“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2021-ci il
№ 1497
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi (bundan sonra “Tərəflər”),
beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq,
30 oktyabr 2009-cu ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”dən irəli gələrək,
neft sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək,
Avropa İttifaqı ölkələrinə təbii qaz təchizatının şaxələndirilməsi üçün Cənub Qaz Dəhlizinin əhəmiyyətini dərk edərək,
alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığı inkişaf etdinnəyə çalışaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin məqsədi Tərəflər arasında öz səlahiyyətləri çərçivəsində energetika, neft-qaz sənayesi və alternativ və bərpa olunan enerji mənbələri (bundan sonra - energetika) sahələrində daha sıx əməkdaşlıq etmək və bu sahələrdə təsərrüfat subyektləri arasında Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasıdır.
Tərəflər həmçinin üçüncü ölkələrlə energetika sahəsində qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsini dəstəkləyirlər.
Maddə 2
1. Tərəflərin əməkdaşlıq məqsədinə nail olması xüsusi olaraq aşağıdakılar vasitəsilə həyata keçiriləcəkdir:
a. neft-qaz və neft-kimya, həmçinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və bioenerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi;
b. yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət məsələləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi;
c. energetika sahəsində qarşılıqlı fəaliyyət sahələrinin tənzimlənməsi məsələləri üzrə məlumat mübadiləsi;
d. alternativ və bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsi;
e. energetika sektorunda inkişaf mövzusunda birgə seminar, konfrans, forumların keçirilməsi;
f. energetika sektorunda qarşılıqlı maraq doğuran birgə layihələrin, xüsusilə də elmi-texniki tədqiqat layihələrinin tədqiqi və həyata keçirilməsinin dəstəklənməsi;
g. energetika sektorunda təhsilə və inkişafa yönəlmiş təlim kurslarının təşkilinin dəstəklənməsi;
h. hər iki Tərəfin dövlətlərinin energetika sektoruna investisiya qoyuluşunun inkişafı, elektroenergetika sahəsində yeni texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi və texniki enerji təhlükəsizliyinin, etibarlılığının artırılması üzrə əməkdaşlıq.
2. Tərəflər arasında qarşılıqlı maraq olduğu təqdirdə əməkdaşlığın forma və metodları və maliyyə öhdəliklərinə aid şərtlərə ayrıca müqavilələr bağlanıla bilər.
Birgə İşçi Qrup
1. Bu Sazişin 1-ci maddəsində göstərilən əməkdaşlığa dəstək məqsədilə Tərəflər energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrup yaradırlar.
2. Birgə İşçi Qrup Tərəflərin nümayəndələrindən ibarət olacaq və ildə bir dəfədən az olmayaraq və yaxud qarşılıqlı razılıq əsasında keçiriləcək iclasa digər qurum və təşkilat nümayəndələri də dəvət oluna bilər.
Maddə 4
Digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər
Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 5
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən və 7-ci maddəyə uyğun olaraq qüvvəyə minən istənilən dəyişikliklər edilə bilər.
Maddə 7
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq daxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə istənilən vaxt bu Sazişin qüvvəsini ləğv edə bilərlər. Bu Saziş digər Tərəfin belə bildirişi aldığı tarixdən altı ay sonra qüvvədən düşür.
3. Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Sazişin ləğv edilməsi onun çərçivəsində artıq başlanmış istənilən proqram və fəaliyyətlərin tamamlanmasına qədər onların etibarlığına və müddətinə təsir etmir.
Bakı şəhərində 2021-ci il 30 sentyabr tarixində, hər biri Azərbaycan, Çex və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının
|
Çex Respublikasının Sənaye və
|
Energetika Nazirliyi adından
|
Ticarət Nazirliyi adından
|
(imza)
|
(imza)
|