Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 8 fevral tarixli 460 nömləli Fərmanı və "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 mart tarixli 359 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 18 iyul 2001-ci il
№ 536
|
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması, törədilmiş təcavüz nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, münaqişə bölgələrində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, bu sahədə dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmışdır.
1.2. Komissiyanın fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları, bu Əsasnamə, habelə digər normativ hüquqi aktlar təşkil edir.
1.3. Komissiya Azərbaycan Respublikası Prezidenti qarşısında məsuliyyət daşıyır və fəaliyyəti barədə Azərbaycan Respublikası Prezidentinə mütəmadi hesabat verir.
1.4. Komissiya möhürə, ştampa, müvafiq blanklara və bank hesabına malikdir. Onun fəaliyyətinin dövlət büdcəsindən ayrılan vəsaitlər, dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də ayrı-ayrı vətəndaşların könüllü köçürdükləri vəsaitlər hesabına maliyyələşdirilir. Komissiyanın sədri həmin vəsaitin xərclənməsi barədə vaxtaşırı komissiya üzvlərinə məlumat verir.
1.5 Komissiya öz fəaliyyətini dövlət orqanları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.
II. Komİssİyanın əsas vəzİfələrİ
2.1. Komissiya aşağıdakı vəzifələri həyata keçirir:
Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir;
əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir;
Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir;
əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır;
əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür;
əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir;
Cenevrə Konvesiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir;
əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir;
[1]
əsirlikdən və girovluqdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiyası üçün tədbirlər görür;
əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla elaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir;
Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür;
hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasına ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində cəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir;
Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır;
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
III. Komİssİyanın hüquqları
3.1. Komissiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarından lazımi materiallar alır, onların məlumatlarını komissiyanın iclaslarında dinləyir;
səlahiyyətinə aid məsələlər üzrə, o cümlədən əsir düşmüş və girov götürülmüş şəxslərin dəyişdirilməsi haqqında qərarlar qəbul edir;
müvafiq dövlət orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərini komissiyanın işinə cəlb edir;
əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar müvafiq dövlət orqanlarına, beynəlxalq və qeyri hökumət ictimai təşkilatlarına sorğular göndərir və daxil olan sorğulara cavab verir;
Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədi ilə yaradılmış işçi qrupuna müvafiq tapşırıqlar verir və onların həyata keçirilməsinə nəzarət edir;
mütəmadi olaraq işçi qrupunun hesabatlarını dinləyir;
vəzifələrindən irəli gələn digər hüquqları həyata keçirir.
IV. Komİssİyanın fəalİyyətİnİn təşkİlİ
4.1. Komissiyanın tərkibini Azərbaycan Respubtikasının Prezidenti müəyyən edir.
4.2. Komissiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən sədr rəhbərlik edir.
4.3. Komissiya öz fəaliyyətini tədbirlər planı əsasında qurur.
4.4. Komissiyanın qərarı ilə onun üzvləri arasında iş bölgüsü aparılır.
4.5. Komissiyanın iclasları, bir qayda olaraq, 3 ayda bir dəfədən az olmayaraq keçirilir.
4.6 Komissiyanın iclaslarına dövlət orqanlarının, müəssisə və təşkilatların, beynəlxalq və qeyri-hökumət ictimai təşkilatlarının, nümayəndələri və digər şəxslər dəvət edilə bilər.
4.7. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur və qərarlar açıq səsvermə yolu ilə səsvermədə iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir.
4.8. Komissiyanın katibi iclasların keçirilməsini, məsələlərin müzakirəyə hazırlanmasını təşkil edir, qəbul olunmuş qərarların həyata keçirilməsinə nəzarət edir, Komissiyanın sədri tərəfindən müəyyən edilən digər vəzifələri yerinə yetirir.
4.9. Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 8 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərir.
[2]
İşçi qrupunun fəaliyyətinin maliyyələşdirilməsi bu Əsasnamənin 1.4-cü bəndində göstərilən vəsaitlər hesabına həyata keçirilir.
4.10. Komissiyanın fəaliyyətinin təşkili və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Komissiyanın sədri aşağıdakı hüquqlara malikdir:
Komissiyanın tədbirlər planını təsdiq edir;
Komissiyanın iclaslarının gündəliyinə çıxanları məsələləri müəyyənləşdirir;
Komissiyanın iclaslarında sədrlik edir;
Komissiyanın qərarlarını imzalayır;
Komissiyaya ayrılmış vəsaitin istifadə edilməsinə nəzarət edir;
müvafiq orqan və təşkilatlarda Komissiyanı təmsil edir;
əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı danışıqlar aparır,
Komissiyanın qərarlarının icrası ilə əlaqədar müvafiq orqan və təşkilatlara müraciət edir;
Azərbaycan Respublikası Prezidentinin razılığı ilə işçi qrupun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir;
işçi qrupunun fəaliyyətinə rəhbərlik edir, onun işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
işçi qrupunun işçilərinin vəzifə səlahiyyətlərini müəyyən edir.
4.11. Komissiyanın sədri vəzifələrini yerinə yetirmək üçün digər hüquqlardan istifadə edə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 sentyabr 2007-ci il tarixli 636 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 874)
2.
11 mart 2022-ci il tarixli 1630 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2022-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 218)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
28 sentyabr 2007-ci il tarixli 636 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 874) ilə "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə"nin 2.1-ci bəndinin doqquzuncu abzasında "Qırmızı Xaç" sözləri "Qızıl Xaç" sözləri ilə əvəz edilmişdir.
[2]
11 mart 2022-ci il tarixli 1630 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2022-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 218) ilə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”nin 4.9-cu bəndinin birinci abzasında “15” rəqəmləri “8” rəqəmi ilə əvəz edilmişdir.