Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
İnternet qlobal informasiya şəbəkəsi də daxil olmaqla, informasiya sistemləri və şəbəkələri, rabitə şəbəkələri vasitəsilə informasiya mübadiləsi həyata keçirilərkən Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyini təmin etmək məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının dövlət orqanları dövlət sirri təşkil edən və yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənilən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları yerləşən informasiya sistemlərinin, rabitə şəbəkələrinin və fərdi kompüterlərin informasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri və şəbəkələrinin, rabitə şəbəkələrinin, o cümlədən İnternet qlobal informasiya şəbəkəsinin (bundan sonra - İnternet şəbəkəsi) tərkibinə daxil edilməsini həyata keçirməsinlər.
2.
Açıq dövlət informasiya ehtiyatlarının mülkiyyətçiləri həmin informasiya ehtiyatlarının informasiya mübadiləsinə daxil edilməsini yalnız informasiyanın bütövlüyünü və ona müraciəti təmin edən sertifikatlaşdırılmış informasiya mühafizəsi vasitələrindən istifadə etməklə həyata keçirsinlər.
3.
Açıq dövlət informasiya ehtiyatlarının mülkiyyətçiləri və istifadəçiləri bu ehtiyatları, İnternet şəbəkəsi də daxil olmaqla, informasiya mübadiləsi üçün istifadə edilən informasiya sistemləri və şəbəkələrinə, rabitə şəbəkələrinə qoşan texniki vasitələrin dövlət sirri təşkil edən məsələlərin müzakirə olunduğu və məxfi danışıqların aparılması nəzərdə tutulan yerlərdən kənarda yerləşdirilməsini həyata keçirsinlər.
4.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmentinin yaradılmasını, saxlanmasını və inkişafını təmin etsin.
5.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatına, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatına, apellyasiya məhkəmələrinin aparatlarına təklif edilsin ki, İnternet şəbəkəsi ilə əlaqəni, ondan istifadəni və həmin şəbəkədə informasiyanın yerləşdirilməsini yalnız Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmenti vasitəsilə həyata keçirsinlər.
[1]
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2004-cü il
№ 172
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 iyul 2006-cı il tarixli 429 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 593)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
25 iyul 2006-cı il tarixli 429 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 593) ilə 5-ci bəndində “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Aparatına” sözləri “apellyasiya məhkəmələrinin aparatlarına” sözləri ilə əvəz edilmişdir.