Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Konvensiya üzrə Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Konvensiyanın V I I maddəsinin 4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Olunması üzrə Təşkilat və həmin Konvensiyanın iştirakçısı olan digər dövlətlər ilə səmərəli əlaqələrin həyata keçirilməsini təmin edən milli əlaqələndirmə mərkəzi qismində Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müvafiq ştat vahidlərinin ayrılması məsələsinə baxıb həll etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Konvensiya üzrə Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilməsi barədə Kimyəvi Silahın Qadağan Olunması üzrə Təşkilata müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 15 iyul 2000-ci il
№ 473