AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.01.2020
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
“Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-01-2020, Nəşr Nömrəsi: 9), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2020, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 66)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.01.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.080
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202001130008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.01.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1658-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyul tarixli 799 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 13 yanvar 2020-ci il

                      № 8

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi

 

QAYDASI

 

1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satınalınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra - dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.

2. Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir.

3. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir.

4. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş bölgü sxemi əsasında bölüşdürülür. Həmin bölgü sxemi il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və s.) asılı olaraq ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir.

5. Bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş növbəti il üçün bölgü sxemi hər il dekabrın 31-dək təsdiq edilir.

6. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı hakimlərin bank hesablarına köçürülən vəsaitin xərclənməsi ilə bağlı hakimlər hesabat vermir, lakin bu vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir.

7. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin həcmi hər il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dəqiqləşdirilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status