AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.09.2004
QEYDİYYAT NÖMRƏSİ
745-IIQ
ADI
"Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-10-2004, Nəşr nömrəsi: 245), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2004, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 773)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.10.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
773

 "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" 2004-cü il iyunun 3-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

                           745-IIQ

 


“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

BMT-nin insan hüquqları sahəsində əsas sənədlərinə və Beynəlxalq Əmək Təşkilatı çərçivəsində işlənmiş prinsiplərə tərəfdar olduqlarından çıxış edərək,

Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi sahəsində hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə   1

Bu Sazişin məqsədləri üçün aşağıda göstərilən terminlər bildirir:

"əməkçi miqrant" - Tərəflərdən birinin dövlətinin ərazisində daimi yaşa-yan və vətəndaşı olmadığı və daimi yaşamadığı digər Tərəfin dövlətinin ərazisində qanuni əsaslarla qalaraq haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan şəxsi;

"ailə üzvü" - əməkçi miqrantla nikahda olan şəxs, həmçinin onun himayəsində olan uşaqları və işlə təmin edən tərəfin qanunvericiliyinə müvafiq ailə üzvü sayılan digər şəxsləri;

"gediş tərəfi" - işlə təmin edən tərəfin dövlətinin ərazisinə işə düzəlmək məqsədilə gedən vətəndaşların mənsub olduğu Tərəfin dövləti;

“işlə təmin edən tərəf” - gediş tərəfi vətəndaşlarının fərdi əmək müqaviləsi (kontraktı) əsasında öz ərazisində işə düzəlmələrinə icazə verən Tərəfin dövləti;

"işəgötürən" - mülkiyyət formasından, fəaliyyət növündən və sahə mənsubiyyətindən asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada muzdlu əməkdən istifadə edən müəssisə, idarə və ya təşkilatın sahibi, yaxud onun tərəfindən səlahiyyət verilmiş qurum və ya fiziki şəxs.

Maddə   2

Bu Sazişin qüvvəsi əməkçi miqrantlara və onların ailə üzvlərinə şamil edilir.

Bu Saziş aşağıdakılara tətbiq edilmir:

a)   qaçqınlara;

b)  qısamüddətli əmək fəaliyyəti ilə məşğul olan artistlərə, digər əyləncəli peşə sahiblərinə və idmançılara;

c)   dənizçilərə;

ç) təhsil almaq məqsədilə gəlmiş şəxslərə;

d) müddəti üç aydan çox çəkməyən ezamiyyətdə olan şəxslərə;

e)  təcrübə keçənlərə;

ə) diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına;

f)   dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olan şəxslərə;

g) Tərəflərin dövlətlərinin ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə, mühazirəçilərə və elmi tədqiqat işləri aparan mütəxəssislərə.

Maddə   3

Bu Sazişin yerinə yetirilməsində Tərəfləri təmsil etməyə səlahiyyət verilmiş orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası tərəfindən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Ukrayna tərəfindən - Əmək və Sosial Siyasət Nazirliyi.

Bu Sazişin həyata keçirilməsi üçün səlahiyyət verilmiş orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası tərəfindən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi;

Ukrayna tərəfindən - Əmək və Sosial Siyasət Nazirliyinin Dövlət Məşğulluq Mərkəzi.

Maddə   4

Tərəflər əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşmağı, onların hüquqlarının müdafiəsini təmin etməyi, cinsinə, yaşına, irqinə, dilinə, etnik və sosial mənşəyinə, dini və siyasi baxışlarına, vətəndaşlığına, ailə və mülkiyyət vəziyyətinə və digər əlamətlərə görə istənilən formada ayrıseçkiliyə yol verməməyi öz üzərinə götürürlər.

Maddə   5

Əməkçi miqrantların işlə təmin edən tərəfin ərazisinə gəlməsi, əmək fəaliyyəti, qalması və qayıtması işlə təmin edən tərəfin milli qanunvericiliyinə və Tərəflərin dövlətlərinin bağladıqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Maddə   6

Əməkçi miqrantların əmək fəaliyyəti işlə təmin edən tərəfin milli qanun-vericiliyinə uyğun olaraq işəgötürənlə bağlanmış fərdi əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirilir.

Əməkçi miqrant haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün işlə təmin edən tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə həmin tərəfin aidiyyəti orqanı tərəfindən verilmiş müvafiq icazəyə malik olmalıdır.

Maddə   7

Bu Saziş qüvvədən düşdüyü halda, onun fərdi əmək müqaviləsinə (kontraktına) aid olan müddəaları əməkçi miqrantla işəgötürən arasında bağlanmış fərdi əmək müqavilələrinin (kontraktların) müddəti başa çatanadək qüvvədə qalır.

Maddə   8

Fərdi əmək müqaviləsində (kontraktında) başqa hallar nəzərdə tutulmadıqda:

a) əməkçi miqrantın daimi yaşadığı yerdən işlə təmin edən tərəfə getməsi və geriyə qayıtması ilə bağlı nəqliyyat xərcləri, eləcə də yerdəyişmə zamanı xəstəlik və ya zəruri stasionar müalicə xərcləri işəgötürən tərəfindən ödənilir;

b)  fərdi əmək müqaviləsi (kontraktı) əməkçi miqrantın təşəbbüsü ilə ləğv edildikdə, yuxarıda qeyd olunan bütün xərclər həmin şəxs tərəfindən ödənilir.

Maddə   9

Əməkçi miqrantlar işlə təmin edən tərəfin qanunvericiliyi ilə müəyyən olunmuş hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirirlər.

Əməkçi miqrantlar əmək şəraiti, əməkçilər tərəfindən ödənilən vergi, rüsum və yığımlara münasibətdə işlə təmin edən tərəfin qanunvericiliyi ilə yerli işçilər üçün nəzərdə tutulan qaydadan az əlverişli olmayan rejimdən istifadə edirlər.

Maddə   10

Əməkçi miqrantlar işlə təmin edən tərəfin milli qanunvericiliyi ilə nəzərdə tutulan şərtlərlə sosial təminat (xəstəliyə görə müavinət, hamiləliyə və doğuşa görə müavinət, istehsalatda bədbəxt hadisələrə və peşə xəstəliyinə görə müavinət, dəfn üçün müavinət) hüququna malikdirlər.

Maddə   11

İşəgötürən, əməkçi miqrantların əməyinin mühafizəsi hüququnun işlə təmin edən tərəfin vətəndaşlarının hüquqları ilə bərabərliyinə zəmanət verir.

Əmək vəzifələrini yerinə yetirərkən istehsalatda bədbəxt hadisə, peşə xəstəliyi və ya sağlamlığın digər pozuntu halları nəticəsində əməkçi miqrantlara dəymiş zərərin ödənilməsi, işlə təmin edən tərəfin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə    12

Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq güzəştli staj da daxil olmaqla əmək (sığortalanmış) stajını, eləcə də ixtisas üzrə əmək stajmı qarşılıqlı olaraq tanıyırlar.

Əməkçi miqrant işlə təmin edən tərəfi birdəfəlik tərk etdikdə işəgötürən, ona əmək fəaliyyətinin müddəti, həmin dövr üçün əməyin ödənilməsi və sığorta rüsumunun ödənişi dövrləri haqqında arayış verir.

Maddə   13

Əməkçi miqrantların pensiya təminatı ilə bağlı məsələlər Tərəflərin ayrıca sazişi ilə tənzimlənir.

Maddə   14

Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş diplomları, sertifikatları, eləcə də digər təhsil və ixtisas dərəcəsi haqqında dövlət sənədlərini (notarial qaydada təsdiq olunmuş nüsxələrini) Tərəflər qarşılıqlı olaraq tanıyırlar.

Maddə   15

Əməkçi miqrantlar tərəfindən əmək fəaliyyətinə başladıqda şəxsi əmlakın və əmək fəaliyyəti üçün zəruri olan alətlərin işlə təmin edən tərəfin ərazisinə gətirilməsi və əmək fəaliyyəti başa çatdıqda onların, həmçinin əməkçi miqrantın qazandığı vəsaitin və həmin vəsait hesabına əldə etdiyi əşyaların işlə təmin edən tərəfin ərazisindən çıxarılması Tərəflərin hər birinin dövlətində müəyyən edilmiş gömrük qaydalarına uyğun olaraq həyata keçirilir.

Maddə   16

Bir Tərəfin dövlətinin ərazisində yaşayan əməkçi miqrant bu Sazişin predmentini təşkil edən hər bir məsələ üzrə digər Tərəfin dövlətinin səlahiyyətli orqanlarına birbaşa və ya yaşayış yerindəki aidiyyəti hakimiyyət orqanları vasitəsilə müraciət edə bilər.

Bir Tərəfin səlahiyyətli orqanının sorğusu ilə digər Tərəfin səlahiyyətli orqanı öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq bu Sazişin yerinə yetirilməsi ilə bağlı arxiv materialları da daxil olmaqla zəruri sənədləri təqdim edir.

Maddə   17

Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə, onun ayrılmaz hissəsi olan ayrıca protokollarla müvafiq qaydada rəsmiləşdirilən və 19-cu maddədə nəzərdə tutulan müddəalara uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

Maddə   18

Tərəflər arasında bu Sazişin tətbiqi və təfsiri ilə bağlı yaranmış bütün mübahisələr və fikir ayrılıqları məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcək.


Maddə   19

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin tarixindən qüvvəyə minir.

Bu Saziş 5 il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin başa çatmasına ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş təqdim etməzsə, Saziş növbəti birillik müddətə uzadılır.

Kiyev şəhərində 2004-cü il 3 iyun tarixində, hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı yarandıqda, Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

 

 

 

       Azərbaycan Respublikasının                                               Ukrayna Nazirlər

Hökuməti adından                                                           Kabineti adından

 

                              (imza)                                                                                (imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status