AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.08.2019
QEYDİYYAT NÖMRƏSİ
343
ADI
“Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-08-2019, Nəşr Nömrəsi: 172), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2019, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1450)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.08.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201908060343
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.08.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 6 avqust 2019-cu il

     № 343

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.6-cı maddəsinə əsasən hazırlanmışdır və özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satışı qaydalarını müəyyən edir.

1.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın satıcısı kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra – Satıcı) çıxış edir.

 

2. Hərracın təşkili

 

2.1. Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Satıcıya müraciət edilir və müqavilə bağlanılır. [1]

2.2. Satıcı hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə Agentliyin yerli qurumlarının (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Satıcının (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradır. Komissiyanın sədri komissiya üzvlərinin sırasından səsvermə yolu ilə seçilir. [2]

2.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

 

3. Əmlakın açıq hərracda satılması

 

3.1. Satıcı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində və Satıcının rəsmi internet saytında hərracın keçirilmə forması, əmlakın tam adı, yerləşdiyi ünvan, ilkin qiyməti, sifarişlərin qəbulunun başlama və bitmə tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın ilkin qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirir.

3.2. Hərracda sifariş və bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədləri hərracın başlanmasına ən geci 3 (üç) iş günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

3.3. Hərracda iştirak etmək üçün verilən sifarişə behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti, hüquqi şəxslərin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.

3.4. Hərrac keçirilmədikdə və ya sifarişçi hərraca buraxılmadıqda beh geri qaytarılmalıdır.

3.5. Sifariş və ona əlavə edilmiş sənədlər Satıcı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştiraketmə nömrəsi və satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir.

3.6. Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi Satıcı tərəfindən təşkil edilir və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir. İlkin satış qiyməti elan olunduqdan sonra iştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər.

3.7. İlkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

3.8. Hərracın yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır.

3.9. İlkin qiymət üç dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.

3.10. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) üçüncü hərracda həmin əmlakın satış qiyməti ilkin satış qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin satış qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin satış qiymətinin 50 faizi həcmində aşağı salınır.

3.11. Hərracın nəticələrinə əsasən yekun protokol iki nüsxədə tərtib edilir. Protokolda satıcı və alıcı haqqında məlumatlar, satılan əmlak barədə məlumat, sonuncu satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Protokol hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) iş günü müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol iki nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Bu protokol əmlak üzrə alqı-satqı müqaviləsinin bağlanılması üçün alıcının hüququnu təsdiq edən sənəddir.

3.12. Hərracda əmlakın satışı üçün ödənilmiş beh satılan əmlakın satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh Satıcı tərəfindən təqdim edilmiş siyahılar üzrə hərrac iştirakçısının tələbi ilə 10 iş günü müddətində geri qaytarılır.

3.13. Hərrac baş tutmadığı hallarda, onun yekunu barədə protokolda əmlakın Agentlikdə saxlanılması qeyd edilir. [3]

3.14. Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud müqavilə bağlanıldıqdan sonra 30 bank günü müddətində ödənilməli olan pul vəsaitini müəyyən edilmiş hesaba köçürmədikdə hərracın nəticələri ləğv edilir, keçirilmiş beh geri qaytarılmır və əmlak Agentliyin sərəncamında qalır.

3.15. Bu Qaydanın 3.13-cü və 3.14-cü bəndlərində qeyd olunan hallarda Agentliyin sərəncamında qalan əmlakın hərrac vasitəsilə yenidən satılması bu Qaydaya əsasən həyata keçirilir.

3.16. Bu Qaydanın 2.1-ci bəndində göstərilən əmlakın satışından daxil olan vəsaitlər həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində Agentliyin hesabına köçürülür.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277) ilə “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra – Xidmət)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277) ilə “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın 2.2-ci bəndinin birinci cümləsində “Xidmətin şəhər, rayon məşğulluq orqanlarının” sözləri “Agentliyin yerli qurumlarının” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277) ilə “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın 3.13-3.16-cı bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status