Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 1997-ci il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 1 may 2000-ci il
№ 77
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 1 may tarixli, 77 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr
Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi
QAYDASI
1. Bu Qayda Azərbaycan Respublikasının Su Məcəlləsinə və "Azərbaycan Respublikasının 1997-ci il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi bu Qayda ilə tənzimlənir.
3. Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi onların xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyət daşıyan təbiət komplekslərindən və obyektlərindən, "Qırmızı Kitab"a salınmış heyvan və bitki növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat fəaliyyətindən bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq çıxarılan su məkanının (akvatoriyasının) sahələrini müəyyənləşdirmək, siyahıya almaq və mühafizə etməkdən ibarətdir.
4. Xüsusi qorunan su obyektləri ayrıca təbii ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər.
5. Xüsusi qorunan su obyektlərinin aşağıdakı kateqoriyaları müəyyən edilir:
Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri;
su-bataqlıq yerləri;
nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar;
su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları;
qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri;
meşələrlə, bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri;
yeraltı su yataqları hövzələri.
6. Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq xüsusi qorunan su obyektlərinin respublika, bölgə və ya yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) ilə birlikdə müəyyənləşdirilir.
[1]
7. Xüsusi qorunan su obyektlərinin bu və ya digər kateqoriyaya aid edilməsinə, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasına dair təqdimatlar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) tərəfindən hazırlanır.
[2]
8. Respublika və bölgə əhəmiyyətli xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsinə, onların təsərrüfat fəaliyyətindən çıxarılmasına dair təqdimatların hazırlanması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
müvafiq elmi tədqiqat və layihə institutlarının, ictimai və dövlət təşkilatlarının su obyektləri haqqında materialları, habelə Azərbaycan Respublikasının ərazisində mövcud olan su obyektlərinin xüsusi əhəmiyyətini təsdiq edən digər rəsmi sənədlər əsasında bu obyektlər yerlərdə dəqiqləşdirilir, ətraflı öyrənilir və onların xüsusi əhəmiyyətə malik olmaları əsaslandırılaraq, həmin obyektlər kateqoriyalar üzrə qruplaşdırılır və siyahıya alınır;
xüsusi qorunan su obyektlərinin əhəmiyyətindən asılı olaraq onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılması barədə əsaslandırılmış təkliflər hazırlanır;
xüsusi qorunan su obyektlərinin istifadəsi üzrə müvafiq təlimatlar tərtib və təsdiq edilir.
9. Yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinin bu və ya digər kateqoriyaya aid edilməsinin, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasının müəyyənləşdirilməsi məqsədi ilə yerli icra hakimiyyətləri bu barədə müvafiq təkliflər hazırlayır və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (yeraltı su yataqları hövzələri üzrə) təqdim edirlər.
[3]
10. Bu Qaydanın 8-ci və 9-cu bəndlərinə uyğun olaraq görülən tədbirlərin nəticələri əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (yeraltı su yataqları hövzələri üzrə) ilə razılaşdırmaqla respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinin su və ya digər kateqoriyaya aid edilməsinə, onların bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılmasına dair müvafiq təqdimatlar hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
11. Xüsusi qorunan su obyektlərinin bir kateqoriyadan başqa kateqoriyaya aid edilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (yerli su yataqları hövzələri üzrə) razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
[4]
12. Xüsusi qorunan su obyektlərinin sərhədləri yerlərdə müvafiq suqoruyucu nişanlarla müəyyənləşdirilir.
13. Xüsusi qorunan su obyektlərinin sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş qaydada məlumatlandırılır.
14. Xüsusi qorunan su obyektlərinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi razılığı ilə görülə bilər.
15. Xüsusi qorunan su obyektlərinə və onları qidalandıran sututarlarına tullantı sularının axıdılmasına başqa imkanlar olmadıqda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi razılığı ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 77—79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir.
16. Xüsusi qorunan su obyektlərinin toxunulmazlığı yalnız ən zəruri hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə geri alınır.
17. Xüsusi qorunan su obyektlərinin ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49)
2.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4.
10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri, 14-cü və 15-ci bəndlərində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda 6-cı, 7-ci və 10-cu hissələrdə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.
[2]
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nın 6-cı, 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərində "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir
[3]
10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda 9-cu hissədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri əlavə edilmişdir.
[4]
10 may 2012-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 471) ilə "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda 11-ci hissədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözlərindən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin” sözləri əlavə edilmişdir.