AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.04.2004
QEYDİYYAT NÖMRƏSİ
637-IIQ
ADI
Ovçuluq haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2004, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 316)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Ovçuluq haqqında

Ovçuluq haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilinin, onların fəaliyyətinin həyata keçirilməsinin, habelə ov obyektlərinin mühafizəsinin, artırılmasının və istifadəsinin hüquqi əsaslanın müəyyən edir.

 

I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə   1 . Əsas termin və anlayışlar

1.0. Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü;

1.0.2. ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti;

1.0.3. ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri;

1.0.4. ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşa-yan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri;

1.0.5. təsərrüfat subyektləri - ovçuluq təsərrüfatlarının təşkilində və fəaliyyətində iştirak edən hüquqi və fiziki şəxslər;

1.0.6. ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs;

1.0.7. ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri;

1.0.8. həvəskar və idman ovu - ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü;

1.0.9. brakonyerlik - qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.

M a d d ə   2 . Ovçuluq haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi

2.1.  Ovçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, "Heyvanlar aləmi haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2.  Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin mühafizəsi və istifadəsi ilə əlaqədar meydana çıxan su, torpaq, meşə, mülkiyyət, təbiəti mühafizə və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

2.3. Su hövzələrində balıq və digər su bioresurslarının ovu “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [1]

M a d d ə   3 . Ovçuluq haqqında qanunvericiliyin məqsədi

Ovçuluq haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının ərazisində dövlət ov fondunu qoruyub saxlamaqla ovçuluq fəaliyyətini səmərəli təşkil etmək, təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin sayının tənzimlənməsini, mühafizəsini və artırılmasını, habelə onların yetişdirilib ov yerlərinə buraxılmasını və yaşayış yerlərinin qorunub saxlanmasını təmin etməkdir.

M a d d ə   4 . Ov obyektləri üzərində mülkiyyət və dövlət ov fondu

4.1.  Ovçuluq təsərrüfatlarında və digər ərazilərdə olan, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən istifadə olunan ov obyektləri dövlətə mənsubdur və onun mülkiyyətidir.

4.2.  Vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.3.  Azərbaycan Respublikasının ərazisində ov obyektinə aid edilmiş vəhşi heyvanlar dövlət ov fondunu təşkil edir. Dövlət ov fondunda vəhşi heyvanların növlərini və normasını (sayını) müvafiq icra hakimiyyəti orqanı elmi müəssisələrin rəyini nəzərə almaqla müəyyən edir.

4.4.  Dövlət ov fondunun artırılması üçün ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

M a d d ə   5 . Ovçuluq fəaliyyətinin obyektləri və subyektləri

5.1. Ov yerlərində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ov obyektinə aid edilmiş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, sümükləri, həyat fəaliyyətinin məhsulları, habelə məskunlaşma yerləri ovçuluq fəaliyyətinin obyektləridir.

5.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridir.

 

II   fəsil

OVÇULUQ VƏ OVÇULUQ TƏSƏRRÜFATI SAHƏSİNDƏ İDARƏETMƏ

M a d d ə   6 . Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmənin əsas prinsipləri

6.0. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

6.0.1. bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması;

6.0.2. ovçuluq təsərrüfatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı üçün səmərəli istifadə edilməsi;

6.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

6.0.4. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması;

6.0.5. heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata keçirilməsi;

6.0.6. ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli olması və limitləşdirilməsi;

6.0.7. əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə zərərverici vəhşi heyvanların sayının müəyyənləşdirilməsi və tənzimlənməsi.

M a d d ə  7 . Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində dövlətin səlahiyyətləri

7.1. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

7.1.1. ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək, müvafiq normativ hüquqi aktlar qəbul etmək, dövlət proqramlarını hazırlayıb təsdiq etmək;

7.1.2. ovçuluq və ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzərində idarəetməni və dövlət nəzarətini həyata keçirmək;

7.1.3. dövlət ov fondunun artırılması üçün ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydasını müəyyən etmək;

7.1.4. respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarını müəyyən etmək, onların təşkili və ləğv edilməsi barədə qərar qəbul etmək;

7.1.5.  ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

7.1.6.  ov obyektinə aid edilmiş vəhşi heyvanların dövlət uçotunun, ovçuluq təsərrüfatlarının dövlət qeydiyyatının, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydalarını müəyyən etmək;

7.1.7.  ovçuluq biletinin formasını, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydalarını müəyyən etmək;

7.1.8.  əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydasını müəyyən etmək;

7.1.9.  ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

7.1.10.  ovçuluq təsərrüfatlarının mühafizəsi üzrə tədbirlərə yardım göstərmək;

7.1.11.  təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarının və ov yerlərinin bərpasını təşkil etmək;

7.1.12.  ovçuluq və ovçuluq təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

7.2.  Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

7.3.  Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ovçuluq təsərrüfatlarının təşkili, mühafizəsi, istifadəsi və bərpası işlərində hüquqi və fiziki şəxslərin, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdır.

M a d d ə  8 . Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə nəzarət

8.1.  Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi ov yerlərinin və ov obyektlərinin mühafizəsi, qorunub saxlanması, bərpası, artırılması və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına nəzarəti təmin etməkdir.

8.2.  Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

8.3.  Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə ictimai nəzarət Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

M a d d ə   9 . Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində ovçular cəmiyyətlərinin iştirakı

9.1.  Ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər.

9.2.  Ovçular cəmiyyətləri aşağıdakı hüquqlara malikdir:

9.2.1. ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;

9.2.2. ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair təkliflər vermək;

9.2.3. respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə təkliflər vermək;

9.2.4. ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;

9.2.5. ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;

9.2.6. hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;

9.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;

9.2.8. həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;

9.2.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara.

9.3. Ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır:

9.3.1.  ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;

9.3.2.  vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;

9.3.3.  ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

9.3.4.  ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;

9.3.5.  təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;

9.3.6.  ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.3.7.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

M a d d ə   10. Dövlət ovçuluq kadastrı və ov obyektlərinin monitorinqi

10.1. Dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.

10.2. Dövlət ovçuluq kadastrı dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.

10.3.  Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanların yayılmasında, sayında, fiziki vəziyyətində və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

10.4.  Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

M a d d ə   11. Ov obyektinə aid edilən vəhşi heyvanların sayının dövlət uçotu və ovlama norması (sayı)

11.1. Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan ov obyektinə aid edilən vəhşi heyvanların mühafizəsini, artırılmasını və səmərəli istifadəsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sayının dövlət uçotu aparılır.

11.2. Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin siyahısı, onların ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.3. Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası və limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

III   fəsil

OVÇULUQ

M a d d ə   12. Ovçuluq fəaliyyətinin həyata keçirilməsi

12.1. Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir.

12.2. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir.

12.3. 18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə məşğul olması qadağa olunur.

M a d d ə  13. Ovçuluq bileti və üzvlük bileti

13.1. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [2]

13.2. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər.

13.4. Üzvlük bileti ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəddir. Ovçuya üzvlük bileti ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir.

13.5. Üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

M a d d ə  14. Ov etmək üçün icazə

14.1. Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.

14.2. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

14.3. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir.

14.4. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.

14.5. Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər.

14.6. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

M a d d ə   1 5 . Ov alətlərindən istifadə

15.1. Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.2. Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

15.3.  Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə xüsusi icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına xüsusi icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun. [3]

M a d d ə   16. Ov mövsümü və ov etmək günləri

16.1. Azərbaycan Respublikasının ərazisində ov mövsümünün başlanmasını və müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verir.

16.2. Ov mövsümündə ov edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən günlərdə yol verilir.

M a d d ə  17. Ov məhsulları

17.1.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ovu həyata keçirən şəxslər tərəfindən tutulmuş və vurulmuş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, əti və digər hissələri ov məhsulları hesab olunur.

17.2.  Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

M a d d ə  18. Ovçuların hüquq və vəzifələri

18.1. Ovçular aşağıdakı hüquqlara malikdir:

18.1.1.  ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək;

18.1.2. ovçular cəmiyyətinə üzv olmaq;

18.1.3. ov yerlərində ov alətlərindən istifadə etmək;

18.1.4. qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;

18.1.5.  heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18.2.          Ovçuların vəzifələri aşağıdakılardır:

18.2.1.  ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

18.2.2.  hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqım vaxtında ödəmək;

18.2.3.  ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək;

18.2.4.  ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək;

18.2.5.  ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək;

18.2.6.  ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;

18.2.7.  ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək;

18.2.8.  vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına və müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək;

18.2.9.  Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

18.2.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

M a d d ə  19. Ov etmək hüququnun dayandırılması

19.0. Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır:

19.0.1. hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə;

19.0.2. ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda;

19.0.3. ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə;

19.0.4. ovçuluq fəaliyyətinə xitam verildikdə;

19.0.5. vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;

19.0.6. heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;

19.0.7. ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə;

19.0.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

M a d d ə   2 0. Ov etməyə qadağanlar və məhdudiyyətlər

20.1. Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir:

20.1.1.  müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə;

20.1.2.  ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda;

20.1.3.  başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə;

20.1.4.  ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə;

20.1.5.  ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə;

20.1.6.  ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə.

20.2. Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə ov müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər.

IV   fəsil

OVÇULUQ TƏSƏRRÜFATLARI

M a d d ə   2 1. Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları

21.1.  Ovçuluq təsərrüfatlarının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və çoxaldığı ərazilər ov yerləri kimi istifadə edilir.

21.2.  Ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağandır. [4]

21.3.  Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerləri qanunvericiliklə müəyyən edilmiş qaydada azı 10 il müddətinə hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.

21.4.  Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.5.  Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları elmi və texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

21.6.  Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını müvafiq icra hakimiyyəti orqanı idarə edir və həmin təsərrüfatlar hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilməz.

21.7.  Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır.

21.8.  Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, mühafizə rejimi və məqsədli təyinatı saxlanılır.

21.9.  Bələdiyyələr, hüquqi və fiziki şəxslər mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə ovçuluq təsərrüfatları yarada bilərlər. [5]

M a d d ə  21-1. Fərdi ovçuluq təsərrüfatları [6]

21-1.1. Hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər.

21-1.2. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuluq turizmi ilə məşğul olanlar üçün müvafiq infrastrukturun yaradılmasını, dövlət ov fondunun səmərəli istifadəsini, habelə ov obyektlərinin qış mövsümündə yemlənməsini, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini təmin etməlidir.

21-1.3. Fərdi ovçuluq təsərrüfatlarında ərazinin bir hissəsi vəhşi heyvanların yetişdirilməsi və mühafizəsi məqsədləri üçün ayrılır. Həmin ərazilərdə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

21-1.4. Ovçularla və ya onların maraqlarını təmsil edən şəxslərlə bağlanılmış müqavilələr əsasında fərdi ovçuluq təsərrüfatlarında ovçular üçün ov təşkil edilə bilər. Fərdi ovçuluq təsərrüfatları tərəfindən ovçuların və onları müşayiət edən şəxslərin yerləşdirilməsi, qidalanması, daşınması və ovun təşkili ilə bağlı digər xidmətlər göstərilir.

21-1.5. Fərdi ovçuluq təsərrüfatlarında təşkil edilən ov zamanı ovçular həmin təsərrüfatın sərhədlərini tərk etməməlidir. Fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuların müvafiq sərhədləri keçərək ov etməsinin mümkünlüyünü istisna edən şəraitin yaradılmasını təmin etməlidir.

21-1.6. Dövlət təbiət qoruqlarından və milli parklardan 5 (beş) kilometrdən az məsafədə olan ərazidə fərdi ovçuluq təsərrüfatlarının təşkil edilməsinə yol verilmir.

M a d d ə   2 2. Ovçuluq təsərrüfatlarının  inkişafı və yerləşdirilməsi sxemləri

22.1.  Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir.

22.2.  Məqsədli istifadəsinə və hüquqi rejiminə görə ovçuluq təsərrüfatlarının torpaqlarına təbiəti mühafizə, sağlamlaşdırma , turizm və rekreasiya təyinatlı torpaqlar daxildir. [7]

22.3.  Ovçuluq təsərrüfatlarının təşkili məqsədilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

22.4.  Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır.

22.5.  Ovçuluq təsərrüfatlarının hər biri üçün pasport hazırlanır və müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.

M a d d ə   2 3. Ovçuluq təsərrüfatlarının vəzifələri

23.0. Ovçuluq təsərrüfatlarının vəzifələri aşağıdakılardır: 23.0.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş norma, standart və qaydalara əməl etmək;

23.0.2. ovçuluq təsərrüfatlarında turizm və rekreasiya üçün şərait yaratmaq; [8]

23.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən dövlət orqanına vermək;

23.0.4. ovçuluq təsərrüfatlarında nəzarət-buraxılış məntəqələri yaratmaq;

23.0.5. ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunu aparmaq;

23.0.6. vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə tədbirlər həyata keçirmək;

23.0.7. Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

23.0.8. dövlət nəzarətini həyata keçirən orqanın işçilərini ovçuluq təsərrüfatlarına maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

23.0.9. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini təşkil etmək və təbiətə buraxmaq, təbiətə buraxılma sayına uyğun olaraq onların ovunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etmək;

23.0.10. ovçuluq təsərrüfatlarının yerləşdiyi ərazi üçün xarakterik olan ov obyektinə aid edilmiş vəhşi heyvanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təbiətdən götürülərək süni şəkildə çoxaldılmasını təşkil etmək, hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onları həmin təsərrüfatların ərazisinə buraxmaq və müvafiq qaydada ilkin uçotunu aparmaq;

23.0.11. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini, artırılmasını və bərpasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi müəssisələrin rəyi nəzərə alın-maqla damazlıq bazaları yaratmaq;

23.0.12. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə çıxdaş faizinin elmi tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsini nəzərə almaqla müəyyən olunmasını təmin etmək;

23.0.13. ovçuluq təsərrüfatının təyinatına uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar və digər obyektlər yaratmaq;

23.0.14. heyvanlar aləminin mühafizəsi, bərpası, artırılması və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

M a d d ə  2 4. Ovçuluq təsərrüfatlarının mühafizəsi

24.1. Ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə yol verilmir.

24.2.  Ovçuluq təsərrüfatlarına bitişik olan torpaq və su sahələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında ovçuluq təsərrüfatlarına zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.

24.3.  Ovçuluq təsərrüfatlarının təbii vəziyyətinin qorunub saxlanılmasında təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

M a d d ə   2 5. Ovçuluq təsərrüfatlarından istifadə

25.1. Ovçuluq təsərrüfatlarından Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə əməl etmək şərtilə aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

25.1.1.  təbiəti mühafizə;

25.1.2.  ovçuluq;

25.1.3.  elmi tədqiqat;

25.1.4.  vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədilə tutulması;

25.1.5.  sağlamlaşdırma;

25.1.6.  təlim-tərbiyə;

25.1.7.  ekoloji maarifləndirmə, turizm və rekreasiya. [9]

25.2.  Ovçuluq təsərrüfatlarında onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

25.3.  Ovçuluq təsərrüfatlarından hüquqi və fiziki şəxslər mədəni, tədris, t turizm və rekreasiya, məhdud təsərrüfat fəaliyyəti məqsədləri ilə istifadəni müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirirlər. [10]

25.4.  Ovçuluq təsərrüfatlarından (fərdi ovçuluq təsərrüfatları istisna olmaqla) istifadəyə görə ödənişlər dövlət büdcəsinə köçürülür. [11]

M a d d ə 2 6. Ovçuluq təsərrüfatlarının stimullaşdırılması və maliyyələşdirilməsi

26.1.  Ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə məşğul olan ovçuluq təsərrüfatlarının fəaliyyəti dövlət tərəfindən stimullaşdırılır.

26.2.  Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsi, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir.

M a d d ə 2 7. Ovçuluq təsərrüfatlarında heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna cərimələr

Ovçuluq təsərrüfatlarında heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilir. [12]

 

V   fəsil

OVÇULUQ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

M a d d ə   2 8. Ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. [13]

M a d d ə  2 9. Mübahisələrin həlli

Ovçuluq fəaliyyəti və ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

VI   fəsil

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

M a d d ə   3 0. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyəti və ovçuluq təsərrüfatlarının mühafizəsi, təşkili, bərpası və istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

M a d d ə   3 1. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ovçuluq və ovçuluq təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2004-cü il

                  № 637-IIQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         4 mart 2005-ci il tarixli 847-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 272)

2.         2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460)

3.         17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355)

4.         6 mart 2015-ci il tarixli 1225-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 362)

5.         24 aprel 2020-ci il tarixli 56-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 512)

6.         3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 mart 2015-ci il tarixli 1225-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 362) ilə 2.3-cü maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.3. Su hövzələrində balıqların və digər su heyvanlarının sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat, nəzarət, təbii mühitə uyğunlaşdırılması üçün ovlanması balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

[2] 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315) ilə 13.1-ci maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[3] 4 mart 2005-ci il tarixli 847-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 272) ilə 15.3-cü maddənin birinci və ikinci cümlələrində “icazə” sözü “xüsusi icazə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 24 aprel 2020-ci il tarixli 56-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 512) ilə 21.2-ci maddəsində “milli və təbiət parklarının" sözləri “milli, geoloji və təbiət parklarının” sözləri ilə əvəz edilmişdir.

 

[5] 17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355) ilə 21.9-cu maddədən “, hüquqi və fiziki şəxslər” sözləri çıxarılmışdır.

 

[6] 17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355) ilə yeni məzmunda 21-1-ci maddə əlavə edilmişdir.

 

[7] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 22.2-ci maddədə “və istirahət (rekreasiya)” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.

 

[8] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 23.0.2-ci maddədə “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilmişdir.

 

[9] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 25.1.7-ci maddədə “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilmişdir.

 

[10] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 25.3-cü maddədə “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə əvəz edilmişdir.

 

[11] 17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355) ilə 25.4-cü maddəyə “təsərrüfatlarından” sözündən sonra “(fərdi ovçuluq təsərrüfatları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[12] 17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355) ilə 27-ci maddədə “və qeyri-qanuni heyvan ovuna cərimələr Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[13] 17 oktyabr 2014-cü il tarixli 1077-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1355) ilə 28-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

28.1.   Ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

28.2.   Ovçuluq haqqında qanunvericiliyin pozulması nəticəsində ovçuluq təsərrüfatlarına vurulmuş zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status