AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.09.2020
QEYDİYYAT NÖMRƏSİ
364
ADI
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-10-2020, Nəşr Nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2020, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1236)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202009300364
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.10.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 sentyabr 2020-ci il

                      № 364

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 30 sentyabr tarixli 364 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin (bundan sonra – layihə) maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra - Agentlik) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq həyata keçirir.

1.3. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən edilir.

1.4. Müsabiqələr aşağıda qeyd olunmuş sahələr üzrə həyata keçirilir:

1.4.1. təhsil layihələri;

1.4.2. elm layihələri;

1.4.3. tədqiqat layihələri;

1.4.4. dəstək layihələri.

1.5. Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar Agentliyin rəsmi internet saytında yerləşdirilir və bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.

 

2. Layihələrin maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər

 

2.1. Bu Qaydanın 1.1-ci bəndi ilə müəyyən olunmuş məqsədlər üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (bundan sonra – KOB subyektləri) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir.

2.2. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 (bir) layihə təqdim etmək hüququna malikdir.

2.3. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 (üç) aydan az, 12 (on iki) aydan çox olmamalıdır.

2.4. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri 20 000 (iyirmi min) manatdan çox olmamalıdır.

2.5. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

2.6. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə nağdsız qaydada ödənilir.

 

3. Təhsil layihələri

 

3.1. Təhsil layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak edilməsi, habelə KOB subyektlərinin və onların işçilərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur.

3.2. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

3.2.1. tədris-metodik maarifləndirici vəsaitlərin hazırlanması;

3.2.2. müxtəlif seminar, konfrans, təlim, treninq və praktiki təcrübə proqramlarının hazırlanması və təşkil edilməsi, habelə tədris, konsaltinq və maarifləndirmə dəstəyinin göstərilməsi;

3.2.3. startapçılar, sahibkar qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi üçün tədbirlərin təşkili və biliklərin verilməsi;

3.2.4. KOB subyektlərinin ali təhsil və peşə təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsi;

3.2.5. KOB subyektlərinin ehtiyaclarına uyğun olan ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi məqsədilə təhsil müəssisələri ilə birgə layihələrin hazırlanması.

 

4. Elm layihələri

 

4.1. Elm layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlıq sahəsində elmi biliklərin tətbiqi, KOB subyektlərinin elmi biliklərinin yaranması və inkişafı məqsədilə təşkil olunur.

4.2. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə elm layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

4.2.1. innovativ elm layihələrinin tətbiqi yolu ilə KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

4.2.2. elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

4.2.3. mikro, kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndirilmiş fəaliyyəti əks etdirən elmi işləri əhatə edən layihələr;

4.2.4. KOB subyektlərinin sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələr ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi;

4.2.5. mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli elmyönümlü konfrans, simpozium, seminar və digər tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi, habelə xaricdə elm sahəsində keçirilən tədbirlərdə iştirakın dəstəklənməsi.

 

5. Tədqiqat layihələri

 

5.1. Tədqiqat layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın innovativ inkişafına, KOB subyektlərinin fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik, sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi, araşdırılması, tədqiqat aparılması, bu sahələr üzrə təlim və seminarların təşkil edilməsi və keçirilməsi, habelə təhsil müəssisələri ilə əlaqələrin qurulması məqsədilə təşkil olunur.

5.2. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə tədqiqat layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

5.2.1. KOB subyektlərinin innovativ inkişafını əhatə edən tədqiqat işlərinin aparılması;

5.2.2. KOB subyektləri tərəfindən istehsalat sahəsində tədqiqat işlərinin aparılması və nəticələrinin tətbiq edilməsi;

5.2.3. mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə maraqlı şəxslərin tədqiqat sahəsində iştirakının stimullaşdırılması məqsədilə təlim və seminarların təşkil edilməsi və keçirilməsi;

5.2.4. mikro, kiçik və orta sahibkarlığın, habelə KOB subyektlərinin inkişafına, onların istehsalının artırılmasına və fəaliyyətinin genişləndirilməsinə yönəldilmiş layihələr;

5.2.5. KOB subyektlərinin istehsal fəaliyyətinə təsir göstərən vasitələrin öyrənilməsi və ya xüsusiyyətlərinin araşdırılması və tədqiq edilməsi üçün həyata keçirilən layihələr;

5.2.6. tədqiqat və istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, tədqiqat sahəsində təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi.

 

6. Dəstək layihələri

 

6.1. Dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə tətbiq olunan yeni mexanizmlərin, innovativ layihələrin həyata keçirilməsi, KOB subyektlərinin faydalanacağı layihələrin icrası, startap layihələrinin dəstəklənməsi məqsədilə təşkil olunur.

6.2. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə dəstək layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

6.2.1. beynəlxalq təcrübənin öyrənilməsi, audit, sənədləşmə, patentlərin alınması, menecment və logistik xidmətlərinin təşkili;

6.2.2. KOB subyektləri tərəfindən istehsal olunan məhsulların analizi və testi məqsədilə laboratoriya xidmətlərinin təşkilinə dəstək;

6.2.3. KOB subyektlərinin fəaliyyətində kadr potensialının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə keçirilən tədbirlərdə iştiraka dəstək;

6.2.4. istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstək;

6.2.5. innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, istehsal məhsullarının (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviq olunmasına dəstək;

6.2.6. KOB subyektlərinin yüksək texnoloji və innovativ imkanlardan faydalanmasına, fəaliyyətində müvafiq texnologiyaların tətbiqinə və zərurət olduğu halda, həmin subyektlərə ekspert ayrılmasına dəstək.

 

7. Müsabiqədə iştirak

 

7.1. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş üsulla layihələrin seçilməsi Agentlik tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçirilir.

7.2. Müsabiqə Agentlik tərəfindən təqvim ili ərzində iki dəfədən çox olmayaraq təşkil edilir.

7.3. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

7.4. Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılması tarixinə ən azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, dövri mətbuatda yerləşdirilir.

7.5. Müsabiqənin keçirilməsi müddəti 2 (iki) təqvim ayından artıq ola bilməz.

7.6. Müsabiqədə iştirak üçün layihələrin qəbul edilməsi müsabiqənin başlanılması tarixinə 1 (bir) gün qalmış dayandırılır.

7.7. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar göstərilir:

7.7.1. Bu Qaydanın 7.9-cu bəndində göstərilmiş sənədlərin siyahısı;

7.7.2. müsabiqənin keçirildiyi sahələr;

7.7.3. müsabiqənin başlanılması və bitməsi tarixi;

7.7.4. müsabiqəni təşkil edən qurumun adı, ünvanı və əlaqə vasitələri barədə məlumatlar;

7.7.5. müsabiqədə iştirak üçün müraciət olunacaq və müsabiqənin keçiriləcəyi yerin ünvanı;

7.7.6. layihənin həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaitinin həcmi;

7.7.7. müsabiqədə iştirak barədə müraciətin müddəti və son tarixi.

7.8. Agentlik tərəfindən keçirilən əvvəlki müsabiqələrin nəticələrinə görə maliyyələşdirilmiş eyniməzmunlu layihələr təkrar müsabiqəyə buraxılmır.

7.9. Müsabiqədə iştirak üçün aşağıda qeyd edilmiş sənədlər tələb olunur:

7.9.1. Agentlik tərəfindən tərtib edilmiş müraciət forması;

7.9.2. müsabiqəyə təqdim olunan layihə;

7.9.3. layihənin büdcəsinin maliyyə əsaslandırılması;

7.9.4. KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

7.9.5. müraciət edən hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

7.10. Bu Qaydada nəzərdə tutulmuş sahələr üzrə müsabiqədə iştirak üçün bu Qaydanın 7.9-cu bəndində göstərilən sənədlər “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada və ya kağız daşıyıcılarda birbaşa Agentliyə təqdim olunur.

7.11. Elan müddəti ərzində müsabiqəyə təqdim olunan bütün layihələr təqdim edildiyi gün Agentlik tərəfindən qeydiyyata alınır və bu barədə müraciət edənə məlumat verilir. Qeydiyyata alınmış layihələr müsabiqənin başlanıldığı gün layihələrin ekspertizasının keçirilməsi məqsədilə ekspert komissiyasına təqdim edilir.

7.12. Müsabiqəyə təqdim olunan layihədə aşağıdakılar göstərilir:

7.12.1. layihənin və bu Qaydanın 1.4-cü bəndində qeyd olunmuş sahənin adı;

7.12.2. layihənin əsas hədəfi;

7.12.3. layihənin rəhbəri və icraçıları haqqında məlumat;

7.12.4. layihənin vəzifələri, onların yerinə yetirilməsinin vaxtı və mərhələləri göstərilməklə həyata keçiriləcək tədbirlər, gözlənilən nəticələr, vəzifələrin və tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər;

7.12.5. layihənin xərclər smetası.

7.13. Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

7.14. Agentlik müsabiqəni elan etdiyi tarixdən başlayaraq, layihələrin tərtibatı və tələb olunan sənədlərlə bağlı yaranan sualların cavablandırılması, məsləhətlərin verilməsi və təlimatların hazırlanması üzrə işləri təşkil edir.

 

8. Layihələrin ekspertizası

 

8.1. Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi müsabiqəyə təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir.

8.2. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası iki mərhələdən ibarətdir:

8.2.1. layihələrin ilkin ekspertizası;

8.2.2. layihələrin qiymətləndirilməsi.

8.3. Müsabiqəyə təqdim olunan layihələr 30 (otuz) təqvim günü müddətində ilkin ekspertizadan keçirilir.

8.4. Layihələrin ilkin ekspertizası ekspert komissiyası tərəfindən həyata keçirilir.

8.5. Ekspert komissiyası 7 (yeddi) nəfər üzvdən ibarət olan kollegial orqandır. Ekspert komissiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2 (iki) il müddətinə yaradılır. Ekspert komissiyasının sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri tərəfindən təyin edilir. Ekspert komissiyasının üzvləri müsabiqəyə təqdim olunmuş layihələrdə rəhbər və ya icraçı qismində iştirak edə bilməzlər.

8.6. Ekspert komissiyası tərəfindən ilkin ekspertizası aparılan layihələrə dair yekun qərar ekspert komissiyasının üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Ekspert komissiyasının iclasları onun sədri və ən azı digər 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətlidir. Ekspert komissiyasının üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər. Ekspert komissiyasının üzvləri tərəfindən verilmiş səslərin sayı bərabər bölünərsə, ekspert komissiyasının sədrinin səsi həlledici hesab edilir.

8.7. Ekspert komissiyası layihələrin ilkin ekspertizası zamanı aşağıdakı tədbirləri həyata keçirir:

8.7.1. Agentlik tərəfindən qeydiyyata alınmış layihələri bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq sahələr üzrə qruplaşdırır;

8.7.2. müsabiqəyə təqdim edilmiş layihənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaya uyğunluğunu müəyyən edir;

8.7.3. müsabiqəyə təqdim olunmuş layihənin aktuallığını və faydalılığını yoxlayır;

8.7.4. təqdim olunmuş layihələrdən təkrar və ya oxşar olanları müəyyən edir;

8.7.5. layihəni müsabiqəyə təqdim etmiş şəxslərin Agentliyin maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrinin icra vəziyyətini araşdırır;

8.7.6. müəllif hüququ (patent hüququ) ilə əlaqədar yaranan məsələlərin həlli məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciətin ünvanlanması üçün tədbirlər görür;

8.7.7. müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizasını həyata keçirir və bu Qaydanın 8.8-ci bəndində göstərilən arayışı hazırlayır.

8.8. İlkin ekspertizanın nəticələri ilə bağlı hər bir layihəyə dair ekspert komissiyası tərəfindən arayış hazırlanır və ekspert komissiyasının rəhbəri tərəfindən Agentliyə təqdim edilir.

8.9. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizasının ikinci mərhələsi çərçivəsində Agentlik bu Qaydanın 8.8-ci bəndində göstərilən arayışı nəzərə almaqla aşağıdakı tədbirləri görür:

8.9.1. layihələri müzakirə edir, ictimai əhəmiyyətini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;

8.9.2. layihələrin büdcəsinin uyğunluğuna baxır;

8.9.3. hər bir layihə üzrə maliyyələşdirilmənin aparılması və ya imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

8.10. Ekspertizası keçirilən layihələr ekspertizanın hər iki mərhələsində aşağıdakı meyarlara uyğun olaraq qiymətləndirilir:

8.10.1. layihənin məqsəd və vəzifələrinin aydınlığı;

8.10.2. layihənin mövzusunun aktuallığı;

8.10.3. layihənin innovativliyi;

8.10.4. layihədə mikro, kiçik və orta sahibkarlığın ölkənin sosial-iqtisadi inkişaf tendensiyalarına uyğun olması;

8.10.5. layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri;

8.10.6. müsabiqəyə təqdim edilmiş layihənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaya uyğunluğu;

8.10.7. layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyası;

8.10.8. praktiki məqsədlər üçün tətbiq imkanları;

8.10.9. layihənin iki və ya daha çox şəxs tərəfindən təqdim edilməsi;

8.10.10. layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;

8.10.11. layihənin büdcəsinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə uyğun olaraq hazırlanması;

8.10.12. layihənin icra vəziyyətinin qiymətləndirilməsi üçün təklif olunan monitorinq mexanizmlərinin mükəmməllik səviyyəsi;

8.10.13. layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu;

8.10.14. layihə icraçısının müvafiq sahədə təcrübəsi.

8.11. Müsabiqəyə təqdim olunmuş və ekspertiza mərhələlərini müvəffəqiyyətlə keçmiş layihələrin maliyyələşdirilməsi barədə Agentlik tərəfindən qərar qəbul edilir. Layihənin maliyyələşdirilməsi barədə qərarda layihəni təqdim etmiş şəxs haqqında məlumatlar, layihənin adı, məbləği və icra müddəti göstərilir.

8.12. Agentlik aşağıdakı hallarda müsabiqəyə təqdim edilmiş layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərar qəbul edir:

8.12.1. müsabiqəyə təqdim edilmiş layihə və ona əlavə olunmuş sənədlər bu Qaydaya uyğun olaraq tərtib edilmədikdə;

8.12.2. müsabiqəyə təqdim edilmiş layihə və ona əlavə edilmiş sənədlər bu Qaydaya uyğun olaraq aparılan qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş layihə hesab edilmədikdə;

8.12.3. müsabiqəyə təqdim edilmiş layihənin icrası tələb olunan büdcə ilə uyğunluq təşkil etmədikdə;

8.12.4. eyniməzmunlu layihələrin Agentlik tərəfindən artıq maliyyələşdirildiyi hallarda.

8.13. Agentlik tərəfindən layihənin maliyyələşdirilməsinə və ya maliyyələşdirilməsindən imtina edilməsinə dair qərar barədə məlumat müsabiqə iştirakçısına elektron məktub və ya digər vasitələrlə çatdırılır.

8.14. Layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.

8.15. Layihəni təqdim edən şəxs layihənin maliyyələşdirilməsindən imtina edilməsi barədə qərardan inzibati icraat və ya məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.

8.16. İştirakçılar müsabiqəyə təqdim etdiyi, lakin maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihələrini təkmilləşdirməklə, növbəti müsabiqələrə yenidən təqdim edə bilərlər.

 

9. Layihələrin icrası şərtləri

 

9.1. Müsabiqədən keçmiş layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən bu Qaydanın 10-cu hissəsində göstərilən maliyyələşmə mənbələri hesabına təmin edilir.

9.2. Maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı Agentliklə müsabiqəyə layihəni təqdim etmiş şəxs arasında layihənin maliyyələşdirilməsi haqqında müqavilə (bundan sonra–müqavilə) bağlanılır. Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın müddəaları nəzərə alınmaqla, Agentlik tərəfindən hazırlanır, tərəflərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq müvafiq qeydiyyat orqanına təqdim olunması üçün eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır.

9.3. Müsabiqənin nəticələri elan edildikdən sonra Agentlik müqavilənin imzalanması tarixini müəyyən edir.

9.4. Müqavilədə tərəflərin hüquq və vəzifələri, layihənin məqsədi, qısa məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, layihənin icra edilməsi mərhələləri və icra müddəti, Agentliyin və layihəni təqdim etmiş şəxsin məlumatları, layihənin icra ediləcəyi inzibati ərazi vahidi, gözlənilən nəticələr və tətbiq imkanları, layihənin maliyyələşdirilmə həcmi və qaydası barədə məlumatlar, habelə bu Qaydanın 11-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş layihə monitorinqinin keçirilməsi və hesabatların təqdim edilməsi barədə müddəalar öz əksini tapır.

9.5. Agentliyə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə ödənişlər 2 (iki) mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra vəsaitin 70 (yetmiş) faizi, layihənin tam icrası ilə bağlı yekun hesabat təqdim edildikdən sonra isə vəsaitin qalan 30 (otuz) faizi layihəni təqdim edən şəxsin müvafiq bank hesabına köçürülür.

9.6. Yerinə yetirilmiş layihə üzrə yekun hesabat layihə rəhbəri tərəfindən baxılması üçün Agentliyə təqdim olunur. Agentlik layihə üzrə yekun hesabatı qiymətləndirmək məqsədilə sözügedən hesabatı ekspert komissiyasına göndərmək hüququna malikdir.

9.7. İlkin, aralıq və yekun hesabatların təhlili nəticəsində layihənin bu Qaydanın 7.12-ci bəndi ilə müəyyən edilmiş göstəricilərə uyğun gəlmədiyi müəyyən edildikdə, Agentliyin əsaslandırılmış qərarına əsasən layihənin maliyyələşdirilməsi dayandırılır və bu Qaydanın 9.8-ci bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

9.8. Layihə üçün ayrılmış vəsait tam istifadə edilmədikdə, qalıq məbləğ və ya təyinatı üzrə xərclənmədiyi aşkar edildikdə, tam məbləğ Agentliyin hesabına qaytarılır. Agentlik bu hallarla əlaqədar məbləğin qalıq və ya tam hissəsinin ödənilməsi məqsədilə müraciət edən şəxsə tələb məktubu göndərir. Müraciət edən şəxs tərəfindən tələb məktubu icra edilmədikdə və qalıq və ya tam məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

9.9. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ layihənin icra müddəti bitdikdən sonra Agentliyin hesabına qaytarılır.

 

10. Layihələrin maliyyələşdirilməsi mənbələri

 

10.1. Agentlik tərəfindən layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edildiyi təqdirdə, layihənin maliyyələşdirilməsi aşağıda göstərilən maliyyə mənbələri hesabına həyata keçirilir:

10.1.1. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitlər;

10.1.2. Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsaitlər;

10.1.3. beynəlxalq təşkilatların verdikləri kreditlər, qrantlar, texniki və maliyyə yardımları;

10.1.4. sahibkarlıq subyektlərinin bu məqsədlər üçün ayırdıqları vəsaitlər;

10.1.5. xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

 

11. Layihələrin monitorinqi və hesabatı

 

11.1. Agentlik maliyyələşdirdiyi qalib layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

11.2. Bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi məqsədilə Agentlik maliyyələşdirdiyi layihələr üzrə ilkin, aralıq və yekun hesabatlar tələb etmək, monitorinqlər keçirmək və qiymətləndirmə aparmaq hüququna malikdir.

11.3. Hesabatlar Agentliyin təsdiq etdiyi formada Azərbaycan dilində tərtib edilir.

11.4. Agentlik hesabatları aldığı tarixdən 1 (bir) ay ərzində yoxlayır, təsdiq edir və bu barədə layihə rəhbərini rəsmi qaydada məlumatlandırır.

11.5. Müsabiqəyə təqdim edilmiş layihələr, onlara əlavə edilmiş sənədlər və onlara dair verilmiş rəylər və məlumatlar kommersiya sirridir və onların ictimaiyyətə, həmçinin üçüncü şəxslərə açıqlanmasına “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yol verilir.

 

12. Yekun müddəalar

 

12.1. Layihələrin hazırlanması, ərizə və digər sənədlərin düzgün doldurulması məqsədilə Agentlik tərəfindən təlim, məsləhət və seminar xarakterli tədbirlər təşkil edilir.

12.2. Müsabiqələrlə bağlı məlumatlar daima yenilənməklə, Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status