AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.09.2020
QEYDİYYAT NÖMRƏSİ
1151
ADI
Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-09-2020, Nəşr Nömrəsi: 182), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2020, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1141)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.09.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202009091151
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.09.2020
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi Daxili Məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

 

Şuranın sədri

 

Azərbaycan Respublikasının Baş Naziri

 

Şuranın üzvləri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.

 

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilsin. [1]

4. Müəyyən edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şuraya tapşırılsın ki:

5.1. ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959, № 12 (I kitab), maddə 2593) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 9 sentyabr 2020-ci il

                   №1151

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 iyun 2022-ci il tarixli 1709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 593)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 iyun 2022-ci il tarixli 1709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 593) ilə 3-cü hissədə “Mərkəzi Bankına tövsiyə” sözləri “Nazirlər Kabinetinə həvalə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status