×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.11.2019
QEYDİYYAT NÖMRƏSİ
856
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-11-2019, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1704)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201911140856
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2019-cu il

                   № 856


Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikasının

Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti,

miqrasiya sahəsində əməkdaşlığı Tərəflərin dövlətlərinin ərazilərində miqrasiya proseslərinin tənzimlənməsinin vacib istiqamətlərindən biri hesab edərək,

Tərəflərin miqrasiya sahəsində ikitərəfli əməkdaşlığı üçün hüquqi əsasın yaradılmasına səy göstərərək,

hər iki dövlətin əməkdaşlığının gələcək inkişafı məqsədilə miqrasiya sahəsində tərəfdaşlıq yolu ilə əlaqələrin dərinləşməsini arzu edərək,

beynəlxalq hüquq normalarına və Tərəflərin dövlətlərinin qanunvericiliyinə əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Saziş çərçivəsində Tərəflər miqrasiya sahəsində əməkdaşlığı, bir Tərəf dövlətin ərazisində olan digər Tərəf dövlətin vətəndaşlarının hüquqlarının müdafiəsini, o cümlədən məlumat sahəsində qarşılıqlı fəaliyyətini öz dövlətlərinin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun həyata keçirirlər.

Tərəflər öz milli qanunvericilikləri və beynəlxalq müqavilələri çərçivəsində Tərəf dövlətlərin ərazilərinə əmək resurslarının cəlb edilməsi sahəsində dövlət orqanları və təsərrüfat subyektləri arasında əməkdaşlığa köməklik göstərirlər.

 

Maddə 2

 

Bu Sazişin yerinə yetirilməsinə məsul olan Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları (bundan sonra - səlahiyyətli orqanlar) aşağıdakılardır:

Azərbaycan Respublikası Hökuməti tərəfindən - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti;

Qazaxıstan Respublikası Hökuməti tərəfindən - Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Yuxarıda qeyd olunan səlahiyyətli orqanların rəsmi adı və funksiyaları dəyişdirildiyi halda, Tərəflər dərhal bu barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.

 

Maddə 3

 

1. Bu Saziş çərçivəsində Tərəflər əməkdaşlığı aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirirlər:

1) statistik, hüquqi və elmi-metodiki məlumatların mübadiləsi;

2) Tərəf dövlətlərin ərazilərində olan Tərəf dövlətlərin vətəndaşları haqqında məlumat mübadiləsi;

3) əməkdaşlıq prosesində yaranan məsələlər üzrə təcrübə mübadiləsi və praktiki yardımın göstərilməsi;

4) Tərəf dövlətlərin vətəndaşlarının, o cümlədən onların ailə üzvlərinin onlara verilmiş yaşama icazələrinin müddəti ərzində hüquqlarının müdafiəsi;

5) bir Tərəfin dövlətinin ərazisində olma (yaşama) əsasları olan digər Tərəfin dövlətinin vətəndaşlarının hüquqi vəziyyəti haqqında məsələlərə baxılması.

2. Bu Saziş Tərəflərə qarşılıqlı məqbul hesab edilən digər əməkdaşlıq istiqamətlərinin işlənilib hazırlanmasına və inkişaf etdirilməsinə maneə törətmir.

 

Maddə 4

 

1. Tərəflər zəruri olduğu təqdirdə və qarşılıqlı razılıq əsasında informasiya və məlumat mübadiləsini həyata keçirirlər:

aşkar edilmiş miqrasiya qanunvericiliyinin pozulması və qanunsuz miqrasiya kanalları barədə;

Tərəflərin dövlətlərinin ərazilərində fəaliyyət göstərən və qanunsuz miqrasiyanın təşkilində və həyata keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslər barədə;

giriş vizalarının və digər sənədlərin alınması üsulları və onların qanunsuz miqrasiya məqsədləri üçün istifadəsi barədə;

Tərəflərin dövlətlərinin miqrasiya qanunvericiliyi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi, sığınacağın və vətəndaşlığın verilməsi qaydası, qanunsuz miqrasiyaya qarşı mübarizənin təşkili, həmçinin qanunvericiliyin qeyd olunan sahələrində dəyişikliklər barədə;

qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəldilmiş təcrübə və tədbirlər barədə;

xarici miqrasiyanın tənzimlənməsi metodları barədə.

 

Maddə 5

 

1. Tərəflər qanunsuz miqrasiyanın qarşısının alınması və öz dövlətlərinin vətəndaşlarının hüquqlarının təmin edilməsi məqsədilə Tərəflərin dövlətlərinin vətəndaşları barədə aşağıdakı kateqoriya üzrə məlumatların mübadiləsini aparırlar:

1) Tərəflərin dövlətlərinin vətəndaşlarının olduğu (yaşadığı) yer üzrə uçotu (qeydiyyatı) barədə məlumatlar;

2) Tərəflərin dövlətlərinin ərazisində müvəqqəti və daimi yaşama icazəsi, həmçinin işləmək hüququ almış Tərəflərin dövlətlərinin vətəndaşları barədə məlumatlar;

3) Bir Tərəfin dövlətinin vətəndaşlığına qəbul və ya bərpa edilmiş digər Tərəfin dövlətinin vətəndaşları, həmçinin Tərəflərdən birinin vətəndaşlığına mənsubiyyəti barədə məlumatlar;

4) Tərəflərin dövlətlərinin vətəndaşları tərəfindən alınan şəxsiyyəti təsdiq edən sənədlər barədə məlumatlar.

2. Tərəflər Tərəflərin dövlətlərinin vətəndaşlarının Tərəflərin dövlətlərinin ərazisinə girişinə (və ya ərazisindən çıxışına) məhdudiyyətin olması və onun əsaslan barədə məlumatları mübadilə edirlər.

 

Maddə 6

 

Bu Sazişin 5-ci maddəsində göstərilən şəxslərin aşkar edilməsi, şəxsiyyətlərinin və hüquqi statusunun müəyyənləşdirilməsi məqsədilə Tərəflər aşağıdakı fərdi məlumatları mübadilə edə bilərlər:

soyadı, adı, atasının adı (rus və latın yazılışında);

cinsi;

təvəllüdü;

doğulduğu yer;

vətəndaşlığı;

ölkə hüdudlarından kənara çıxması və ya Tərəflərin dövlətlərinin ərazisində yaşaması üçün verilən şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, verən orqan;

inzibati məsuliyyətə cəlb edilməsi barədə;

cinayət məsuliyyətinə cəlb edilməsi barədə;

Tərəflərin dövlətlərinin ərazisində olduğu (yaşadığı) yer üzrə uçotu (qeydiyyatı) barədə;

Tərəflərin dövlətlərinin ərazisində müvəqqəti və daimi yaşama icazələrinin, işləmək hüququnun olması barədə;

müddətləri göstərilməklə Tərəflərin dövlətlərinin ərazisinə girişinə və Tərəflərin dövlətlərinin ərazisindən çıxışına icazə olmaması faktı barədə; fotoqrafik təsvir;

daktiloskopik kart (olduğu təqdirdə).

 

Maddə 7

 

Bu Saziş çərçivəsində Tərəflər əməkdaşlığı aşağıdakı formada həyata keçirirlər:

1) Tərəf dövlətlərin miqrasiya məsələləri ilə məşğul olan səlahiyyətli orqanlarının əməkdaşlarının hazırlanması və ixtisasının artırılması, o cümlədən seminarların təşkili və bu sahədə təcrübə keçmə;

2) işçi qrupların yaradılması və əməkdaşlıq prosesində meydana gələn məsələlər üzrə ekspert mübadiləsinin aparılması;

3) elmi-praktik konfransların, seminarların keçirilməsi və birgə fəaliyyət tələb edən digər əməkdaşlıq formalarından istifadə edilməsi;

4) Tərəf dövlətlərin səlahiyyətli orqanlarının ərazi qurumları, tabe təşkilatları və idarələrinin işi ilə tanışlıq;

5) beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələrin həyata keçirilməsi.

 

Maddə 8

 

Bu Saziş çərçivəsində əməkdaşlıq maraqlı Tərəfin köməyin göstərilməsinə dair sorğusuna (bundan sonra - sorğu) əsasən həyata keçirilir.

Tərəflərdən hər biri həmçinin miqrasiya məsələlərinə dair onda olan məlumatın digər Tərəf üçün əhəmiyyət kəsb etdiyini hesab etdikdə, həmin məlumatı digər Tərəfə sorğu olmadan təqdim edə bilər.

 

Maddə 9

 

1. Sorğu və sorğuya cavab yazılı formada, o cümlədən mətnin ötürülməsinin texniki vasitələrindən istifadə etməklə göndərilir.

Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflər qorunan elektron rabitə vasitələrindən istifadə etməklə, qarşılıqlı fəaliyyəti təşkil edə bilərlər.

2. Sorğu aşağıdakıları ehtiva etməlidir:

sorğu edən və sorğu edilən orqanın adı;

sorğunun mahiyyətinin xülasəsi, onun məqsədi və əsaslandırılması;

sorğunun lazımi səviyyədə icrası üçün istifadə oluna biləcək hər hansı digər

məlumat.

3. Sorğu sorğuların icrası üzrə əlaqələndirici olan Tərəf dövlətin səlahiyyətli orqanının rəhbəri (onun müavini) və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanır. Bu Saziş qüvvəyə mindikdən sonra 45 gün ərzində Tərəflər sorğuların imzalanmasına səlahiyyət verilmiş şəxslərin siyahısını, həmçinin blankların nümunələrini mübadilə edirlər.

4. Bu maddənin 3-cü bəndində göstərilən sorğuların imzalanmasına səlahiyyət verilmiş şəxslərin siyahısı, yaxud blankları dəyişdikdə, Tərəflər bu barədə bir-birini dərhal məlumatlandırırlar.

5. Sorğunun həqiqiliyi və ya məzmunu ilə bağlı şübhə yarandıqda, əlavə təsdiqə dair sorğu edilə bilər.

Maddə 10

 

1. Sorğu edilən Tərəf sorğunun tez və tam icra edilməsi üçün bütün zəruri tədbirləri görür.

Sorğu edilən Tərəf sorğunun lazımi səviyyədə icra edilməsi üçün zəruri hesab etdiyi əlavə məlumatlara dair sorğu etmək hüququna malikdir.

Sorğu edilən Tərəf sorğunun icrasına maneə yaradan və ya onun icrasını əhəmiyyətli dərəcədə gecikdirən hallar barədə sorğu edən Tərəfi təxirə salınmadan məlumatlandırır.

2. Əgər Sorğu edilən Tərəf sorğunun cavablandırılmasının öz dövlətinin ərazisində aparılan cinayət təqibinə və ya digər icraata mane ola bilcəyini ehtimal edərsə, bu zaman o sorğunun cavablandırılmasını təxirə salmaq və ya onun icrasını özü müəyyən etdiyi şərtlərlə əlaqələndirməklə təmin etmək hüququna malikdir.

3. Sorğu edilən Tərəf mümkün qısa müddətdə sorğu edən Tərəfi sorğunun icrasının nəticələri barədə məlumatlandırır. Sorğunun icra müddəti onun qəbul edildiyi tarixdən 30 təqvim günündən artıq olmamalıdır.

4. Sorğu edilən Tərəf sorğunun icrasının onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə, digər əhəmiyyətli maraqlarına xələl gətirə biləcəyini, yaxud qanunvericiliyinə və ya beynəlxalq öhdəliklərinə zidd olduğunu ehtimal etdiyi təqdirdə, bu Saziş çərçivəsində köməklik göstərməkdən tam və ya qismən imtina edilir.

Sorğu edən Tərəf imtinanın səbəbləri göstərilməklə sorğunun icrasından tam və ya qismən imtina olunma barədə yazılı surətdə məlumatlandırılır.

 

Maddə 11

 

1. Sorğu edilən Tərəf sorğunun daxilolma faktlarının, onun məzmununun və ona əlavə olunmuş sənədlərin, habelə köməkliyin göstərilməsinin konfidensiallığmın təmin edilməsi üçün lazımi tədbirlər görür.

Sorğunu konfidensiallıq qorunmaqla icra etmək mümkün olmadığı təqdirdə, sorğu edilən Tərəf bu barədə bu cür şərtlərlə sorğunun icra olunub-olunmamasına dair qərar qəbul edən Tərəf dövləti məlumatlandırır.

2. Bu Saziş əsasında əldə edilmiş sorğunun icrasının nəticələri, onu təqdim edən Tərəfin razılığı olmadan sorğu edilmə və təqdim olunma məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə oluna bilməz.

3. Bu Saziş əsasında bir Tərəfin əldə etdiyi məlumatların üçüncü tərəfə verilməsi üçün bu məlumatları təqdim edən digər Tərəfin əvvəlcədən razılığı tələb olunur.

4. Tərəflər Tərəf dövlətin hər birinin milli qanunvericiliyini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq, bu Saziş çərçivəsində əldə olunmuş məlumatın təsadüfi və ya qanunsuz məhv edilmədən, dəyişdirilmədən və ya yayılmadan, həmçinin hər hansı sanksiyalaşdırılmamış daxil olmadan və istifadədən qorunmasına yönəldilmiş zəruri təşkilati və texniki tədbirləri həyata keçirirlər.

5. Bu Saziş çərçivəsində əldə olunmuş məlumat onun ötürülmə məqsədlərinin tələb etdiyi müddətdən artıq saxlanılmır. Məlumat hər bir Tərəf dövlətin hüquqi aktlarına uyğun olaraq məhv edilir.

 

Maddə 12

 

Bu Sazişin müddəalarının tətbiqi və ya təfsiri ilə bağlı yaranan bütün mübahisəli məsələlər Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 13

Hər bir konkret hal üzrə başqa qayda razılaşdırılmadığı təqdirdə, Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq Tərəflər bu Sazişin icrası zamanı yaranan xərcləri özləri ödəyirlər.

 

Maddə 14

 

Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 15

 

Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsi zamanı rus dilindən istifadə edirlər.

 

Maddə 16

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 17-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 17

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflər tərəfindən onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Tərəflərdən hər biri digər Tərəfə bu Sazişin qüvvəsinə xitam verilməsi niyyəti barədə diplomatik kanallarla yazılı bildiriş göndərməklə, bu Sazişin qüvvəsinə xitam verə bilər. Bu halda bu Sazişin qüvvəsinə Tərəflərdən birinin digər Tərəfin bu barədə bildirişinin aldığı tarixdən etibarən 6 (altı) ay keçdikdə xitam verilir.

Bakı şəhərində, 2019-cu il 14 oktyabr tarixində iki əsl nüsxədə Azərbaycan, qazax və rus dillərində imzalanmış və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə olunacaqdır.

 

Azərbaycan Respublikası

Qazaxıstan Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status