×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.10.2019
QEYDİYYAT NÖMRƏSİ
1681-VQ
ADI
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-11-2019, Nəşr nömrəsi: 244), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2019, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1578)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201910221681
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 oktyabr 2019-cu il

                № 1681-VQ


“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında”

AVROPA ŞURASININ KONVENSİYASI

 

Preambula

Avropa Şurasının üzv dövlətləri və bu Konvensiyanı imzalayan digər tərəflər,

Avropa Şurasının məqsədinin öz üzvləri arasında daha böyük birliyə nail olmaq olduğunu nəzərə alaraq,

hər bir uşağın ailəsi, cəmiyyət və dövlət tərəfindən onun yetkinlik yaşına çatmamış şəxs statusunun tələb etdiyi müdafiə tədbirlərindən yararlanmaq hüququna malik olduğunu nəzərə alaraq,

uşaqların cinsi istismarının, xüsusilə də uşaq pornoqrafiyasının və fahişəliyinin, habelə uşaqlara qarşı cinsi zorakılığın bütün formalarının, o cümlədən xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixi-sosial inkişafına zərərli olduğunu qeyd edərək,

uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılığın, xüsusilə həm uşaqların, həm də cinayətkarların informasiya və kommunikasiya texnologiyalarından (İKT) artan dərəcədə istifadə etməsi ilə bağlı həm milli, həm də beynəlxalq səviyyədə narahatlıq yaradan miqyasa çatdığını, habelə uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısının alınması və onlarla mübarizənin beynəlxalq əməkdaşlıq tələb etdiyini qeyd edərək,

uşaqların rifahının və ən yüksək maraqlarının bütün üzv dövlətlərin qəbul etdikləri fundamental dəyərlər olduğunu və bu dəyərlərin heç bir ayrı-seçkiliyə yol vermədən qorunmalı olduğunu nəzərə alaraq,

Avropa Şurasının Dövlət və Hökumət Rəhbərlərinin 3-cü Zirvə Toplantısında (Varşava, 16-17 may 2005-ci il) qəbul edilmiş və uşaqların cinsi istismarını dayandırmaq məqsədilə tədbirlərin hazırlanmasına çağıran Fəaliyyət Planına istinad edərək,

xüsusilə də Nazirlər Komitəsinin uşaqların və gənclərin cinsi istismarına, pornoqrafiyasına, fahişəliyinə və alverinə dair R (91) 11 saylı Tövsiyəsinə, uşaqların cinsi istismardan müdafiəsinə dair Rec (2001)16 saylı Tövsiyəsinə, “Kibercinayətkarlıq haqqında” Konvensiyaya (№ 185), xüsusilə onun 9-cu maddəsinə, habelə Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına (№ 197) istinad edərək,

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanı (1950-ci il, № 5), Dəyişdirilmiş Avropa Sosial Xartiyasını (1996-cı il, № 163) və “Uşaqların hüquqlarının yerinə yetirilməsi haqqında” Avropa Konvensiyasını (1996-cı il, № 160) nəzərə alaraq,

həmçinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, xüsusilə onun 34-cü maddəsini, Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolunu, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunu, habelə Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyasını nəzərə alaraq,

Avropa İttifaqı Şurasının “Uşaqların cinsi istismarına və uşaq pornoqrafiyasına qarşı mübarizə haqqında” Çərçivə Qərarını (2004/68/JHA), Avropa İttifaqı Şurasının “Cinayət prosesində qurbanların statusu haqqında” Çərçivə Qərarını (2001/220/JHA) və Avropa İttifaqı Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Çərçivə Qərarını (2002/629/JHA) nəzərə alaraq,

bu sahədə digər müvafiq beynəlxalq sənəd və proqramları, xüsusilə Uşaqların Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 1-ci Ümumdünya Konqresində (27-31 avqust 1996-cı il) qəbul edilmiş Stokholm Bəyannaməsini və Fəaliyyət Planını, Uşaqların Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresində (17-20 dekabr 2001-ci il) qəbul edilmiş Yokohama Qlobal Öhdəliyini, Uşaqların Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresinə hazırlıq Konfransında (20-21 noyabr 2011-ci il) qəbul edilmiş Budapeşt Öhdəliyi və Fəaliyyət Planını, BMT Baş Assambleyasının “Uşaqlar üçün yararlı dünya” adlı S-27/2 saylı qətnaməsini və 3-cü Zirvə Toplantısından sonra qəbul edilmiş və Monako Konfransında (4-5 aprel 2006-cı il) işə başlamış “Avropanı uşaqlar üçün və uşaqlarla qurmaq” adlı üçillik proqramını lazımi qaydada nəzərə alaraq,

cinayətkarların kimliyindən asılı olmayaraq uşaqları cinsi istismardan və cinsi zorakılıqdan qorumaq və qurbanlara yardım etmək kimi ümumi məqsədə səmərəli şəkildə töhfə verməyə qətiyyətli olaraq,

uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılığın bütün formalarına qarşı mübarizənin qabaqlayıcı, müdafiəedici və cinayət-hüquqi aspektlərinə yönələn hərtərəfli beynəlxalq sənədin hazırlanmasına və xüsusi monitorinq mexanizminin yaradılmasına olan ehtiyacı nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəlmişlər:

 

Fəsil I

 

MƏQSƏDLƏR, AYRI-SEÇKİLİYƏ YOL

VERİLMƏMƏSİ PRİNSİPİ VƏ ANLAYIŞLAR

 

Maddə 1. Məqsədlər

1. Bu Konvensiyanın məqsədləri:

a) uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısının alınması və buna qarşı mübarizənin aparılması;

b) cinsi istismarın və cinsi zorakılığın qurbanı olan uşaqların hüquqlarının müdafiəsi;

c) uşaqların cinsi istismarına və onların cinsi zorakılığına qarşı milli və beynəlxalq əməkdaşlığın təşviq edilməsidir.

2. Tərəflərin Konvensiyanın müddəalarını səmərəli surətdə həyata keçirmələri məqsədilə bu Konvensiyada xüsusi monitorinq mexanizmi yaradılır.

 

Maddə 2. Ayrı-seçkiliyə yol verilməməsi prinsipi

Tərəflərin bu Konvensiyanın müddəalarını yerinə yetirmələri, xüsusilə qurbanların hüquqlarının müdafiəsi üzrə tədbirlərin qəbul edilməsi cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və sosial mənsubiyyət, hər hansı milli azlıqlara aidiyyət, əmlak, doğum, seksual oriyentasiya, sağlamlıq durumu, əlillik və ya digər status kimi əlamətlərə görə ayrı-seçkilik olmadan təmin edilir.

 

Maddə 3. Anlayışlar

Bu Konvensiyanın məqsədləri üçün:

a) “uşaq” - 18 yaşdan aşağı istənilən şəxsi ifadə edir;

b) “uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıq” - bu Konvensiyanın 18-23-cü maddələrində göstərilən davranışı əhatə edir;

c) “qurban” - cinsi istismara və ya cinsi zorakılığa məruz qalmış uşağı ifadə edir.

 

Fəsil II

 

QABAQLAYICI TƏDBİRLƏR

 

Maddə 4. Prinsiplər

Hər bir Tərəf uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün zəruri qanunvericilik və ya digər tədbirləri görür.

 

Maddə 5. Uşaqlarla təmasda çalışan şəxslərin işə götürülməsi, təlimi və məlumatlılıq səviyyəsinin artırılması

1. Hər bir Tərəf təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə və hüquq mühafizə sektorlarında və idman, mədəniyyət və istirahət fəaliyyətləri sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslər arasında uşaqların müdafiəsi və onların hüquqları barədə məlumatlılığı artırmaq üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

2. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 1-ci hissədə göstərilən şəxslərin uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıq, onları ifşa etmək vasitələri və 12-ci maddənin 1-ci hissəsində nəzərdə tutulmuş imkan barədə kifayət qədər biliyə malik olması təmin edilsin.

3. Hər bir Tərəf öz qanunvericiliyinə uyğun olaraq bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, uşaqlarla müntəzəm təmasla bağlı olan peşəyə namizədlərin uşaqların cinsi istismarına və ya onlara qarşı cinsi zorakılığa görə məhkum olunmamasının bu peşə fəaliyyəti ilə məşğul olmasının şərtlərinə aid olması təmin edilsin.

 

Maddə 6. Uşaqların maarifləndirilməsi

Hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, ibtidai və orta təhsil zamanı cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə uşaqların öz inkişaf səviyyəsinə uyğun məlumat alması təmin edilsin. Zəruri hallarda valideynlərlə birgə təqdim edilən bu məlumat cinsi tərbiyəyə aid daha ümumi kontekst çərçivəsində verilir və təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadəni əhatə edən vəziyyətlərə xüsusi diqqət yetirir.

 

Maddə 7. Qabaqlayıcı müdaxilə proqramları və ya tədbirləri

Hər bir Tərəf zəruri hallarda bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı əməli törədə biləcəklərindən ehtiyatlanan şəxslərin əməli törətmə təhlükəsini qiymətləndirmək və qarşısını almaq üçün nəzərdə tutulmuş səmərəli müdaxilə proqramları və ya tədbirlərindən istifadə etmək imkanını təmin edir.

 

Maddə 8. Geniş ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirlər

1. Hər bir Tərəf geniş ictimaiyyətə ünvanlanan və uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıq fenomeni, həmçinin mümkün qabaqlayıcı tədbirlər barədə məlumatın təqdim edilməsi kampaniyaları təşviq edir və ya keçirir.

2. Hər bir Tərəf bu Konvensiyaya uyğun müəyyən edilmiş cinayət əməllərini təbliğ edən materialların yayılmasının qarşısını almaq və ya qadağan etmək üçün bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

 

Maddə 9. Uşaqların, özəl sektorun, media və vətəndaş cəmiyyətinin iştirakı

1. Hər bir Tərəf uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıq ilə mübarizəyə dair dövlət siyasətləri, proqramları və ya digər təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində uşaqların inkişaf səviyyəsinə uyğun olaraq iştirakını təşviq edir.

2. Hər bir Tərəf özəl sektoru, xüsusilə də informasiya və kommunikasiya texnologiyası sektorunu, turizm və səyahət sənayesini, bank və maliyyə sektorlarını, habelə vətəndaş cəmiyyətinin uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısını almaq və özünütənzimləmə və ya birgə tənzimləmə əsasında daxili normaları tətbiq etmək məqsədilə siyasətlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirakını təşviq edir.

3. Hər bir Tərəf media müstəqilliyinə və mətbuat azadlığına riayət etməklə, uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün aspektləri ilə bağlı müvafiq məlumatların kütləvi informasiya vasitələri tərəfindən təqdim edilməsini təşviq edir.

4. Hər bir Tərəf uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısının alınması və uşaqların müdafiəsi məqsədilə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsini o cümlədən zəruri hallarda fondların yaradılması vasitəsilə təşviq edir.

 

Fəsil III

 

İXTİSASLAŞMIŞ VƏ ƏLAQƏLƏNDİRİCİ ORQANLAR

 

Maddə 10. Əlaqələndirmə və qarşılıqlı fəaliyyət üzrə milli tədbirlər

1. Hər bir Tərəf uşaqların cinsi istismardan və onlara qarşı cinsi zorakılıqdan müdafiəsi, bu cür halların qarşısının alınması və onlara qarşı mübarizəyə məsul müxtəlif orqanların, xüsusilə təhsil, səhiyyə, sosial xidmətlər, hüquq mühafizə və məhkəmə orqanları arasında milli və ya yerli səviyyədə əlaqələndirməni təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.

2. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, aşağıdakılar yaradılsın və ya təyin edilsin:

a) ayrıca vəsaitləri və məsuliyyət dairəsini təmin etməklə uşaq hüquqlarının təşviqi və müdafiəsi üzrə müstəqil səlahiyyətli milli və ya yerli təsisatlar;

b) şəxsi məlumatların qorunması tələblərinə əməl etməklə, uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıq fenomeninə nəzarət etmək və onu qiymətləndirmək məqsədilə milli və ya yerli səviyyədə və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə məlumatların toplanması mexanizmləri və ya koordinasiya mərkəzləri.

3. Hər bir Tərəf uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın daha yaxşı səviyyədə qarşısını almaq və bu cür hallarla mübarizə aparmaq üçün səlahiyyətli dövlət orqanları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığı təşviq edir.

 

Fəsil IV

 

QABAQLAYICI TƏDBİRLƏR VƏ QURBANLARA YARDIM

 

Maddə 11. Prinsiplər

1. Hər bir Tərəf qurbanlara, onların yaxın qohumlarına və onların qayğısına məsul hər hansı şəxsə lazımi dəstək göstərilməsi üçün səmərəli sosial proqramlar hazırlayır və çoxşaxəli strukturlar təsis edir.

2. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, qurbanın yaşı müəyyən olmadığı və qurbanın uşaq olduğuna inanmaq üçün səbəblər mövcud olduğu hallarda uşaqlar üçün nəzərdə tutulmuş müdafiə və yardım tədbirləri onların yaşı müəyyən edilənədək tətbiq edilsin.

 

Maddə 12. Cinsi istismar və ya cinsi zorakılıqla bağlı şübhəli hallar barəsində məlumat verilməsi

1. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, uşaqlarla təmasda çalışan müəyyən peşə sahibləri üçün qanunvericiliklə nəzərdə tutulmuş konfidensiallıq qaydalarının həmin şəxslərin uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmasına inanmaq üçün ciddi əsaslar olduğu hər bir hal barədə uşaqların müdafiəsinə məsul xidmətlərə məlumat vermək imkanlarına maneə yaratmaması təmin edilsin.

2. Hər bir Tərəf uşaqların cinsi istismarı və ya onlara qarşı cinsi zorakılıq barədə məlumatı və ya vicdanlı şübhəsi olan hər bir şəxsi bu faktlar barədə müvafiq xidmətlərə məlumat verməyə həvəsləndirmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

 

Maddə 13. Yardım almaq üçün məlumat xidmətləri

Hər bir Tərəf konfidensiallıq şəraitində və ya anonimliyə riayət etməklə müraciət edənlərə məsləhət vermək üçün telefon, yaxud İnternet yardım xidmətləri kimi məlumat xidmətlərinin yaradılmasını təşviq etmək və dəstəkləmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

 

Maddə 14. Qurbanlara yardım

1. Hər bir Tərəf qurbanlara fiziki və psixi-sosial durumlarının bərpasında qısa və ya uzun müddətdə yardım etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir. Bu hissəyə əsasən həyata keçirilən tədbirlərdə uşağın mövqeyi, tələbatı və problemləri nəzərə alınır.

2. Hər bir Tərəf qurbanlara yardımla məşğul olan qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və ya vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə əsasən tədbirlər həyata keçirir.

3. Valideynlər və ya uşağa qayğı göstərən şəxslər onun cinsi istismarında və ya ona qarşı cinsi zorakılıqda iştirak etdiyi hallarda 11-ci maddənin 1-ci hissəsinin tətbiqi üçün həyata keçirilən müdaxilə tədbirləri aşağıdakıları əhatə edir:

güman edilən cinayətkarı təcrid etmək imkanı;

qurbanı ailəsindən təcrid etmək imkanı. Bu cür təcridetmənin şərtləri və müddəti uşağın ən yüksək maraqlarına uyğun müəyyən edilir.

4. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, qurbana yaxın olan şəxslərin zəruri hallarda terapiya yardımı, xüsusilə təxirəsalınmaz psixoloji yardım almaq imkanı təmin edilsin.

 

Fəsil V

 

MÜDAXİLƏ PROQRAMLARI VƏ YA TƏDBİRLƏRİ

 

Maddə 15. Ümumi prinsiplər

1. Hər bir Tərəf uşaqlara qarşı seksual xarakterli cinayətlərin yenidən törədilməsi təhlükəsinin qarşısını almaq və ya belə təhlükəni azaltmaq məqsədilə 16-cı maddənin 1-ci və 2-ci hissələrində göstərilən şəxslər üçün səmərəli müdaxilə proqramlarını və ya tədbirlərini öz qanunvericiliyinə müvafiq olaraq təmin və ya təşviq edir. Bu cür proqramlardan və ya tədbirlərdən istifadə etmək imkanı qanunvericilikdə təsbit olunmuş şərtlərə uyğun olaraq, cinayət təqibi ərzində həbsxanada və ya kənarda hər zaman mövcud olmalıdır.

2. Hər bir Tərəf səlahiyyətli orqanlar, xüsusilə səhiyyə və sosial xidmət orqanları, habelə məhkəmələr və 16-cı maddənin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərlə işə məsul digər orqanlar arasında tərəfdaşlığın və ya əməkdaşlığın digər formalarının inkişafını öz qanunvericiliyinə müvafiq olaraq təmin və ya təşviq edir.

3. Hər bir Tərəf 16-cı maddənin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərin bu Konvensiyaya uyğun müəyyən edilmiş cinayət əməllərinin təhlükəliliyinin və yenidən törətməsi risklərinin qiymətləndirilməsini zəruri proqram və ya tədbirlərin müəyyən edilməsi məqsədilə öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

4. Hər bir Tərəf həyata keçirilən proqram və tədbirlərin səmərəliliyinin qiymətləndirilməsini öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

Maddə 16. Müdaxilə proqramları və tədbirləri yönəldilən şəxslər

1. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməlinə görə barələrində cinayət təqibi aparılan şəxslərin 15-ci maddənin 1-ci hissəsində göstərilən proqram və ya tədbirlərə müraciət etmək imkanım müdafiə tərəfinin hüquqlarına, həmçinin ədalətli və qərəzsiz məhkəmə araşdırılmasına dair tələblərə zərərli və ya zidd olmayan şərtlərlə, xüsusilə təqsirsizlik prezumpsiyası prinsipinə aid müddəalara əməl etməklə öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

2. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməlini törətməsinə görə məhkum edilmiş şəxslərin 15-ci maddənin 1-ci hissəsində göstərilən proqram və ya tədbirlərə müraciət etmək imkanını öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

3. Hər bir Tərəf müdaxilə proqramları və ya tədbirlərinin seksual xarakterli cinayət əməlini törətmiş uşaqların, o cümlədən cinayət məsuliyyəti yarandığı yaşa çatmamışların inkişaf tələbatlarına uyğun, onların seksual davranış problemlərini həll etmək məqsədilə işlənib hazırlanmasını və ya uyğunlaşdırılmasını öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

 

Maddə 17. Məlumat və razılıq

1. Hər bir Tərəf 16-cı maddədə göstərilən və müdaxilə proqramları və ya tədbirləri təklif edilən şəxslərin bu təklifin səbəbləri barədə tam məlumat almasını və faktları tam şəkildə bilərək proqram və ya tədbirə razılıq verməsini öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

2. Hər bir Tərəf müdaxilə proqramı və ya tədbirlərinin təklif edilən şəxslərin onlardan imtina etmək imkanı, habelə məhkum olunmuş şəxslərin bu cür imtinanın mümkün nəticələri barədə xəbərdar olmasını öz qanunvericiliyinə müvafiq olaraq təmin edir.

 

Fəsil VI

 

MADDİ CİNAYƏT HÜQUQU MÜDDƏALARI

 

Maddə 18. Cinsi zorakılıq

1. Hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıda göstərilən qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təmin edilsin:

a) qanunvericiliyin müvafiq müddəalarına əsasən seksual xarakterli hərəkətlər üçün qanunla müəyyən edilmiş yaşa çatmamış uşaqla seksual xarakterli hərəkətlər;

b) uşaqla aşağıdakı hallarda seksual xarakterli hərəkətlər etmə:

məcbur etməklə, güc tətbiq etməklə və ya hədə-qorxu gəlməklə; yaxud

uşağın etibarından, onun üzərində nüfuzdan və ya təsirdən, o cümlədən ailə

daxilində sui-istifadə etməklə; yaxud

uşağın xüsusilə zəif vəziyyətindən, yəni əqli və ya fiziki əlilliyə və ya asılılıq vəziyyətinə görə sui-istifadə etməklə.

2. Yuxarıdakı 1-ci hissənin məqsədləri üçün hər bir Tərəf uşaqla seksual xarakterli hərəkətlər etmə qadağan olunan yaş həddini müəyyən edir.

3. 1-ci hissənin “a” bəndinin müddəaları yetkinlik yaşına çatmamış uşaqlar arasında razılıq əsasında seksual xarakterli hərəkətlərə şamil edilmir.

 

Maddə 19. Uşaq fahişəliyi ilə bağlı cinayət əməlləri

1. Hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıda göstərilən qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təmin edilsin:

a) uşağı fahişəliyə cəlbetmə və ya uşağı fahişəliyə vadaretmə;

b) uşağı fahişəliklə məşğul olmağa məcburetmə və ya bundan mənfəət əldəetmə, yaxud bu cür məqsədlər üçün onun başqa cür istismarı;

c) uşaq fahişəliyi xidmətlərindən istifadəetmə.

2. Bu maddənin məqsədləri üçün “uşaq fahişəliyi” termini - ödəniş qismində pul, yaxud hər hansı digər formada mükafatı və ya ödənişi, bu mükafatın, vədin və ya ödənişin uşağa, yaxud üçüncü şəxsə verilməsindən asılı olmayaraq etməklə, yaxud vəd etməklə uşaqdan seksual xarakterli hərəkətlər üçün istifadə edilməsi faktını ifadə edir.

 

Maddə 20. Uşaq pornoqrafiyası ilə bağlı cinayət əməlləri

1. Hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıda göstərilən haqsız və qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təmin edilsin:

a) uşaq pornoqrafiyasının istehsalı;

b) uşaq pornoqrafiyasını təklifetmə və ya təqdimetmə;

c) uşaq pornoqrafiyasını yayma və ya ötürmə;

d) uşaq pornoqrafiyasını şəxsi istifadə və ya başqa şəxs üçün əldəetmə;

e) uşaq pornoqrafiyasını saxlama;

f) informasiya və kommunikasiya texnologiyaları vasitəsilə bilərəkdən uşaq pornoqrafiyasını əldəetmə.

2. Bu maddənin məqsədləri üçün “uşaq pornoqrafiyası” termini - həqiqətən və ya simulyasiya şəkildə açıq-aydın seksual xarakterli hərəkətlər edən uşağı göstərən, yaxud ilk növbədə seksual məqsədlər üçün uşağın cinsiyyət orqanlarını nümayiş etdirən istənilən materialı ifadə edir.

3. Hər bir Tərəf aşağıdakı pornoqrafik materialların istehsalına və saxlanmasına 1-ci hissənin “a” və “e” bəndlərini tam və ya qismən şamil etməmək hüququnu özündə saxlaya bilər:

müstəsna olaraq mövcud olmayan uşağın simulyasiyalı təqdimatından və ya həqiqətə oxşayan təsvirlərindən ibarət olan;

18-ci maddənin 2-ci hissəsinin tətbiqi üçün müəyyən edilmiş yaş həddinə çatmış uşaqların iştirakı ilə olan, belə təsvirlər onlar tərəfindən öz razılığı ilə və yalnız öz şəxsi istifadəsi üçün hazırlandıqda və ya saxlanıldıqda.

4. Hər bir Tərəf 1-ci hissənin “f” bəndini tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.

 

Maddə 21. Uşağın pornoqrafiya tamaşalarında iştirakı ilə bağlı cinayət əməlləri

1. Hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıda göstərilən qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təmin edilsin:

a) uşağı pornoqrafiya tamaşalarında iştirak etməyə cəlbetmə və ya uşağı bu cür tamaşalarda iştirak etməyə vadaretmə;

b) uşağı pornoqrafiya tamaşalarında iştiraka məcburetmə və ya bundan mənfəət əldəetmə, yaxud bu cür məqsədlər üçün onun başqa cür istismarı;

c) uşaqların iştirakı ilə pornoqrafiya tamaşalarına bilərəkdən gəlmə.

2. Hər bir Tərəf 1-ci hissənin “c” bəndinin tətbiqini yalnız uşaqların 1-ci hissənin “a” və “b” bəndlərinə uyğun cəlb edilməsi və ya məcbur edilməsi halları ilə məhdudlaşdıra bilər.

 

Maddə 22. Uşaqlara qarşı əxlaqsız hərəkətlər

Hər bir Tərəf 18-ci maddənin 2-ci hissəsinin tətbiqi üçün müəyyən edilmiş yaş həddinə çatmamış uşaqların, hətta iştirak etmədən cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə məcbur etməyə görə cinayət məsuliyyətini müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

 

Maddə 23. Seksual xarakterli məqsədlər üçün uşaqların təqib edilməsi

Hər bir Tərəf 18-ci maddənin 2-ci hissəsinin tətbiqi üçün müəyyən edilmiş yaş həddinə çatmamış uşaqla görüş barədə yetkinlik yaşına çatmış şəxs tərəfindən informasiya və kommunikasiya texnologiyaları vasitəsilə, ona qarşı 18-ci maddənin 1-ci hissəsinin “a” bəndinə və ya 20-ci maddənin 1-ci hissəsinin “a” bəndinə uyğun müəyyən edilmiş cinayəti törətmək məqsədilə qəsdən təklif etməyə görə, belə təklifdən sonra bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə, cinayət məsuliyyətini müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

 

Maddə 24. Təhrikçilik və ya köməklik və cinayət törətməyə cəhd

1. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayətə qəsdən törədilən təhrikçiliyə və ya köməkliyə görə cinayət məsuliyyətini müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

2. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayətə qəsdən cəhd etməyə cinayət məsuliyyətini müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

3. Hər bir Tərəf 20-ci maddənin 1-ci hissəsinin “b”, “d”, “e” və “f’ bəndlərinə, 21-ci maddənin 1-ci hissəsinin “c” bəndinə, 22 və 23-cü maddələrə müvafiq olaraq müəyyən edilmiş cinayətlərə 2-ci hissəni tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.

 

Maddə 25. Cinayət qanununun qüvvəsi

1. Hər bir Tərəf aşağıdakı hallarda törədilən bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayətlə bağlı öz yurisdiksiyanı müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir:

a) öz ərazisində; yaxud

b) həmin Tərəfin bayrağı altında hərəkət edən su gəmisində; yaxud

c) həmin Tərəfin qanunlarına əsasən qeydiyyata alınmış hava gəmisində; yaxud

d) öz vətəndaşı tərəfindən; yaxud

e) onun ərazisində daimi yaşayış yeri olan şəxs tərəfindən törədildikdə.

2. Hər bir Tərəf onun vətəndaşına və ya onun ərazisində daimi yaşayan şəxsə qarşı törədilən bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayətlə bağlı öz yurisdiksiyanı müəyyən etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirməyə çalışır.

3. Hər bir Tərəf imzalama, yaxud ratifikasiya, qəbuletmə, təsdiq və ya qoşulma barədə sənədi təhvil verdiyi zaman bu maddənin 1-ci hissəsinin “e” bəndində müəyyən edilən yurisdiksiyaya dair müddəaları tətbiq etməmək və ya yalnız müəyyən hallarda və ya şərtlərlə tətbiq etmək hüququnu özündə saxlaması barədə Avropa Şurası Baş katibinin ünvanına bəyannamə verə bilər.

4. Bu Konvensiyanın 18, 19-cu maddələrinə, 20-ci maddənin 1-ci hissəsinin “a” bəndinə və 21-ci maddənin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün hər bir Tərəf bütün lazımi qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 1-ci hissənin “d” bəndi ilə bağlı yurisdiksiya cinayət törədildiyi yerdə ona görə məsuliyyətin müəyyən edilməsi ilə şərtləndirilməsin.

5. Hər bir Tərəf imzalama, yaxud ratifikasiya, qəbuletmə, təsdiq və ya qoşulma barədə sənədi təhvil verdiyi zaman 18-ci maddənin 1-ci hissəsinin “b” bəndinin ikinci və üçüncü yarımbəndlərinə uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı bu maddənin 4-cü hissəsinin tətbiqini öz vətəndaşının onun ərazisində daimi yaşaması hallan ilə məhdudlaşdırmaq hüququnu özündə saxlaması barədə Avropa Şurasının Baş katibinin ünvanına bəyannamə verə bilər.

6. Bu Konvensiyanın 18, 19-cu maddələrinə, 20-ci maddənin 1-ci hissəsinin “a” bəndinə və 21-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə məsuliyyətə cəlbetmə üçün hər bir Tərəf bütün lazımi qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 1-ci hissənin “d” və “e” bəndləri ilə bağlı yurisdiksiya cinayət təqibinin yalnız qurbandan şikayət daxil olduqdan və ya cinayət törədildiyi dövlətdən məlumat daxil olduqdan sonra başlamaq imkanı ilə şərtləndirilməsin.

7. Hər bir Tərəf güman edilən cinayətkarın onun ərazisində olduğu və sırf onun vətəndaşlığına görə başqa Tərəfə verilmədiyi hallarında bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətə görə yurisdiksiyanı müəyyən etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri həyata keçirir.

8. Bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətə görə yurisdiksiyaya malik olduğunu bir neçə Tərəflər iddia etdikdə aidiyyəti Tərəflər zəruri hallarda cinayət təqibini həyata keçirmək üçün ən münasib yurisdiksiyanı müəyyən etmək üçün məsləhətləşmə aparırlar.

9. Beynəlxalq qanunun ümumi qaydalarına xələl gətirmədən, bu Konvensiya Tərəfin öz qanunvericiliyinə uyğun olaraq həyata keçirdiyi hər hansı cinayət təqibini istisna etmir.

 

Maddə 26. Hüquqi şəxslərin məsuliyyəti

1. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, fərdi surətdə, yaxud aşağıdakı əsaslarla hüquqi şəxsin strukturunda rəhbər vəzifə tutan həmin hüquqi şəxsin orqanı kimi çıxış edən hər hansı fiziki şəxs tərəfindən hüquqi şəxsin mənafeyi üçün törədilmiş, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətə görə həmin hüquqi şəxsi məsuliyyətə cəlb etmək imkanı təmin edilsin:

a) hüquqi şəxsi təmsil etmək səlahiyyəti;

b) hüquqi şəxs adından qərar qəbul etmək səlahiyyəti;

c) hüquqi şəxs daxilində nəzarəti həyata keçirmək səlahiyyəti.

2. 1-ci hissədə artıq nəzərdə tutulmuş hallardan başqa, hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 1-ci hissədə göstərilmiş fiziki şəxs tərəfindən nəzarətin olmaması səbəbindən bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətin hüquqi şəxsin göstərişi ilə fiziki şəxs tərəfindən həmin hüquqi şəxsin mənafeyi üçün törətməsi hallarında hüquqi şəxsi məsuliyyətə cəlb etmək imkanı təmin edilsin.

3. Tərəfin hüquqi prinsiplərinə uyğun olaraq hüquqi şəxsin məsuliyyəti cinayət, mülki və ya inzibati hüquqi xarakterli ola bilər.

4. Bu cür məsuliyyət cinayət əməlini törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə xələl gətirmir.

 

Maddə 27. Cəzalar və tədbirlər

1. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə onların ağırlığı nəzərə alınmaqla səmərəli, mütənasib və kəsərli cəzaların nəzərdə tutulması təmin edilsin. Bu cəzalar ekstradisiyaya əsas verə biləcək azadlıqdan məhrumetmə ilə bağlı cəzalan ehtiva edir.

2. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 26-cı maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilmiş hüquqi şəxslər barəsində səmərəli, mütənasib və kəsərli cəzaların, o cümlədən cinayət və ya qeyri-cinayət qaydasında cərimələrin, habelə aşağıdakılar daxil olmaqla digər tədbirlərin təyin edilməsi təmin edilsin:

a) dövlət imtiyazlarını və ya yardımı almaq hüququndan məhrumetmə;

b) kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan müvəqqəti və ya daimi məhrumetmə;

c) məhkəmə nəzarəti altına vermə;

d) məhkəmə qaydasında ləğvetmə.

3. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki,

a) aşağıdakıların götürülməsi və müsadirəsi nəzərdə tutulsun:

bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərini törətmək və ya onların törədilməsinə kömək etmək üçün istifadə edilən əşyalar, sənədlər və ya digər vasitələr;

bu cinayət əməllərinin törədilməsi nəticəsində əldə edilmiş gəlir, yaxud dəyəri belə gəlirlərə uyğun olan əmlak;

b) bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməlinin törədilməsi üçün istifadə edilmiş hər hansı müəssisənin, bona fide üçüncü tərəflərin hüquqlarına xələl gətirmədən müvəqqəti və ya daimi bağlanması, yaxud uşaqlarla təmasla bağlı peşəkar və ya könüllü fəaliyyətin həyata keçirilməsi zamanı cinayət törətmiş şəxslərə müvəqqəti və ya daimi bu fəaliyyətin həyata keçirilməsinin qadağan edilməsi nəzərdə tutulsun.

4. Hər bir Tərəf cinayətkarlar barəsində valideyn hüquqlarından məhrumetmə, yaxud məhkum olunmuş şəxslər üzərində nəzarət kimi digər tədbirləri tətbiq edə bilər.

5. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı cinayət əməlinin qurbanları üçün preventiv və yardım proqramlarını maliyyələşdirmək üçün bu maddəyə uyğun olaraq müsadirə edilmiş, cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya əmlakın xüsusi fonda yönəlməsini müəyyən edə bilər.

 

Maddə 28. Ağırlaşdırıcı hallar

Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıdakı hallar cinayət əməlinin tərkib elementi kimi müəyyən edilmədiyi təqdirdə, bu Konvensiyaya müvafiq olaraq müəyyən edilmiş cinayətlərlə bağlı cəzaların müəyyən edilməsi zamanı qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq ağırlaşdırıcı hallar kimi nəzərə alınması imkanı təmin edilsin:

a) cinayət nəticəsində qurbanın fiziki və ya əqli sağlamlığına ciddi zərər yetirildikdə;

b) cinayət işgəncə və ya ciddi zorakılıq hərəkətləri ilə müşayiət olunduqda;

c) cinayət xüsusilə zəif qurbana qarşı törədildikdə;

d) cinayət ailə üzvü, uşaqla yaşayan şəxs və ya səlahiyyətindən sui-istifadə etmiş şəxs tərəfindən törədildikdə;

e) cinayət bir qrup şəxs tərəfindən törədildikdə;

f) cinayət mütəşəkkil cinayətkar qrup tərəfindən törədildikdə;

g) cinayətkar əvvəllər eyni xarakterli cinayətləri törətməsinə görə məhkum olunduqda.

 

Maddə 29. Məhkumluq

Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, cəza müəyyən edilərkən digər Tərəfin bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı çıxarılmış hökmləri nəzərə alınsın.

 

Fəsil VII

 

İSTİNTAQ, CİNAYƏT TƏQİBİ VƏ PROSESSUAL HÜQUQ

 

Maddə 30. Prinsiplər

1. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, istintaq və cinayət təqibinin uşağın ən yüksək maraqları naminə və onun hüquqlarına riayət etməklə aparılması təmin edilsin.

2. Hər bir Tərəf qurbanlara müdafiə yanaşmasını qəbul edir ki, istintaq və cinayət təqibi nəticəsində uşağın keçirdiyi sarsıntı ağırlaşmasın və zəruri hallarda, cinayət hüquqi tədbirlərin tətbiqindən sonra yardım göstərilsin.

3. Hər bir Tərəf istintaq və cinayət təqibinin prioritet surətdə və heç bir əsassız ləngitmə olmadan aparılmasını təmin edir.

4. Hər bir Tərəf bu fəsilə əsasən tətbiq edilən tədbirlərin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq, müdafiə hüquqlarına və ədalətli və qərəzsiz məhkəmə araşdırılmasına dair tələblərə xələl gətirmədiyini təmin edir.

5. Hər bir Tərəf öz qanunvericiliyinin əsas prinsiplərinə müvafiq olaraq zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki,

bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı, zəruri hallarda gizli əməliyyat-axtarış tədbirlərinə yol verməklə səmərəli istintaqın və cinayət təqibinin keçirilməsi təmin edilsin;

istintaq bölmələrinə və ya xidmətlərinə 20-ci maddəyə uyğun olaraq müəyyən edilmiş cinayətlərin qurbanlarını, o cümlədən informasiya və kommunikasiya texnologiyaları vasitəsilə ötürülən, yaxud təqdim edilən fotoşəkillər və ya audiovizual çəkilişlər kimi uşaq pornoqrafiyası materialını təhlil etməklə müəyyən etmək səlahiyyəti verilsin.

 

Maddə 31. Ümumi müdafiə tədbirləri

1. Hər bir Tərəf istintaq və cinayət təqibinin bütün mərhələlərində qurbanların hüquq və maraqlarının, o cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının, xüsusilə aşağıdakılar vasitəsilə müdafiəsi üçün zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir:

a) onlara öz hüquqları və onlar üçün mümkün olan xidmətlər, habelə bu cür məlumat almaqdan imtina etmədiyi halda, şikayətləri ilə bağlı görülən tədbirlər, ittihamlar, ümumiyyətlə istintaq və cinayət təqibinin gedişatı, habelə onların bu məsələdə rolu və işin nəticələri barədə məlumat verilməsi;

b) ən azı qurbanların və onların ailələrinin təhlükəyə məruz qala biləcəkləri hallarda onlara cinayət məsuliyyətinə cəlb edilmiş və ya məhkum edilmiş şəxsin müvəqqəti və ya yekun olaraq azad edilməsi barədə zəruri hallarda məlumat verilməsi;

c) qanunvericiliyin prosessual normalarına uyğun qaydada onlar üçün ifadə vermək, sübutlar təqdim etmək, habelə öz mövqeyinin, ehtiyaclarının və fikirlərinin bilavasitə və ya vasitəçinin köməyilə nəzərə alınması vasitələrini seçmək imkanının yaradılması;

d) onların hüquq və mənafelərinin lazımi qaydada təqdim edilməsi və nəzərə alınması üçün onlara müvafiq yardım xidmətlərinin göstərilməsi;

e) onların şəxsi həyatının, şəxsiyyətinin və təsvirlərinin qorunması, habelə onların müəyyən olunmasına gətirib çıxara biləcək hər hansı məlumatın yayılmasının qarşısını almaq məqsədilə öz qanunvericiliyinə müvafiq olaraq tədbirlər həyata keçirməklə;

f) onların, habelə ailələrinin və onların tərəfindən çıxış edən şahidlərin təqib, qisasalma və təkrarən qurbana çevrilmə kimi təhlükələrdən qorunması;

g) səlahiyyətli orqanlar tərəfindən uşağın ən yüksək maraqlan üçün başqa qaydanın müəyyən edilməsi, yaxud istintaq və ya cinayət təqibi üçün belə təmasın tələb olunması hallan istisna edilməklə, məhkəmə və hüquq mühafizə orqanlarının binalarında qurbanlarla cinayətkarlar arasında təmasın olmamasının təmin edilməsi.

2. Hər bir Tərəf qurbanların səlahiyyətli orqanlarla ilkin təmasından başlayaraq onlar üçün müvafiq məhkəmə və inzibati proses barədə məlumatın mümkün olmasını təmin edir.

3. Hər bir Tərəf qurbanların cinayət prosesində iştirak etmək hüququna malik olduğu hallarda hüquqi yardımdan, tələb edildikdə isə pulsuz hüquqi yardımdan istifadə etmək imkanını təmin edir.

4. Hər bir Tərəf qurbanın qanunvericiliyə müvafiq olaraq cinayət prosesində iştirak etmək hüququna malik olduğu, lakin valideyn məsuliyyətini daşıyanların qurbanla maraqların toqquşmasına görə belə prosesdə uşağı təmsil etmək hüququndan məhrum edildiyi halda məhkəmə orqanlarına qurban üçün qanuni nümayəndəni təyin etmək imkanını təmin edir.

5. Hər bir Tərəf qruplara, fondlara, cəmiyyətlərə, yaxud hökumət və ya qeyri-hökumət təşkilatlarına bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı cinayət təqibi zamanı, qurbanların razılığı ilə, onlara yardım etmək və ya dəstək vermək imkanını öz qanunvericiliyində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq qanunvericilik və ya digər tədbirlər vasitəsilə təmin edir.

6. Hər bir Tərəf bu maddənin müddəalarına uyğun olaraq qurbanlara verilən məlumatların onların yaşına və kamillik dövrünə uyğun qaydada və onların başa düşdükləri dildə verilməsini təmin edir.

 

Maddə 32. İcraatın başlanması

Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı istintaqın və ya cinayət təqibinin qurbanın irəli sürdüyü şikayət və ya ittihamdan asılı olmaması, habelə qurban hətta öz ərizəsini geri götürdüyü halda icraatın davam edə biləcəyi təmin edilsin.

 

Maddə 33. Məsuliyyətə cəlbetmə müddətləri

Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, 18-ci maddəyə, 19-cu maddənin 1-ci hissəsinin “a” və “b” bəndlərinə və 21-ci maddənin 1-ci hissəsinin “a” bəndinə uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə müddətinin qurbanın yetkinlik yaşına çatmasından sonra icraatın səmərəli qaydada başlanmasına imkan yaradan müddətdə, habelə cinayət əməlinin ağırlığına mütənasib müddətdə davam etməsi təmin edilsin.

 

Maddə 34. İstintaq

1. Hər bir Tərəf zəruri tədbirlər həyata keçirir ki, istintaqı həyata keçirən şəxslər, bölmələr və ya xidmətlərin uşaqların cinsi istismarı və ya onlara qarşı cinsi zorakılıqla mübarizə sahəsində ixtisaslaşmış və ya həmin şəxslərin bu məqsədlə təlim keçmiş olması təmin edilsin. Bu bölmələr və ya xidmətlər münasib maliyyə resursları ilə təmin edilir.

2. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, qurbanın həqiqi yaşı ilə bağlı qeyri-müəyyənliyin cinayət işinin başlanmasına mane olmadığı təmin edilsin.

 

Maddə 35. Uşaqdan ifadə alma

1. Hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıdakılar təmin edilsin:

a) faktlar barədə səlahiyyətli orqanlara məlumat daxil olduqdan sonra heç bir əsassız ləngimə olmadan uşaqdan ifadə almaq üçün müsahibə keçirilir;

b) zəruri hallarda uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə yaradılmış və ya uyğunlaşdırılmış yerdə keçirilir;

c) uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə təlim keçmiş mütəxəssislər tərəfindən keçirilir;

d) mümkün və münasib olduqda uşaqdan ifadə almaq üçün müsahibələr eyni şəxslər tərəfindən keçirilir;

e) müsahibələr yalnız cinayət təqibi məqsədləri ilə tələb olunan mümkün qədər az sayda olmalıdır;

f) uşağı qanuni nümayəndəsi və ya münasib olduqda, onun seçimi ilə yetkinlik yaşına çatmış şəxs, bu şəxslə bağlı onun iştirakının qadağan edilməsi barədə qərar olduğu hallar istisna edilməklə, müşayiət edə bilər.

2. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, qurbanla, müvafiq hallarda isə uşaq şahidi ilə bütün müsahibələrin videoçəkiliş aparmaqla keçirilməsi və bu videoyazıların məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsi imkanı qanunvericiliyin normalarına müvafiq qaydada təmin edilsin.

3. Qurbanın yaşı qeyri-müəyyən olduğu və qurbanın uşaq olduğuna inanmaq üçün səbəblər mövcud olduğu hallarda 1-ci və 2-ci hissələrdə nəzərdə tutulmuş tədbirlər onun yaşı müəyyən edilənədək tətbiq edilir.

 

Maddə 36. Cinayət mühakiməsi

1. Hər bir Tərəf hüquq peşəsi sahiblərinin müstəqilliyinə dair normalara əməl etməklə zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, icraat iştirakçıları, xüsusilə hakimlər, prokurorlar və vəkillər üçün uşaqların hüquqları, habelə uşaqların cinsi istismarı və onlara qarşı seksual zorakılıqla bağlı təlimlərin keçirilməsi təmin edilsin.

2. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, öz qanunvericiliyinin normalarına müvafiq olaraq aşağıdakılar təmin edilsin:

a) məhkəmə iclasının qapalı keçirilməsi barədə hakim tərəfindən qərar qəbul edilməsi;

b) qurbanın məhkəmə zalında iştirak etmədən, yəni müvafiq kommunikasiya texnologiyalarından istifadə etməklə məhkəmə iclasında ifadə verməsi.

 

Fəsil VIII

 

MƏLUMATLARIN QEYDƏ ALINMASI VƏ SAXLANMASI

 

Maddə 37. Seksual xarakterli cinayət törətməyə görə məhkum olunmuş şəxslər barəsində məlumatların qeydiyyatı və saxlanması

1. Bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərin qarşısının alınması və onlarla bağlı cinayət təqibinin keçirilməsi məqsədilə hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətləri törətməsinə görə məhkum olunmuş şəxslərin şəxsiyyəti və genetik profilinə (DNT) dair məlumatların şəxsi məlumatların qorunmasına dair müvafiq müddəalara və qanunvericilikdə nəzərdə tutulmuş digər müvafiq normalara və təminatlara uyğun qaydada toplanması və saxlanması üçün zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir.

2. Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil verən zaman Avropa Şurasının Baş katibinə 1-ci bəndin məqsədləri üçün məsul vahid milli orqanın adını və ünvanını təqdim edir.

3. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, 1-ci hissədə göstərilən məlumatı öz qanunvericiliyində və müvafiq beynəlxalq sənədlərdə müəyyən edilmiş şərtlərə uyğun olaraq digər Tərəfin səlahiyyətli orqanına ötürmək imkanı təmin edilsin.

 

Fəsil IX

 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Maddə 38. Beynəlxalq əməkdaşlıq üzrə ümumi prinsiplər və tədbirlər

1. Tərəflər bu Konvensiyanın müddəalarına uyğun olaraq və müvafiq beynəlxalq və regional sənədlər, habelə mümkün qədər geniş dərəcədə vahid və ya qarşılıqlı olan qanunvericilik və normalar əsasında əldə edilmiş razılaşma vasitəsilə aşağıdakı məqsədlər üçün bir-birləri ilə əməkdaşlıq edirlər:

a) uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısının alınması və bu cür hallara qarşı mübarizə aparılması;

b) qurbanları müdafiə və yardımla təmin edilməsi;

c) bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı istintaq və ya cinayət təqibinin aparılması.

2. Hər bir Tərəf zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir ki, şəxs onun yaşamadığı Tərəfin ərazisində bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətin qurbanı olduğu halda onun yaşadığı dövlətin səlahiyyətli orqanlarına şikayət etmək imkanı təmin edilsin.

3. Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı və ya ekstradisiyanı müqavilənin olması ilə şərtləndirən Tərəfə bu cür müqavilə bağlanmadığı Tərəfdən hüquqi yardım və ya ekstradisiya ilə bağlı sorğu daxil olduqda o, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərlə bağlı bu Konvensiyanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ya ekstradisiya üçün hüquqi əsas hesab edə bilər.

4. Hər bir Tərəf, münasib hallarda, uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılığın qarşısının alınması və bu cür hallarla mübarizənin üçüncü dövlətlərin yardım proqramlarına daxil edilməsinə səy göstərir.

 

Fəsil X

MONİTORİNQ MEXANİZMİ

 

Maddə 39. Tərəflər Komitəsi

1. Tərəflər Komitəsi Konvensiyaya tərəfdar çıxan dövlətlərin nümayəndələrindən ibarətdir.

2. Tərəflər Komitəsi Avropa Şurasının Baş katibi tərəfindən çağırılır. Onun ilk yığıncağı bu Konvensiya onu imzalayan onuncu dövlətə münasibətdə qüvvəyə mindikdən sonra bir il ərzində keçirilir. Sonrakı yığıncaqlar Tərəflərin ən azı üçdə birinin və ya Baş katibin tələbi ilə keçirilir.

3. Tərəflər Komitəsi öz reqlamentini qəbul edir.

 

Maddə 40. Digər nümayəndələr

1. Avropa Şurasının Parlament Assambleyası, İnsan hüquqları üzrə komissar, Cinayət Problemləri üzrə Avropa Komitəsi (CDPC), habelə Avropa Şurasının digər müvafiq hökumətlərarası komitələri Tərəflər Komitəsinə öz nümayəndəsini təyin edir.

2. Nazirlər Komitəsi Tərəflər Komitəsi ilə məsləhətləşmə apardıqdan sonra Avropa Şurasının digər orqanlarını nümayəndə təyin etməyə dəvət edə bilər.

3. Vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə də qeyri-hökumət təşkilatları Avropa Şurasının müvafiq qaydaları ilə müəyyən edilmiş prosedura əməl etməklə Tərəflər Komitəsinə müşahidəçi qismində qəbul edilə bilər.

4. Yuxarıda göstərilən 1-3-cü hissələrə uyğun olaraq təyin edilmiş nümayəndələr Tərəflər Komitəsinin yığıncaqlarında səsvermə hüququna malik olmadan iştirak edir.

 

Maddə 41. Tərəflər Komitəsinin funksiyaları

1. Tərəflər Komitəsi bu Konvensiyanın yerinə yetirilməsinə nəzarət edir. Bu Konvensiyanın yerinə yetirilməsinin qiymətləndirilməsinə dair prosedur Tərəflər Komitəsinin reqlamentində müəyyən edilir.

2. Tərəflər Komitəsi uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın qarşısını almaq və bu cür hallarla mübarizə aparmaq qabiliyyətini artırmaq məqsədilə onlar arasında məlumat, praktika və ən yaxşı təcrübələrin toplanmasına, təhlilinə və mübadilə edilməsinə yardım göstərir.

3. Tərəflər Komitəsi həmçinin münasib hallarda:

a) bu Konvensiyanın səmərəli surətdə həyata keçirilməsinə və tətbiqinə, o cümlədən bu Konvensiyaya əsasən verilmiş hər hansı bəyanat və ya qeyd-şərtin problemlərini və təsirini müəyyən etməyə yardım göstərir;

b) bu Konvensiyanın tətbiqi ilə bağlı hər hansı məsələyə dair rəy bildirir, habelə mühüm hüquqi, siyasi və ya texnoloji proseslər barədə məlumat mübadiləsinə yardım göstərir.

4. Avropa Şurasının Katibliyi Tərəflər Komitəsinə bu maddəyə uyğun olaraq öz funksiyalarının yerinə yetirilməsində yardım göstərir.

5. Bu maddənin 1, 2 və 3-cü hissələrində göstərilən fəaliyyət barədə məlumat müntəzəm qaydada Cinayət Problemləri üzrə Avropa Komitəsinə (CDPC) verilir.

 

Fəsil XI

 

DİGƏR BEYNƏLXALQ SƏNƏDLƏRLƏ ƏLAQƏ

 

Maddə 42. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu ilə əlaqə

Bu Konvensiya BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolunun müddəalarından irəli gələn hüquq və öhdəliklərə təsir göstərmir və onların imkan verdiyi müdafiənin səmərəliliyini artırmaq, habelə orada əks etdirilən standartları inkişaf etdirmək və tamamlamaq məqsədini daşıyır.

 

Maddə 43. Digər beynəlxalq sənədlərlə əlaqə

1. Bu Konvensiya Tərəflərin tərəfdar çıxdığı və ya çıxacağı, habelə bu Konvensiyada baxılan məsələlərə dair müddəaları əks etdirən, cinsi istismarın və cinsi zorakılığın uşaq qurbanlarını daha geniş müdafiə və yardımla təmin edən beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və öhdəliklərə təsir göstərmir.

2. Bu Konvensiyanın Tərəfləri bu Konvensiyanın müddəalarını gücləndirmək və ya burada təsbit edilmiş prinsiplərin tətbiqini təşviq etmək məqsədilə bu Konvensiyada baxılan məsələlər üzrə bir-birləri ilə ikitərəfli və ya çoxtərəfli müqavilələr bağlaya bilərlər.

3. Avropa İttifaqının üzvləri olan Tərəflər öz qarşılıqlı münasibətlərində bu Konvensiyanın məqsəd və məramına xələl gətirmədən və onun digər Tərəflərlə tam surətdə tətbiqinə xələl gətirmədən konkret məsələni idarə edən və konkret iş üzrə tətbiq edilən Birlik və ya Avropa İttifaqı normalarının mövcud olduğu halda Birliyin və Avropa İttifaqının qaydalarını tətbiq edir.

 

Fəsil XII

 

KONVENSİYAYA DÜZƏLİŞLƏR

 

Maddə 44. Düzəlişlər

1. Tərəfin bu Konvensiyaya düzəliş edilməsi ilə bağlı irəli sürdüyü hər hansı təklif Avropa Şurasının Baş katibinə təqdim edilir və onun tərəfindən Avropa Şurasının üzv dövlətlərinə, bu Konvensiyanı imzalamış, tərəfdar çıxmış dövlətə, Avropa İttifaqına, 45-ci maddənin 1-ci hissəsinin müddəalarına uyğun olaraq bu Konvensiyanı imzalamağa dəvət edilmiş hər bir dövlətə, habelə 46-cı maddənin 1-ci hissəsinin müddəalarına uyğun olaraq bu Konvensiyaya qoşulmağa dəvət edilmiş hər bir dövlətə göndərilir.

2. Tərəfin təklif etdiyi hər hansı düzəliş Cinayət Problemləri üzrə Avropa Komitəsinə (CDPC) göndərilir və o, Nazirlər Komitəsinə həmin təklif edilən düzəliş barədə öz rəyini təqdim edir.

3. Nazirlər Komitəsi təklif edilən düzəlişi və CDPC-nin təqdim etdiyi rəyi nəzərdən keçirir və bu Konvensiyaya tərəfdar çıxmış Avropa Şurasının üzvü olmayan dövlətlərlə məsləhətləşmə apardıqdan sonra düzəlişi qəbul edə bilər.

4. Bu maddənin 3-cü hissəsinə uyğun olaraq Nazirlər Komitəsinin qəbul etdiyi hər hansı düzəlişin mətni qəbul edilməsi üçün Tərəflərə təqdim edilir.

5. Bu maddənin 3-cü hissəsinə uyğun olaraq qəbul edilən hər hansı düzəliş bütün Tərəflərin Baş katibə düzəlişi qəbul etməsi barədə məlumat təqdim etdiyi gündən bir ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

 

Fəsil XIII

 

YEKUN MÜDDƏALAR

 

Maddə 45. İmzalanma və qüvvəyəminmə

1. Bu Konvensiya Avropa Şurasının üzv dövlətləri, onun işlənib hazırlanmasında iştirak etmiş Avropa Şurasının üzvü olmayan dövlətlər, habelə Avropa Birliyi tərəfindən imzalanması üçün açıqdır.

2. Bu Konvensiya ratifikasiya, qəbuletmə və ya təsdiq üçün açıqdır. Ratifikasiya, qəbuletmə və ya təsdiq barədə sənədlər Avropa Şurasının Baş katibinə saxlanca təqdim edilir.

3. Bu Konvensiya Avropa Şurasının ən azı 3 üzvü daxil olmaqla 5 imzalayan tərəfin əvvəlki hissənin müddəalarına uyğun olaraq Konvensiya müddəalarının qəbul etməsi barədə razılıq bildirdikləri tarixdən sonra üç ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

4. Konvensiyanın müddəalarını qəbul etməsi barədə razılıq bildirən 1-ci hissədə göstərilən hər hansı dövlətə və Avropa İttifaqına münasibətdə Konvensiya ratifikasiya, qəbuletmə və ya təsdiq sənədi saxlanc üçün təqdim edilən tarixdən üç ay müddətinin bitməsindən sonra növbəti aynı birinci günü qüvvəyə minir.

 

Maddə 46. Konvensiyaya qoşulma

1. Bu Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi bu Konvensiyanın Tərəfləri ilə məsləhətləşmə apardıqdan və onların yekdil razılığını aldıqdan sonra Avropa Şurası Nizamnaməsinin 20-ci maddəsinin “d” bəndində nəzərdə tutulmuş səs çoxluğu ilə qəbul edilmiş qərarla və Nazirlər Komitəsində iştirak etmək səlahiyyətinə malik olan Razılığa gələn dövlətlər nümayəndələrinin yekdil səs çoxluğu ilə Konvensiyanın işlənib hazırlanmasında iştirak etməmiş Avropa Şurasının üzvü olmayan hər hansı dövləti bu Konvensiyaya qoşulmağa dəvət edə bilər.

2. Konvensiyaya qoşulan hər hansı dövlətə münasibətdə Konvensiya qoşulmaya dair sənədin Avropa Şurasının Baş katibinə saxlanca verildiyi tarixdən üç ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 47. Ərazi üzrə tətbiqi

1. Hər bir dövlət və ya Avropa İttifaqı bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədi saxlanca təqdim edərkən bu Konvensiyanın hansı ərazi və ya ərazilərə tətbiq edilməsini göstərə bilər.

2. Hər bir Tərəf daha sonra Avropa Şurası Baş katibinin adına bəyanat verməklə, bu Konvensiyanın təsir dairəsini həmin bəyanatda göstərilmiş, beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı və ya adından öhdəlik götürmək səlahiyyətinə malik olduğu hər hansı bir digər əraziyə münasibətdə genişləndirə bilər. Konvensiya belə əraziyə münasibətdə Avropa Şurasının Baş katibi tərəfindən belə bəyanatın alındığı tarixdən etibarən üç ay müddətinin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki hissəyə uyğun olaraq təqdim edilmiş hər hansı bəyanat həmin bəyanatda göstərilən hər hansı bir əraziyə dair Avropa Şurası Baş katibinin adına bildiriş təqdim edilməklə geri götürülə bilər. Geriyə götürmə Avropa Şurasının Baş katibi tərəfindən müvafiq bəyanatın alındığı tarixdən etibarən üç ay müddətin bitməsindən sonra növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 48. Qeyd-şərtlər

Dəqiq surətdə müəyyən edilən qeyd-şərtlər istisna edilməklə, bu Konvensiyanın istənilən müddəası ilə bağlı heç bir qeyd-şərt edilə bilməz. Hər hansı qeyd-şərt istənilən vaxt geri götürülə bilər.

 

Maddə 49. Denonsasiya

1. Hər bir Tərəf Avropa Şurası Baş katibinin adına bildiriş göndərməklə bu Konvensiyanı istənilən zaman denonsasiya edə bilər.

2. Belə denonsasiya Avropa Şurasının Baş katibi tərəfindən bildirişin alındığı tarixdən üç ay sonra növbəti ayın birinci günü qüvvəyə minir.

3. Avropa Şurasının Baş katibi Avropa Şurasının üzv dövlətlərinə, bu Konvensiyanı imzalamış və ya ona tərəfdar çıxmış hər bir dövlətə, Avropa Birliyinə, 45-ci maddəyə uyğun olaraq bu Konvensiyam imzalamaq üçün dəvət olunmuş hər bir dövlətə, habelə 46-cı maddəyə uyğun olaraq bu Konvensiyaya qoşulmaq üçün dəvət olunmuş hər bir dövlətə aşağıdakılar barədə bildiriş göndərir:

a) hər hansı imzalanma;

b) hər hansı bir ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədlərin saxlanca təqdim edilməsi;

c) 45-ci və 46-cı maddələrə uyğun olaraq bu Konvensiyanın qüvvəyəminmə tarixi;

d) 44-cü maddəyə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş və onun qüvvəyəminmə tarixi;

e) 48-ci maddəyə uyğun olaraq edilmiş hər hansı qeyd-şərt;

f) 49-cu maddəyə əsasən edilmiş hər hansı denonsasiya;

g) bu Konvensiya ilə əlaqədar hər hansı bir hərəkət, bildiriş və ya məlumat.

Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyət verilmiş aşağıda imza

edənlər bu Konvensiyanı imzaladılar.

2007-ci il 25 oktyabr tarixində Lansarotedə, ingilis və fransız dillərində tam autentik olaraq imzalanan hər iki mətn bir nüsxədə olmaqla, eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərində saxlanılacaqdır. Avropa Şurasının Baş katibi Konvensiyanın təsdiq edilmiş surətlərini Avropa Şurasının hər bir üzv dövlətinə, Konvensiyanın hazırlanmasında iştirak edən Avropa Şurasının üzvü olmayan dövlətlərə, Avropa Birliyinə və bu Konvensiyaya qoşulmaq üçün dəvət olunmuş hər bir dövlətə göndərir.


 

 

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına dair Azərbaycan Respublikasının

 

BƏYANATI

 

1. Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.

2. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).

3. Azərbaycan Respublikası bəyan edir ki, bu bəyanatın 1-ci və 2-ci bəndlərinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar.


N09_OKT19_3583.png


 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status