm sahəsini böhran vəziyyətindən çıxarmaq məqsədi ilə son illər bir sıra vacib layihələrin həyata keçirilməsinə başlanmışdır. Belə ki, əlverişli kreditlər əsasında Yenikənd SES-in və Bakı İEM-1-in bazasında yeni stansiyalar tikilir, Mingəçevir SES-i əsaslı şəkildə yenidən qurulur, Sumqayıtda "Etilen-Propilen-300" kompleksi üçün müasir tipli buxar-generatoru quraşdırılır və "Şimal" DRES-də yeni buxar-qaz stansiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır. Elektrik şəbəkə sisteminin yeni elektrik güclərinə uyğunlaşdırılması məqsədi ilə Bakı ətrafında yüksək gərginlikli yarımstansiyalar və kabel xətləri, Bakı və Sumqayıt şəhərlərində yarımstansiyalar, "Mingəçevir-Goranboy" xətti və 330/110 kilovoltluq yarımstansiya ilə birlikdə 110 kilovoltluq "Ağcabədi-Bərdə" elektrik ötürücü xətti tikilir və onlar yaxın vaxtlarda istismara veriləcəkdir. Avropa Komissiyasının maliyyə yardımı əsasında işğaldan azad olunmuş ərazilərdə enerji təchizatı bərpa olunur.

Beləliklə, son beş il ərzində ölkəni elektroenergetika sistemində yeni enerji güclərinin yaradılması və şəbəkə təsərrüfatının yeniləşdirilməsi məqsədi ilə nüfuzlu beynəlxalq maliyyə mənbələrindən 500 milyon ABŞ dolları məbləğində vəsait cəlb edilmişdir. Nəzərdə tutulan işlərin həyata keçirilməsi nəticəsində elektroenergetikada mövcud güclər 640 meqavat və ya 20 faiz artacaq, sistemin etibarlılığı təmin olunacaq, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı tam ödəniləcəkdir. Bundan əlavə, elektrik stansiyalarında müasir avadanlıqların istismara verilməsi ildə 600 min tonadək yanacağa qənaət etməyə imkan verəcəkdir.

Qeyd etmək lazımdır ki, son illər ərzində ardıcıl həyata keçirilən neft strategiyası ölkədə neft və qaz hasilatını sabitləşdirməklə yanaşı, bütövlükdə energetika kompleksinin müasir tələblərə uyğun inkişafı üçün yeni imkanlar açmışdır. Bununla belə, ölkədə enerjidaşıyıcılarına olan tələbatın ödənilməsində, bu işlə məşğul olan dövlət müəssisə və şirkətlərinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur.

"Azərenerji" Səhmdar Cəmiyyətində, Bakı, Gəncə, Sumqayıt və digər şəhər elektrik şəbəkələrində enerji itkilərininə, yanacaq israfçılığına qarşı mübarizə zəif aparılır, istehlak edilən elektrik enerjisinin dəyərinin ödənilməsi işi olduqca yarıtmaz təşkil olunmuş, oğurluq və başqa neqativ hallara yol verilir.

"Azəriqaz" Səhmdar Cəmiyyəti tərəfindən təbii qazın nəqli zamanı itkilərin qarşısının alınması üçün zəruri tədbirlər görülmür, qaz kəmərlərinə icazəsiz qoşulma hallarının qarşısı alınmır, təmir-sazlama işləri vaxtında və tam həcmdə aparılmır.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti sistemində səmt qazının sahilə nəql edilməsində itkilərə, magistral və müəssisələrarası kommunikasiyalardan neft və neft məhsullarının oğurlanması hallarına yol verilir, neftayırma zavodlarında istehsal olunan məhsulların uçotunun təşkilində və elektrik stansiyalarının yanacaqla təmin edilməsi işində ciddi nöqsanlar vardır.

Payız-qış mövsümlərində elektrik stansiyalarının mazuta olan tələbatını ödəmək üçün neftayırma müəssisələrində texnoloji rejim dəyişdirilərək mazut istehsalı artırılır. Bu da öz növbəsində açıq neft məhsullarının istehsalının və bütövlükdə neft emalının səmərəliliyinin azalmasına səbəb olur, beynəlxalq enerjidaşıcıyılar bazarlarında yaranmış əlverişli şəraitdən daha dolğun istifadə etmək imkanlarını məhdudlaşdırır.

Eyni zamanda qeyd olunan təşkilatlar, habelə hüquq mühafizə orqanları elektrik xətlərinin, qaz və neft kəmərlərinin qorunmasına, onlara qeyri-qanuni qoşulma hallarına biganə yanaşırlar. Şəhər (rayon) icra hakimiyyəti orqanları enerjidaşıyıcıların dəyərinin ödənilməsi, onlardan qənaətlə istifadə edilməsi, israfçılığın qarşısının alınması məsələlərinin həllindən kənarda qalmışlar. Bütün bunlar əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə etibarlı təmin edilməsində gərginlik yaradır.

Ölkənin enerji potensialından səmərəli istifadə edilməsi, əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə fasiləsiz təmin edilməsi, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, istismar səviyyəsinin yüksəldilməsi və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri ilə birlikdə 2000-2002-ci illərin yanacaq-enerji balansını hazırlayıb təsdiq etsin;

yanacaq-enerji balansına uyğun olaraq əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisi ilə təmin edilməsi, enerji sistemində zəruri təmir-bərpa işlərinin aparılması, payız-qış mövsümlərinə hazırlıq tədbirlərinin görülməsi barədə kompleks tədbirlər proqramını hazırlayıb təsdiq etsin və onun icrasına nəzarət etsin;

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə "Günəşli" və "Çıraq" yataqlarından hasil olunan səmt qazının tam utilizasiyası barədə təkliflərini 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

energetika sistemində struktur islahatlarının aparılması və idarəetmə sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğun yenidən qurulması işlərini sürətləndirsin.

2. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın:

2000-ci ilin noyabr ayının 1-dək əsaslı təmir işləri aparmaqla, Azərbaycan DRES-də 160 meqavat, Əli Bayramlı DRES-də 50 meqavat və "Şimal" DRES-də 40 meqavat olmaqla mövcud elektrik güclərini 250 meqavat artırsın;

payız-qış mövsümlərində Azərbaycan DRES-ni yanacaqla fasiləsiz təmin etmək məqsədi ilə 2000-ci ilin oktyabr ayınadək 60 min tonluq əlavə mazut çənlərinin tikilib quraşdırılmasını təmin etsin;

iki ay müddətində elektrik stansiyalarının təbii qazla işləməsi üçün lazımi texniki tədbirlər həyata keçirsin;

Mingəçevir SES-də bu ilin noyabr ayınadək bərpa işlərini tamamlayaraq elektrik gücünü 40 meqavat artırsın;

tikilməkdə olan 55 meqavatlıq Bakı İEM-1-in birinci mərhələsinin cari ilin oktyabr ayınadək tam gücü ilə işə düşməsini və stansiyanı təbii qaz ilə etibarlı təchiz etmək üçün "Azəriqaz" Səhmdar Cəmiyyəti ilə birlikdə 11,4 kilometrlik yüksək təzyiqli "Qum Adası - İEM-1" qaz kəmərinin bu ilin avqust ayınadək tam bərpa edib istismara verilməsini təmin etsin.

Bu stansiyanın tikintisinin ikinci mərhələsində layihədə nəzərdə tutulmuş 55 meqavatlıq buxar-qaz generatorunu 2001-ci ilin mart ayında işə buraxsın;

müasir buxar-qaz tipli 400 meqavatlıq yeni "Şimal" elektrik stansiyasının tikintisini 2000-ci ilin ikinci yarısında başlamaqla, 2003-cü ilin oktyabr ayında istismara verilməsini təmin etsin;

elektrik şəbəkə sisteminin qapalılığını tam bərpa etmək məqsədi ilə uzunluğu 80 km olan 330 kilovoltluq "Mingəçevir-Goranboy" elektrik ötürücü xəttinin və 330/110 kilovoltluq yarımstansiya ilə birlikdə 47 kilometrlik 110 kilovoltluq "Ağcabәdi-Bərdə" elektrik xəttinin 2000-ci il noyabrın 1-dək tikilib istismara verilməsini təmin etsin;

Bakıətrafı yüksək gərginlikli yarımstansiyaların və kabel xətlərinin tikintisini, 500 kilovoltluq "Abşeron", 220 kilovoltluq "Müşviq", "Hövsan", "Xırdalan", Gəncə və Ağsu yarımstansiyalarında yeni elektrik avadanlıqlarının quraşdırılması işlərini bir ay müddətində başa çatdırsın;

"Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyəti ilə birlikdə Yenikənd SES-nin 37,5 meqavat gücündə olan dördüncü hidroaqreqatının tikinti-quraşdırma işlərini 2001-ci ilin I yarısında başa çatdırıb istismara versin.

3. "Azərkimya" Dövlət Şirkətinə tapşırılsın ki, "Etilen-Propilen-300" kompleksi üçün buxar-generatorunun tikintisini 2000-ci ilin noyabrında başa çatdırsın, kompleksin qaz təchizatını təmin etmək məqsədi ilə "Azəriqaz" Səhmdar Cəmiyyəti ilə birlikdə 17 kilometrlik yüksək təzyiqli qaz kəmərinin tikilib cari ilin oktyabr ayında istismara verilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:

"Günəşli" və "Neft Daşları" yataqlarından çıxarılan qazın tam utilizasiyası məqsədi ilə "Neft Daşları - Çilov adası - Zirə" sualtı qaz nəqli xəttinin təmirini 2000-ci ilin noyabr ayınadək yerinə yetirsin və Neft Daşlarında yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında 3 ədəd kompressor aqreqatının quraşdırılmasını 2001-ci ilin fevral ayınadək başa çatdırsın;

ildə 1,5-2 mlrd.kub metr təbii qazın idxalı barədə xarici şirkətlərlə danışıqlar aparsın və bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müvafiq müqavilə bağlasın. İdxal olunacaq təbii qazın dəyərinin ödənişini xüsusi hesab açmaqla neft və neft məhsullarının ixracından alınan vəsait hesabına həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti idxal olunacaq təbii qazın əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi barədə müvafiq qərar qəbul etsin.

5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətlərinə tapşırılsın:

cari ilin oktyabr ayınadək 450 min ton mazut ehtiyatının yaradılmasını, yeraltı qaz ambarlarına 500 mln. kubmetrdən az olmayaraq təbii qazın vurulmasını təmin etsinlər;

bir ay müddətində idxal olunacaq təbii qazın Azərbaycan Respublikasının ərazisində nəqli və onun elektrik stansiyalarına təhvili barədə müvafiq müqavilələr bağlasınlar.

6. "Azəriqaz" Səhmdar Cəmiyyətinə tapşırılsın:

Şirvanovka-Qazıməmməd-Mingəçevir və Qazıməmməd-Əli Bayramlı magistral qaz kəmərlərinin əsaslı təmirini və Gəncə şəhərinin qaz təchizatı sistemində təmir-bərpa işlərini müəyyən olunmuş müddətlərdə tamamlasın;

təbii qazın dəqiq uçotunun aparılması məqsədi ilə onun elektrik stansiyalarına təhvili məntəqələrində beynəlxalq standartlara uyğun sayğacların quraşdırılmasını təmin etsin.

7. "Azərenerji" Səhmdar Cəmiyyətinin istilik qazanxanaları və xətləri Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilsin. Bakı şəhər İcra Hakimiyyəti şəhərin istilik sisteminin təmir-bərpa işlərini cari ilin noyabrınadək başa çatdırsın.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi elektrik xətlərinin sökülüb dağıdılması, qaz və neft kəmərlərindən yanacağın oğurlanması hallarının qarşısını almaq məqsədi ilə "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, rayon (şəhər) icra hakimiyyətləri ilə birlikdə təsirli tədbirlər həyata keçirsin.

9. "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər.

10. Şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılsın ki, elektrik xətləri və kabelləri, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilər aparılması hallarının qarşısını qəti şəkildə alsınlar.

11. Bu Fərmanla nəzərdə tutulan 60 min tonluq mazut çənlərinin tikintisi, Azərbaycan, Əli Bayramlı və "Şimal" DRES-lərində mövcud elektrik güclərinin 250 meqavat artırılması, 17 kilometrik yüksək təzyiqli qaz kəmərlərinin tikintisi, Şirvanovka-Qazıməmməd-Mingəçevir, Qazıməmməd-Əli Bayramlı magistral qaz kəmərlərinin əsaslı təmiri və Bakı şəhərinin istilik sistemində təmir-bərpa işlərinin yerinə yetirilmə müddətlərini nəzərə alaraq, onların maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hesabından 90 mlrd. manat vəsait ayrılsın. Bu vəsaitin qaytarılması ildə 1,5-2 mlrd. kub metr təbii qazın idxalı və ona ekvivalent həcmdə neft məhsullarının ixracı nəticəsində əldə olunacaq vəsaitin hesabına təmin edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti ayrılan vəsaitin obyektlər üzrə bölgüsünü və yerinə yetiriləcək işlərin sifarişçilərini müəyyən etməklə, bu vəsaitin təyinatı üzrə istifadəsinə, görülən işlərin maliyyə xərclərinə uyğunluğuna nəzarət etsin və bununla bağlı vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə ətraflı məlumat versin.

12. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 29 iyun 2000-ci il
№ 356

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status