×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.2020
QEYDİYYAT NÖMRƏSİ
116-VIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-07-2020, Nəşr nömrəsi: 126), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 834)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202005310116
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.07.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2020-ci il

                 № 116-VIQ


Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəf” və ya “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərini və əməkdaşlığı möhkəmləndirmək arzusu ilə,

iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə, aşağıdakılar barəsində razılığa gəldilər:

 

Maddə 1

 

1. Bu Saziş hər iki Tərəfin bu Sazişin 1 və 2 saylı Əlavələrində müəyyən edilən etibarlı sərhədkeçmə sənədlərinə malik olan vətəndaşlarına tətbiq edilir [1]

2. Tərəflərin vətəndaşlarının bu Sazişin 1 və 2 saylı Əlavələrində müəyyən edilən sərhədkeçmə sənədləri digər Tərəfin ərazisinə giriş tarixindən etibarən ən azı otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır [2]

 

Maddə 2

 

1. Hər bir Tərəfin etibarlı pasporta sahib olan vətəndaşları digər Tərəfin ərazisinə daxil olmaq, tranzit keçmək, oradan getmək və müvəqqəti qalmaq üçün Tərəflərin milli qanunvericiliyinin icazə verdiyi maksimum qalma müddəti saxlanılmaq şərtilə 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

2. Bir Tərəfin ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən digər Tərəfin vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər [3]

 

Maddə 3

 

1. Bir Tərəfin ərazisində akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlara və ya beynəlxalq təşkilatların nümayəndəliklərinə Diplomatik əlaqələr və Konsulluq əlaqələri haqqında Vyana Konvensiyalarına uyğun şəkildə təyin olunmuş digər Tərəfin etibarlı pasporta sahibi olan vətəndaşları təyinat müddəti ərzində qəbul edən Tərəfin ərazisinə daxil olmaq, oranı tərk etmək və tranzit keçmək üçün viza tələbindən azad edilirlər.

2. Bu maddənin birinci paraqrafının müddəaları onların etibarlı pasport sahibi olan və onlarla birgə yaşayan ailə üzvlərinə də şamil edilir.

3. Bu maddənin 1-ci paraqrafının icrası üçün Tərəflərin vətəndaşlarının təyinatları barədə beynəlxalq təşkilatların bildirişi kifayət hesab edilir.

 

Maddə 4

 

1. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları digər Tərəfin ərazisinə beynəlxalq sərnişin daşımaları üçün təyin edilmiş sərhəd-keçid məntəqələrindən istifadə etməklə daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.

2. Bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları dövlət sərhədini keçərkən digər Tərəfin milli qanunvericiliyindən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər.

3. Tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı Əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir Tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. [4]

Maddə 5

 

1. Bir Tərəfin ərazisində olduqları zaman etibarlı pasportları itirilən, yaxud korlanan digər Tərəfin vətəndaşları, vətəndaşı olduqları dövlətin diplomatik və ya konsulluq missiyası tərəfindən həmin vətəndaşa verilən yeni pasport və ya sərhədkeçmə sənədləri əsasında, qəbul edən dövlətin səlahiyyətli qurumlarından viza və ya digər icazə almadan, digər Tərəfin ərazisini tərk edirlər.

2. Xəstəlik və ya təbii fəlakət kimi fövqəladə hallarda bu Sazişin 2-ci maddəsində qeyd olunan müddətdə digər Tərəfin ərazisini tərk etmək iqtidarında olmayan və bu vəziyyətlə bağlı sənədli və ya digər sübutlara malik olan bir Tərəfin etibarlı pasportlara malik vətəndaşları, onların vətəndaşlıq mənsubiyyətinin olduğu və ya daimi yaşadıqları ölkəyə dönüşünə lazım olan müddət üçün digər Tərəfin ərazisində qalmaq müddətinin uzadılması icazəsini əldə etmək məqsədilə müvafiq qurumlara müraciət edə bilərlər.

 

Maddə 6

 

1. Bir Tərəfin ərazisində akkreditə olunmuş digər Tərəfin diplomatik nümayəndəlik və ya konsulluqların əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olmasına dair bağlanacaq saziş istisna olmaqla, vizadan azadetmə Tərəflərin vətəndaşlarına işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququnu vermir.

2. Tərəflərin ərazisində əmək fəaliyyəti, araşdırma, tədqiqat, təhsil, ailənin bir araya gəlməsi və uzunmüddətli yaşamaq (90 gündən artıq) məsələlərini tənzimləyən xüsusi məqsədli vizaların verilməsi Tərəflərin milli qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

 

Maddə 7

 

1. Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra 60 (altmış) gündən gec olmayaraq, etibarlı pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.

2. Tərəflər pasportlarında hər hansı bir dəyişiklik etdikləri halda bu barədə bir-birlərini diplomatik kanallar vasitəsilə məlumatlandırır və pasportların dövriyyəyə buraxılmasından 60 (altmış) gün əvvəl onların nümunələrini təqdim edirlər.

3. Tərəflərin səlahiyyətli orqanları bu Sazişin 1 və 2 saylı əlavələrində müəyyən edilmiş sərhədkeçmə sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq üçün əməkdaşlıq edir və müntəzəm olaraq məlumat mübadiləsi aparırlar [5]

 

Maddə 8

 

Müstəsna hallarda, bir Tərəf digər Tərəfin vətəndaşlarına öz dövlətinin ərazisinə daxil olmasına icazə verməmək və ya onların burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.

 

Maddə 9

 

1. Tərəflər müharibə, epidemiya, təbii fəlakət, həmçinin milli təhlükəsizliklə bağlı ictimai asayişin qorunması və ya vətəndaşların sağlamlığına təhlükə kimi fövqəladə hallar zamanı bu Sazişin tətbiqini tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar.

2. Sazişin tətbiqinin dayandırılması və bərpa olunması haqqında qərar digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirilir və bildirişdən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Maddə 10

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı diplomatik yolla həll edilir.

 

Maddə 11

Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə istənilən vaxt dəyişikliklər edilə bilər. Belə dəyişikliklər 12-ci maddənin 1-ci paraqrafında təsbit edilmiş prosedura uyğun olaraq qüvvəyə minir.

 

Maddə 12

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin bu Sazişi ləğv etmək niyyətini digər Tərəfə diplomatik kanallar vasitəsilə bildirməsinin 90-cı (doxsanıncı) gününədək qüvvədə qalır.

3. Bu Sazişin qüvvəyə mindiyi tarixdən “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında” 8 sentyabr 2003-cü il tarixli Saziş qüvvədən düşür.

Bakı şəhərində 25 fevral 2020-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Türkiyə Respublikası

Hökuməti adından

(imza)

 


 

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə

 

1 saylı Əlavə

 

Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı:

i. Azərbaycan Respublikasının diplomatik pasportu;

ii. Azərbaycan Respublikasının xidməti pasportu;

iii. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu;

iv. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

v. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);

vi. dəmir yolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi (qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);

vii. uçuş heyətinin şəxsiyyət vəsiqəsi;

viii. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi (Azərbaycan Respublikasına qayıtmaq üçün və Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).


 

 

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə

 

2 saylı Əlavə

 

Azərbaycan Respublikasına səyahət edən Türkiyə Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı:

i. Türkiyə Respublikasının diplomatik pasportu;

ii. Türkiyə Respublikasının xüsusi pasportu;

iii. Türkiyə Respublikasının xidməti pasportu;

iv. Türkiyə Respublikasının ümümvətəndaş pasportu;

v. Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

vi. Türkiyə Respublikasının Dənizçinin Kitabı;

vii. hava gəmisi heyətinin səyahət sənədi;

viii. qatar və lokomotiv heyətinin səyahət sənədi;

ix. Səyahət Sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün);

x. beynəlxalq avtomobil nəqliyyatı ilə məşğul olan professional sürücülərin şəxsiyyət vəsiqəsi.


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111) ilə Sazişin 1-ci maddəsinin birinci paraqrafı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Bu Saziş hər iki Tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcəkdir.

 

[2] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111) ilə Sazişin 1-ci maddəsinin ikinci paraqrafı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Tərəflərin vətəndaşlarına məxsus pasportlar digər Tərəfin ərazisinə giriş tarixindən etibarən ən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır.

 

 

[3] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111) ilə Sazişin 2-ci maddəsinin ikinci paraqrafı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Bir Tərəfin ərazisində 90 (doxsan) gündən artıq müddətdə qalmaq istəyən digər Tərəfin vətəndaşları yaşamaq icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər.

 

 

[4] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111) ilə Sazişin 4-cü maddəsinə üçüncü paraqraf olaraq əlavə edilmişdir.

 

[5] 1 fevral 2020-ci il tarixli 258-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 fevral 2020-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 111) ilə Sazişin 7-ci maddəsinə üçüncü paraqraf olaraq əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status