×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.06.1999
QEYDİYYAT NÖMRƏSİ
168
ADI
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1999, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 357)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın müzakirələrinin nəticələrini nəzərə alaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Nazirlər Kabineti və Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası bu Sərəncamın icrası ilə bağlı məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 15 iyun 1999-cu il
№ 168

 

Azərbaycan Respublikası Prezidentinin

1999-cu il 15 iyun tarixli

168 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL

SAHƏSİNDƏ İSLAHAT PROQRAMI

(Proqram Azərbaycan Respublikası Prezidentinin

1998-ci il 30 mart tarixli Sərəncamı ilə yaradılmış

 Dövlət Komissiyası tәrәfindәn hazırlanmışdır)

GİRİŞ

Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir.

Azərbaycan qədim sivilizasiya, mədəniyyət ocağı kimi hələ tarixin lap dərin qatlarında özünün təhsil sistemini formalaşdırmışdır. Bu gün ölkəmiz geniş şaxələnmiş təhsil sisteminə, elmləri, bilikləri, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali, orta ixtisas və orta təhsil məktəbləri şəbəkəsinə malikdir.

Müstəqilliyin çətin yolları ilə irəliləyən Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük vəzifələr yerinə yetirmək zərurəti ilə üz-üzə dayanmışdır. Ölkəmizdə start götürmüş geniş islahatçılıq hərəkatı çərçivəsində təhsil sahəsində də mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv tələbatdır.

Azərbaycanın XX əsrdə siyasi, iqtisadi, mənəvi inkişafının ən mühüm yekunlarından biri ölkədə müasir təhsil sisteminin yaradılmasıdır.

Respublikada yeni tipli məktəblərin açılması, çoxsaylı kadrların yetişdirilməsi sahəsində ciddi dəyişikliklər 20-ci illərdən, Azərbaycan sovetləşəndən sonra başlandı. Yalnız bu dövrdən etibarən savadsızlığın aradan qaldırılması, bütün kənd və şəhərlərdə dünyəvi təhsil məktəblərinin açılması dövlət siyasətinin vacib istiqaməti oldu. Qısa vaxtda geniş məktəblər şəbəkəsinin yaradılması və ibtidai təhsildə icbarilik elementlərinin təsdiq edilməsi əhalinin böyük bir hissəsinin təlim-tərbiyə prosesinə cəlb olunmasına zəmin yaratdı.

Xalqımız Sovet təhsil sistemi vasitəsi ilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanmı əldə etmişdir.

Bununla yanaşı, Sovet hakimiyyəti illərində Azərbaycanda təhsilin inkişafı bütövlükdə Sovet İttifaqında qəbul edilmiş təhsil strategiyasının ruhuna və tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada həyata keçirilirdi. Müəyyən edilmiş strategiyadan kənara çıxmaq, milli xüsusiyyətlərə cavab verən təhsil konsepsiyası hazırlamaq, təbii ki, inzibati-amirlik idarəetmə metodlarını əldə rəhbər tutan bir cəmiyyətdə qeyri-mümkün idi.

Lakin mövcud strateji kurs daxilində təhsilin maddi bazasını möhkəmləndirmək, maarifə qayğını gücləndirmək imkanları da yox deyildi. Bu isə daha çox respublika rəhbərliyinin elmin və maarifin rolunu qiymətləndirmək bacarığı, xalqın milli-mədəni tərəqqisinə sədaqətlə xidmət etmək istəyi ilə bağlı idi.

1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tәrәqqisi, elm, təhsil və mədəniyyətinin yüksəlməsi üçün çox məharətlə düşünülmüş strategiya və taktika seçməyə nail oldu.

Bu illər ərzində Azərbaycanda təhsilin inkişafı geniş vüsət almışdı. Məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə çıxaraq, Azərbaycan əhalisinin təhsil, ümum mədəni və intellektual səviyyəsinin yüksəldilməsində böyük rol oynadı.

1988-ci ildən etibarən isə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsildə də mənfi dağıdıcı tendensiyalar özünü bürüzә verdi. Ən başlıcası isə təhsilə qayğı unuduldu, onun cəmiyyətdə aparıcı rolu lazımınca qiymətləndirilmədi.

Eyni zamanda həmin ildən Ermənistanın Azərbaycana torpaq iddiaları əsasında başlanmış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonları zəbt olundu, bir milyondan çox soydaşımız öz doğma yurdundan qovuldu, ərazimizin 20 faizi işğal olundu, 220 körpələr evi, 616 ümumtәhsil məktəbi, 35 məktəbdənkənar tərbiyə müəssisəsi, 11 peşə məktəbi, 4 orta ixtisas məktəbi, 1 ali məktəb filialı dağıdıldı. Bu təcavüz Azərbaycan xalqını, Azərbaycan məktəbini, Azərbaycan pedaqoji ictimaiyyətini tarixdə analoqu olmayan pedaqoji-psixoloji "eksperimentə" məhkum etdi.

Doxsanıncı illərin başlanğıcında Sovet İttifaqının süqut etməsi ilə Azərbaycan Respublikası öz müstəqilliyini təsbit edən Konstitusiya aktım qəbul etmişdir.

Müstəqillik yoluna qədəm qoyulması təhsil, təlim-tərbiyə sahəsində də bir sıra perspektivlər açmış, yeni vəzifələr irəli sürmüşdür. Azərbaycan məktəbi dünya mədəniyyət xəzinəsinin inciləri ilə yanaşı xalqımızın elm, mədəniyyət, incəsənət sahələrində qazandığı nailiyyətləri, tariximizi, ənənələrimizi gənc oğlan və qızlara mənimsədən təlim-tərbiyə mərkəzlərinə, Azərbaycan mənəviyyatının, Azərbaycan milli psixologiyasının, dünyagörüşü sisteminin qorunub saxlanıldığı və nəsildən-nəslə ötürüldüyü məbədə çevrilmək imkanı əldə etdi. Təəssüf ki, həmin dövrdə təhsil sistemi müstəqil dövlət quruculuğunda yaxından iştirak etməli olan milli ruhlu kadrlar hazırlamaq, vətənini sevən, onun mənafeyi ilə yaşayan vətəndaşlar tərbiyə etmək kimi tarixi vəzifənin öhdəsindən gələ bilmək üçün zəruri, düşünülmüş islahatçılıq hərəkatı ilə əhatə oluna bilmədi.

Yalnız 1993-cü ilin iyunundan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün, təhlükəli dağıdıcılıq hallarının qarşısı alındı, milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi, əxlaqi-mənəvi mühit yarandı.

Təhsil sistemində islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş vermiş köklü dəyişikliklərlə bağlıdır. İndiki mərhələdə təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır.

Təhsilin inkişafı müasir şəraitdə yalnız dövlətin vəzifəsi olmayıb, demokratik cəmiyyətin bütün ünsürlərinin, təhsil alanların və onların ailələrinin, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin, elmi-pedaqoji birliklərin, mütəxəssislərlə təmin olunmağa ehtiyacı olan potensial tələbatçıların, ictimai və dini birliklərin çoxsahəli və çoxaspektli əməkdaşlıq sahəsidir.

Bu sahədə islahatların aparılması indiyə qədər bir sıra obyektiv və subyektiv səbəblərdən asılı olaraq həyata keçirilməmişdir. İctimai-siyasi həyatımızdakı qeyri-sabitlik, iqtisadi sistemin bütün sahələrində istehsalın aşağı düşməsi və milli gəlirin azalması həm təhsilin büdcə təminatım aşağı salmış, həm də bütövlükdə təhsil sisteminin yeni iqtisadi mexanizminin yaranmasına imkan verməmişdir.

İqtisadi inkişafın indiki mərhələsində müşahidə olunan dirçəliş, yaranmış maliyyə sabitliyi, qeyri-büdcə sferasından əlavə vəsaitlərin cəlb olunma imkanlarının mövcudluğu həm qeyd olunan çətinlikləri aradan qaldırmağa, həm də bütövlükdə təhsil sistemində köklü islahatlara başlamağa əlverişli şərait yaratmışdır.

Təhsil sahəsinin islahatı təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarə sistemi və iqtisadiyyatında köklü yeniləşmənin həyata keçirilməsini nəzərdə tutur. İslahatın gedişində elmi tədqiqat işlərinin aparılması və onun nəticələrinin təhsil prosesinə tətbiqinə əlverişli şərait yaradılmasına, təhsil sistemi işçilərinin sosial müdafiәsinin gücləndirilməsinə və təhsil alanların sağlamlığının və sanitar-gigiyenasının təşkilinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Aparılacaq islahatlar nəticə etibarilə təhsil sisteminin müasir bazar iqtisadiyyatı şəraitinə cavab verən yeni iqtisadi-təşkilati və idarəetmə mexanizminin yaradılmasını təmin etməlidir.

İslahatın məqsədi və prinsipləri

Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.

Göstərilən tələblərə cavab verən təhsil sisteminin strukturunun, məzmununun, kadr hazırlığı və təminatının, tədris, elmi-metodiki və informasiya təminatının idarə olunmasının, maddi-texniki bazasının və iqtisadiyyatının islahatı aşağıdakı prinsipləri əhatə etməlidir:

müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılması, ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun;

demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması;

islahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyәtli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi;

islahatın praktiki yönümlülüyü — dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;

təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;

mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması;

təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyәtinin və rəqabət qabiliyyətinin yüksəldilməsi;

təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə əlaqələndirilməsi və təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi;

idarəetmənin dövlət-ictimai prinsipləri əsasında həyata keçirilməsi. Müəllim və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiәsinin təmin olunması. Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilməsi;

təhsil sisteminin yeni iqtisadi modelinin qurulması, resurs təminatının möhkəmləndirilməsi və optimallaşdırılması.

Mərhələlər

Təhsil sistemində islahatların üç mərhələdə aparılması nəzərdə tutulur.

Bir il müddətini əhatə edən birinci mərhələ — hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq

üçün təşkilati işlərin aparılmasını, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini nəzərdə tutur.

Qısamüddətli perspektivi əhatə edən ikinci mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll olunması və geniş miqyaslı islahatın aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə modelinin yaradılması nəzərdə tutulur.

Üçüncü mərhələ (2004-cü ildən) proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini əhatə edir.

Başlıca istiqamətlər

Müasir tələblərə cavab verən istedadlı uşaqlar üçün təhsil müəssisəsindən tutmuş, inkişafında qüsur olan, reabilitasiyaya ehtiyacı olan uşaqlar üçün yaradılmış yeni tipli təhsil müəssisələri şəbəkəsinin yaradılması. Bütün tipdən olan təhsil müəssisələrinin diversifikasiyası (əlaqələndirilməsi);

əmək bazarına tələbatın formalaşması ilə bağlı tədris proqramlarının, təhsilin məzmununun və metodikasının yeniləşdirilməsi. Burada əsas meyl respublika iqtisadiyyatının başlıca inkişaf istiqamətlərinə, eləcə də humanitar və ictimai fənlərin məzmununun keyfiyyәtinin yüksəldilməsinə yönəltməklə, günün tələblərinə cavab verməyən proqramlar, metodikalar və səmərəsiz təhsil fəaliyyətləri aradan qaldırılacaqdır;

təhsil müəssisələrinin maddi-texniki resurslarına tәlәbat normalarının hazırlanması. Təhsilin keyfiyyәtinә, standartların icrasına nəzarət, eləcə də təhsil müəssisələrinin və ayrı-ayrı təhsil proqramlarının ekspertiza və akkreditasiya mexanizminin yaradılması;

təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqillik verən yeni idarə-etmə mexanizminin yaradılması;

təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi modelin yaradılması.

İslahatın əsaslandırılması

Təhsil sisteminin mövcud vəziyyəti günün tələblərinə cavab vermədiyindən bu sahədə islahatların aparılması təkzibolunmaz zərurətdir. Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün inkişaf etdirilən sahəyə çevrilməlidir.

İslahatlar, varisliyi saxlamaqla, təhsilin idarə olunması, bazar iqtisadiyyatı şəraitində mütəxəssis hazırlığı və təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə əsaslanmalıdır.

İslahatın həyata keçirilmə mexanizmi

İslahat proqramı təsdiq edildikdən sonra onun mərhələlərinin həyata keçirilmə planı hazırlanacaq. Bu plan aşağıdakıları əhatə edəcək:

keyfiyyət və kəmiyyət göstəriciləri;

hər bir tədbirin həyata keçirilməsi üçün tələb olunan vəsaitin məbləği;

monitorinq mexanizmi;

islahat istiqamətlərinin prinsipləri və icraçıları.

1. RESPUBLİKADA TƏHSİL SİSTEMİNİN REAL VƏZİYYƏTİ

Eramızın üçüncü əsrindən başlayaraq Azərbaycanda ilkin savad verən ayrıca məktəblər mövcud olmuşdur. VII əsrdə isə elmi təhsili daha yüksək məqama qaldıran İslam dininin təsiri ilə oxumaq istəyənləri əhatə edən təhsil sistemi yaranmışdır. Artıq X-XIII əsrlərdə Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Həmədan, Ərdəbil kimi şəhərlər elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi.

XII-XV əsrlərdə Azərbaycan yüksək ali təhsil müəssisələri ilə dünyada məşhurlaşmışdı. Bu dövrdə Azərbaycanın Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Bərdə, Təbriz, Marağa kimi şəhərlərində alf məktəblər, rəsədxanalar, kitabxanalar fəaliyyət göstərmişdir. Həmin ali məktəblər memarlıq, musiqi, astronomiya, təbabət, dəqiq elmlər və say üzrə biri digərini təkrar etməyən, təmayülə malik olmuşlar.

XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı, qısa müddət ərzində bütün milli məktəblər ləğv edildi, əvəzində təlim rus dilində olan tədris müəssisələri yaradılaraq, milli təhsil sistemimizin əsaslarına güclü zərbə vuruldu.

Bununla yanaşı, Azərbaycanda XX əsrin əvvəllərində pedaqoji fikrin səciyyəvi cəhətlərindən biri klassik pedaqoji ideya və ənənələrin Avropa üslublu dünyəvi təhsil təcrübəsi ilə birləşməsi və təlimdə yeni üsulların tətbiqinin diqqəti daha çox cəlb etməsi idi.

Rus imperiyasının süqutu nəticəsində 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

Respublikada təhsil sistemi Azərbaycan Xalq Cümhuriyyəti dövründə öz təşəkkülünü tapmış və xüsusilə 20-ci illərdə Azərbaycan sovetləşəndən sonra bu sahə əhəmiyyətli surətdə inkişaf etdirilmişdir.

Azərbaycanın təhsil sisteminin inkişafında Heydər Əliyevin müstəsna rolu və xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 70-80-ci illərdə bu inkişaf daha yüksək mərhələyə çatmış, təlim-tərbiyə müəssisələrinin şəbəkəsi xeyli təkmilləşdirilmiş, bir sıra müasir təhsil ocaqları yaradılmış, təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir.

Belə ki, respublikanın bütün regionlarında çoxsaylı yeni tipli məktəbəqədər müəssisələr, ümumtəhsil, texniki peşə və orta ixtisas təhsili məktəbləri tikilmiş və istifadəyə verilmişdir. Əgər 1969-cu ildə respublikada cəmi 12 ali məktəb fəaliyyət göstərirdisə, 80-ci illərin əvvəllərində bu rəqəm 17-yə çatdırılmışdır.

Həmin dövrdə respublikamız öz hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olmuşdur, 70-ci illərin ortalarından hər il orta hesabla 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400-ə qədər gənc respublikadan kənardakı tanınmış ali məktəblərə təhsil almağa göndərilmişdir.

Göstərilən müddətdə gənclərimizi keçmiş ittifaqın ali hərbi məktəblərinə göndərməklə yanaşı, paralel olaraq respublikada bir sıra ali və orta hərbi təhsil müəssisələri açılmışdır.

Təhsil sahəsi həmin müddətdə həm ittifaq büdcəsindən, həm də respublika fondundan üstün maliyyələşdirilən bir sahəyə çevrilmişdi ki, bu da həmin dövr üçün xarakterik olan maddi-texniki bazanın inkişafında öz əksini tapmışdı.

1988-ci ildən etibarən isə təhsil sahəsində tənəzzül, təhlükəli dağıdıcılıq halları müşahidə olunmağa başlandı. 1992-ci ildə respublikada təhsilin inkişafını müəyyənləşdirən təhsil konsepsiyası olmadan tələsikliklə qəbul olunmuş Təhsil Qanunu bu prosesin qarşısını almağa qadir olmadı və əksinə, bir sıra yeni problemlər yaratdı. Belə ki, həmin Qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birinə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması nəticədə müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırmış, qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yaratmış, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanmasına və tətbiqinə maneçilik törətmişdir.

Beləliklə, 1992-ci ildə qəbul olunmuş Təhsil Qanunu respublikada təhsil prosesinin inkişafına kifayət qədər şərait yarada bilmədi.

Təhsilin inkişafına 1993-cü ildən sonra xüsusi qayğının göstərilməsi Azərbaycan Respublikasının demokratik yolla seçilmiş ilk Prezidenti Heydər Əliyev cənablarının daha çox diqqət mərkəzində olmuş, vətəndaşların təhsil hüquqları məhz möhtərəm Prezidentin rəhbərliyi ilə işlənilmiş və qəbul edilmiş Konstitusiyada da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılmış, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanmışdır.

1.1. Təhsil sisteminin statistikası

Təhsilin vəziyyətini əks etdirən statistik məlumatlar Dövlət Statistika Komitəsinin və Təhsil Nazirliyinin dövri hesabatlarında verilmişdir.

Təhsil sahəsində dövlət islahat proqramı hazırlanarkən mövcud vəziyyət 1 saylı cədvəldə öz əksini tapmışdır.

 

 

1.2. Normativ hüquqi baza

 

Azərbaycan Respublikası təhsil sisteminin normativ hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu və digər müvafiq qanunvericilik aktları təşkil edir.

Azərbaycan Respublikasının Təhsil Qanunu qəbul olunduqdan sonra təlim və tərbiyənin məzmunu, təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idarә olunması, iqtisadiyyatı, elmi tədqiqat işləri və beynəlxalq əlaqələr sahələrində müəyyən işlər görülmüşdür.

1.3. Təlimatlar və normativlər

Təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bir sıra normativ sənəd, peşə-ixtisas sahəsində mütəxəssis hazırlığı, ixtisasların yeni siyahısı təsdiq olunmuş, ali təhsildə mütəxəssis hazırlığının çoxpilləli strukturuna keçilmiş, texniki peşə təhsili müəssisələri şəbəkəsinə yenidən baxılmış, ümum orta, ali və orta peşə ixtisası təhsili üçün Dövlət təhsil standartlarının layihəsi hazırlanmış, ixtisas və ixtisaslaşma istiqamətləri üzrə baza təhsil proqramları və tədris planları, tədris planlarına uyğun fənn proqramları hazırlanmış, təhsilin bütün pillələri, xüsusən də ümumtəhsil məktəblərinin I-IV siniflərində dərsliklər 90% yeniləşmiş, Azərbaycan bölməsi üçün 21 adda tədris proqramı yenidən işlənmiş və çap edilmişdir. Xüsusi tipli məktəblər üçün ilk dəfə olaraq milli tədris proqramları və dərsliklər hazırlanmış, təhsil sistemimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasının təməli qoyulmuşdur.

1.4. Təhsilin aktual problemləri

Təhsil sisteminin vəziyyəti günün tələblərinə cavab vermir və həlli vacib olan bir çox problemlər mövcuddur.

Son 7 ildə müstəqil respublikamızın təhsil quruculuğu istiqamətində radikal addımlar atılmamış, müasir tələblərə cavab verən, milli zəminə və bəşəri dəyərlərə, demokratiya prinsipinə əsaslanan yeni təhsil sisteminin yaradılması üçün az iş görülmüşdür.

Həyata keçirilmiş tədbirlərin böyük əksəriyyəti təhsilin ayrı-ayrı sahələrinin təkmilləşdirilməsinə yönəldilmiş, təhsildə köklü islahatların aparılmasına diqqət yetirilməmişdir.

1.4.1. Təhsil sisteminin strukturunda

Təhsil sisteminin mövcud strukturu yeni təhsil növlərini əhatə etmir. Belə ki, təlim-tərbiyə və təhsil müəssisələrinə səhhətinə görə getməyən və inkişafında qüsuru olan uşaqlara korreksiyaedici və pedaqoji kömək göstərmək üçün müxtəlif təlim-tərbiyə müəssisələri yaradılmamışdır.

Respublikanın regionlarında və kəndlərdə müxtəlif profildәn və pillədən olan təhsil müəssisələrinin inteqrasiyası təmin olunmayıb. Peşə təhsili sistemi əmək bazarının real tələbatmı təmin etmir, ibtidai, orta və ali peşə təhsili, diplomdan sonrakı təhsil, ixtisasartırma və yenidən hazırlanma şəbəkəsinin strukturlarının optimallaşması istiqamətində kifayət qədər iş görülməmiş, peşə təhsili müəssisələrinə elmi, mədəni, idarəetmə və kommersiya sahələrində mütəxəssis hazırlığına və bunun üçün xüsusi maddi-texniki bazanın yaradılmasına iqtisadi çətinliklərlə bağlı kifayət qədər maliyyə vəsaiti ayrılmamışdır.

Hələ də cəmiyyətin, əhalinin və əmək bazarının tələbatına cavab verməyən bir sıra təhsil müəssisələri fəaliyyət göstərməkdədir.

1.4.2. Təhsilin məzmununda

Təlimin və tərbiyənin məzmununda daha çox problemlər mövcuddur. Beb ki, bu günədək respublikamızda təhsil strategiyasına uyğun prioritet istiqamətlər müəyyənləşdirilməmiş, ümumorta təhsilin dövlət standartları və baza tədris planı təsdiq edilməmişdir və mövcud tədris planlarının xeyli yüklənməsi, şagirdlərin ayrı-ayrı elmlər üzrə qavrama qabiliyyətinin nəzərə alınmaması nəticəsində uşaqların böyük əksəriyyəti tədris proqramlarını mənimsəmir.

Təlimi digər dillərdə olan məktəblərimizdə bir sıra fənlərin tədrisində həmin ölkələrin proqram və dərsliklərindən istifadə olunur.

Hazırda təhsil sistemində milli ideologiyamıza əsaslanan, gənclərimizdə vətənpərvərlik, vətəndaşlıq, torpağa və xalqa bağlılıq hissi aşılayan tərbiyə konsepsiyası yoxdur. Təhsilin və tərbiyənin məzmununun əsasını təşkil edən təhsil proqramlarında bu hissləri aşılayan mövzuların olmaması, Azərbaycan tarixi və mədəniyyətinin lazımi səviyyədə öyrədilməməsi onların milli hisslərinə mənfi təsir göstərir.

Şagirdlərin meyl, maraq, idrak qabiliyyəti, psixoloji-pedaqoji yönümü, tibbi-gigiyenik tələbləri nəzərə alınmadan, hamı üçün eyni prinsip və norma əsasında hazırlanmış vahid tədris planları, proqramları, onlara müvafiq olaraq yazılaraq ikinci dərəcəli materiallarla doldurulmuş dərsliklərdən istifadə olunur, tədris planında lazım olub-olmamasından asılı olmayaraq bütün fənlər məcburi şəkildə məktəblilərə eyni formada və məzmunda öyrədilir.

Xüsusi istedada malik olan şagirdlərin vaxtında aşkar edilməsi və onların inkişafını fərdi imkanlarına uyğun təmin edən müvafiq tədris proqramları yoxdur.

Diplomdan sonrakı təhsilin məzmunu, burada təhsilin mahiyyəti və təşkil olunma meyarları da artıq köhnəlmişdir.

Bazar iqtisadiyyatına keçidlə bağlı təhsilin məzmununda, xüsusən onun humanitar komponentində, şagird və tələbələrin hüquq və iqtisadiyyat sahəsində biliklərə yiyələnməsində kifayət qədər yeniləşmə təmin olunmamışdır.

Təhsilin məzmununda xüsusi əhəmiyyətə malik olan istehsalat təcrübəsinin təşkili bazar iqtisadiyyatının tələblərinə və çoxukladlı mülkiyyət formalarına uyğunlaşdırılmamışdır.

1.4.3. Kadr təminatında

Təhsil sistemi yeni iqtisadi-siyasi münasibətlərə daxil olmuş respublikamızın intellektual potensialım formalaşdıran, təbii iqtisadi qanunlara qayıdan iqtisadi sistemin kadr təminatını həyata keçirən vacib fəaliyyət sahəsidir. Lakin

respublikanın təhsil sistemində yüksək intellektual potensialı formalaşdıran, müasir tələbatı ödəməyə qadir olan kadr təminatmı həyata keçirməyə imkan verən təşkilati-iqtisadi mexanizm qurulmamış və elmi-metodik baza lazımi səviyyədə yaradılmamışdır.

Yeni tələblərə cavab verən və yüksək pedaqoji təfəkkürə malik müəllim kadrlarının hazırlanmasına, pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə, pedaqoji kadrlarla bağlı digər vacib məsələlərə lazımi diqqət yetirilməmişdir. Pedaqoji ali və orta ixtisas müəssisələrində hələ də əsas diqqət tələbələrə fənn üzrə elmlərin nəzəri əsaslarının dərindən öyrədilməsinə yönəldilmişdir. Lakin onların pedaqoji ustalıqla bağlı vərdişlərə yiyələnməsinə, psixologiya elmini dərindən mənimsəmələrinə lazımi əhəmiyyət verilmir.

1.4.4. İnformasiya, tədris və elmi-metodiki təminatında

Təhsil sisteminin informasiya, tədris və elmi-metodik təminatı qeyri-qənaət-bəxş vəziyyətdədir. Təhsil sahəsi latın qrafikasında yeni dərsliklər və tədris-metodiki vəsaitlərlə tam təmin olunmamış və onların nəşr mexanizmi yaradılmamışdır.

1.4.5. Təhsilin idarə olunmasında

Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri üstünlük təşkil edir, idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi, inhisarsızlaşdırma, funksiyaların yuxandan aşağı paylanması, ağırlıq mərkəzinin aparatdan sinfə auditoriyaya keçməsi, əsas hәdәfin təhsil verənə və alana yönəlməsİ istiqamətində məqsədyönlü işlər həyata keçirilməmişdir.

1.4.6. Maddi-texniki bazasında

Bütün pillələri əhatə edən təhsil müəssisələrinin və təhsil sisteminin təşkili, maddi-texniki bazası tədris prosesinin müasir tələblərinə cavab vermir. Təhsil müəssisələrinin çoxu yararsız binalarda yerləşir, yeni binalar tikilmir, əsaslı təmir işləri aparılmır, mühazirə və məşğələlərin keçirilməsi üçün tədris vəsaiti, didaktik materiallar, kompüter təminatı, oyuncaqlar, bərk və yumşaq avadanlıqlar, təcrübə aparmaq üçün laboratoriyalar və onların zəruri vəsaitlərlə və s. təchizatı yox dərəcəsindədir.

Bundan əlavə erməni təcavüzü nəticəsində respublikanın təhsil sisteminə ciddi ziyan dəymişdir ki, bunu da aşağıdakı cədvəldən aydın görmək olar:

 

 

1.4.7. Təhsilin iqtisadiyyatında

Təhsilin iqtisadiyyatı demək olar ki, mərkəzləşmiş planlı sosialist iqtisadiyyatında olduğu kimi qalmış, təhsil sisteminin yeni təşkilati-iqtisadi idarəetmə modeli qurulmamışdır. Təhsil sisteminin maliyyələşdirilməsinin mütərəqqi forması olan təhsil alanların adambaşına xərc prinsipləri tətbiq edilməmişdir. Təhsil müəssisələrinin fəaliyyəti iqtisadi mühitlə əlaqələndirilməmiş və bazar iqtisadiyyatının imkan verdiyi büdcədənkənar vəsait əldə etmək imkanı bir sıra mövcud normativ aktlarla məhdudlaşdırılmışdır.

Təhsil müəssisələrinə maliyyə-təsərrüfat fəaliyyəti sahəsində obyektiv müstəqillik verilməmiş, mövcud vəsaitlərdən səmərəli istifadə etmək mexanizmi qurulmamışdır.

Təhsil sisteminin elmi tədqiqat fəaliyyəti çoxpilləli təhsil strukturuna uyğunlaşdırılmamış, büdcədən maliyyələşən aktual elmi tədqiqat istiqamətləri vəsait çatışmazlığı nәticәsindә davam etdirilmir, aparılan tədqiqatlar Elmlər Akademiyası və digər sahә elmi tədqiqat institutları ilə koordinasiya olunmur, alınan nəticələrin təhsil prosesinə tətbiqi qənaətbəxş deyildir.

Təhsil sahəsinin beynəlxalq təhsil sisteminə inteqrasiyasının təməlinin qoyulmasına baxmayaraq, təhsil sahəsində beynəlxalq təşkilatlar və təhsilin inkişaf fondları və proqramları, o cümlədən Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, YUNİSEF, Avropa Təhsil Fondu və İSESKO, TASİS, TEMPUS/TASİS və digər təşkilatlarla əlaqələr lazımi səviyyədə qurulmamışdır.

2. İSLAHATIN ƏSAS İSTİQAMƏTLƏRİ

2.1. Təhsil sisteminin strukturunda

Təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər müəssisə və təşkilatlardan ibarətdir.

Respublika təhsil sisteminin strukturu aşağıdakı təhsil müəssisələri tiplərindən ibarətdir:

Məktəbəqədər, ümumtəhsil (ibtidai, natamam orta, orta ümumi təhsil), ibtidai peşə, orta peşə-ixtisas, ali peşə-ixtisas, əqli və ya fiziki inkişafca qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisələri, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün təhsil müəssisələri, əlavə təhsil (məktəbdənkənar təhsil, ixtisasartırma və yenidən hazırlanma) müəssisələri və təhsil prosesini həyata keçirən digər müəssisələr.

Təhsil sisteminin strukturunun yenidən qurulması təhsil sahəsində aparılan islahatların əsasını təşkil edir.

Təlim-tərbiyənin məzmununda, iqtisadiyyatında və idarə olunmasında aparılacaq islahatlar təhsil sisteminin çevikliyini, dinamikliyini, fərdin, cəmiyyətin və dövlətin çoxsahəli tələbatını təmin etməklə, təhsil sisteminin strukturunun yenidən qurulması prosesinin sürətləndirilməsini tələb edir.

Bu məqsədlə təhsil sisteminin strukturunun islahatları aşağıdakıları əhatə etməlidir:

2.1.1. Məktəbəqədər

Azərbaycan Respublikası ərazisində yerləşən məktəbəqədər müəssisələrdə uşaqların əhatə olunmasının kəskin surətdə azalmasını nəzərə alaraq, məktəbəqədər müəssisələr şəbəkəsini təkmilləşdirmək.

Müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü artıran, onların fiziki inkişafını təmin edən, sağlamlığını qoruyan yeni tipli müəssisələrin açılmasını təmin etmək.

2.1.2. Yeni tipli müəssisələrin yaradılması

Bölgələrin xüsusiyyətlərini və tələbatmı nəzərə almaqla, həmin bölgələrdə müxtəlif tip və növlü təhsil müəssisələrini yaratmaq və onların bazasında inteqrasiya formasında yeni təhsil komplekslərini təşkil etmək;

Tərbiyə müəssisələrinə səhhətinə görə getməyən və inkişafında qüsuru olan uşaqlara korreksiyaedici və pedaqoji kömək göstərməli, eləcə də qaçqın və köçkün uşaqlar arasında psixi gərginliyə məruz qalmış uşaqların reabilitasiyasını təmin edən yeni tipli təhsil müəssisələrini yaratmaq;

Xüsusi istedada malik olan şagirdlərin vaxtında aşkar edilməsi və onların təhsilinin inkişafını təmin etmək üçün yeni tipli təhsil müəssisələrini yaratmaq;

Ali və orta ixtisas və texniki peşә təhsili müəssisələrini yeni profilә istiqamətləndirmə və qruplaşdırmaqla, onların bazasında yeni tipli elm-təhsil və elm-istehsalat komplekslərini yaratmaq;

Müasir idarəetmə prinsiplərinin və funksiyalarının tətbiqini təşkil etmək və bunları həyata keçirmək üçün təhsilin idarə edilməsi sahəsində təhsil menecerlərinin yenidən hazırlanması və ixtisaslarının artırılmasını təmin edən təhsil menecerlərini hazırlama mərkəzini yaratmaq.

2.1.3. Komplekslərin yaradılması

Regionların xüsusiyyətlərini və tələbatını nəzərə almaqla, buradakı müxtəlif tip və növlü təhsil müəssisələrinin inteqrasiyası nəticəsində yeni təhsil kompleksləri yaratmaq;

Əmək bazarının tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığının səmərəliliyini təmin etmək üçün texniki peşə və orta ixtisas məktəblərinin bazasında yeni tipli təhsil müəssisələri kompleksləri yaratmaq;

Respublikanın mövcud intellektual və təhsil müəssisələrinin elmi-pedaqoji potensialının təhsil prosesinə cəlb olunmasını təmin etmək məqsədi ilə yeni tipli elm-təhsil və elm-təhsil-istehsalat komplekslərini yaratmaq.

 

2.1.4.  Təhsil müəssisələri şəbəkəsi

Ümumtəhsil məktəbləri şəbəkəsində özəl sektoru stimullaşdırmaq;

Ümumtəhsil məktəbi və digər təlim- tərbiyə müəssisələrinin sifarişlərini, ayrı-ayrı müəllim və tərbiyəçilərin elmi, pedaqoji, psixoloji və metodik ehtiyaclarını nəzərə alan məsafədən (istehsalatdan ayrılmamaqla) təlim texnologiyası da daxil olmaqla ixtisasartırmanın və yenidən hazırlanmanın yeni sistemini yaratmaq;

Ali və orta peşə ixtisası sahəsində kadr hazırlığının çevikliyini və dinamikliyini təmin etmək məqsədi ilə mövcud təhsil müəssisələri şəbəkəsini optimallaşdırmaq.

2.1.5. Profillərin müəyyənləşdirilməsi

Cəmiyyətin uzunmüddətli tələbatını ödəməyə imkan verən peşə-ixtisas məktəblərinin yeni profillərini təyin etmək.

2.1.6. Təhsil Akademiyasının yaradılması

Təhsil sisteminin tədris, elmi-metodik və informasiya təminatının elmi əsaslarını yaradıb təhsil sisteminə tətbiq etmək məqsədi ilə Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikasının Təhsil Akademiyasını yaratmaq.

2.2. Təlimin və tərbiyənin məzmununda

Ümumi və peşə-ixtisas təhsilinin məzmununun islahatı təhsil sisteminin inkişafının əsası olub, nəticə etibarilə onun mahiyyətini və əhəmiyyətini ifadə etməklə, ardıcıl olaraq təhsil sistemində unifikasiyanın xarakterini aradan qaldırmaq, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılmasını təmin etmək, pedaqoji işçilərin yaradıcılıq imkanlarının reallaşdırılması üçün şərait yaratmağı nəzərdə tutur.

Bu məqsədlə təhsilin dövlət standartlarının yeni sistemi yaradılmalı və fərdin şəxsiyyətinin hərtərəfli inkişafını təmin edən milli tərbiyə proqramı hazırlanmalıdır.

Təlimin və tərbiyənin məzmununun islahatı aşağıdakıları əhatə etməlidir:

təhsilin bütün pillələri üzrə dövlət təhsil standartlarının hazırlanması və tətbiqi;

dövlət təhsil standartlarına uyğun tədris proqramı və planının və dərsliklərin hazırlanması. Təhsil proqramlarında humanitar komponenti gücləndirmək, şagird və tələbələrin hazırlığında iqtisadiyyat və hüquq sahəsində biliklərin xüsusi çəkisinin artırılması;

milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin dərindən öyrədilməsi və gənclərdə vətənpərvərlik hissinin tərbiyə edilməsinin vacibliyi nəzərə alınmaqla, humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədqiqinin yeni konsepsiyasını hazırlamaq, humanitar və sosial-iqtisadi fənlər üzrə dərsliklərin müsabiqə əsasında hazırlanmasını təşkil etmək;

təlim-tərbiyənin meyl, maraq, istedad və qabiliyyət əsasında qurulmasını təmin edən təmayüllərə uyğun olaraq ayrı-ayrı fənlər, habelə fənlərin inteqrativ kursları üzrə çoxvariantlı tədris proqramlarını hazırlamaq;

istedadlı şagird və tələbələrin aşkara çıxarılması və istedadların inkişaf etdirilməsi üçün fərdi tədris plan və proqramları hazırlamaq. Həmin gənclərin ardıcıl olaraq respublikadaxili və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda və digər tədbirlərdə geniş iştirakını təmin etmək;

təhsil alanların müxtəlif özfəaliyyət təşkilatlarının inkişafını təmin etmək məqsədi ilə uşaq və gənclərin siyasiləşməmiş ictimai təşkilatları ilə iş üzrə menecerlərin hazırlığı üçün təhsil proqramlarını hazırlamaq və həyata keçirmək;

uşaq, şagird və gənclərin şəxsiyyətinin formalaşdırılmasını, yüksək mənəviyyatlı şəxsiyyət yetişdirilməsini təmin edən Milli Tərbiyə Proqramını hazırlamaq və həyata keçirmək;

müasir əmək bazarının dəyişən şəraitinə uyğunlaşmağa imkan verən geniş profilli (istiqamətlər üzrə) mütəxəssis hazırlığını təmin edən baza təhsil proqramları hazırlamaq;

bazar iqtisadiyyatının və məhsuldar qüvvələrdən səmərəli istifadənin tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlamaq və müxtəlif sahələr üçün yeni kadrlar nəslini hazırlamaq;

yeni təhsil texnologiyasının əsas komponentlərindən biri olan multimedia, monitorinq və sair sistemlərin yaradılması məqsədi ilə təhsil sistemi müəssisələrinin kompüterləşdirilməsi və mərkəzləşdirilmiş informasiya sistemləri proqramını hazırlamaq və tətbiq etmək;

peşə-ixtisas təhsili sahəsində təhsil alanların biliklərinin qiymətləndirilməsi üçün yeni attestasiya sistemini yaratmaq;

natamam və orta təhsil kursu üzrə bazis tədris planında nəzərdə tutulmuş fənlərdən şagirdlərin biliklərinin obyektiv qiymətləndirilməsi üçün vahid yekun attestasiya formasını hazırlamaq;

təhsilin və tərbiyənin məzmununa qoyulan yeni tələblər baxımından onun elmi-metodoloji təminatını yaratmaq məqsədi ilə elmi tədqiqat işlərini bu məqsədə yönəltmək.

2.3. Kadr hazırlığı və təminatı

Suverenliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, milli iqtisadiyyatımızın, mədəniyyətimizin inkişafı ilk növbədə kadrlardan asılı olduğundan mütəxəssis hazırlığı diqqət mərkəzində durmalıdır.

Bazar münasibətləri, iqtisadiyyatın infrastrukturunun kökündən dəyişməsi, orta və kiçik müəssisələrin iqtisadiyyatda hakim mövqe tutması, qarışıq iqtisadiyyatın rəqabət sisteminin formalaşmasından asılı olaraq istehsal profillərinin tez-tez dəyişməsi qısa müddətdə və daha az xərclə çevik təfəkkürə malik, təşəbbüskar mütəxəssislərin hazırlanmasını tələb edir.

Bu problemin həlli üçün iqtisadi inkişafın kadr təminatı tələb və təklif prinsipinə uyğun proqnozlaşdırma, cari və perspektiv planlar əsasında qurulmalı, pedaqoji kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Bu zaman respublika iqtisadiyyatının üstün inkişaf etdirilməli sahələrinin müasir tələblərə cavab verən kadrlarla təmin olunması onların hazırlığının aparıcı istiqaməti olmalıdır.

Bu məqsədlə kadr hazırlığının islahatı aşağıdakıları əhatə etməlidir:

2.3.1. Kadr hazırlığının ümumi tələbləri

1999-2000, 2001-2005, 2006-2015-ci illər üçün respublika iqtisadiyyatının və onun baza sahələrinin inkişafı üzrə kadr tələbatı proqnozlarını hazırlamaq;

Respublikanın peşə-ixtisas təhsili müəssisələrində iqtisadiyyatın yeni sahələri üzrə və dövlətin strateji məqsədlərini həyata keçirən ixtisaslı kadrların (o cümlədən idarəedici) hazırlığı aparılmayan ixtisasların müəyyənləşdirilməsini və hazırlığını təşkil etmək üçün xüsusi proqram yaratmaq;

Bütün kateqoriyalardan olan işçi qüvvəsinə və beynəlxalq əmək bölgüsünə görə əmək bazarının tələbatına uyğun olaraq mütəxəssis hazırlığının cari və perspektiv strukturunu və həcmini müəyyənləşdirmək;

Dövlət əhəmiyyətli peşə və ixtisasların siyahısını tərtib etmək, bu peşə və ixtisaslara gəncləri cəlb etmək məqsədi ilə stimullaşdırıcı sosial güzəştlər müəyyənləşdirmək.

2.3.2. Pedaqoji kadr hazırlığı

Təhsil sisteminin müxtəlif tipli müəssisə və təşkilatları üçün rəhbər kadrların hazırlanması və yenidən hazırlanmasını təşkil etmək;

Təhsil müəssisələrini kadrlarla komplektləşdirmə mexanizmini yaratmaq;

Yeni tədris plan və proqramları əsasında yüksək pedaqoji və metodik ustalıq vərdişlərinə, ümumi və yaş psixologiyası və yaş fiziologiyası üzrə dərin biliklərə malik olan pedaqoji kadrları hazırlamaq;

Respublikanın regionlarını pedaqoji kadrlarla təmin etmək üçün onların sifarişləri əsasında kontrakt yolu ilə məqsədli mütəxəssis hazırlığına keçmək;

Ümumtəhsil məktəblərində fənlərin inteqrasiya edilmiş qaydada tədrisinə və yeni tədris proqramlarına keçidlə əlaqədar müvafiq olaraq müəllim kadrlarının hazırlığını təmin etmək, fəaliyyət göstərənlərin isə ixtisasının artırılmasını təşkil etmək;

Əlavə pedaqoji təhsil sisteminin genişləndirilməsi, onun fəaliyyətini pedaqoji kadrların tələbatına uyğun və pedaqoji təhsilə marağı olan qeyri-pedaqoji profilli şəxslərin əlavə və yenidən hazırlanma ehtiyacını təmin etməyə yönəltmək.

2.3.3. Başqa sahələr üçün kadr hazırlığı

Kadr hazırlığına dövlət sifarişinin əmək bazarının tələbatı əsasında hazırlanmış proqnoza uyğun olaraq müəyyənləşdirilməsi və ilk növbədə həmin sifarişin dövlət təhsil müəssisələrinin profilinə, elmi-pedaqoji potensialına, tədris-metodik təminatına və maddi-texniki bazasına uyğun yerləşdirilməsi, ehtiyac olduğu halda təhsilin keyfiyyәtinә nəzarəti gücləndirməklə, qeyri-dövlət təhsil sektorunun imkanlarından bu məqsədlə istifadə mexanizmini yaratmaq;

Yeni istehsal-mülkiyyət münasibətlərinin, beynəlxalq iqtisadi əməkdaşlığın, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının, eləcə də respublika iqtisadiyyatına yeni texnologiyanın diversifikasiyasının tələblərinə uyğun mövcud kadr potensialının ixtisasartırma, yenidən hazırlanma və əlavə təhsilinin təşkili Proqramını hazırlamaq;

Müqavilə əsasında mütəxəssis hazırlığı və yenidən hazırlanmasında sifarişçi müəssisə və təşkilatlara təhsil siklinə öz tələblərinə uyğun zəruri xüsusi kursların daxil edilməsini sifariş vermək, istehsalat təcrübəsinin təşkilində iştirak etmək və məzunların seçilməsinə imkan yaradan səlahiyyətlərin verilmə mexanizmini yaratmaq;

Bazar iqtisadiyyatı şəraitində çoxukladlı mülkiyyət formalarının yaranması və qeyri-dövlət müəssisələrinin xüsusi çəkisinin artması ilə əlaqədar olaraq mütəxəssis hazırlığının əsas mərhələlərindən biri olan tələbələrin peşə təcrübəsinin təşkili məqsədi ilə dövlət, qeyri-dövlət orqanlarının və təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi mexanizmini yaratmaq.

2.3.4. Pedaqoji kadrların attestasiyası

Təhsil sistemi iqtisadiyyatının yeni modelinin yaradılması ilə bağlı pedaqoji kadrların attestasiyasının onların real fəaliyyət göstəricilərinə görə aparılması məqsədi ilə yeni attestasiya Əsasnaməsi hazırlamaq.

2.4. Təhsil sisteminin informasiya, tədris Və elmi-metodiki təminatında

İnkişaf etmiş dünya dövlətlərinin təhsil sahəsində qazandığı uğurlar, ölkə daxilində əldə olunmuş qabaqcıl təcrüümumiləşdirilməli, təhlil edilməli və onları təhsildə varislik prinsipini gözləməklə, respublikanın bütün təhsil sisteminə çatdırmaq və təhsil sisteminin beynəlxalq informasiya mübadiləsinin, xüsusilə də elmi-kütləvi kitabxanaların beynəlxalq informasiya kanallarına qoşulmasından ibarət olan informasiya bazasının, elәcә də onun tərkib hissəsi olan yeni standartların və islahatların həyata keçirilməsinə nəzarət etmək və qiymətləndirmək üçün dövlət monitorinq sisteminin yaradılması.

Təlim və tərbiyənin məzmununun yenidən qurulması üçün təhsilin bütün pillələrini əhatə edən, məzmunca milli ənənələrə və ümumbəşəri dəyərlərə əsaslanan dövlət təhsil standartlarına uyğun tədris planları, proqramlar, dərslik və dərs vəsaitləri, eləcə də digər elmi-metodiki tədris ədəbiyyatı komplektlərinin yaradılması və təhsil sisteminin onlarla təminatının təşkil olunması.

Fövqəladə dərəcədə əhəmiyyətli olan bu vəzifəni həyata keçirmək üçün təhsil sistemində yeni informasiya texnologiyasının tətbiqi və istifadə olunması, elmi və metodiki işlərin səmərəliliyinin artırılması, tədris prosesinin kompüter şəbəkəsinin yaradılması və onun beynəlxalq məlumat banklarına çıxışmı təmin edən vahid informasiya sisteminin təşkili zəruridir.

Təhsilin və tərbiyənin məzmunu ilə bağlı bu ümumdövlət və ümummilli əhəmiyyətli işlərin aparılması üçün aşağıdakılar həyata keçirilməlidir:

2.4.1. İnformasiya təminatı

İnformasiya mərkəzinin yaradılması və elmi-kütləvi informasiya və teleradio vasitələrindən istifadə olunmasının təşkili;

Təhsilin bütün pillələrində təlim-tərbiyənin əsas problemlərinin işıqlandırılmasını, təhsil sahəsinin profillər üzrə potensial imkanlarının ictimaiyyətə çatdırılmasını, elmi inkişafdakı yeniliklərin yayılmasını, təhsil sahəsində hüquqi aktların və digər məlumatların pedaqoji ictimaiyyətə və təhsil müəssisələrinə çatdırılmasını təmin etmək üçün elmi-kütləvi informasiya və teleradio vasitələrindən istifadə olunmasını təşkil etmək;

Təhsil sisteminin informatlaşdırma Proqramını hazırlamaq.

2.4.2. Tədris və elmi-metodiki təminatı

Milli Tərbiyə Proqramının həyata keçirilməsi məqsədi ilə təhsil sisteminin bütün təlim-tərbiyə müəssisələri üçün müxtəlif tipli tədris vəsaitləri külliyyatını hazırlamaq;

Ümumtəhsil məktəbləri üçün təsdiq olunmuş baza tədris planlarına uyğun, ilk növbədə ibtidai və əsas təhsil pillələrinin dərsliklərlə təmin olunması, orta təhsil pilləsi dərsliklərini təmayüllər üzrə hazırlamaq;

Təlimi başqa dillərdə olan təhsil müəssisələrində Təhsil Qanununa uyğun olaraq tədrisi məcburi olan fənlər üzrə dərsliklərin yaradılması, nəşri və təminatını təşkil etmək;

Təhsil Qanununa müvafiq olaraq respublikanın ərazisində yaşayan azsaylı xalqların dillərində təlimi təmin etmək məqsədi ilə tədris proqramları və dərsliklər hazırlamaq;                                             

Peşə-ixtisas təhsili müəssisələri üçün yeni pedaqoji texnologiyalara uyğun kitab və alternativ dərsliklərin müsabiqə əsasında hazırlanmasını təşkil etmək, onlardan istifadə mexanizmini yaratmaq. Bu zaman humanitar profilli fənlərə, eləcə də bazar iqtisadiyyatına keçidlə bağlı yeni ixtisaslara aid tədris ədəbiyyatlarının hazırlanmasına üstünlük vermək;

Milli xüsusiyyətlər nəzərə alınmaqla pedaqogika və psixologiyanın aktual və perspektivli problemləri üzrə elmi tədqiqat işlərinin istiqamətləri müəyyənləşdirilməli və onların aparılması təşkil olunmalıdır.

2.5. Təhsil sisteminin idarə olunmasında

Təhsil sistemində idarəetmə bazar iqtisadiyyatının tələblərinə, ictimai-siyasi həyatımızda aparılan demokratikləşmə prosesinə uyğun qurulmalı, onun planlaşdırma, əlaqələndirmə, tənzimləmə, nəzarət və sair funksiyaları yeni məzmun və formalarda tətbiq olunmalıdır.

İdarəetmənin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin təhsilə olan tələbatını ödəmək üçün dövlət-ictimai xarakterli təhsil sisteminin yeni idarəetmə modelinin yaradılmasıdır.

Yeni idarəetmə modeli təhsil sahəsində dövlət siyasətinin, strategiyasının həyata keçirilməsini, təhsil sisteminin fəaliyyətinin hüquqi tənzimlənməsini, dövlət təhsil standartlarının hazırlanmasını və tətbiqini, təhsilin keyfiyyәtini həmin standartlara uyğun qiymətləndirmə və nəzarət sisteminin yaradılmasını, mütəxəssis hazırlığına dövlət sifarişinin formalaşdırılmasını, təhsilin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasını, təhsil sisteminin idarəetmə orqanlarının dövlət, qeyri-dövlət və digər təşkilatlarla əlaqələndirilməsini və s. təmin etməlidir.

2.5.1. Təhsili idarəetmə orqanları səviyyəsində

Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsini, təhsil prosesinin idarə olunmasının dinamikliyini və çevikliyini təmin edən təhsil sisteminin bir mərkəzdən elmi-metodik idarə olunmasını təşkil etmək;

Dövlət lisenziyalaşdırma, attestasiya və akkreditasiya sistemini təşkil etmək;

Təhsilin keyfiyyətinə dövlət təhsil standartlarına uyğun nəzarət və qiymətləndirmə sistemini yaratmaq;

Qeyri-dövlət təhsil sektorunun fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə vahid nəzarət mexanizmini yaratmaq;

Təhsil sahəsində hazırlanan normativ hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin cəlb olunmasını təmin etmək;

Təhsil sahəsində qəbul olunmuş normativ hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq;

Təhsil müəssisələrinin ekspertizasında mütəxəssislərlə yanaşı, ictimaiyyətin nümayəndələrinin iştirak mexanizmini yaratmaq;

Ali peşə-ixtisas təhsili müəssisələrinə mərhələlərlə muxtariyyət verilməsi mexanizmini yaratmaq;                                        

Respublika təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiya Proqramını hazırlamaq.

2.5.2. Təhsil müəssisəsi səviyyəsində

Mütəxəssis hazırlığına dövlət sifarişinin təmin edilməsinin mexanizmini yaratmaq;

Valideynlərin, yuxarı sinif şagirdlərinin, tələbələrin, təhsil müəssisəsi təsisçilərinin, sponsorluq edən müəssisə və təşkilatların, təhsillə bağlı digər qurumların təhsilin idarə olunmasında təmsil olunmasını təşkil etmək;

Təhsil sahəsində hazırlanan normativ hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin cəlb olunmasını təmin etmək.

2.6. Təhsil sisteminin maddi-texniki bazasında

Təhsil müəssisəsinin maddi-texniki bazasına binalar, tədris-kliniki bazalar, əczaxanalar, torpaq sahələri, maşın və avadanlıqlar, müxtəlif qurğular və laboratoriyalar, tədris, təsərrüfat, nəqliyyat növləri və digər maddi-texniki vasitələr daxildir.

Təhsil sistemində islahatın uğurla həyata keçirilməsində təhsil prosesinin müasir tələblərə və beynəlxalq standartlara cavab verən maddi-texniki təchizatının xüsusi əhəmiyyəti vardır.

Yeni təhsil sisteminin qurulması ilə bağlı olaraq məktəbəqədər, ümumorta, peşə-ixtisas təhsili müəssisələrinin və onun xidmət sahələrinin maddi-texniki bazası dövlət təhsil standartlarına, sosial və sanitar-gigiyenik norma və normativlərə uyğun yenidən qurulmalı və inkişaf etdirilməlidir. Bu zaman yeni istehsal - mülkiyyət münasibətlərinin formalaşması, təhsilin məzmununda, strukturunda, təhsil sisteminin yeni idarəetmə modellərinin tətbiq olunmasında və təhsilin iqtisadiyyatında təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün avadanlıq və ləvazimat istehsal edənlərə xüsusi imtiyaz verilməli və təhsil müəssisələrinin komplektləşdirilməsinin yeni mexanizmləri tətbiq edilməlidir.

Bu məqsədlə təhsil sisteminin maddi-texniki bazasının qorunub saxlanması və inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:

təhsil sisteminin bütün pillələrdən olan təlim-tərbiyə müəssisələri və ona xidmət sahələri üçün zəruri avadanlıq, əyani tədris vəsaitlərinin, təlimin texniki vasitələrinin və s. nümunəvi siyahısını hazırlamaq;

uşaq, şagird və tələbələrin sağlamlığının qorunması, təlim-tərbiyə üçün təhlükəsiz şəraitin yaradılması, sanitariya-gigiyenaya dair normativlərin hazırlanması və onlara uyğun təhsil sistemindəki təlim-tərbiyə müəssisələrinin və təşkilatlarının binalarının təmiri və tikintisinin təmin edilməsi, eləcə də təcavüz nəticəsində işğal olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə müəssisələrinin bərpası və təchiz olunması ilə bağlı xüsusi proqramlar hazırlanmalıdır;

ümumtəhsil məktəbləri üçün Azərbaycan Respublikasının inşaat norma və qaydalarını hazırlamaq;

regional xüsusiyyətlər və milli memarlıq ənənələri əsasında birtipli məktəb binaları layihələrinin hazırlanmasını təmin etmək;

əyani tədris vəsaitlərini, təlimin texniki vasitələrini istehsal edən xüsusi sahələr və vahid nəşriyyat-poliqrafiya birliyi yaradılmalıdır;

təhsil sisteminin respublikada istehsal olunmayan əyani tədris vəsaitləri, təlimin texniki vasitələri və digər tədris avadanlıqları ilə təchizat Proqramı hazırlanmalıdır;

təhsil sistemi müəssisələrinin maddi-texniki bazasını beynəlxalq tələblər səviyyəsinə qaldırmaq məqsədi ilə tədris-kliniki baza, əczaxana, iaşə xidməti, sağlamlıq və idman sahələrini əhatə edən kampus tipli komplekslərin yaradılmasına başlanmalıdır.

2.7.Təhsilin iqtisadiyyatında

Təhsilin iqtisadiyyatında islahatlar dövrün tələbinə və iqtisadi imkanlarına uyğun aparılmalı və bütövlükdə respublikada gedən islahatların aparıcı tərkib hissələrindən biri olmalıdır.

Dövlət iqtisadiyyatda baş verən dəyişiklikdən asılı olmayaraq, təhsil sisteminin uzunmüddətli stabil inkişafına təminat verməli və təhsil prosesinin bütün iştirakçılarının sosial müdafiәsini təmin etməlidir.

İqtisadi münasibətlərdə baş verən dəyişikliklər, çoxukladlı mülkiyyət formalarının meydana gəlməsi, yeni maliyyə və vergi mexanizmlərinin tətbiqi, pul-kredit siyasətinin həyata keçirilməsi təhsilin iqtisadiyyatının korporativ əsaslarla yenidən qurulmasını və onun bu şəraitə uyğunlaşdırılmasını tələb edir.

Təhsilin iqtisadiyyatında islahatlar aşağıdakıları əhatə etməlidir:

ümumtəhsil müəssisələrinin şagirdlərinin sayına görə büdcədən maliyyələşmənin optimal həcmini müəyyənləşdirmək məqsədi ilə adambaşına maliyyələşmə normativlərini müəyyən etmək və həyata keçirmək;

yerli icra hakimiyyəti orqanlarına öz əlavə vəsaitləri hesabına ümumtəhsil müəssisələrinə dövlət büdcəsindən maliyyələşmə normativlərindən artıq maliyyə vəsaiti ayırma səlahiyyətinin verilməsi mexanizmini yaratmaq;

ümumtəhsil məktəblərinin öz maliyyə ehtiyatlarını artırmağı, təşəbbüskarlıq fəaliyyətini stimullaşdırmağı təmin edən yeni maliyyə mexanizmini yaratmaq;

peşə-ixtisas təhsili müəssisələrinin müəssisə və təşkilatların, ayrı-ayrı vətəndaşların birbaşa ödənişli sifarişləri əsasında mütəxəssis hazırlığı mexanizmini yaratmaq;

mütəxəssis hazırlığı istiqamət və ixtisasların əmək və kapital tutumundan, strateji əhəmiyyətliliyindən asılı olaraq bir tələbəyə çəkilən xərc normativləri sistemini müəyyən etmək və buna uyğun maliyyələşdirmə mexanizmini yaratmaq;

ali peşə-ixtisas təhsili müəssisələrinin struktur bölmələrinə müəssisədaxili maliyyə sərbəstliyi vermək mexanizmini yaratmaq;

müəssisə və təşkilatların sifarişləri üzrə uzunmüddətli müqavilələrə görə kadr hazırlığının və yenidən hazırlanmasının korporativ əsaslarla maliyyələşdirilməsi sistemini yaratmaq və təhsil müәssisәlәrinә mütəxəssis hazırlığına ödənişli təhsil haqqının həcminin müəyyən edilməsində sərbəstlik verilməsini təmin etmək;

təhsil müəssisələrində əmək haqqı fondunun dövlət büdcəsindən, qeyri-büdcə sferasından olan mənbələr və eləcə də mütəxəssis hazırlığı, tədris-metodiki, elmi-texniki məhsul və digər xidmətlərin reallaşdırılmasından əldə olunan vəsaitin hesabına formalaşması və xərclənməsi mexanizminin yaradılması;

təhsil sisteminin sponsorlarının, investorlarının, eləcə də bu sahə üçün məhsul istehsal edənlərin fəaliyyətini stimullaşdırmaq mexanizminin yaradılması;

təhsil müəssisələrinə malik olduqları əmək haqqı fonduna uyğun, eləcə də büdcədənkənar vəsait hesabına əmək haqqı sistemi və formalarını, miqdarını, əlavələri, mükafatları və digər maddi stimullaşdırma vəsaitlərini, habelə bütün kateqoriyalardan olan işçilərin vəzifə maaşlarının müqavilə əsasında təyin olunması mexanizmini yaratmaq;

təhsil sisteminin inkişafına məqsədli investisiyanın cəlb olunması və innovasiya fondunun təşkili Proqramını hazırlamaq;

təhsil sisteminin iştirakçılarının sosial müdafiәsi Proqramını hazırlamaq;

dövlət əhəmiyyətli təhsilin inkişaf proqramlarının və layihələrinin məqsədli ayırmalarla təmin edilməsi mexanizmini yaratmaq;

təhsilin inkişafı fondunun fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi tədbirlərini həyata keçirmək.

 

4. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

1 .Təhsil sisteminin yeni normativ hüquqi, iqtisadi və informasiya bazası yaradılacaq.

2.Müxtəlif yönüm və səviyyəli təhsil müəssisələrinin inteqrasiyası nəticəsində onların bazasında yeni tipli elm-təhsil mərkəzləri yaradılacaq, təhsil müəssisələri şəbəkəsi yenidən qurulacaqdır.

Bazar iqtisadiyyatının tələbatına uyğun təhsil sisteminin yeni strukturu yaradılacaq.

3.Ümumi və peşə təhsilinin bütün pillə və səviyyələrində dövlət təhsil standartlarına müvafiq təhsil proqramları və tədris planları yenidən hazırlanacaq.

Təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq.

4.Kadr hazırlığı və təhsil sektoru işçilәrinin çevikliyi, peşəkarlığı və rəqabət qabiliyyəti artırılacaq.

5.Təhsilin tədris, elmi-metodiki və informasiya təminatı real tələbata və strateji istiqamətlərə uyğun qurulacaq.

ö.Təhsil sistemində dövlət-ictimai və ictimai-dövlət xarakterli yeni idarəetmə modeli yaradılacaq.

Təhsilin dinamik inkişafmı və yüksək keyfiyyәtini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətinin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.

7.Təhsil sistemi müəssisələrinin təchizatının yeni mexanizmi, müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılacaq.

8.Təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi model yaradılacaq.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status