AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.08.2019
QEYDİYYAT NÖMRƏSİ
350
ADI
“Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-08-2019, Nəşr Nömrəsi: 175), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2019, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1457)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.08.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201908080350
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.08.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 8 avqust 2019-cu il

     № 350

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 8 avqust tarixli 350 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra – işəgötürənlər) tərəfindən əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir. [1]

1.3. Məşğulluq sahəsində nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir.

 

2. Nəzarətin formaları və istiqamətləri

 

2.1. Məşğulluq sahəsində nəzarət aşağıdakı formalarda həyata keçirilir:

2.1.1. plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar;

2.1.2. monitorinqi.

2.2. Məşğulluq sahəsində nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

2.2.1. məşğul şəxslərin reyestrinə məşğul şəxslər barədə məlumatların daxil edilməsi;

2.2.2. işəgötürənlər tərəfindən Agentliyin göndərişi əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi; [2]

2.2.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatın reyestrə daxil edilməsi;

2.2.4. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların Agentliyə təqdim edilməsi;

2.2.5. işəgötürənlər tərəfindən Agentliyin göndərişinin təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın qəbul edilərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə (bundan sonra MEİS) daxil edilməsi; [3]

2.2.6. işəgötürənlər tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Agentliyə rəsmi məlumatın verilməsi;

2.2.7. işəgötürənlər tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların MEİS-ə daxil edilməsi; [4]

2.2.8. işəgötürənlər tərəfindən Agentliyin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların MEİS-ə daxil edilməsi.

 

3. Nəzarətin həyata keçirilməsi qaydaları

 

3.1. Plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

3.2. Məşğulluq sahəsində monitorinq bu sahədə məlumatların toplanmasından, öyrənilməsindən və monitorinqin nəticələri üzrə tədbirlərin görülməsindən ibarətdir.

3.3. Monitorinq aşağıdakı qaydada həyata keçirilir:

3.3.1. məşğulluğa dair toplanılan məlumatlar təhlil edilir və öyrənilir;

3.3.2. monitorinqin nəticələri əsasında Agentlik tərəfindən məşğulluq sahəsində vəziyyət barədə rübdə bir dəfə hesabat hazırlanır;

3.3.3. monitorinqin nəticələri üzrə tədbirlər hazırlanır və həyata keçirilir.

3.4. Monitorinq zamanı aşkar edilmiş hüquq pozuntuları müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)

2.       17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277) ilə “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra – Xidmət)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277) ilə “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.2-ci, 2.2.4-cü, 2.2.5-ci (hər iki halda), 2.2.6-cı, 2.2.8-ci və 3.3.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[3] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873) ilə “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.5-ci yarımbəndində Agentliyə təqdim sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə (bundan sonra MEİS) daxil sözləri ilə əvəz edilmişdir.

 

[4] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873) ilə “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.7-ci yarımbəndində Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə (bundan sonra MEİS) sözləri MEİS-ə sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status