AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.07.2019
QEYDİYYAT NÖMRƏSİ
335
ADI
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-08-2019, Nəşr Nömrəsi: 166), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1357)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.08.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201907300335
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.08.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının 1-ci və 4-cü hissələrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirir;

3.2. Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu müəyyən edir.

4. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 722 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6.1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 30 iyul 2019-cu il

     № 335

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, ştampı və blankları vardır.

1.6. Mərkəzin qanuna uyğun olaraq, əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri [1]

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarəti həyata keçirmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir. [2]

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə kompleks nəzarətin həyata keçirilməsi;

2.2.2. televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi;

2.2.3. reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi;

2.2.4. filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan dilinin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların həyata keçirilməsində iştirak etmək; [3]

3.1.2. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, fonetik, leksik-semantik, qrammatik quruluşunun qorunması prosesinə nəzarət etmək;

3.1.3. kütləvi informasiya vasitələrində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi məqsədilə Mərkəzlə bu qurumlar arasında əməkdaşlığı təşkil etmək;

3.1.4. reklam, afişa və elanlarda, küçə adlarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görmək;

3.1.5. ədəbi dil normalarını daha çox pozan redaksiyaların və onların əməkdaşlarının məsuliyyətinin artırılması istiqamətində maarifləndirici tədbirlər təşkil etmək, mətbu orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üsullarını müəyyənləşdirmək;

3.1.6. reklam, elan və afişalarda aparılan monitorinqlərin effektli olması üçün dövlət və bələdiyyə orqanları, idarə, təşkilat və müəssisələrlə birgə layihələr həyata keçirmək;

3.1.7. monitorinqlərin nəticələri ilə bağlı məlumatların təhlili əsasında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq məqsədilə təklif və tövsiyələr vermək;

3.1.8. ədəbi dil normalarının pozuntularının statistikasını aparmaq, bu pozuntularla bağlı müvafiq dövlət qurumlarına tövsiyələr vermək;

3.1.9. dilçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək;

3.1.10. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.11. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Mərkəzin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

3.2.1. fəaliyyət sahəsinə aid normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;

3.2.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müxtəlif qurumların, həmçinin fiziki və hüquqi şəxslərin sorğularını cavablandırmaq;

3.2.4. müqavilə əsasında öz fəaliyyətinə ekspert və mütəxəssisləri cəlb etmək;

3.2.5. fəaliyyət sahəsi ilə bağlı dövlət orqanları, hüquqi şəxslər və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

3.2.6. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi Müşahidə Şurası və direktor idarə edir.

4.3. Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikasının Baş Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və müvafiq ictimai, elmi və tədris qurumlarının nümayəndələrindən ibarət digər 4 üzvdən ibarətdir.

4.5. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

4.6. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.7. Şura qərar qəbul etməkdə müstəqildir.

4.8. Şura:

4.8.1. Mərkəzin fəaliyyətinə nəzarət edir;

4.8.2. Mərkəzin strateji məqsədini və planlarını müəyyən edir;

4.8.3. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.8.4. Mərkəzin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək; [4]

4.8.5. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

4.8.6. Mərkəzin direktorunun fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;

4.8.7. Mərkəzin direktorunun təqdimatı əsasında onun müavinini vəzifəyə təyin və vəzifədən azad edir;

4.8.8. Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.8.9. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.8.10. Mərkəzin daxili audit bölməsi yaradıldığı halda, həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.8.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.8.12. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

4.8.13. Şura üzvləri və Mərkəzin direktoru tərəfindən qaldırılan məsələlərə baxır və qərar qəbul edir;

4.8.14. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.8.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir.

4.9. Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Şuranın iclaslarında Mərkəzin direktoru, o, üzrlü səbəbdən olmadıqda, direktor müavini iştirak edir. [5]

4.10. Şuranın üzvlərinə, habelə Mərkəzin direktoruna və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil ediləndə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz. [6]

4.10-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək direktora göndərir. [7]

4.10-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.10-3. Şuranın katibi:

4.10-3.1. Şuranın iclaslarını təşkil edir;

4.10-3.2. bu Nizamnamənin 4.10-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.10-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.10-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.10-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.11. Şuranın sədri:

4.11.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; [8]

4.11.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;

4.11.3. öz təşəbbüsü ilə, həmçinin Şuranın hər hansı bir üzvünün və ya Mərkəzin direktorunun təklifi əsasında digər şəxsləri və ekspertləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.11.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.12. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi digər şəxs icra edir. [9]

4.13. Şuranın üzvləri:

4.13.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.13.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.13.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təklif verirlər;

4.13.5. Şuranın qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olurlar.

4.14. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalıdırlar.

4.15. Mərkəzin cari fəaliyyətinə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

4.16. Direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

4.17. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.17.1. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Mərkəzi təmsil edir;

4.17.2. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.17.3. Şuranın qərarlarını icra edir;

4.17.4. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.17.5. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.17.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.17.7. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.17.8. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.17.9. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və ona nəzarəti həyata keçirir;

4.17.10. Özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; [10]

4.17.11. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.17.12. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir; [11]

4.17.13. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş hallar istisna olmaqla Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.17.14. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

4.17.15. Mərkəzin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.17.16. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.17.17. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qrupları yaradır;

4.17.18. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla tənzimlənən digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.17.19. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.17.20. Mərkəzdə müraciətlərə baxılmasını və vətəndaşların qəbulunu təmin edir;

4.17.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.17-1. Direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir. [12]

4.18. Şura üzvləri, habelə direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin nizamnamə fondunun məbləği 50.000 (əlli min) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

5.5. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və direktor həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz özünün idarə, filial və nümayəndəliklərində, habelə təsərrüfat cəmiyyətlərində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir. [13]

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

8.1. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548)

2.       16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə 2-ci hissənin adından “məqsədi və fəaliyyət” sözləri çıxarılmışdır.

 

[2] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə 2.1-ci bənd ləğv edilmişdir.

 

[3] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 3.1.1-ci yarımbəndində “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.8.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.8.4. Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;

 

[5] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.9-cu bəndin birinci və altıncı cümlələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Şuranın iclasları rübdə bir dəfədən az olmamaqla çağırılır.

Səslərin sayı bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) səsi həlledici hesab edilir.

 

[6] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.10-cu bəndin birinci cümləsində “iclasın” sözü “, habelə Mərkəzin direktoruna və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilmişdir.

 

[7] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 4.10-1 – 4.10-3-cü bəndlər əlavə edilmişdir.

 

[8] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.11.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilmişdir.

 

[9] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.12-ci bəndə “səlahiyyətlərini” sözündən sonra “müvafiq əmrlə” sözləri əlavə edilmişdir və həmin bənddən “digər” sözü çıxarılmışdır.

 

[10] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 4.17.10-cu yarımbənddə “Mərkəzin” sözü “Özünün və Mərkəzin struktur bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[11] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə 4.17.11-ci və 4.17.12-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilmişdir.

 

[12] 13 may 2022-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 548) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nə yeni məzmunda 4.17-1-ci bənd əlavə edilmişdir.

 

[13] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin 7.3-cü bəndindən “, habelə təsərrüfat cəmiyyətlərində” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status