×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.05.2000
QEYDİYYAT NÖMRƏSİ
82
ADI
Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2000, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 363)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.05.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarının təsdiq edilməsi haqqında

Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 8 may 2000-ci il

  № 82

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 8 may tarixli, 82 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə

 

QAYDALARI

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və «Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Su Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır və balıqçılıq, o cümlədən akvakultura və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarını müəyyən edir. [1]

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş balıqçılıq əhəmiyyətli su obyektləri və ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli xəzdərili heyvanların məskunlaşdığı su hövzələri balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadə oluna bilər. [2]

3. Su obyektlərinin balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4. Su obyektləri balıqçılıq və ovçuluq təsərrüfatları tərəfindən, onların göstərdiyi fəaliyyət növlərindən asılı olaraq, aşağıdakı məqsədlər üçün istifadə edilir:

balıq və digər su bioresurslarının, ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli xəzdərili heyvanların yetişdirilməsi, artırılması, bərpası, istifadəsi və mühafizəsi; [3]

balıq, qiymətli xəzdərili və digər su bioresurslarının yetişdirilməsi və artırılması üçün istifadə edilən su obyektlərinin, habelə su quşlarının məskunlaşdığı su hövzələrinin su ilə təmin edilməsi;

balıqçılıq təsərrüfatı meliorasiyası tədbirlərinin aparılması;

balıqçılıq və ovçuluq təsərrüfatlarında istifadə edilən gəmilərin, qayıqların və digər nəqliyyat vasitələrinin hərəkəti;

balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün ayrılmış su obyektlərində və onların sahil zolaqlarında ov alətlərinin, texniki vasitələrin saxlanması, təmiri və quraşdırılması, müvəqqəti yaşayış və istehsalat təyinatlı binaların yerləşdirilməsi, habelə su qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq hidrotexniki qurğuların, su nəqliyyat vasitələri üçün dayanacaqların tikintisi;

balıq emalı müəssisələrindən, balıqartırma və balıqyetişdirmə nohurlarından, habelə digər təsərrüfat sahələrindən istifadə olunmuş suyun su obyektinə axıdılması;

balıqçılıq və ovçuluq təsərrüfatlarının digər ehtiyacları üçün.

5. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün balıqçılıq və ovçuluq təsərrüfatları su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində aşağıdakılara riayət etməlidirlər:

bu Qaydaların, su qanunvericiliyinin, balıqçılıq haqqında qanunvericiliyin və heyvanlar aləmi haqqında qanunvericiliyin tələblərinə;

su obyektlərinin istifadəsi və mühafizəsinə dair sanitariya-gigiyena, ekoloji, hidroloji, texnoloji və meteoroloji standart, norma və qaydalarına;

balıq və digər su bioresurslarının mühafizəsi və ovu qaydalarına; [4]

su obyektlərinin zərərli təsirinin yol verilən normalarına;

sudan istifadə normalarına və limitlərinə;

sudan istifadə müqavilələrinə;

sudan ödənişli istifadə qaydalarına; [5]

su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminə;

suların dövlət uçotu qaydalarına.

6. Balıqçılıq və ovçuluq təsərrüfatları su obyektlərindən istifadə etdikdə aşağıdakıları yerinə yetirməyə borcludurlar:

su obyektlərindən təyinatına görə istifadə etmək;

su obyektlərini çirklənmədən, zibillənmədən və tükənmədən qorumaq;

su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq;

su obyektlərindən götürülən və onlara axıdılan suların müəyyən edilmiş rejiminin pozulması və qəza nəticəsində zərərli maddələrin su mənbələrinə axıdılması hallarında müvafiq dövlət orqanlarına təcili xəbər vermək;

təhkim olunmuş su obyektlərinin və ov edilən sahələrin sanitar vəziyyətini lazımi səviyyədə saxlamaq;

balıq, qiymətli xəzdərili və digər su bioresurslarının məskunlaşdığı su hövzələrinin təbii şəraitinə mənfi təsir göstərə bilən yeni balıq növlərinin və digər su bioresurslarının iqlimləşdirilməsinə yol verməmək; [6]

müəyyən olunmuş qaydada balıqartırma və balıqçılıq təsərrüfatı meliorasiyası işlərini aparmaq; [7]

icazə verildiyindən artıq və ya icazə verilməmiş ov alətlərindən istifadə etməmək;

balıq, su quşları, qiymətli xəzdərili heyvanlar və ov alətlərinə təyin edilmiş limiti aşmamaq;

su nəqliyyatı vasitələrini xilasetmə ləvazimatları ilə təmin etmək;

su obyektlərinin sahillərindəki yaşıllığın qayğısına qalmaq;

müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişini icra etmək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.

7. Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün ayrılmış su obyektlərində və onların ətraf sahələrində qadağandır:

müvafiq icazə sənədləri olmadan balıq və digər su bioresurslarının ovu; [8]

təmizlənməmiş və zərərsizləşdirilməmiş çirkab sularının axıdılması, istehsalat, məişət və digər tullantıların atılması;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, çayların, onun qollarının və kanallarının qarşısının tamamilə kəsilməsi, göl, nohur və limanların suyunun boşaldılması, bataqlıq yerlərinin qurudulması;

qadağan edilən ov alətləri, habelə partlayıcı və zəhərləyici maddәlәrlә su obyektlərinin yaxınlığında olmaq;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallar.

8. Su obyektlərində vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən hidrotexniki qurğuların istismarı, hidroloji və su sərfi rejiminin müəyyən edilməsi, habelə heyvanlar aləmənin mühafizəsinə yönəlmiş digər tələblər, balıqçılıq və ovçuluq təsərrüfatlarının mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir.

9. Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq və ovçuluq təsərrüfatlarının xeyrinə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və su qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. [9]

10. Balıqçılıq və ovçuluq təsərrüfatlarının müraciətlərinə əsasən su obyektləri onlara qanunvericilikdə müəyyən edilmiş qaydada qısamüddətli — 3 ilə, uzunmüddətli — 25 ilə qədər, ovçuluq təsərrüfatlarının aparılması məqsədilə hüquqi    fiziki şəxslərin müraciətlərinə əsasən azı 10 il müddətinə istifadəyə verilə bilər. [10]

11. Su obyektlərindən istifadə hüquqlarının müddəti qanunvericilikdə müəyyən edilmiş qaydada uzadıla bilər.

12. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi su qanunvericiliyinə uyğun olaraq həyata  keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 sentyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745)

  1. 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509)
  2. 27 noyabr 2017-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2178)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 1-ci hissəyə “balıqçılıq” sözündən sonra “, o cümlədən akvakultura” sözləri əlavə edilmişdir.

 

[2] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 2-ci hissədən “əhəmiyyətli” sözü çıxarılmışdır.

 

[3] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 4-cü hissəsinin ikinci abzasında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə, üçüncü abzasında “balıqların, qiymətli xəzdərili və digər su heyvanlarının” sözləri “balıq, qiymətli xəzdərili və digər su bioresurslarının” sözləri ilə, dördüncü abzasında “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 5-ci hissəsinin dördüncü abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydalarına;

 

[5] 27 noyabr 2017-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2178) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 5-ci hissəsinin səkkizinci abzasında “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilmişdir.

 

[6] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 6-cı hissəsinin yeddinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

balıq ehtiyatlarının, su quşlarının və qiymətli xəzdərili heyvanların məskunlaşdığı su hövzələrinin təbii şəraitinə mənfi təsir göstərə bilən yeni balıq növlərinin, su quşlarının, digər su heyvanları və bitkilərinin mühitə uyğunlaşmasına yol verməmək;

 

[7] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 6-cı hissəsinin səkkizinci abzasında “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilmişdir.

 

[8] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 7-ci hissənin ikinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

müvafiq icazə sənədləri olmadan balıq, su quşlarının, qiymətli xəzdərili və digər su heyvanlarının ovlanması, su bitkilərinin yığılması;

 

[9] 19 noyabr 2014-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509) ilə “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 9-cu hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9. Qiymətli balıq növlərinin, digər su heyvanları (su quşları) və bitkilərinin artırılması, bərpası və qorunması üçün mühüm əhəmiyyətli sututarlarda və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq və ovçuluq təsərrüfatlarının xeyrinə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.

 

[10] 11 oktyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745) ilə "Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları"nın 10-cu bəndindən "və ovçuluq" sözləri çıxarılmışdır və həmin bənddə "25 ilə qədər" sözlərindən sonra ", ovçuluq təsərrüfatlarının aparılması məqsədilə hüquqi və fiziki şəxslərin müraciətlərinə əsasən azı 10 il müddətinə" sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status