AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.12.1997
QEYDİYYAT NÖMRƏSİ
421-IQ
ADI
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1998, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 136)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

Azərbaycan RespublİkasInIn QanunU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:                      

1.   “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2.   Əsasnamə dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 30 dekabr 1997-ci il

№ 421-IQ

 


 

 

 

Azərbaycan Respublikası Milli Məclisinin

1997-ci il 30 dekabr tarixli 421-IQ saylı Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında

 

ƏSASNAMƏ

 

1. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir. [2]

2. Xüsusi sənədlərin aşağıdakı növləri vardır: [3]

a) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

c) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

d) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi. [4]

Bu maddənin “a” və “b” bəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. [5]

Bu maddənin “d” bəndində göstərilən sənədin verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilir. [6]

3. Hər bir vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini etibarlı saxlamağa borcludur.

4.            Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, sahibinin soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanının adı və verilmə tarixi göstərilir.

5.            Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində bu Əsasnamənin 4-cü maddəsində göstərilən məlumatlardan başqa onun ailə vəziyyəti, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası göstərilir və fotoşəkli əks olunur. Həmin şəxsiyyət vəsiqəsində şəxsin valideynlərinin soyadı və adı əvəzinə yalnız atasının adı göstərilir. [7]

6. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində Azərbaycan dövlətinin adı, dövlət gerbi, ölkənin kodu, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, hansı ölkədən gəldiyi, doğulduğu yer və tarix, cinsi, qan qrupu, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix, şəxsiyyət vəsiqəsinə aid tələblər göstərilir və şəxsiyyət vəsiqəsi sahibinin fotoşəkli əks olunur.

7.            Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan hər bir şəxsə 16 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsinin verilməsi barədə onun qanuni nümayəndəsinin Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 3 saylı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi əsasında bu barədə müraciət olunduğu vaxtdan bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. [8]

8.            Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsə 16 yaşına çatdıqdan sonra  şəxsiyyət vəsiqəsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin şəxsiyyət vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 4 saylı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi əsasında bu barədə müraciət olunduğu vaxtdan bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. [9]

9.            Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə onun özü və valideynlərindən biri və ya qanuni nümayəndəsi tərəfindən imzalanır.

10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə həmin şəxsdən qanunvericiliklə müəyyən edilmiş sənədləri tələb etməlidir. Bu zaman o:

16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsin doğum haqqında şəhadətnaməsini və qan qrupu haqqında tibbi arayışı;

16 yaşına çatdıqdan sonra  vətəndaşlığı olmayan şəxsin qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayışı;

şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah haqqında şəhadətnaməni, lazım olarsa, qanuni nümayəndələrinin hüquqlarını təsdiq edən sənədi nəzərdən keçirir.

11. 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsindən ötrü bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və qanunvericilikdə nəzərdə tutulmuş başqa sənədlərlə birlikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Fotoşəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat şəxsiyyət vəsiqəsini verən müvafiq icra hakimiyyəti orqanının binasında görünən yerdə asılmalıdır.

12. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüter sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizəni (16 yaşına çatmış vətəndaşlığı olmayan şəxs üçün fotoşəkillə birlikdə) 3 gün ərzində xüsusi rabitə vasitəsi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzə göndərir.

14. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi 15 gün ərzində regional mərkəzdə xüsusi texniki vasitələrlə fərdi olaraq hazırlanır və onu almaq üçün müraciət etmiş şəxsə verilməsi üçün vətəndaşlığı olmayan şəxsin yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanına qaytarılır.

Vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci bir ay keçənədək onun yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanının rəhbəri şəxsiyyət vəsiqəsinin verilməsini təmin etməlidir və buna görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün verilən şəxsiyyət vəsiqəsində hər hansı qeydlərin aparılması qadağandır.

16. Vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir və ya vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə həmin vəziyyəti təsdiq edən sənədi təqdim edərək müvafiq hal baş verəndən sonra bir ay ərzində Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

17. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi dəyişdirildikdə bu Əsasnamənin 7, 8, 10—14-cü maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir və ya onun Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, göstərilən vəsiqə yararsız hala düşdükdə bu vəsiqəni dəyişdirmək üçün — Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi; vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədlər; vətəndaşlığı olmayan şəxsin yaşayış yeri dəyişdikdə — yaşayış yeri barədə müvafiq sənədlər, bu Əsasnamənin 7, 8 və 12-ci maddələrində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.

18. Vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal həmin vəsiqəni verən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsini bildirən vətəndaşlığı olmayan şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, vətəndaşlığı olmayan şəxs onu dərhal şəxsiyyət vəsiqəsini vermiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə itirilmiş vəsiqə etibarsız hesab edilərək müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün yeni şəxsiyyət vəsiqəsi verilir.

Tapılmış şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir.

19. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaşlığı olmayan şəxs bu barədə cinayətin baş verdiyi yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

Belə ərizənin qəbul olunması haqqında vətəndaşlığı olmayan şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsasdır.

20. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Qeydiyyata alınma qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

21. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi verilməsindən ötrü sənədlər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına onun qohumları və ya qəyyumları tərəfindən təqdim edilir. Əgər belə şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi yoxdursa, onda şəxsiyyət vəsiqəsi belə şəxsə həmin müəssisədən çıxdıqdan sonra verilir.

22. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləriseçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. [10]

Müvəqqəti alınmış şəxsiyyət vəsiqəsi, haqqında cinayət işinin icraatına xitam verilmiş vətəndaşlığı olmayan şəxslərə məhkəmə və ya istintaq orqanları tərəfindən, cəzasını çəkib qurtarmış və ya cəzadan azad edilmiş vətəndaşlığı olmayan şəxslərə isə, müvafiq olaraq məhkəmə və ya məhkəmə qərarlarını icra edən orqanlar tərəfindən dərhal qaytarılır.

23. Bu Əsasnamənin 22-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsinin vətəndaşlığı olmayan şəxsdən alınması və girov götürülməsi qəti qadağandır.

24. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (3 saylı əlavə) əsasında bu barədə müraciət olunduğu vaxtdan ən geci bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

25. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə aşağıdakı sənədləri tələb etməlidir:

vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini;

qan qrupu haqqında tibbi arayışı.

Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicə edilməsinin vacibliyini, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyini və ya ölümünü təsdiq edən sənədləri.

26. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə vətəndaşlığı olmayan şəxsin ərizəsi üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüter sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

26-1. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə xüsusi sənədlərin verilməsi və dəyişdirilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşlığı olmayan şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir. [11]

27. Şəxsin ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin qərarı ilə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir. [12]

Dövlət sirri ilə işləməyə buraxılmış vətəndaşlığı olmayan şəxsin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir. [13]

Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnu məhdudlaşdıran əsaslar qanunla müəyyən edilmiş qaydada aradan qalxdıqdan sonra vətəndaşlığı olmayan şəxs öz hüququnu həyata keçirə bilər.

28. Müvəqqəti olaraq ölkədən gedən vətəndaşlığı olmayan şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun: valideynlərinin, ərinin, arvadının, uşaqlarının, doğma qardaş və bacılarının ağır xəstəliyi və ya ölümü və ya digər müstəsna hallar vəsiqənin təcili olaraq verilməsi haqqında ərizələrin növbədənkənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərlə təsdiq olunmalıdır:

a) təcili olaraq müalicə üçün xaricə getmə zərurətini təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məktubu; [14]

b) təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici tibb təşkilatının məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə müalicə müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

c) qohumunun ağır xəstəliyini və ya ölüm faktını təsdiq edən xaricdən daxil olmuş və müvafiq qaydada təsdiq olunmuş teleqraf məlumatı.

Vətəndaşlığı olmayan şəxs ərizəni və belə halları təsdiq edən sənədləri təqdim etdikdən sonra müvafiq icra hakimiyyəti orqanının rəhbəri bu Əsasnamənin 26—28-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq vətəndaşlığı olmayan şəxsə 48 saat ərzində xaricə birdəfəlik gediş-gəliş üçün əl ilə doldurulmuş vəsiqənin verilməsini təmin etməlidir və buna görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

29. Bir qayda olaraq, 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxs qanunla müəyyən edilmiş qaydada ölkədən bu Əsasnamənin 24-cü maddəsində göstərilənlər istisna olmaqla yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə və onların Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinə yazılmaqla və fotoşəkilləri yapışdırılıb möhürlə təsdiqlənməklə gedə bilər.

30. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi həmin şəxsin müvəqqəti getdiyi hər hansı bir xarici ölkədə itdikdə, yararsız hala düşdükdə və oğurlandıqda vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.

31. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra – “əcnəbi”) nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilir. [15]

32. Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqədə onun seriyası və nömrəsi, əcnəbinin soyadı və adı tam şəkildə, onun doğulduğu yer və tarix, vətəndaşlıq mənsubiyyəti, cinsi, vəsiqə sahibinin şəxsi imzası, vəsiqəni verən orqanın adı və verilmə tarixi göstərilir və fotoşəkli yapışdırılır.

33. Əcnəbi müraciət etdikdən sonra 3 gün müddətində onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (4 saylı əlavə) əsasında və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, ona yaşadığı yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin qeydiyyata  alınması haqqında vəsiqə verilir.

34. Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

a) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddətinə;

b) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün – 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə; [16]

c) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə - icazədə göstərilmiş müddətə. [17]

35. Azərbaycan Respublikasına işləməyə gələn diplomatlara və diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatların nümayəndəliklərində işləməyə gələn əcnəbilərə və onların ailə üzvlərinə, habelə digər əcnəbilərə əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

36. Bu Əsasnamənin tələblərinə zidd olaraq əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilməsindən əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. [18]

37. Bu Əsasnamənin tələblərinə zidd olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə , habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə xüsusi sənədlərin verilməsindən imtina edilməsində, onların verilməsi üçün vətəndaşlığı olmayan şəxsdən və əcnəbidən nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya bu sənədlərin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [19]

38. Bu Əsasnaməyə uyğun olaraq, vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə verilmiş sənədlər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. [20]

39. Bu Əsasnamədə nəzərdə tutulmuş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədlərinin fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. [21]

Verilmiş xüsusi sənədlər, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. [22]

 

 


 

 

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə

1 SAYLI Əlavə [23]

 

 

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında

ƏRİZƏ-ANKET

 

I. Vətəndaşlığı olmayan şəxsin valideyni və ya qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:

1. Şəxsiyyət vəsiqəsi sahibinin:

1.1. Soyadı

1.2. Adı

1.3. Atasının soyadı və adı

1.4. Anasının soyadı və adı

1.5. Doğulduğu yer

1.6. Doğulduğu tarix

1.7. Cinsi

1.8. Qan qrupu

1.9. Hansı ölkədən gəlmişdir

1.10. Yaşayış yeri

2. Ərizəçinin:

2.1. Soyadı

2.2. Adı

2.3. Atasının adı

2.4. 16 yaşa çatmamış vətəndaşlığı olmayan şəxsə aidiyyəti

2.5. Yaşadı­ğı yer

3. Ərizəçinin xüsusi qeydi

4. Ərizəçinin imzası

5. Tarix

 

 

 


 

 

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə

2 SAYLI Əlavə [24]

 

 

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında

ƏRİZƏ-ANKET

 

I. Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:

1. Şəxsiyyət vəsiqəsi sahibinin:

1.1. Soyadı ( habelə əvvəlki soyadı)

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Qan qrupu

1.8. Boyu

1.9. Gözlərinin rəngi

1.10. Hansı ölkədən gəlmişdir

1.11. Yaşayış yeri

1.12. Şəxsi imzası

2. Şəxsiyyət vəsiqəsi sahibinin ailə vəziyyəti - subay: hə - yox ; uşağı varsa, onun:

 

Soyadı və adı

Doğulduğu tarix

Cinsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilirsə onun:

3.1. Soyadı

3.2. Adı

3.3. Atasının adı

3.4. Yaşadığı yer

4. Ərizəçinin xüsusi qeydi

5. Ərizəçinin imzası

6. Tarix

 

 

 


 

 

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə

3 saylı Əlavə [25]

 

 

Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında

ƏRİZƏ-ANKET

 

I.             Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququ verən şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm.

1. Şəxsiyyət vəsiqəsi sahibinin:

1.1. Soyadı ( habelə əvvəlki soyadı)

1.2. Adı

1.3. Atasının adı

1.4. Doğulduğu yer

1.5. Doğulduğu tarix

1.6. Cinsi

1.7. Qan qrupu

1.8. Hansı ölkədən gəlmişdir

1.9. Yaşayış yeri

1.10. Şəxsi imzası

1.11. 18 yaşına çatmamış uşağı varsa onun:

 

Soyadı və adı

doğulduğu tarix

cinsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilirsə onun:

2.1. Soyadı

2.2. Adı

2.3. Atasının adı

2.4. Yaşadığı yer

3. Ərizəçinin xüsusi qeydi

4. Ərizəçinin imzası

5. Tarix

 

 

 


 

 

“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə

4 saylı Əlavə [26]

 

 

Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin verilməsi barədə

ƏRİZƏ-ANKET

 

I.             Əcnəbi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin verilməsini xahiş edirəm:

1. Əcnəbinin:

1.1. Soyadı və adı

1.2. Doğulduğu yer

1.3. Vətəndaşlığı

1.4. Doğulduğu tarix (gün, ay, il)

1.5. Cinsi

1.6. Hansı ölkədən gəlmişdir

1.7. Məşğuliyyət növü (“dövlət qulluğu”, “sahibkarlıq fəaliyyəti” və s.)

1.8. Viza müddəti

 1.9. Yaşadığı ölkə

1.10. Şəxsi imzası

II.            Qeydiyyata alınma haqqında vəsiqəni verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən doldurulan hissə:

a) Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı tərəfindən əcnəbinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

2. Müvafiq icra hakimiyyəti orqanının adı

3. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669)

2.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

3.       23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)

4.       20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933)

5.       9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

6.       24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701)

7.       2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886)

8.       24 fevral 2009-cu il tarixli 770-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 211)

9.       30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519)

10.    15 noyabr 2011-ci il tarixli 231-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, № 270, “Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1087)

11.    13 dekabr 2011-ci il tarixli 267-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 49)

12.    5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231)

13.    29 oktyabr 2013-cü il tarixli 794-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2013-cü il, № 255; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1309)

14.    17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338)

15.    12 oktyabr 2018-ci il tarixli 1284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1980)

16.    23 aprel 2021-ci il tarixli 304-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 544)

17.    20 dekabr 2022-ci il tarixli 721-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə Qanunun adında, 1-ci maddəsində və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adında “və əcnəbilərin” sözləri “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri ilə əvəz edilmişdir.

 

5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231) ilə Qanunun adından, 1-ci maddəsindən və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adından “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılmışdır.

 

[2] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,