AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.02.1999
QEYDİYYAT NÖMRƏSİ
90
ADI
Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-1999, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 74)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.02.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında

Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Əhalinin sağlamlığının qorunması və daxili bazarın müdafiəsi ilə bağlı məsələlərin həllinə yönəlmiş "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli fərmanı bu sahədə dövlət nəzarətinin gücləndirilməsində, həmin məhsulların istehsalında və idxalında lisenziya qaydalarının, satışında aksiz markalarının tətbiqi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.

Eyni zamanda alkoqollu içkilərin və tütün məmulatının istehsalında, idxalında və satışında yaranmış vəziyyətin təhlili bu sahədə nöqsanların tam aradan qaldırılmadığını, o cümlədən qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınma, keyfiyyətsiz məhsul satışı hallarının hələ də davam etdiyini və onlarla mübarizənin lazımi səviyyədə təşkil olunmadığını göstərir.

Ona görə də Azərbaycan Respublikasında bazara aşağı keyfiyyətli alkoqollu içkilərin və tütün məmulatlarının daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə vergidən yayınma hallarına, qanunsuz istehsala və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək və dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədi ilə qərara alıram:

1. Ölkədə bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28 faizdən çox alkoqol olan) istehsalına, keyfiyyətinə və satış həcmlərinə, habelə bu Məhsulları istehsal edən müəssisələrdə avadanlığın növbələrarası və daha uzun müddət ərzində dayanması zamanı istehsal güclərinin qapanmasına nəzarəti həyata keçirmək məqsədi ilə həmin müəssisələrdə 1999-cu il mart ayının 1-dən gec olmayaraq dövlət nəzarəti tətbiq edilsin. Dövlət nəzarətinin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunsun. [1]

2. Alkoqollu içkilərin və tütün məmulatının pərakəndə satışı yalnız yaddaşlı kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri vasitəsilə həyata keçirilsin.

Bu məhsulların səyyar köşk və piştaxtalardan, avtomobil və digər özüyeriyən texniki vasitələrdən satışı qadağan edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

ölkədə istehlak olunan alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının keyfiyyətini yaxşılaşdırmaq və uçotdan yayınmanın qarşısını almaq məqsədi ilə bu məhsulların istehsalı və idxalı üçün lisenziyaların verilməsi qaydalarına bir ay müddətində yenidən baxsın və onların şərtlərini sərtləşdirsin; [2]

etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;

bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı salınmasının qarşısını almaq məqsədi ilə 1999-cu il mart ayının 1-dən bu malların idxalına onların gətirildiyi ölkədən asılı olmayaraq mütləq məbləğlə təsbit olunmuş gömrük idxal rüsumları tətbiq edilməsi barədə qərar qəbul etsin;

alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olan stasionar ticarət şəbəkələrinə tələbləri müəyyənləşdirsin. [3]

aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;

bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusuna görə "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, "Dövlət vergi xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara müəyyən edilmiş məsuliyyət növlərinin sərtləşdirilməsi məqsədi ilə həmin qanunlara müvafiq dəyişiklik və əlavələr edilməsi barədə təkliflərini iki ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, idxalına və satışına verilən lisenziyalarda nəzərdə tutulan tələblərə riayət olunmasına nəzarəti gücləndirsinlər. [4]

5. Müəyyən edilsin ki, bütün növ etil (yeyinti) spirtin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı və idxalı üzərində dövlət nəzarətinin aparılması üçün şərait yaratmayan, habelə lisenziyalarda göstərilən istehsal və idxal həcmlərini tam yerinə yetirməyənlərə verilən lisenziyalar ləğv edilir.

6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları alkoqollu içkilərin və tütün məmulatının ticarət qaydalarını, bu məhsulları satan ticarət obyektləri üçün müəyyən olunmuş tələbləri pozanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri həyata keçirsin. [5]

7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları ilə birlikdə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirsinlər. [6]

8. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ölkə ərazisindən hər cür nəqliyyat vasitələri ilə spirtin, alkoqollu içkilərin və tütün məmulatının tranzit daşımalarına nəzarəti gücləndirsinlər.

9. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqına" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzası aşağıdakı redaksiyada verilsin:

"Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

Aksiz markalarının dövriyyəsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir".

10. (Çıxarılıb) [7]

11. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışının lisenziyalaşdırılması 1999-cu il aprelin 1-dən tətbiq edilsin.

12. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın və digər kütləvi informasiya vasitələrinə tövsiyə olunsun ki, alkoqollu içkiləri, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı sahəsində qanun pozuntusu halları barədə məlumatları geniş işıqlandırsınlar.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasını təmin edən tədbirlər həyata keçirsin.

14. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 5 fevral 1999-cu il

                   № 90

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       24 avqust 2002-ci il tarixli 767 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487)

3.       23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)

4.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

5.       28 fevral 2007-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 100)

6.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

7.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

8.       22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537)

9.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

10.    16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

11.    7 noyabr 2016-cı il tarixli 1090 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1797)

12.    13 iyun 2019-cu il tarixli 739 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1031)

13.    4 avqust 2022-ci il tarixli 1800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 860)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 1-ci bənddə "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə" sözləri ilə əvəz edilmişdir.

28 fevral 2007-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 100) ilə 1-ci bəndinin ikinci cümləsində "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyi" sözləri əlavə edilmişdir.

14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 1-ci bəndində «Agentliyinə» sözü «Komitəsinə» sözü ilə əvəz edilmişdir.

13 iyun 2019-cu il tarixli 739 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1031) ilə 1-ci hissənin ikinci cümləsində “Kənd Təsərrüfatı Nazirliyinə” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

4 avqust 2022-ci il tarixli 1800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 860) ilə 1-ci hissənin ikinci cümləsində “Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə,” sözləri “İqtisadiyyat Nazirliyinə və” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 noyabr 2016-cı il tarixli 1090 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1797) ilə 3-cü hissəsinin birinci, ikinci və beşinci bəndləri, 4-cü, 5-ci və 11-ci hissələri ləğv edilmişdir.

 

[3] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 3-cü bəndin beşinci abzasından "və onların satışı üçün lisenziya verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olan stasionar ticarət şəbəkələrinə tələbləri müəyyənləşdirsin və onların satışı üçün lisenziya verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin.

 

[4] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 4-cü bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 4-cü bənddən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, idxalına və satışına verilən lisenziyalarda nəzərdə tutulan tələblərə riayət olunmasına nəzarəti gücləndirsinlər.

12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 4-cü bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilmişdir.

 

[5] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 6-cı bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

24 avqust 2002-ci il tarixli 767 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 487) ilə 6-cı bənddə "Ticarət Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 7-ci bənddə "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537) ilə 1-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 4-cü və 7-ci hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 4-cü və 7-ci hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.

4 avqust 2022-ci il tarixli 1800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 860) ilə 7-ci hissədən “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri çıxarılmışdır.

 

[7] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 10-cu bəndin dördüncü və altıncı abzasında "Ticarət Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 10-cu bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

10. "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"nın 10-cu və 11-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

 

10.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin:

a) istehsalı

b) idxalı

v) satışı

 

 

Kənd Təsərrüfatı Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

11.

Tütün məmulatının:

a) istehsalı

b) idxalı

v) satışı

 

Kənd Təsərrüfatı Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları".

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status