AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.05.2000
QEYDİYYAT NÖMRƏSİ
78
ADI
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2000, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 359)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.05.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
270.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 1 may 2000-ci il
№ 78


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası

 

Qaydaları

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpasını tənzimləyir.

1.2. Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi və qorunması sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.

1.3. Meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır.

1.4. Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, məhsuldarlığının artırılmasını və meşə fondu torpaqlarından səmərəli istifadəni təmin etməkdən ibarətdir.

1.5. Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Azərbaycan Respublikasının Meşə Məcəlləsinə, bu sahə ilə əlaqədar digər qanunvericilik və normativ hüquqi aktların tələblərinə müvafiq olaraq həyata keçirilir.

II. Meşə fondunun mühafİzəsİ və qorunması

2.1. Meşələrin mühafizəsi aşağıdakı tədbirləri nəzərdə tutur:

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətinin təşkili;

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

2.2. Meşələrin mühafizəsi və qorunması məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla birlikdə:

meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirirlər;

yerüstü vasitələrdən və müəyyən olunmuş qaydada aviasiyadan istifadə etməklə meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlər görürlər;

meşə fondunda yanğın əmələ gəlməməsi üçün meşədə əhalinin daha çox olduğu yerlərdə müvafiq elanlar və plakatlar asıb, tütün çəkmək üçün yerlər düzəldir, meşənin əhəmiyyətini və meşə yanğınlarının nəticəsində vurulan ziyanı izah edən sərgilər təşkil edir, kütləvi informasiya vasitələrindən — radio və televiziyadan geniş istifadə edərək xüsusi filmlər göstərir, ekskursiyalar təşkil edirlər. Meşə yanğınlarını vaxtında aşkar edərək onların ləğv edilməsi üçün müvafiq tədbirlər görürlər; [1]

meşə fondunda zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarır, onların yayılmasının qarşısını almaq üçün müvafiq fitosanitar tədbirləri həyata keçirir, meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparırlar.

2.2-1. Meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [2]

2.3. Meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında aşağıdakı hüquqlara malikdirlər:

meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;

meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək; [3]

meşə fonduna, əhalinin sağlamlığına və ətraf mühitə ziyan vuran təsərrüfat və başqa fəaliyyət növlərini, torpaq eroziyasına səbəb olan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərən üsulların istifadə edilməsini məhdudlaşdırmaq, dayandırmaq, qadağan etmək; istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət edilməməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin ayrı-ayrı təsərrüfat fəaliyyətinin, mədəni-kütləvi və sair tədbirlərin dayandırılması və ya qadağan olunması barədə qərar qəbul etmək;

meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək;

fiziki və hüquqi şəxsləri meşə yanğınlarının söndürülməsinə cəlb etmək;

meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək;

meşə fondunda meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək.

2.3-1. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [4]

III. Meşələrİn bərpası

3.1. Meşələrin bərpası zonal-tipoloji əsaslarla aparılır.

3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatlarının meşələrin bərpası sahəsində əsas vəzifələri:

meşə fondu torpaqlarında meşəbərpa işlərinin aparılmasının uçotunu aparmaq;

meşəquruluşu materiallarını və meşə fondunda dəyişiklikləri nəzərə alaraq ayrı-ayrı torpaq kateqoriyalarında meşəbərpa işlərinin həcmini, növbəliliyini, vaxtını, qaydasını və üsullarını müəyyənləşdirmək;

meşə ağac cinslərinin seleksiyasını, meşə toxumçuluğunu və sınaq işlərini təmin etmək;

qiymətli cinslərdən ibarət yüksək məhsuldarlıqlı, mühit əmələ gətirici və qoruyucu funksiyalara malik yeni meşə sahələrinin salınmasını təmin etmək;

meşə fondu torpaqlarının məhsuldarlığının artırılmasını, su və külək eroziyasından qorunmasını təmin edən tədbirləri həyata keçirmək;

meşə istifadəçiləri tərəfindən aparılan işlər meşələrin inkişafına mənfi təsir göstərdiyi hallarda, müəyyən olunmuş qaydada müvafiq istifadə növlərini dayandırmaq və ya məhdudlaşdırmaq;

meşələrin bərpası və inkişafı ilə bağlı olan işlərə nəzarət etmək.

3.3. Meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac və kol cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir:

meşə sərvətlərinin meşəçilik, ekoloji və iqtisadi cəhətdən ən qısa müddətdə daha səmərəli üsullarla bərpa olunmasını;

meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini;

meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını;

ərazinin optimal meşəlik faizinin təmin edilməsini;

meşələrin suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və sair qoruyucu funksiyalarının artırılmasını.

3.4. Meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələri əsasında hazırlanmış və müəyyən olunmuş qaydada təsdiq edilmiş dövlət proqramlarına uyğun aparılır. Bu proqramlar meşəbərpa işlərinin həcmini, onların aparılma üsullarını və bərpa olunacaq ağac cinslərini, həmçinin meşəbərpa tədbirlərini, meşə toxumlarının tədarükü və əkin materiallarının yetişdirilməsi işlərinin aparılmasını müəyyənləşdirir. Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. [5]

3.4-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [6]

3.4-2. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.

3.5. Meşə fondunda meşələrin bərpası məqsədi ilə meşə əkinlərinin salınması və meşələrin təbii bərpasına kömək tədbirlərinin həyata keçirilməsi üçün meşəbərpa fondu yaradılır.

Bu fond aşağıdakı kateqoriyalara bölünür:

meşə əkini fondu;

meşələrin təbii bərpası üçün torpaq fondu;

meşə yetişdirilməsi üçün torpaq fondu.

3.6. Meşə əkini fonduna daxildir:

təbii yolla meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar;

batmış və müəyyən olunmuş qaydada silinmiş meşə əkini və qurudulmuş bataqlıq sahələri;

kənd təsərrüfatı istifadəsi üçün yararsız, lakin meşə bərpası üçün yararlı olan torpaq sahələri;

meşələrin bərpası üçün yararlı olan qumluqlar, dərə və yarğanlar və qeyri-meşə torpaqları. Bu sahələr torpaq və aqrokimyəvi tədqiqatlar aparıldıqdan sonra meşə əkini fonduna daxil edilir;

meşə əkini və səpini üsulu ilə bərpa olunmalı azqiymətli meşə sahələri və doluluğu 0,6-dan aşağı olan pozulmuş meşə sahələri.

3.7. Meşə əkini fondundan ilk növbədə istifadə olunan sahələr:

su və külək eroziyasına məruz qalmış sahələr;

şəhərlərin (qəsəbələrin) yaşıl zonalarında, çayların və ya digər su obyektlərinin qadağan olunmuş zolaqlarında yerləşən sahələr;

yüksək bonitetli ağaclıqların yetişdirilməsi üçün yararlı olan, meşə ilə örtülü olmayan sahələrin yüksək məhsuldar torpaqları;

qiymətli ağac cinslərinin yetişdirilməsi üçün bərpa olunması (qırılması nəzərdə tutulmuş azqiymətli meşələr) sahələr;

tikinti və mədən işlərinin aparılması nəticəsində pozulan və meşə yetişdirilməsi üçün yararlı hala salınmış (rekultivasiya olunmuş)

torpaqlar.

3.8. Meşə əkinləri üçün sahələrin hazırlanmasında, meşə əkinlərində aparılacaq əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi, onların yanğın təhlükəsinə məruz qalma ehtimalının azaldılması və sanitar vəziyyətinin yaxşılaşdırılması sahəsində aşağıdakı işlər nəzərdə tutulur:

sahənin müayinə edilməsi;

meşə əkini üçün sahənin ayrılması;

meşə əkini üçün maşın və mexanizmlərin hərəkətinə maneçilik törədən sahələrin nişanlanması;

sahənin tör-töküntülərdən, daşlardan, arzu olunmaz ağac bitkilərindən, xırda kötüklərdən və s. başdan-başa və ya zolaqlarla təmizlənməsi;

sahənin hamarlanması, meliorasiyası, yamaclarda terrasların kəsilməsi;

sahədə zərərverici həşəratlarla qabaqcadan mübarizə tədbirlərinin aparılması.

3.9. Meşə əkini üçün torpaq hazırlığı üsulu meşəbitmə şəraitindən, meşə tiplərindən, sahənin hazırlanması qaydasından, torpaq hazırlığının aqrotexniki tələblərindən və digər amillərdən asılı olaraq meşə təsərrüfatı müəssisəsi tərəfindən seçilir.

3.10. Meşə əkini üçün torpaq hazırlığı mexaniki üsulla başdan-başa və ya hissə-hissə zolaqlarla aparılır.

3.11. Külək və su eroziyasına məruz qalmayan, mailliyi 6 dərəcəyə qədər olan və mexanizmlərin işləməsi üçün maneçilik törətməyən sahələrdə başdan-başa şumlama üsulundan istifadə olunur.

3.12. Mexaniki üsulla hissə-hissə torpaq hazırlığı zolaqlarla, tranşeylər açılmaqla və çalalar qazılmaqla aparılır.

3.13. Hərəkətdə olan qumluqlarda meşə əkinləri aparılmasından əvvəl həmin sahələrdə kollardan, ot örtüyündən, qamışdan, qarğıdan, mexaniki çəpərlərdən və s. istifadə olunmaqla zolaqlar yaradılır. Bu halda əvvəldən əkilmiş kollar əsas cins əkilənə qədər meşə əkininin həcminə daxil edilmir.

3.14. Dağ və dağətəyi sahələrdə meşə əkini üçün torpaq hazırlığı üsulu sahələrin coğrafi zonalığından, ərazinin mailliyindən, torpağın daşlılığından, su hopdurma qabiliyyətindən, sahənin böyüklüyündən və istifadəsinin mümkünlüyündən, ərazidə eroziya başlaması və artması təhlükəsindən asılı olaraq seçilir.

3.15. Dağlıq ərazilərdə, yamacların maillik dərəcəsindən, torpaq şəraitindən və digər göstəricilərindən asılı olaraq torpaq hazırlığı aşağıdakı üsullarla aparılır:

mailliyi 6 dərəcəyə qədər olan, az daşlı güclü torpaqlarda başdan-başa şumlama;

mailliyi 12 dərəcəyə qədər az daşlı torpaqlarda zolaqlarla şumlama və ya terras açmaqla;

mailliyi 12—40 dərəcəyə qədər və ana qatın su hopdurma qabiliyyəti normal olan torpaqlarda eni 2,5 metrdən 4,5 metrə qədər ölçüdə qazıb tökmə torpaq üsulu ilə, kiçik sahələrdə isə xırda zolaqlarla, çala və tranşeylər qazmaqla.

3.16. Meşə əkinləri tərkibinə görə bir əsas ağac cinsindən (bir cinsli əkin) və ya bir neçə əsas və köməkçi ağac cinslərindən (qarışıq əkin) ibarət yaradıla bilər. Bu zaman seçilən cinsləri meşəbitmə şəraitindən asılı olaraq meşə təsərrüfatının inkişaf etdirilməsi məqsədinə uyğun olmalıdır.

Köməkçi ağac və kol cinsləri seçildikdə onların əsas cinslə qarşılıqlı təsir əlaqələri nəzərə alınmalıdır.

3.17. Meşə əkinlərinin sıxlığı və qarışdırma sxemləri davamlı, yüksək məhsuldarlıqlı ağaclığın formalaşmasını təmin etməlidir. Ziyanvericilər və xəstəliklər yayılmış sahələrdə meşə əkinlərinin ilkin sıxlığı və cins tərkibi meşələrin mühafizəsi haqqında verilmiş təkliflərə uyğun müəyyənləşdirilir.

3.18. Səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydası, ilkin sıxlıq norması və digər texnoloji tələblər, yolverilən cərgə aralarının eni və əkin (səpin) yerlərinin arası, meşəbitmə zonası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir.

3.19. Meşə əkinlərinin yaradılmasında əsas üsul olan əkin, müxtəlif növ əkin materialları (ting, toxmacar və qələm) ilə həyata keçirilir. Su və külək eroziyalarına məruz qalmış, rütubətliyi çox olan torpaqlarda, əkin yerlərini tez alaq bitkiləri basan sahələrdə, kifayət qədər nəmliyi olmayan rayonlarda əkin üsuluna üstünlük verilir. Bu zaman yalnız seleksiya əsasında seçilmiş əkin materiallarından istifadə olunur.

3.20. Meşə əkinlərinin etibarlılığını, aqrotexniki xidmətə olan tələblərinin azaldılmasını və meşə ilə örtülü sahəyə keçirilməsinin tezləşdirilməsini təmin etmək məqsədi ilə, əkin üçün davamlı, tezböyüyən yüksək məhsuldarlıqlı ağac cinslərinin tinglərindən, toxmacarlarından və qələmlərindən istifadə edilir.

3.21. Səpin üsulu ilə meşə əkininin yaradılmasında bu sahədə müsbət təcrübəsi olan, gəmiricilər tərəfindən qorxusu olmayan və torpaq örtüyü zəif inkişaf etmiş sahələrdə aparılır. Bu zaman palıd, şabalıd, qoz ağacı cinslərinin toxumlarından istifadə olunur.

3.22. Əkin və səpinin aparılma müddətləri torpaq, iqlim şəraitindən və ağac cinslərindən asılı olaraq erkən yazda və ya payızda aparılır.

3.23. Plantasiya tipli meşə əkinləri, onların yetişdirilməsinin bütün dövrlərində mövcud təkliflərin və texniki normativ hüquqi aktların tələblərinə müvafiq hazırlanmış xüsusi layihələr və texnologiyalar üzrə oduncağın və digər meşə məhsullarının alınmasını tezləşdirmək məqsədi ilə salınır. [7]

3.24. Meşələrin təbii bərpası üçün təbii yeniyetmələri olmayan və ya çox az olan sahələrdə bərabər yayılmayan, lakin təbii bərpaya kömək tədbirləri aparmaqla qiymətli cinslər hesabına bərpası mümkün olan yüksək keyfiyyətli məhsuldar meşə torpaqları daxildir.

3.25. Təbii bərpaya kömək tədbirləri aparılan meşə sahələri:

qalın ölü örtüyə malik, yüksək doluluğu olan, təbii bərpası zəif gedən meşə sahələri;

mal-qara otarılmasına məruz qalmış, kifayət qədər qiymətli cinsləri, yeniyetmələri və cücərtiləri olan meşə sahələri;

toxumluq ağaclar qeyri bərabər yayılmış meşə sahələri;

meşəbitmə şəraitinə görə məhsuldar meşə yetişdirilməsi mümkün olan, lakin meşələrin doluluğuna, yaşına və ərazinin relyefinə görə yeniyetmələri və cücərtiləri zəif olan və qeyri-bərabər yayılan meşə sahələri.

3.26. Təbii bərpaya kömək etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

qalın ölü örtüyə və kifayət qədər toxumluq ağaclar olan meşə sahələrində çürüməmiş xəzəl qatının torpaq qatına qədər dırmıxla aşılanması;

əlverişli meşəbitmə şəraiti olan, doluluğu 0,4—0,6 və az toxumluq ağac olan sahələrdə (ərazinin relyefindən asılı olaraq) torpağın üst qatını dırmıxlanmaqla ağac toxumlarının səpilməsi.

3.27. Meşə yetişdirilməsi üçün torpaq fondu, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu meşə əkinləri yaratmaq, ərazinin meşəlik faizini artırmaq, ekoloji mühiti yaxşılaşdırmaq, torpaqları külək və su eroziyalarından qorumaq məqsədi ilə yaradılır.

Buraya daxildir:

dağ yamaclarında və dərə yarğanlarında salınmış, su eroziyasını, su axımını tənzimləyən meşə əkinləri;

torpaqların münbitliyini qoruyan, hidroloji və mikroiqlim şəraitini yaxşılaşdıran dövlət meşə zolaqları;

təbii su mənbələrini, çay kənarlarını və sahil boyu qoruyucu meşələri, xırda çayları və digər su mənbələrini lilləşmədən, kimyəvi maddələrlə çirklənmədən qoruyan və su rejimini yaxşılaşdıran meşə əkmələri;

qumluqların bərkidilməsi üçün külək eroziyasına qarşı salınmış yaşıllıq zolaqları;

örüş və otlaqların yem bazasının yaxşılaşdırılması, ərazilərin sərt küləklərdən və qar çovğunlarından, günəş radiasiyasından qorumaq

məqsədi ilə yaradılmış meşə zolaqları və massivləri.

3.28. Meşə yetişdirilməsi meşəhidromeliorativ tədbirlər nəzərə alınmaqla ərazi texnoloji xəritələri əsasında aparılır.

3.29. Meşələrin bərpasını tənzimləyən sənədlərin nümunələri, onların doldurulması və uçota alınması barədə təlimatlar və tövsiyələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunur. [8]


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855)
  2. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)
  3. 26 yanvar 2015-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 67)
  4. 16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2225)
  5. 17 aprel 2018-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 801)
  6. 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082)
  7. 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 aprel 2018-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 801) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin üçüncü abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilmişdir.

 

[2] 26 yanvar 2015-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 67) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin ikinci abzası çıxarılmışdır və yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

[3] 01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü abzasında “hüquqpozmaları” sözü “xətaları” sözü ilə əvəz edilmişdir.

 

16 dekabr 2016-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2225) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü abzasına “məhkəmə orqanlarına” sözlərindən sonra “, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)” sözləri əlavə edilmişdir.

 

[4] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

[5] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

[6] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”na yeni məzmunda 3.4-1-ci və 3.4-2-ci bəndlər əlavə edilmişdir.

 

[7] 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520) ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 3.23-cü bəndində “standartların” sözü “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.

 

[8] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə Meşə fondunun Mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları"nın 2.2-ci, 3.2-ci, 3.18-ci və 3.29-cu bəndlərində ismin müvafiq hallarında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status