AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.01.2020
QEYDİYYAT NÖMRƏSİ
21
ADI
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-01-2020, Nəşr Nömrəsi: 20), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2020, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 77)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202001290021
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.01.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 29 yanvar 2020-ci il

                      № 21

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 yanvar tarixli 21 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası (bundan sonra – Qayda) “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən vahid “G2B” (dövlət-biznes) elektron reyestrinə daxil edilmiş dövlət xidmətlərinin (bundan sonra – Dövlət xidməti) hər birinin “KOB indeksi” üzrə qiymətləndirilməsi qaydasını müəyyən edir.

1.2. Hər bir xidmət təminatçısı Dövlət xidmətinin bu Qayda ilə müəyyən edilmiş “KOB indeksi”ni təşkil edən parametrlərə və meyarlara uyğunluğunu yoxlamalıdır.

1.3. Dövlət xidmətinin qiymətləndirilməsi Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq, sahibkar məmnunluğu və peşəkarlıq prinsipləri əsasında aparılır.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. “KOB indeksi” – Dövlət xidmətinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (bundan sonra – KOB) təsirinin qiymətlən-dirilməsində istifadə edilən və bu Qayda ilə müəyyən edilmiş parametrlərin məcmusu;

2.1.2. “KOB indeksi” üzrə qiymətləndirmə – “KOB indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla, dövlət xidmətinin aparılan təhlilini özündə ehtiva edən mexanizm;

2.1.3. “KOB indeksi”ni təşkil edən parametr – müxtəlif meyarlar üzrə aparılmış təhlillərə dair əldə olunan nəticələri özündə cəmləşdirən və müvafiq sahə üzrə yekun nəticəni ifadə edən “KOB indeksi” üzrə qiymətləndirmə mexanizminin tərkib hissəsi;

2.1.4. “KOB indeksi”nin qiymətləndirilməsi meyarları – “KOB indeksi”ni təşkil edən parametrlərin tərkib hissəsi olan və qiymətləndirilməsi aparılan istiqamətlər;

2.1.5. xidmət təminatçısı – “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 687 nömrəli Fərmanının 3.1-ci bəndində nəzərdə tutulmuş “G2B” reyestrinə daxil edilən, hər bir xidməti göstərən dövlət orqanları (qurumlar).

 

3. Dövlət xidmətinin qiymətləndirilməsinin məqsədləri

 

3.1. Dövlət xidmətinin qiymətləndirilməsinin məqsədləri aşağı-dakılardan ibarətdir:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq Dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nailolma imkanlarının müəyyən edilməsi;

3.1.2. Dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqinin müsbət və ya mənfi nəticələrinin, habelə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan halların aşkar edilməsi;

3.1.3. Dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillərin aşkarlanması.

 

4. “KOB indeksi”ni təşkil edən parametrlər və onlar üzrə qiymətləndirmə meyarları

 

4.1. Nazirlik “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrini nəzərə alaraq, hər bir Dövlət xidmətini “KOB” indeksini təşkil edən aşağıdakı parametrlər üzrə qiymətləndirir:

4.1.1. Dövlət xidmətinin KOB-un inkişafına təsiri;

4.1.2. Dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

4.2. Dövlət xidmətinin KOB-un inkişafına təsirinin qiymətlən-dirilməsi aşağıdakı meyarlar üzrə aparılır:

4.2.1. Dövlət xidmətinin KOB-un davamlı inkişaf və maraq-larına uyğunluğu;

4.2.2. Dövlət xidmətinin yeni sahibkarlıq fəaliyyətinə başlayanlara təsiri;

4.2.3. Dövlət xidmətinin KOB-un inkişaf maraqlarına vaxt, insan resursları və maliyyə baxımından adekvat olması;

4.2.4. Dövlət xidmətinin KOB sektorunda rəqabət mühitinə təsiri;

4.2.5. Dövlət xidmətinin KOB-un fəaliyyətinin beynəlmiləş-dirilməsinə, məhsul və xidmətlərinin beynəlxalq və regional bazarlara çıxarılmasına təsiri.

4.3. Dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsirinin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılır:

4.3.1. dövlətin strateji məqsədlərinə uyğunluğu;

4.3.2. dövlət büdcəsinin gəlir və xərclərinə təsiri;

4.3.3. ölkənin ixrac potensialına təsiri;

4.3.4. məhsul və xidmətlərin istehlak bazarına təsiri;

4.3.5. məşğulluğun səviyyəsinə təsiri;

4.3.6. ərzaq təhlükəsizliyinə təsiri;

4.3.7. investisiya mühitinə və investisiyaların cəlb olunmasına təsiri;

4.3.8. korrupsiyaya şərait yarada bilən halların mövcudluğu;

4.3.9. insanların həyatına və sağlamlığına, habelə ətraf mühitə təsiri.

 

5. Dövlət xidmətinin qiymətləndirilməsi

 

5.1. Nazirlik “KOB indeksi” üzrə qiymətləndirmənin aparılması məqsədilə bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş parametrlər və meyarlar üzrə məlumatları və təsdiqedici sənədləri toplayır və araşdırır, araşdırılmış məlumatları ümumiləşdirir və hər bir parametr üzrə qiymətləndirmə apararaq hesabat hazırlayır. Əlavə təsdiqedici sənədlərə və ya məlumatlara ehtiyac yarandıqda, xidmət təminatçısına əlavə sorğular (bildirişlər) göndərir.

5.2. Hər bir parametr üzrə hazırlanmış hesabatlar Nazirlik tərəfindən ümumiləşdirilir və “KOB indeksi” üzrə yekun qiymətlən-dirmə aparılaraq arayış hazırlanır.

5.3. Arayışda aşağıdakılar qeyd olunmalıdır:

5.3.1. Dövlət xidmətlərinin KOB-un davamlı inkişaf tələblərinə uyğunluğuna dair məlumat;

5.3.2. Dövlət xidmətinin göstərilməsindəki boşluqların və ziddiyyətlərin, sahibkarlıq fəaliyyətinə əlavə maneələrin, həmçinin bürokratik əngəllərin, sui-istifadə, süründürməçilik və korrupsiyaya şərait yarada bilən halların təsviri;

5.3.3. Dövlət xidmətinin sadələşdirilməsinin, ləğvinin və ya daha səmərəli alternativ tənzimləmə yolları (sahələri) ilə əvəz olunması sahəsində təkliflər.

5.4. Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətləndirilməsi ildə bir dəfədən az olmayaraq aparılır və nəticələri Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

5.5. Bu Qaydada nəzərdə tutulmuş qiymətləndirmə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

 

6. Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətləndirilməsi ilə bağlı Nazirliyin hüquq və vəzifələri

 

6.1. Nazirlik Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətlən-dirilməsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir:

6.1.1. Dövlət xidmətinin qiymətləndirilməsini bu Qaydanın 5-ci hissəsi ilə müəyyən edilmiş qaydada aparır;

6.1.2. qiymətləndirmənin nəticələri üzrə hesabatlar və arayışlar hazırlayır;

6.1.3. qiymətləndirilməsini həyata keçirdiyi Dövlət xidməti barədə ictimaiyyətin rəyini və təkliflərini öyrənir;

6.1.4. Dövlət xidmətinin qiymətləndirilməsinin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

6.2. Nazirlik Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətlən-dirilməsi ilə bağlı aşağıdakı hüquqlara malikdir:

6.2.1. Dövlət xidmətinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları xidmət təminatçısından bu Qaydaya uyğun olaraq təqdim edilməsini tələb etmək;

6.2.2. Dövlət xidmətinin qiymətləndirilməsi məqsədilə KOB-lar arasında müxtəlif sorğular (yazılı, elektron, səyyar) keçirmək, dəyirmi masalar, yığıncaqlar və ictimai müzakirələr təşkil etmək.

 

7. Xidmət təminatçısının vəzifələri

 

7.1. Xidmət təminatçısı Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətləndirilməsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir:

7.1.1. Dövlət xidmətinin qiymətləndirilməsi üçün sorğu edilən məlumatları Nazirliyə təqdim edir;

7.1.2. qiymətləndirmənin nəticələri əsasında hazırlanmış təklif və tövsiyələri nəzərə alaraq müvafiq tədbirlər görür və bu barədə Nazirliyə məlumat verir.

7.2. Xidmət təminatçısı Dövlət xidmətinin “KOB indeksi” üzrə qiymətləndirilməsi ilə bağlı aşağıdakı hüquqlara malikdir:

7.2.1. qiymətləndirmə nəticələrinə dair mülahizələrini bildirmək;

7.2.2. Dövlət xidmətinin bu Qayda ilə müəyyən edilmiş “KOB indeksi”ni təşkil edən parametrlərə və meyarlara öz təşəbbüsü ilə uyğunluğunu yoxlamaq.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status