“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:
2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçsin;
2.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etsin;
2.3. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etsin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;
3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.
4. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 mart 2020-ci il
№969
|
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması
[2]
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir.
1.2. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.
1.3. İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV bu Qaydaya əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.
1.4. İstehlakçının bu Qayda ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində ƏDV-nin qaytarılmasını tələb etmək hüququ yarandıqda, istehlakçı, seçiminə uyğun olaraq sözügedən qaydalardan yalnız birinə əsasən, ödənilmiş ƏDV-nin qaytarılmasını tələb edə bilər.
[3]
1.5. Alınmış mallara və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank qaytarır.
[4]
2. Əsas anlayışlar
2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. satıcı – Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə, tibb fəaliyyəti göstərən və özəl tibbi praktika ilə məşğul olan, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində gecələmə və qalma xidmətləri göstərən (mehmanxanalar və hotellər) ƏDV ödəyicisi;
[5]
2.0.2. istehlakçı – satıcıdan malı və ya xidməti alan fiziki şəxs;
[6]
2.0.3. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda istehlakçılara aldıqları mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün zəruri məlumatların inteqrasiya olunduğu vahid sistem;
[7]
2.0.4. müvəkkil bank – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) müəyyən etdiyi bank və ya banklar;
2.0.5. kart təşkilatı – kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsini, toplanılmasını, emalı və klirinqini, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi;
2.0.6. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda aldıqları mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi;
2.0.7. operator – istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi rezident şəxs.
[8]
3. İstehlakçıların qeydiyyatı
3.1. ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır.
3.2. İstehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir.
4. ƏDV-nin qaytarılmasının təşkili
4.1. Bu Qaydanın məqsədləri üçün ƏDV-nin qaytarılmasını operator təşkil edir.
4.2. Operator:
4.2.1. bu Qaydaya uyğun olaraq ƏDV-nin qaytarılması işlərini təşkil edir və portalı idarə edir;
4.2.2. istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə infrastrukturun, o cümlədən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti), müvəkkil bankın (bankların) və kart təşkilatlarının istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını təşkil edir;
4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını, toplanılan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin edir.
5. ƏDV-nin qaytarılması proseduru
5.1. İstehlakçı alınmış malların və ona göstərilmiş xidmətlərin dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına və xidmətlərin göstərilməsinə dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların və ona göstərilmiş xidmətlərin dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.
[9]
5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
5.3. Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir.
5.4. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
5.5. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür.
5.6. Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini, Vergi Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ isə işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir.
[10]
5.7. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində vahid məlumat bazasına daxil edir.
5.8. Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır.
5.9. Dövlət Vergi Xidməti bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
5.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil olduqdan sonra 8 (səkkiz) iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.
6. ƏDV qaytarıldıqdan sonra istehlakçının malı qaytarması proseduru
6.1. İstehlakçı alınmış mallara görə bu Qaydaya əsasən ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarılması portalda yoxlanılır.
6.2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytarır.
6.3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə, satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.
6.4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu Qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.
6.5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir və müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398)
2.
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə adında, 1-ci hissədə və 2.3-cü bənddə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə, “(neft və qaz məhsulları istisna olmaqla)” sözləri “(neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456) ilə adında, 1-ci hissəsində və 2.3-cü bəndində “şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilmişdir.
[2]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının adında və 1.1-ci bəndində “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə, “(neft və qaz məhsulları istisna olmaqla)” sözləri “(neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın adında və 1.1-ci bəndində “şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilmişdir.
[3]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 1.4-cü bəndindən “və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın” sözləri çıxarılmışdır.
[4]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 1.5-ci bəndinə “mallara” sözündən sonra “və göstərilmiş xidmətlərə” sözləri əlavə edilmişdir.
[5]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 2.0.1-ci yarımbəndində “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və ya tibb” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 2.0.1-ci yarımbənddə “ictimai iaşə və ya tibb fəaliyyəti göstərən” sözləri “ictimai iaşə, tibb fəaliyyəti göstərən və özəl tibbi praktika ilə məşğul olan, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində gecələmə və qalma xidmətləri göstərən (mehmanxanalar və hotellər)” sözləri ilə əvəz edilmişdir.
[6]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 2.0.2-ci yarımbəndinə “malı” sözündən sonra “və ya xidməti” sözləri əlavə edilmişdir.
[7]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 2.0.3-cü və 2.0.6-cı yarımbəndlərdə “alınmış mallara” sözləri “aldıqları mallara və onlara göstərilən xidmətlərə” sözləri ilə əvəz edilmişdir.
[8]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərdə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə əvəz edilmişdir və həmin yarımbəndlərə “mallara” sözündən sonra “və göstərilmiş xidmətlərə” sözləri əlavə edilmişdir.
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərində “şəxslərdən alınmış mallara və göstərilmiş xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilmişdir.
[9]
29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1398) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 5.1-ci bəndin birinci və üçüncü cümlələrinə “malların” sözündən sonra “və ona göstərilmiş xidmətlərin” sözləri, ikinci cümləsinə “mal alışına” sözlərindən sonra “və xidmətlərin göstərilməsinə” sözləri əlavə edilmişdir.
[10]
30 dekabr 2022-ci il tarixli 1946 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1456) ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 5.6-cı bəndin ikinci cümləsində “15” rəqəmləri “17,5” rəqəmləri ilə, “10” rəqəmləri “5 faizini, Vergi Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ isə işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5” sözləri ilə əvəz edilmişdir.