"Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş Dövlət Miqrasiya Proqramının hazırlanması üçün miqrasiya proseslərinin idarə olunması üzrə dövlət siyasətinin müəyyənləşdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikasında Miqrasiya üzrə Vahid Dövlət Proqramı"nın hazırlanması üzrə komissiya tərəfindən hazırlanmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 13 iyul 2004-cü il
№94
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 13 iyul tarixli 94 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti
KONSEPSİYASI
Miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada hər 35 nəfərdən biri beynəlxalq miqrantdır. Bu isə 175 mln. nəfər, yəni dünya əhalisinin 2,9%-i deməkdir. Bu rəqəmlər bir daha təsdiq edir ki, miqrasiya dünyanın qloballaşmasının aydın göstəricilərindən biridir və insanların yerdəyişmə proseslərini xarakterizə edir.
Siyasi totalitarizmə əsaslanan keçmiş SSRİ məkanında tətbiq olunan miqrasiya siyasəti ayrı-ayrı respublikaların və regionların iqtisadi, etnik, tarixi və təbii inkişaf xüsusiyyətlərini nəzərə almadığından, vətəndaşların beynəlxalq miqyasda təsbit olunmuş əsas insan hüquq və azadlıqları, o cümlədən miqrant hüquqları mütəmadi surətdə pozulurdu.
Bununla yanaşı, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişdir. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan 60 min, digər ətraf rayonlardan isə 600 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olmuşlar.
Burdan başqa, respublikanın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Qazax, Tovuz, Ağcabədi, Gədəbəy, Goranboy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı da hərbi təcavüzə məruz qaldıqlarına görə öz daimi yaşayış yerlərini məcburən tərk etmişlər.
Beləliklə, 1988-ci ildən başlayaraq keçmiş SSRİ məkanında münaqişə ocaqlarının meydana çıxması Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olması, illərlə formalaşan iqtisadi əlaqələrin pozulması, müstəqilliyinin ilk illərində respublika daxilində siyasi qarşıdurmanın mövcud olması, keçid dövrü üçün xarakterik olan sosial-iqtisadi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü və digər səbəblərlə əlaqədar əhalinin məcburi yerdəyişmələrinin və kortəbii kütləvi axınlarının meydana çıxması nəticəsində miqrasiya prosesləri daha da mürəkkəbləşmiş və dövlət səviyyəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri etmişdir.
Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı istiqamətində aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə imzalanmış və artıq öz bəhrəsini verməyə başlayan kontraktlar, tarixi "İpək Yolunun" bərpası və Azərbaycanın əlverişli geosiyasi mövqeyi respublikada miqrasiya axınlarının artmasına səbəb olmuşdur.
Bu baxımdan, Azərbaycan Respublikasının qarşısında ölkənin mənafeyinə və beynəlxalq normalara uyğun olan dövlət miqrasiya idarəetmə siyasətinin qəbul edilməsi, onun əsasında miqrasiya proseslərinin idarə edilməsinin dövlət sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi kimi çox mühüm məqsəd durur.
Konsepsiyanın məqsədi miqrasiya sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və idarə olunması siyasətinin formalaşdırılmasıdır.
1. AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA
PROSESLƏRİNİN MÖVCUD VƏZİYYƏTİ
Azərbaycan Respublikasında başvermə səbəblərindən, tənzimlənmə metodlarından və onların həlli üsullarından asılı olaraq müxtəlif xüsusiyyətli miqrasiya tiplərini özündə birləşdirən daxili və xarici miqrasiya axınları mövcuddur.
1.1. Daxili miqrasiya
Azərbaycan Respublikasında daxili miqrasiya axınlarının aşağıdakı formaları mövcuddur:
məcburi miqrasiya
sosial-iqtisadi miqrasiya.
Ölkədaxili məcburi miqrasiyanın əsas subyektini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan və ona bitişik olan digər ətraf rayonlardan, habelə Ermənistan Respublikası ilə həmsərhəd rayonlarının həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər təşkil edir.
Eyni zamanda, Xəzər dənizinin səviyyəsinin dəyişməsi, torpaq sürüşmələri, sel və digər təbii fəlakətlərlə, habelə meliorasiya işlərinin həyata keçirilməsi üçün lazımi vəsait və texnikanın olmaması üzündən torpağın şoranlaşması ilə əlaqədar olaraq yaşayış yerlərini dəyişməyə məcbur olan ekoloji miqrantlar, eləcə də kənd rayonlarından əmək qabiliyyətli əhalinin iş yeri tapmaq məqsədilə iri şəhərlərə, xüsusilə Bakıya və onun yerləşdiyi Abşeron yarımadasına axını ilə bağlı sosial-iqtisadi miqrantlardır.
1.2. Xarici miqrasiya
Azərbaycan Respublikasında xarici miqrasiyanın subyektini emiqrasiya və immiqrasiya formalarında baş verən aşağıdakı miqrant kateqoriyaları təşkil edir:
qaçqınlar;
"qaçqın" statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər;
qaçqınlara oxşar vəziyyətdə olan miqrantlar;
əməkçi miqrantlar;
tranzit miqrantlar;
qeyri-qanuni miqrantlar.
Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə idi.
Qaçqınların ilk axını Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış azərbaycanlıların son nəfərədək öz doğma yurdlarından zorla qovulması ilə başlamışdır.
Eyni zamanda, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş, 1990-cı ildə orada baş vermiş milli münaqişə zəminində didərgin salınmış məshəti türkləri də Azərbaycanda qaçqın kimi məskunlaşmışdır.
Azərbaycanda, həmçinin İran İslam Respublikasından, Rusiyadan, Əfqanıstandan, İraq Respublikasından olan 11 min nəfərədək qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də vardır.
1994-cü ildən başlayaraq ölkə iqtisadiyyatına xarici investisiya axınının başlanması Azərbaycana xarici işçi qüvvəsinin gəlməsi ilə, yeni iqtisadi sistemə keçid və ərazilərin 20%-nin işğalından doğan səbəblər nəticəsində isə Azərbaycan vətəndaşlarının xarici ölkələrə işləməyə getməsi ilə müşayiət olunmuş və 1998-ci ildən başlayaraq respublikada əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində nəzərəçarpacaq nəticələr əldə edilmişdir.
Bununla belə, respublika ərazisində müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan işləyən və ya qalan əcnəbilər - qeyri-qanuni miqrantlar da vardır.
Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlara əsasən ölkəmizdə hər bir şəxsin qanuni olaraq ölkədən getməsi və ölkəyə gəlməsi üçün bütün zəruri şərait yaradılmışdır. Qeyd etmək lazımdır ki, müstəqilliyinin ilk illərində ölkəmizdən emiqrantlar axını müəyyən dərəcədə siyasi, milli və etnik xarakter daşıyırdısa, sonrakı illərdə emiqrasiyanın başlıca səbəbini iqtisadi motivlər təşkil etmişdir. Müstəqillik əldə olunanadək Azərbaycan iqtisadiyyatı digər sovet respublikalarının iqtisadiyyatı ilə sıx əlaqədə olduğundan emiqrasiya sahəsində Azərbaycan Respublikasının əsas tərəf müqabilləri keçmiş ittifaqa daxil olan ölkələr, xüsusilə də Rusiya Federasiyası, Ukrayna və Qazaxıstan respublikaları olmuşdur. Bununla bərabər, digər xarici ölkələrdən Türkiyəyə, Almaniyaya, Hollandiyaya, Polşaya, Kanadaya və İsrailə gedənlər də çoxdur.
Azərbaycan Respublikasında xarici miqrasiyada əmək miqrasiyasının xüsusi çəkisi daha çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Lakin onların dəqiq statistikası mövcud deyil. Çünki xarici firmalara məxsus olan və onların iştirakı ilə yaranan müəssisələrdə işləyən əcnəbilər barəsində rəsmi statistika orqanlarına verilən hesabatlar heç də ölkəmizin əmək bazarında xarici ölkələrdən gələn şəxslərin iştirakına aid məlumatları tam əhatə etmir. Azərbaycan Respublikasında işləyən əcnəbilərin faktiki sayı məlumatlarda göstərilən rəqəmdən dəfələrlə çoxdur.
Azərbaycan Respublikasında xarakterik xüsusiyyətləri ilə seçilən miqrasiya sahəsindəki mövcud vəziyyətin təhlili bir daha təsdiq edir ki, bu prosesin dövlət tərəfindən milli mənafelər gözlənilməklə beynəlxalq normalara uyğun tənzimlənməsi üçün təcili tədbirlər görülməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Hökuməti 1997-ci ildən başlayaraq BMqT ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında Miqrasiya İdarəetmə Potensiallarının yaradılması adlı xüsusi proqram həyata keçirmiş və dövlət miqrasiya siyasətinin formalaşdırılması, miqrasiya sahəsindəki milli qanunvericiliyin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sadələşdirilməsi, məcburi miqrantların qeydiyyatı üzrə müəyyən nəticələr əldə edilmişdir.
Qərbi Avropa dövlətlərində qeyri-leqal qalan azərbaycanlıların könüllü surətdə vətənə qayıtmalarına köməklik məqsədilə BMqT ilə birlikdə "Klaster təklifi" adlı Proqram üzrə bir sıra tədbirlər həyata keçirilmiş, həmin dövlətlərlə "Readmissiya haqqında" sazişlərin bağlanması imkanları öyrənilmiş və bu proses hazırda davam etməkdədir.
Qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslərə müvafiq statusun verilməsini təmin etmək məqsədilə 2001-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentini yaratmışdır.
2001-ci il 11 sentyabrda Nyu-Yorkda törədilmiş terror hadisələrindən sonra miqrasiya proseslərinin idarə olunmasının təkmilləşdirilməsinə diqqət daha da artırılmışdır. ATƏT və BMqT ilə birlikdə insanlarla ticarətə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanmış, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nda Azərbaycan Respublikasında Miqrasiya İnformasiya Mərkəzinin yaradılması və Dövlət Miqrasiya Proqramının hazırlanması kimi mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2. AZƏRBAYCAN RESPUBLİKASINDA MİQRASİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ MƏQSƏDLƏRİ, PRİNSİPLƏRİ VƏ VƏZİFƏLƏRİ
2.1. Əsas məqsədlər
Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas məqsədini Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin rasional yerləşdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasının təmin edilməsi, beynəlxalq standartlara uyğun sığınacaq üçün milli müraciət sisteminin yaradılması, miqrantların intellektual və əmək potensialından istifadə, idarə olunmayan miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan ticarəti də daxil olmaqla qeyri-qanuni miqrasiyanın qarşısının alınması, gözlənilməz kütləvi miqrasiyaya səbəb ola biləcək amillərin öyrənilməsi və onların optimal həlli üçün vaxtında kompleks tədbirlərin hazırlanması məsələləri təşkil edir.
Bu konsepsiya, qeyd olunan məqsədlərə beynəlxalq standartlar səviyyəsində nail olunması üçün Azərbaycan Respublikasında zəruri potensialların yaradılmasını təmin edən çevik və tarazlaşdırılmış rəhbər sənəddir.
2.2. Əsas prinsiplər:
bütün miqrantların hüquq və azadlıqlarının beynəlxalq hüquq normaları və prinsipləri gözlənilməklə qanun əsasında müdafiəsi;
Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi;
miqrantların hüquqlarının qorunması və onların məcburi aktlardan, ksenofobiya və diskriminasiyalardan və insanlarla ticarətin bütün hallarından, xüsusilə qadın və uşaqlarla ticarət hallarından müdafiə olunması;
müxtəlif kateqoriyalı miqrantların problemlərinin ünvanlı şəkildə həll edilməsi;
"Qaçqın" statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslərə və digər məcburi miqrantlara beynəlxalq təşkilatlar və dövlət tərəfindən maddi və hüquqi yardımların göstərilməsi, miqrantların özünütəminat məsələlərinə şəraitin yaradılması və könüllü şəkildə öz ölkələrinə qayıtmalarının və 3-cü ölkəyə getmələrinin təşkili;
məcburi miqrantlara dövlət yardımının həyata keçirilməsi, miqrantların özünütəminat məsələlərinə şəraitin yaradılması və daimi yaşayış yerlərinə könüllü qayıtmalarının stimullaşdırılması;
miqrasiya proseslərinin, xüsusilə də əmək miqrasiyası proseslərinin tənzimlənməsində ölkənin sosial-iqtisadi inkişafının nəzərə alınması;
miqrasiya proseslərinin tənzimlənməsində insan hüquqları və azadlıqlarının qorunması sahəsində dövlətlərarası və beynəlxalq əməkdaşlığın və yenidən işlənmiş Avropa Sosial Xartiyasının tələblərinin mühüm amil kimi qəbul edilməsi.
2.3. Əsas vəzifələr
2.3.1. Xarici siyasət sahəsində:
qanunsuz miqrasiyanın bütün formaları, xüsusilə də insan alverinin qarşısının alınmasında dövlətlər və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;
beynəlxalq sazişlərin hazırlanmasında, bağlanmasında, yerinə yetirilməsində və denonsasiyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması;
xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının müdafiə edilməsi;
Azərbaycan Respublikasının ərazisində qaçqınlara, "qaçqın" statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslərə maddi və digər köməyin göstərilməsi üçün müvafiq mexanizmlərin yaradılması və həyata keçirilməsi;
aşağıdakı sahələrdə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması:
Readmissiya haqqında - (xarici ölkələrdə qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin könüllü surətdə mənşə dövlətlərinə qayıtması);
qaçqın statusu və sığınacaq üçün müraciət edənlərin mühafizəsi və hüquqlarının qorunması;
vətəndaşların gediş-gəliş qaydalarının müəyyənləşdirilməsi;
miqrant qadın və uşaqların xüsusi vəziyyəti nəzərə alınmaqla əməkçi immiqrantların sosial və iqtisadi hüquqlarının təmin olunması;
xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yerli əhali ilə bərabər hüquqlardan istifadə etmələrinə, onların Azərbaycanla etnik, dini, mədəni əlaqələrinə hörmətlə yanaşılmasına kömək göstərilməsi;
[1]
xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları haqqında, eləcə də xarici ölkələrin miqrasiya qanunvericiliyi, miqrantların müdafiəsi, həmçinin miqrasiya proseslərinə nəzarət sahəsindəki qabaqcıl metodları və pasport-viza texnologiyaları haqqında həmin ölkələrdə informasiya mübadiləsi;
Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olduğu ölkələrlə əmək miqrasiyası və əməkçi miqrantların sosial müdafiəsi;
insanlarla ticarət də daxil olmaqla, qanunsuz miqrasiyanın hər bir forma və hallarına qarşı mübarizə.
2.3.2. Qanunvericilik sahəsində:
miqrasiya sahəsindəki qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması;
miqrasiya sahəsində hüquqpozmalara görə cinayət və inzibati məsuliyyəti müəyyənləşdirən qanunvericiliyin təkmilləşdirilməsi;
miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi;
pasport-viza, vergi, gömrük və sərhəd nəzarəti texnologiyalarının unifikasiyası, avtomatlaşdırılması və möhkəmləndirilməsi.
2.3.3. İnformasiya, elm və təhsil sahəsində:
Azərbaycan Respublikasında miqrasiya proseslərinin vəziyyətinin elmi proqnozlaşdırılmasının və monitorinqinin təşkili;
Azərbaycan Respublikasına, həmçinin xarici ölkələrə qanuni miqrasiya qaydaları haqqında məlumat bülletenlərinin hazırlanması və yayılması;
miqrasiya sahəsində kadr hazırlığının təşkili;
aidiyyəti dövlət orqanları arasında miqrasiya sahəsində informasiya mübadiləsinin təmin edilməsi.
2.3.4. Təşkilati tədbirlər:
pasport-viza sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
miqrasiya proseslərinin idarə olunmasında iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi;
Milli Avtomatlaşdırılmış Pasport Sisteminin (MAPS) inkişaf etdirilməsi və onun əsasında miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi.
2.4. Əsas fəaliyyət istiqamətləri
2.4.1. Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə olunması sisteminin təkmilləşdirilməsi:
Azərbaycan Respublikasında miqrasiya proseslərinə nəzarətin təmin edilməsi, qeyri-leqal miqrasiyanın qarşısının alınması;
qeyri-qanuni miqrantların Azərbaycan Respublikasından çıxarılması və mənşə dövlətlərinə qaytarılması sahəsində tədbirlər görülməsi;
Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə olunmasında iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və bu fəaliyyətin digər aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi;
yoluxucu xəstəliklərin miqrantlar vasitəsilə ölkəyə gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə kompleks proqramların hazırlanması və həyata keçirilməsi;
xarici işçi qüvvəsindən qeyri-qanuni istifadəyə görə mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərlərinin cavabdehliyinin artırılması;
ölkədən beyin axınının, yüksək ixtisaslı mütəxəssislərin köçməsinin qarşısının alınmasına yönəlmiş həvəsləndirici dövlət tədbirlərinin həyata keçirilməsi;
vətəndaşların miqrasiya məsələləri ilə bağlı məlumatlandırılmasını təmin edəcək Miqrasiya İnformasiya Mərkəzinin yaradılması;
ölkənin hər il üçün immiqrasiya, o cümlədən əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi.
2.4.2. Daxili məcburi miqrantların sosial mühitə inteqrasiyası üçün şəraitin təmin edilməsi:
məcburi miqrantların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, mənzillə təmin olunmasına, əmək bazarına inteqrasiyasına və digər konstitusiya hüquqlarının həyata keçirilməsinə dövlət yardımının gücləndirilməsi;
məcburi köçkünlərə dövlət yardımının göstərilməsi üzrə tədbirlərin gücləndirilməsi;
ekoloji təhlükəyə malik bölgələrdən əhalinin köçürülməsi və yeni yaşayış yerlərində məskunlaşdırılması işinin proqnozlaşdırılması, onların adaptasiyası və reabilitasiyası üzrə konkret proqramların hazırlanması.
2.4.3. Azərbaycan Respublikasına xarici işçi qüvvəsinin cəlb olunmasında yüksək ixtisaslı mütəxəssislərə üstünlük verilməsi:
yerli kadrların peşə hazırlığının artırılmasında Azərbaycanda işləyən yüksək ixtisaslı əcnəbi mütəxəssislərin təcrübəsindən istifadə edilməsi;
regional inkişaf proqramlarının hazırlanması zamanı ölkənin müxtəlif regionlarında əmək bazarının vəziyyətinin, demoqrafik və miqrasiya şəraitinin nəzərə alınması;
immiqrantların adaptasiyasına və cəmiyyətə inteqrasiyasına yönəlmiş tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi.
2.4.4. Azərbaycan Respublikasının beynəlxalq əmək bazarına inteqrasiyası, iqtisadi miqrasiyasının tənzimlənməsi:
daxili əmək bazarının qorunması, xarici işçi qüvvəsinin cəlb olunması və ondan istifadə olunmasına nəzarətin gücləndirilməsi;
xarici vətəndaşların ölkədə qalmalarının və əmək fəaliyyətlərinin qanuniliyini və onlar tərəfindən vergi qanunvericiliyi də daxil olmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasını təmin edən tədbirlərin görülməsi;
xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının Azərbaycana və Azərbaycan Respublikasında işləyən əcnəbilərin öz ölkələrinə əmək haqqı şəklində əldə etdikləri pul vəsaitlərinin maneəsiz köçürülməsinin stimullaşdırılması;
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə şəraitin yaradılması, xarici ölkələrdə işləyən vətəndaşların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
əvvəllər xaricə daimi yaşamağa və ya əmək müqaviləsi ilə işləməyə getmiş Azərbaycan Respublikası vətəndaşlarının, ilk növbədə yüksək ixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasına qayıtmalarının stimullaşdırılması;
yüksək ixtisaslı yerli mütəxəssislərin, elm, mədəniyyət, idman və incəsənət xadimlərinin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi və onlara mütəmadi kömək göstərilməsi sisteminin yaradılması;
xarici ölkələrdə qanunsuz qalan Azərbaycan Respublikası vətəndaşlarının könüllü surətdə respublikaya qayıtmaları və reinteqrasiyası sahəsində məqsədyönlü proqramların hazırlanması;
xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birlikləri ilə sıx əlaqələrin yaradılması, Azərbaycan diasporunun təşkilatlanmasına kömək göstərilməsi və xaricdə işləyən və ya daimi yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında problemlərinin həllində həmin qurumların potensialından istifadə edilməsi.
2.4.5. Daxili əmək ehtiyatlarından səmərəli istifadə edilməsi:
əhalinin məşğulluğu probleminin həll edilməsi və işədüzəlmədə daxili əmək ehtiyatlarından istifadəyə üstünlük verilməsi;
bölgələrin əmək bazarının tarazlaşdırılması məqsədilə iqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizminin yaradılması;
rayonlarda, xüsusilə dağ və sərhədyanı rayonlarda investisiyaların cəlb olunması ilə yeni iş yerlərinin yaradılması.
3. KONSEPSİYANIN HƏYATA KEÇİRİLMƏSİ MEXANİZMİ
Bu Konsepsiyanın xüsusi Dövlət Proqramı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Konsepsiyanın həyata keçirilməsinin əsas mexanizmləri aşağıdakılardır:
Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin təkmilləşdirilməsi;
xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunması, readmissiyası və vətəndaşların gediş-gəliş qaydalarının müəyyənləşdirilməsi də daxil olmaqla miqrasiya məsələləri üzrə beynəlxalq müqavilələrin bağlanması;
miqrasiya proseslərinin tənzimlənməsi sahəsində konkret tədbirlərin Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş məqsədyönlü proqramlar çərçivəsində müəyyən olunmuş qaydada hazırlanması və həyata keçirilməsi;
qaçqınların, məcburi köçkünlərin, "qaçqın" statusu almaq niyyətində olan, sığınacaq axtaran şəxslərin və digər məcburi miqrantların yerləşdirilməsi, onların sosial problemlərinin həlli sahəsində tədbirlərin regional sosial-iqtisadi inkişaf proqramlarına daxil edilməsi;
demoqrafik, ekoloji və sosial-iqtisadi vəziyyət və ölkənin geosiyasi maraqları nəzərə alınmaqla miqrasiya proseslərinin tənzimlənməsinə yönəlmiş sosial-iqtisadi tədbirlərin hazırlanması;
iqtisadi layihələrin həyata keçirilməsi zamanı effektiv iş yerlərinin yaradılması sisteminin inkişaf etdirilməsi və dəstəklənməsi;
miqrasiya məsələləri üzrə elmi tədqiqat və peşəkar kadr hazırlığı sisteminin yaradılması;
miqrasiya idarəetmə orqanları sisteminin inkişaf etdirilməsi və miqrasiya idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
miqrasiya üzrə vahid dövlət informasiya sisteminin yaradılması;
miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq dövlət orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi.
Qeyd: Azərbaycan Respublikasının sosial, iqtisadi və siyasi inkişafı əsasında bu Konsepsiyaya müəyyən edilmiş qaydada əlavə və dəyişikliklər edilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 aprel 2017-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 611)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 aprel 2017-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 611) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın 2.3.1-ci yarımbəndinin on birinci abzasında “milli” sözü “etnik” sözü ilə əvəz edilmişdir.