×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.07.2020
QEYDİYYAT NÖMRƏSİ
2178
ADI
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-07-2020, Nəşr Nömrəsi: 147), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 942)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32202007272178
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.07.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.

Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya):

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin;

3.2. suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etsin;

3.3. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin etsin. [1]

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının 4.5-ci, 4.6-cı, 5.1-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etsin;

4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etsin. [2]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyul 2020-ci il

   2178

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün

TƏDBİRLƏR PLANI

 

Tədbirin adı

İcraçılar

İcra müddəti

1. Su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi və onlardan davamlı istifadə

1.1.

Su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və bununla bağlı məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020–2022

1.2.

Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, istismarı, ölçmələrə nəzarətin həyata keçirilməsi və bununla bağlı məlumatların onlayn rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-ci ilin avqust–dekabr ayları

1.3.

Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi

2020-ci ilin avqust–dekabr ayları

1.4.

Ölkənin əsas hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi və müvafiq təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC, “Azmelsutəsərrüfat” ASC

2020–2022

1.5.

Hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfi təsirin qarşısının alınması baxımından qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2020-ci ilin avqust–sentyabr ayları

1.6.

Alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları

2020-ci ilin avqust–oktyabr ayları

1.7.

Ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC

2020-ci ilin avqust–dekabr ayları

1.8.

Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Metropoliteni” QSC, “Azərsu” ASC, Bakı Şəhər İcra Hakimiyyəti

mütəmadi

1.9.

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC

2020-ci ilin avqust–oktyabr ayları

1.10.

Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması

Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərenerji” ASC

2020-ci ilin avqust–dekabr ayları

2. Su təsərrüfatının elektronlaşdırılması, uçotun təkmilləşdirilməsi və informasiya təminatı

2.1.

“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında əsasnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-ci ilin avqust–dekabr ayları

2.2.

“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) yaradılması, ölkə üzrə su təsərrüfatı balansının elektronlaşdırılaraq ESTİS-ə daxil edilməsi və müvafiq informasiya sistemlərinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ESTİS-ə inteqrasiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC

2020-ci ilin avqust ayı

2.3.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi və bu istiqamətdə təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları

2020-ci ilin avqust ayı

2.4.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC

2020 – 2021

3. Energetika sahəsində su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması

3.1.

İstilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Energetika Nazirliyi, “Azərenerji” ASC

2020-ci ilin avqust – dekabr ayları

3.2.

İstilik elektrik stansiyalarında soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Energetika Nazirliyi, “Azərenerji” ASC

2020-ci ilin avqust–dekabr ayları

3.3.

Ölkə üzrə elektrik enerjisi tezliyinin müstəqil tənzimlənməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Energetika Nazirliyi, “Azərenerji” ASC

2020-ci ilin avqust–dekabr ayları

4. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi, su ehtiyatlarının yaradılması

4.1.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2020-ci ilin avqust–oktyabr ayları

4.2.

Suvarma suyundan güzəştli istifadənin yeni mexanizmi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, “Azmelsutəsərrüfat” ASC

2020-ci ilin avqust–dekabr ayları

4.3.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarma qrafiklərinin tərtibi, mütəmadi yenilənməsi və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS) inteqrasiyası [3]

Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC

mütəmadi

4.4.

Suvarılan torpaqlarda əkin strukturunun müəyyən edilməsi və ona uyğun tərtib olunan suvarma qrafikləri əsasında suvarma dövrü başlamamışdan üç ay əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan su sifarişinin formalaşdırılması və suyun verilməsinin bu sifarişə uyğun həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC

mütəmadi

4.5.

Su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu Tədbirlər Planına Əlavə 1-də nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

2020 – 2021

4.6.

Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun bu Tədbirlər Planına Əlavə 2-də nəzərdə tutulan su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

2020–2021

5. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi

5.1.

II Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2020-ci ilin avqust–sentyabr ayları

5.2.

Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrasının başa çatdırılması

“Azərsu” ASC

2020-ci il dekabrın 1-dək

5.3.

Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

2020-ci ilin avqust–sentyabr ayları

5.4.

III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2020-ci ilin avqust–dekabr ayları

5.5.

İçməli su təchizatı layihələri icra edilmiş və icra edilməsi nəzərdə tutulan şəhərlərin su mənbələrində iqlim dəyişmələrinin təsiri (quraqlıq, sel-daşqın, suyun keyfiyyəti və s.) qiymətləndirilməklə dayanıqlığın təmin edilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi

“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2020-ci ilin avqust–dekabr ayları

5.6.

Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2020-ci ilin avqust–dekabr ayları

5.7.

İçməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması

“Azərsu” ASC

2020 – 2021

5.8.

Əhalinin içməli su ilə təmin olunması məqsədilə regionlarda quraşdırılmış modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün Tədbirlər Planının hazırlanması və icrasının təmin edilməsi

“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

6. İnfrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində səmərəliliyin artırılması

6.1.

Su təsərrüfatı sahəsində infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət investisiya proqramının tərtibi və icrasına nəzarətin gücləndirilməsi

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

mütəmadi

6.2.

İçməli su təchizatı ilə bağlı bitmiş, davam edən və yeni infrastruktur layihələrinin təhlil olunması və dövlət investisiya proqramının tərtibi zamanı əhalinin artan tələbatının nəzərə alınması

“Azərsu” ASC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

mütəmadi

7. Məlumatlandırma və maarifləndirmə

7.1.

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, yerli icra hakimiyyəti orqanları

mütəmadi

7.2.

Sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə çağrı mərkəzinin müasir tələblərə uyğun təşkili

“Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC

2020-ci ilin avqust ayı

7.3.

İçməli su təchizatı sahəsində sudan qənaətli və səmərəli istifadə ilə bağlı istehlakçıların maarifləndirilməsi

“Azərsu” ASC

mütəmadi

7.4.

Sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC

mütəmadi

7.5.

Təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi [4]

mütəmadi

8. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə [5]

8.1.

Meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, EKTİS-ə inteqrasiyası, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi [6]

“Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020–2022

8.2.

Suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi

"Azmelsutəsərrüfat" ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)

mütəmadi

8.3.

İqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan riskli ərazilərin müəyyən edilərək məlumat bazasının yaradılması, xəritələşdirilməsi və EKTİS-ə inteqrasiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat" ASC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-2022

8.4.

Səhralaşma prosesinin qarşısının alınması məqsədilə tədbirlərin (meliorasiya və irriqasiya sistemlərinin qurulması, adaptasiya olunan bitki növlərinə üstünlük və əkin subsidiyası verilməsi, innovativ həllərin tətbiqi və s.) həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

 

 


 

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına Əlavə 1

 

Yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının

 

SİYAHISI

 

1. Baş Muğan kanalı

2. Boztəpə kanalı

3. Rəsularx kanalı

4. Qızılarx kanalı

5. Yeni Cənubi Muğan kanalı

6. Köhnə Cənubi Muğan kanalı

7. Yeni Cənubi Muğan kanalının maşın qolu

8. Sabir kanalı

9. Aşağı Muğan kanalı

10. Akuşa kanalı

11. Türyançay Sağ Sahil kanalı

12. Türyançay Sol Sahil kanalı

13. Xanarx kanalı

14. Tərtərçay Sol Sahil kanalı

15. P-O kanalı

16. Köhnə Xanqızı kanalı

17. ÇTZ kanalı

18. Qızlıq kanalı

19. R-15 kanalı

20. Yuxarı Zeyxur kanalı

21. Bəhrəmtəpə hidroqovşağı

22. Mil-Qarabağ kollektoru.

 

 


 

 

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına Əlavə 2

 

Dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının

 

SİYAHISI

 

1. Əlicançay su anbarı

2. Qudiyalçay su anbarı

3. Vəlvələçay su anbarı

4. Qaraçay su anbarı

5. Qusarçay su anbarı

6. Ağsuçay su anbarı

7. Türyançay su anbarı

8. Yengicə su anbarı

9. Viləşçay su anbarı

10. Zəyəmçay su anbarı.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, II kitab maddə 1520)

2.       19 aprel 2021-ci il tarixli 2594 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 365)

3.       29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208)

4.       3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAM EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 aprel 2021-ci il tarixli 2594 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 365) ilə 3.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilmişdir.

 

[2] 29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, Xalq qəzeti, 30 oktyabr 2022-ci il, 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) ilə 5-ci hissədə Azərkosmos Açıq Səhmdar Cəmiyyəti sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, II kitab maddə 1520) ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın 4.3-cü bəndə "sisteminə" sözündən sonra "(EKTİS)" abreviaturası əlavə edilmişdir.

 

[4] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7.5-ci bəndinin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, , № 12, II kitab maddə 1520) ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.

 

[6] 29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, Xalq qəzeti, 30 oktyabr 2022-ci il, 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 20202022-ci illər üçün Tədbirlər Planı”nın 8.18.3-cü bəndlərinin “İcraçılar sütununda Azərkosmos ASC sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status