×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.02.1998
QEYDİYYAT NÖMRƏSİ
439-IQ
ADI
Yerin təki haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-1998, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 224)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yerin təki haqqında

Yerin təki haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir.

I fəsil

 Ümumİ müddəalar

Maddə 1.     Əsas termin və anlayışlar

Bu Qanunda işlədilən əsas termin və anlayışlar aşağıdakılardır:

yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi;

yerin təkindən istifadə münasibətləri — yer təkinin istifadəsi, öyrənilməsi, işlənməsi və mühafizəsi sahəsində münasibətlər;

faydalı qazıntılar — yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri;

ümumi yayılmış faydalı qazıntılar — təbii halda olan və ya cüzi dəyişikliklərə uğramış yerli təsərrüfat ehtiyacları üçün istifadə edilən geniş yayılmış faydalı qazıntılar;

texnogen törəmələr — dağ-mədən, emal və digər istehsal sahələrinin yerin səthində və ya yerin təkində yığılan, tərkibində mineral maddə saxlayan tullantıları;

kern — yer təkinin geoloji kəsilişinin öyrənilməsi üçün çıxarılan silindrşəkilli süxur nümunəsi;

dağ-mədən ayırması — faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə hüquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudları.

Maddə 2.     Yerin təkindən istifadənin prinsipləri

Yerin təkindən istifadə aşağıdakı prinsiplərə əsaslanır:

yerin təkindən səmərəli, kompleks və təhlükəsiz istifadənin təmin edilməsi;

ətraf mühitin mühafizəsinin təmin edilməsi;

mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsi;

yerin təkindən istifadənin aşkarlıq şəraitində həyata keçirilməsi;

yerin təkindən istifadəyə investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması;

yerin təkindən istifadənin ödənişli olması.

Maddə 3.     Yerin təki haqqında qanunvericilik

3.1. Yerin təki haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və beynəlxalq müqavilələrindən ibarətdir. Energetika ilə bağlı yerin təkindən istifadə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən xüsusi qaydalarla tənzimlənir. [1]

3.2. Ələt azad iqtisadi zonasında yerin təkindən istifadə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [2]

Maddə 4.     Yerin təki üzərində mülkiyyət hüququ

Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

Maddə 5.     Yer təkinin vahid dövlət fondu

Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir.

Maddə 6.     Yer təkindən istifadə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyəti orqanlarının vəzifələri

Yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsində dövlət aşağıdakı vəzifələri həyata keçirir:

yerin təki ilə bağlı dövlət siyasətini həyata keçirmək;

yerin təkindən istifadə məqsədilə torpaq sahələrini ayırmaq;

yerin təkindən istifadə və onun mühafizəsi, mineral-xammal ehtiyatlarının səmərəli işlənməsi qaydalarını müəyyənləşdirmək, müvafiq standartların (normativ və qaydaların), faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının təsnifatını hazırlamaq;

yer təkinin geoloji öyrənilməsinə, istifadəsinə və mühafizəsinə dair beynəlxalq müqavilələri bağlamaq, bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə sistemini tətbiq etmək; [3]

yer təki istifadəçilərinin hüquqlarını və yerin təkindən istifadə ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının mənafelərini qorumaq;

yer təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

yerin təkindən istifadəyə görə haqq ödənilməsi qaydasını müəyyənləşdirmək;

mineral-xammal bazasının genişləndirilməsini və yer təkinin geoloji öyrənilməsini maliyyələşdirən dövlət fondunu formalaşdırmaq;

yer təkinin geoloji informasiya fondunu formalaşdırmaq, ondan istifadə qaydasını müəyyənləşdirmək;

yerin təkində kəşf edilmiş faydalı qazıntı ehtiyatlarını və yer təkinin xüsusiyyətlərini qiymətləndirən geoloji informasiyanı dövlət ekspertizasından keçirmək;

faydalı qazıntı ehtiyatlarının dövlət balansını və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq;

ümumi yayılmış faydalı qazıntıların siyahısını müəyyənləşdirmək;

yer təkinin geoloji öyrənilməsi ilə əlaqədar işləri dövlət qeydiyyatına almaq;

faydalı qazıntıların çıxarılması üçün və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi üçün istifadə edilən yer təki sahələrini dövlət qeydiyyatına almaq;

yerin təkindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərini əlaqələndirmək və qeydiyyata almaq;

yer təkinin öyrənilməsində elmi-təcrübi əhəmiyyətə malik kern və nümunələrin saxlanılması və qorunması qaydasını müəyyənləşdirmək;

yerin təkindən səmərəli və təhlükəsiz istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə dövlət nəzarətini həyata keçirmək;

dövlət təhlükəsizliyi, əhalinin, təsərrüfat subyektlərinin və ətraf mühitin mühafizəsi məqsədilə yerin təkindən istifadəyə məhdudiyyətlər qoymaq.

II fəsil

 Yerİn təkİndən İstİfadənİn əsasları

Maddə 7.     Yerin təkindən istifadənin növləri

Yerin təkindən istifadənin növləri aşağıdakılardır:

geoloji və geoekoloji öyrənmə;

faydalı qazıntıların çıxarılması;

dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə;

faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı;

elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması;

mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması.

Yerin təki onun geoloji öyrənilməsi (axtarış, kəşfiyyat) və faydalı qazıntıların çıxarılması məqsədilə eyni zamanda istifadəyə verilə bilər. Bu halda faydalı qazıntılar həm yer təkinin geoloji öyrənilməsi prosesində, həm də bu işlər qurtardıqdan sonra çıxarıla bilər.

Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yer təkinin istifadəsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 8.     Yer təkinin istifadəçiləri

Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər.

Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. [4]

Maddə 9.     Yer təki istifadəçilərinin hüquqları və vəzifələri

Yer təki istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

ayırma hüdudları daxilində yerin təkindən xüsusi razılıqda və ya icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi; [5]

xüsusi razılıqda və ya icazədə göstərilmiş məqsədə uyğun olaraq yer təki sahəsində qanunvericiliyə zidd gəlməyən hər hansı fəaliyyət formasının sərbəst seçilməsi;

xüsusi razılığa və ya icazəyə və qanunvericiliyə uyğun olaraq fəaliyyətinin nəticələrindən, o cümlədən çıxarılmış mineral-xammaldan istifadə edilməsi; [6]

icazədə başqa hallar nəzərdə tutulmayıbsa, dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi; [7]

əlavə icazə olmadan dağ-mədən ayırması sahəsində öz vəsaiti hesabına yer təkinin xüsusi razılığa uyğun geoloji öyrənilməsi; [8]

xüsusi razılıq və ya icazə şərtlərindən fərqli hallar meydana çıxarsa, icazə şərtlərinə yenidən baxılması üçün icazə verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi. [9]

Xüsusi razılıq və ya icazə müddətinin uzadılmasında yer təkinin istifadəçisinə başqa iddiaçılara nisbətən üstünlük verilir. [10]

Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır:

Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;

yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə;

yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması;

geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;

emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi;

kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;

yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi;

yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi;

yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi;

faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması;

istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi;

xüsusi razılıq və ya icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. [11]

Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır.

 

Maddə 10. Yer təkinin istifadəyə verilən sahələri

 

Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. [12]

Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. [13]

Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağ-mədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. [14]

Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə dağ-mədən ayırması statusunun verilməsi tələb olunmur. Bu sahələrə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geoloji ayırma statusu verilir. [15]

Geoloji öyrənilmə üçün verilən yer təki sahəsinin hüdudları daxilində, eyni zamanda yer təkinin bir neçə istifadəçisi müəyyən olunmuş qaydada iş apara bilər. Onların qarşılıqlı münasibətləri yerin təki istifadəyə verilərkən xüsusi razılıqda müəyyən edilir. [16]

Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [17]

 

Maddə 11.  Yerin təkindən istifadənin məhdudlaşdırılması

 

Yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər.

Əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər.

Xüsusi mühafizə edilən ərazilərdə yerin təkindən bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq istifadə edilir.

Maddə 12.  Yerin təkindən istifadənin müddətləri

Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir.

Yerin təki aşağıdakı müddətlərə verilir:

geoloji öyrənilmə üçün — 5 ilədək müddətə;

faydalı qazıntıların çıxarılması üçün — 25 ilədək müddətə;

göstərilən istifadə növləri birləşdirildikdə — 30 ilədək müddətə.

Faydalı qazıntıların çıxarılması məqsədilə yerin təkindən istifadə müddəti onların işlənilməsinin yerin təkindən səmərəli istifadəni və onun mühafizəsini təmin edən texniki-iqtisadi əsaslandırılmasının nəticəsindən asılı olaraq müəyyən edilir.

Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya daimi verilə bilər.

Yerin təkindən istifadə müddətləri istifadə hüququnun verildiyi gündən hesablanır.

Yer təkinin istifadəçisi xüsusi razılıq və ya icazə şərtlərini yerinə yetirərsə, tərəflərin razılığı ilə yerin təkindən istifadənin müddəti uzadıla bilər. [18]

Maddə 13.  Yer təkinin istifadəyə verilməsi

Yerin təki istifadəyə xüsusi razılıq və ya icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. [19]

Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. [20]

İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. [21]

Yerin təkindən istifadə çoxyönümlü (çoxprofilli) olduqda, hüquqi, yaxud fiziki şəxslər bir neçə xüsusi razılığa və ya icazəyə malik ola bilərlər. [22]

Xüsusi razılığa görə dövlət rüsumu alınır. Dövlət rüsumunun miqdarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Elmi-tədqiqat işləri və dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, ətraf mühitin monitorinqinin yaradılması və aparılması, yeraltı suların rejiminə və balansına nəzarət edilməsi, arxeoloji tədqiqatların aparılması və yer təkinin bütövlüyünü pozmayan başqa işlər üçün xüsusi razılıq və ya icazə tələb olunmur. [23]

Yer təkinin öyrənilməsinə yönəlmiş işlər geoloji fondda dövlət qeydiyyatına alınır.

İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. [24]

Maddə 14.  Yerin təkindən istifadənin dövlət xüsusi razılıq və ya icazə sistemi və onun vəzifələri [25]

İcazə sistemi yerin təkindən istifadəyə aid materialların informasiya, elmi-analitik, iqtisadi və hüquqi cəhətdən hazırlanıb rəsmiləşdirilməsini əhatə edən icazələr verilməsinin vahid qaydasıdır. [26]

İcazə sisteminin vəzifələri aşağıdakılardan ibarətdir: [27]

dağ-mədən sənayesinin və mineral-xammal bazasının inkişafına dair dövlət proqramının həyata keçirilməsi;

bütün vətəndaşların sosial, iqtisadi, ekoloji və digər mənafelərinin nəzərə alınması;

xüsusi razılıq və ya icazə almaq üçün hüquqi və fiziki şəxslərə bərabər imkanların yaradılması; [28]

yerin təkindən istifadə sahəsində bazar münasibətlərinin inkişafı və inhisarçılıq əleyhinə siyasətin həyata keçirilməsi;

xüsusi razılıq və ya icazə sahiblərinə lazımi təminatların verilməsi və yerin təkindən istifadədə onların hüquqlarının müdafiəsi. [29]

Maddə 15.  Yerin təkindən istifadə zamanı inhisarçılıq əleyhinə tələblər

Dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir və ya müəyyənləşdirilmiş qaydada etibarsız sayılır:

bu Qanuna uyğun olaraq yerin təkindən istifadə hüququ almaq istəyən hüquqi və fiziki şəxslərin müsabiqədə və ya hərracda iştiraka buraxılmasının həmin müsabiqədə və ya hərrac şərtlərinə zidd olaraq məhdudlaşdırılması;

müsabiqə, yaxud hərrac qaliblərinə xüsusi razılıq və ya icazə verməkdən boyun qaçırılması; [30]

müsabiqə və hərracların birbaşa danışıqlar ilə əvəz edilməsi; [31]

yerin təkindən istifadədə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən strukturlar yaradan yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması;

nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması.

Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. [32]

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) istifadəyə verilən yer təki sahələrinin ölçülərini, sahələrin sayını və çıxarılan faydalı qazıntıların ehtiyatlarını müəyyənləşdirə bilər. [33]

Maddə 16.  Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer təkinin verilməsi

Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer təkinin verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [34]

Alternativ xammal mənbəyi olan dağ-mədən və digər istehsal sahələrinin tullantılarından istifadə imkanları olan hallarda yerin təki ümumi yayılmış faydalı qazıntıların çıxarılması üçün istifadəyə verilmir.

Maddə 17.  Yer təkinin torpaq sahibləri tərəfindən istifadəsi

Torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.

Yeraltı içməli sulardan istifadə Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

 

Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları [35]

 

Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır:

1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda;

2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa;

3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa;

4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa;

5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda.

Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir.

 

Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası

 

Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. [36]

İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir.

Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur.

Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir.

Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

 

Maddə 20. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi

 

Yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

 

III fəsil

 Yer təkİnİn səmərəlİ İstİfadəsİ və mühafİzəsİ

Maddə 21.  Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır:

yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi;

yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi;

faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması;

yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi;

faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması;

faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi;

faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu;

faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi;

yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə istehsalat və məişət tullantılarının basdırılmaması; [37]

faydalı qazıntılar çıxaran müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların fəaliyyətinin müvəqqəti dayandırılması və ləğv edilməsi qaydalarına riayət edilməsi;

faydalı qazıntıların yerləşdiyi sahələrdə özbaşına tikinti işləri aparılmasının qarşısının alınması və bu sahələrdən başqa məqsədlər üçün istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilməsi;

çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi; [38]

ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi;

balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi. [39]

Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanuna müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla, dayandırıla və ya ləğv edilə bilər. [40]

Maddə 22.  Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinə aid əsas tələblər

Yer təkinin geoloji öyrənilməsinə, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin, müxtəlif təyinatlı yeraltı qurğuların tikintisinə və istismarına ancaq onların təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi şərti ilə icazə verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanları (qurumları) və yer təkinin istifadəçiləri yer təkinin istifadəsi ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üzrə təsdiq edilmiş standartların (normativlərin, qaydaların) tələblərinin yerinə yetirilməsini təmin etməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması məsələlərinin dövlət tənzimlənməsini və nəzarət funksiyalarını həyata keçirir. [41]

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üçün məsuliyyəti bilavasitə müəssisələrin rəhbərləri daşıyırlar.

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsinə aid əsas tələblər aşağıdakılardır:

işə ancaq xüsusi ixtisas hazırlığı olan şəxslərin buraxılması;

dağ-qazma və buruq işləri ilə məşğul olan şəxslərin xüsusi geyim və qorunma vasitələri ilə təmin edilməsi;

təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialların tətbiq edilməsi;

radioaktiv, partlayıcı maddələrdən və vasitələrdən düzgün istifadə edilməsi, onların lazımi qaydada uçotu, saxlanması və işlədilməsi;

işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasının təmin olunması üçün müşahidələrin aparılması;

dağ-mədən atmosferinin vəziyyətinə, orada oksigenin, zərərli və partlayış təhlükəli qazların və tozların miqdarına müntəzəm nəzarət;

normal iş rejimlərində və qəza hallarında yerin təkindən istifadə ilə əlaqədar işlərin təsir zonasındakı əhalinin mühafizəsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsi.

Yer təkinin istifadəçiləri dağ-mədən xilasetmə, açıq neft və qaz fontanlarının qarşısını alan və onları ləğv edən dəstələr yaratmalı, yaxud müqavilə yolu ilə müvafiq xidmətlərdən istifadə etməlidirlər.

Yerin təkindən istifadə ilə əlaqədar işlər aparan müəssisələrin rəhbərləri, digər səlahiyyətli vəzifəli şəxsləri həmin müəssisələrin işçilərinin, işlərin təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığına bilavasitə təhlükə yaranarkən, dərhal işləri dayandırıb insanların təhlükəsiz yerə keçirilməsini təmin etməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarına (qurumlarına) təcili məlumat verməlidirlər.

Maddə 23.  Faydalı qazıntılar yerləşən sahələrdə tikinti işlərinin aparılması şərtləri

Faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə faydalı qazıntıların çıxarılmasının mümkünlüyünü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.

Yuxarıda göstərilən obyektlərin inşasına tikinti işləri aparılacaq sahənin altındakı yerin təkində faydalı qazıntılar olmadığı halda da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.

Faydalı qazıntılar yerləşən sahələrdə özbaşına aparılan tikinti işləri, onlara qoyulan vəsait, tikililərin sökülməsinə və sahənin rekultivasiyasına çəkilən xərclər ödənilmədən dayandırılır.

Maddə 24.  Faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası

Yerin təkindən istifadə hüququ dayandırıldıqda və ya ləğv edildikdə faydalı qazıntıların çıxarılması üzrə müəssisələr və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilməlidir. [42]

Bu proses başa çatanadək yer təkinin istifadəçisi bu Qanunla onun öhdəsinə qoyulmuş məsuliyyəti daşıyır.

Faydalı qazıntılar çıxaran müəssisə tamamilə, ya da qismən ləğv və ya konservasiya edildikdə dağ-mədən qazmaları və buruq quyuları əhalinin həyat və sağlamlığının təhlükəsizliyini, ətraf mühitin, binaların və qurğuların mühafizəsini, konservasiya müddəti ərzində isə həmçinin yatağın, dağ-mədən qazmalarının və buruq quyularının salamatlığını təmin edən vəziyyətə gətirilməlidir.

Faydalı qazıntılar çıxaran müəssisə və ya onun bölməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğu ləğv və konservasiya edilərkən geoloji, markşeyder və digər sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılır.

Faydalı qazıntılar çıxaran müəssisənin və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğunun ləğv və konservasiya edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv və ya konservasiya haqqında akt imzalandıqdan sonra qüvvəyə minir. [43]

Maddə 25.  Xüsusi elmi və mədəni əhəmiyyətə malik yer təki sahələrinin mühafizəsi

Xüsusi elmi və mədəni əhəmiyyətə malik nadir geoloji açılışlar, mineraloji törəmələr, paleontoloji obyektlər və yer təkinin bu qəbildən olan digər sahələri müəyyən olunmuş qaydada geoloji qoruqlar, dövlət yasaqlıqları, təbiət və mədəniyyət abidələri elan oluna bilər. Onların salamatlığına xələl gətirən hər hansı fəaliyyət qadağandır.

Yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən yer təkinin istifadəçiləri müvafiq sahədə həmin işləri dayandırır və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumat verir. [44]

IV fəsil

 Yer təkİnİn geolojİ tədqİqİ

Maddə 26.  Yer təkinin geoloji tədqiqinə aid əsas tələblər

Yer təkinin geoloji tədqiqinə aid əsas tələblər aşağıdakılardır:

yer təkinin geoloji tədqiqinin elmi əsaslandırılması və səmərəliliyi;

yer təkinin geoloji quruluşunun, kəşf edilmiş yataqların işlənilməsinin, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisinin və istismarının dağ-mədən-texniki, hidrogeoloji, ekoloji şəraitinin dolğun öyrənilməsi;

faydalı qazıntı ehtiyatlarının, onların komponentlərinin kəmiyyət və keyfiyyətinin dəqiqliyi, faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi;

yer təkinin və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş norma və standartlara əməl olunması;

yer təkinin geoloji tədqiqinin faydalı qazıntıların əsassız itkisinə yol verməyən və onların lazımi keyfiyyətini təmin edən metod və üsullarla aparılması;

yerin təkindən çıxarılan süxurların və faydalı qazıntıların ətraf mühitə zərərli təsir göstərməmək şərtilə yerləşdirilməsi;

yataqların işlənilməsi və digər təsərrüfat məqsədləri üçün istifadə oluna biləcək kəşfiyyat dağ-mədən qazmalarının və quyularının qorunub saxlanılması, istifadəyə yararsız qazmaların və quyuların müəyyənləşdirilmiş qaydada ləğv edilməsi;

yer təkinin geoloji tədqiqi prosesində əldə edilən, gələcəkdə yerin təkindən istifadəyə yararlı geoloji və texniki sənədlərin, kernin və faydalı qazıntı sınaqları dublikatlarının müəyyən olunmuş qaydada qorunub saxlanması.

Maddə 27.  Dövlət uçotu və dövlət qeydiyyatı

Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır.

Dövlət uçotu və dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vahid sistem üzrə aparılır. [45]

Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır.

Maddə 28.  Yer təkinin dövlət geoloji öyrənilməsi

Azərbaycan Respublikasının mineral-xammal bazasının genişləndirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir.

Dövlət geoloji öyrənilməsinin əsas məqsədi ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatların və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş verən proseslərin proqnozlaşdırılması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir.

Maddə 29.  Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi

Faydalı qazıntı yataqlarının sənaye əhəmiyyətini, dağ-mədən-geoloji və digər şəraiti nəzərə alınmaqla onların səmərəli və təhlükəsiz işlədilməsi üsullarının müəyyən edilməsini, yer təkinin öyrənilməsinin dolğunluğunu, ondan kompleks istifadə olunmasını təmin etmək məqsədilə hər bir yatağın geoloji-iqtisadi qiymətləndirilməsi aparılır və mineral-xammal üçün kondisiyalar müəyyən edilir.

Mineral-xammal üçün kondisiyalar əsas faydalı qazıntılardan, habelə onların tərkibində olan qiymətli komponentlərdən istifadə olunması nəzərə alınmaqla hazırlanır və yatağın sənaye ehtiyatlarının hesablanmasının əsasını təşkil edir.

Ümumi yayılmış faydalı qazıntıların keyfiyyətinə verilən tələblər standartlarla və texniki şərtlərlə müəyyən olunur.

Maddə 30.  Faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası

Yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədilə mineral-xammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir.

Dövlət ekspertizası yatağın geoloji öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloji materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloji, ekoloji və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir.

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün yararlı olan yer təki sahələri haqqında geoloji informasiya da dövlət ekspertizasından keçirilməlidir. Həmin sahələrdən istifadəyə yalnız geoloji informasiyanın dövlət ekspertizası aparıldıqdan və təsdiq edildikdən sonra icazə verilir.

İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 31.  Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi

Kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarı zamanı əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir.

Kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir.

Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir.

Çıxarılmış faydalı qazıntılar, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloji öyrənilmə işləri və ya yataqların işlənilməsi zamanı təsdiq olunmamış faydalı qazıntı ehtiyatları müəyyən edilmiş qaydada, faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişikliklər edilməklə, istismar işlərini aparan subyektin hesabından silinir.

Maddə 32.  Yerin təki haqqında geoloji informasiya

Yer təkinin geoloji quruluşu, orada olan faydalı qazıntılar, dağ-mədən şəraiti, həmçinin yer təkinin digər xassələri haqqında hesabatlarda, xəritələrdə və başqa materiallarda olan informasiya Azərbaycan Respublikasına mənsubdur.

Yerin təki haqqında geoloji və digər informasiya üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qorunur.

Əgər sifarişçinin müqavilə şərtləri ilə razılaşdırılmış kommersiya marağına toxunulmursa, icraçı, işlərin aparılması zamanı yerin təki haqqında əldə etdiyi informasiyadan elm və tədris fəaliyyətində istifadə etmək hüququna malikdir.

Dövlət vəsaiti hesabına əldə edilmiş geoloji və digər informasiya müəyyən edilmiş formada dövlət geoloji informasiya fonduna verilir. Həmin informasiya fondda saxlanılır və sistemləşdirilir.

Geoloji informasiyadan istifadənin qayda və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Öz maliyyə vəsaitləri hesabına yerin təki haqqında geoloji və digər informasiya hazırlayan təşkilatlar, müəssisələr və vətəndaşlar həmin informasiyanı dövlət geoloji informasiya fonduna verir və ondan istifadənin şərtlərini müəyyən edir.

İnformasiyanın toplandığı, qeydə alındığı, saxlanıldığı, verildiyi və ondan istifadə olunduğu bütün mərhələlərdə məsul şəxslər onun məxfiliyini təmin etməlidirlər.

Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqq alınır. Haqqın alınması qaydasını və miqdarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Maddə 33.  Faydalı qazıntı ehtiyatlarının dövlət balansı, faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı və onların aparılması

Faydalı qazıntı ehtiyatlarının dövlət balansı sənaye əhəmiyyətli yataqlar üzrə hər növ faydalı qazıntı ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, öyrənilmə dərəcəsi, onların yerləşməsi, sənayedə istifadə dərəcəsi, faydalı qazıntıların çıxarılması, itkisi və kəşf edilmiş faydalı qazıntı ehtiyatları ilə sənayenin təmin edilməsi haqqında məlumatları özündə əks etdirir və mineral-xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır.

Faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı, hər bir yataq üzrə əsas və yanakı faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, onlarda olan komponentlərin miqdarını, yataqların işlənməsinin dağ-mədən-texniki, hidrogeoloji, ekoloji şəraitini və geoloji-iqtisadi qiymətləndirilməsini səciyyələndirən məlumatları, eləcə də hər bir faydalı qazıntı təzahürünə dair məlumatları özündə birləşdirməlidir.

Dövlət kadastrı faydalı qazıntı yataqlarının kompleks istifadəsi, onların işlənilməsi ilə əlaqədar infrastrukturun səmərəli inkişafı və yerləşdirilməsi məqsədi ilə aparılır.

Faydalı qazıntı ehtiyatlarının dövlət balansı və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan təşkilat və müəssisələrin dövlət geoloji informasiya fonduna təqdim etdikləri hesabatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib edilir və aparılır.

Maddə 34.  Faydalı qazıntı yataqlarının kəşfçiləri

Əvvəllər məlum olmayan sənaye əhəmiyyətli faydalı qazıntı yatağı, habelə məlum yataqda onun sənaye əhəmiyyətini xeyli artıran əlavə faydalı qazıntı ehtiyatları və ya yeni mineral-xammalın olması ehtimalını elmi əsaslandıran və aşkara çıxaran şəxslər kəşfçilər hesab edilirlər.

Kəşfçilərin mükafatlandırılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

V fəsil

 Yerİn təkİndən İstİfadə münasİbətlərİnİn dövlət tənzİmlənməsİ

Maddə 35.  Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsinin vəzifələri

Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:

mineral-xammal bazasının yaradılması, ondan səmərəli istifadə və yer təkinin mühafizəsi;

faydalı qazıntıların əsas növlərinin istehsal həcminin müəyyənləşdirilməsi;

mineral-xammal bazasının inkişafı və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi üçün istifadə edilən yer təki sahələrinin hazırlanması;

Azərbaycan Respublikasının ərazisi, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsi daxilində yer təkinin geoloji öyrənilməsi;

mineral-xammal ixracının müəyyənləşdirilməsi;

yerin təkindən istifadə ilə əlaqədar ödənişlərin tətbiqi və əsas mineral-xammal növlərinin qiymətlərinin tənzimlənməsi;

yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması sahəsində standartların (normativlərin, qaydaların) müəyyənləşdirilməsi.

Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi idarəetmə, xüsusi razılıq və ya icazə, uçot və nəzarət vasitəsilə həyata keçirilir. [46]

Sahibkarlara münasibətdə yerin təkindən istifadəyə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [47]

Maddə 36.  Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi və idarəetməsi

Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə həyata keçirilir.

Yerin təkindən istifadə üzrə idarəçiliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Faydalı qazıntıların çıxarılması isə yer təkinin istifadəçilərinin funksiyalarına aiddir. [48]

Yerin təkindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) faydalı qazıntı yataqlarının işlənilməsini, yaxud faydalı qazıntılar çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən müəssisələrin təsərrüfat fəaliyyəti funksiyalarını yerinə yetirə bilməz.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur. [49]

Maddə 37.  Yerin təkindən səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti

Yerin təkindən səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti istifadəçilər tərəfindən mövcud qanunvericiliyə, yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi sahəsində müəyyən edilmiş standartlara (normativlərə, qaydalara), dövlət uçotu və hesabatı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir.

Yer təkinin geoloji öyrənilməsinə, səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir. [50]

Maddə 38.  Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarəti

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarəti yer təki istifadəçiləri tərəfindən mövcud qanunvericiliyə, işlərin təhlükəsiz aparılmasına, onların əhaliyə, ətraf mühitə, bina və qurğulara zərərli təsirinin qarşısının alınması və aradan qaldırılması tələblərinə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir.

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

VI fəsil

 Yerİn təkİndən İstİfadənİn İqtİsadİ mexanİzmİ

Maddə 39. Yerin təkindən istifadəyə görə ödəmə sistemi

Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə, bu Qanunun 44-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödənişlidir.

Yerin təkindən istifadəyə görə yer təki istifadəçiləri aşağıdakıları ödəyirlər:

xüsusi razılığın verilməsinə görə dövlət rüsumu (haqq); [51]

yerin təkindən istifadə haqqı;

mədən vergisi;

mineral-xammal bazasının bərpasına ayırmalar;

dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı;

dağ-mədən ayırması və geoloji ayırma statusunun verilməsinə görə dövlət rüsumu. [52]

Yerin təkindən istifadəçilər həmçinin qanunvericiliklə nəzərdə tutulan digər ödəniş və vergiləri ödəyirlər.

Maddə 40.  Yerin təkindən istifadəyə görə ödənişlər

Yerin təkindən istifadə haqqı faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərinə görə ödənilir. Haqqın miqdarı, işlərin dəyərindən faizlə və onun ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Faydalı qazıntılar çıxarılması üçün verilmiş dağ-mədən ayırmasının sərhədlərində istifadəçidən faydalı qazıntının kəşfiyyatına görə ödənişlər alınmır.

Faydalı qazıntıların çıxarılmasına görə ödənişlər vergi qanunvericiliyinə uyğun olaraq ödənilir. [53]

Faydalı qazıntılar çıxarılarkən normativdən artıq itkilərə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda ödənilir.

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər, o cümlədən yeraltı qurğuların tikintisi və istismarı üçün yerin təkindən istifadəyə görə ödənişlər istifadəyə verilən yer təkinin hüdudlarının ölçülərindən, faydalılığından və ondan istifadə zamanı ekoloji tarazlığın pozulma təhlükəsinin səviyyəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilir.

Maddə 41.  Mineral-xammal bazasının bərpasına ayırmalar

Mineral-xammal bazasının bərpasına ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır.

Faydalı qazıntıların yataqlarının axtarışı və kəşfiyyatını öz vəsaiti hesabına aparmış, yaxud faydalı qazıntıların müvafiq ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərcləri tam ödəmiş yer təki istifadəçiləri həmin yataqları istismar edərkən mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilirlər.

Ayrımaların dərəcələri Azərbaycan Respublikasının mineral-xammal bazasının bərpasına tələb olunan xərcləri təmin edə biləcək miqdarda müəyyən edilir və eyni növ mineral-xammal çıxaran yer təkinin bütün istifadəçiləri üçün eynidir.

Mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılan faydalı qazıntıların dəyərindən faizlə müəyyən edilir.

Bu ayırmalar mineral-xammal bazasının bərpasını və yer təkinin geoloji öyrənilməsini maliyyələşdirmək məqsədilə yaradılan dövlət fonduna daxil edilir.

Mineral-xammal bazasının bərpasına ayırmalardan faydalı qazıntı yataqlarının ilkin açılmasının və kəşfiyyatının həvəsləndirilməsi üçün istifadə edilə bilər.

Mineral-xammal bazasının bərpasına ayırmaların dərəcələri, ödənilməsi və istifadəsi qaydası qanunvericiliklə müəyyən edilir.

Maddə 42.  Dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı

Dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı dəniz şəraitində faydalı qazıntıların axtarışı, kəşfiyyatı və çıxarılması ilə bağlı işlərə və dəniz dibinin təkindən digər məqsədlər üçün istifadəyə görə ödənilir. Haqqın ödənilməsi qaydası və miqdarı sahənin yerləşməsindən və konfiqurasiyasından, su qatının qalınlığından, dəniz dibinin təkindən istifadənin məqsədlərindən asılı olaraq qanunvericiliklə müəyyən edilir.

Maddə 43.  Yerin təkindən istifadəyə görə ödənişin formaları

Yerin təkindən istifadəyə görə ödənişlər, onların növlərindən asılı olaraq aşağıdakı formalarda verilə bilər:

pul ödənişləri;

çıxarılan mineral-xammalın və ya istifadəçi tərəfindən istehsal olunan digər məhsulların bir hissəsi;

xidmət göstərilməsi.

Ödənişlərin verilməsi forması normativ hüquqi aktlara uyğun olaraq yerin təkindən istifadə hüququ verən xüsusi razılıqla və ya icazədə müəyyən edilir. [54]

Yerin təkindən istifadəyə görə ödənişlərin əvəzinə istifadəçidən kommersiya sirri sayılan məlumatların tələb edilməsinə yol verilmir. [55]

Maddə 44.  Yerin təkindən istifadəyə görə ödənişlərdə istisnalar

Azərbaycan Respublikasında yerin təkindən istifadəyə görə ödəmələrdə istisnalar aşağıdakı hallarda tətbiq edilir:

hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və ya icarəyə götürülmüş torpaq sahəsində öz ehtiyaclarının ödənilməsi üçün müəyyən olunmuş qaydada ümumi yayılmış faydalı qazıntılar və təzyiqsiz yeraltı sular hasil edildikdə;

yer təkinin öyrənilməsinə dair elmi-tədqiqat və dövlət proqramları ilə aparılan geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, mühəndis-geoloji araşdırmalar, geoekoloji tədqiqatlar, yeraltı suların rejiminə və balansına nəzarət, eləcə də yerin təkinin bütövlüyünü pozmamaqla görülən digər işlər, bu Qanunun 7-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində qeyd edilən xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılması üçün işlər aparıldıqda.

Mürəkkəb dağ-mədən-geoloji şəraitdə yerləşən, yaxud aşağı keyfiyyətə malik, o cümlədən çətin çıxarılan, kondisiyaya uyğun olmayan, faydalı qazıntıların əvvəl dövlət balansından silinmiş ehtiyatlarını saxlayan yataqların istifadə edilməsini, örtük və yan süxurlardan, dağ-mədən və onunla əlaqədar emal istehsalatının tullantılarından istifadəni, eləcə də əsas və yanakı komponentlərin istehsalını, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqini həvəsləndirmək məqsədilə yer təkinin istifadəçiləri yerin təkindən istifadəyə görə ödənişlərdən qismən azad oluna bilərlər.

Maddə 45.  Aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqlarının istismarına görə güzəştlər

Aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqlarının istismarına görə güzəştlər aşağıdakı hallarda verilir:

kəşf edilmiş ehtiyatların səmərəli istifadəsi qaydasının pozulması ilə əlaqədar olmayan və az rast gələn faydalı qazıntılar aşağı iqtisadi səmərəlik şəraitində çıxarılarsa;

yatağın zəngin sahələrinin seçmə üsulu ilə işlədilməsi nəticəsində faydalı qazıntının keyfiyyətinin pisləşməsi halları istisna edilməklə, aşağı keyfiyyətli qalıq ehtiyatlardan faydalı qazıntı hasil edilərsə.

Bu güzəştlər xüsusi razılıq və ya icazə verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [56]

VII fəsil

 Qanunun pozulmasına görə məsulİyyət

Maddə 46.  Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa;

yerin təkindən özbaşına istifadə edilərsə;

yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa;

yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə;

geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa;

faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa;

yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə;

yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə;

yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa;

ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə;

yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə;

yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. [57]

Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır.

Maddə 47.  Mübahisələrin həll edilməsi

Yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. [58]

Maddə 48.  Vurulmuş ziyanın ödənilməsi

Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir.

Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir.

Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir.

Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər.

Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 fevral 1998-ci il

№ 439-IQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 476)

2.       5 oktyabr 2001-ci il tarixli 180-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 673)

3.       12 oktyabr 2001-ci il tarixli 204-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 696)

4.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

5.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

6.       17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

7.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

8.       25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47)

9.       18 dekabr 2015-ci il tarixli 55-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 22)

10.    3 aprel 2018-ci il tarixli 1058-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 849)

11.    28 dekabr 2018-ci il tarixli 1403-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 20)

12.    22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689)

13.    12 iyun 2020-ci il tarixli 129-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 avqust 2020-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 842)

14.    27 may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701)

15.    3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315)

16.    8 iyul 2022-ci il tarixli 586-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 833)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 oktyabr 2001-ci il tarixli 204-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 696) ilə 3-cü maddəyə ikinci cümlə əlavə edilmişdir.

 

[2] 28 dekabr 2018-ci il tarixli 1403-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 20) ilə 3-cü maddənin mətni 3.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 3.2-ci maddə əlavə edilmişdir.

 

[3] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 6-cı maddənin birinci hissəsinin beşinci abzasında “xüsusi razılıq” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 8-ci maddənin ikinci hissəsində "xüsusi razılıq" sözlərindən sonra "və ya icazə" sözləri əlavə edilmişdir.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 8-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq və ya” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin ikinci və üçüncü abzaslarından “xüsusi razılıqda və ya” sözləri çıxarılmışdır.

 

[6] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin dördüncü abzasından “xüsusi razılığa və ya” sözləri çıxarılmışdır.

 

[7] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin beşinci abzasında “xüsusi razılıqda” sözləri “icazədə” sözü ilə əvəz edilmişdir.

 

[8] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin altıncı abzasından “xüsusi razılığa uyğun” sözləri çıxarılmışdır.

 

[9] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin yeddinci abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılmışdır, həmin abzasda hər iki halda “xüsusi razılıq” sözləri “icazə” sözü ilə, “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 9-cu maddənin 1-ci hissənin səkkizinci abzasından və 2-ci hissənin on üçüncü abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılmışdır.

 

[11] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 9-cu maddənin birinci hissəsinin ikinci-dördüncü və yeddinci abzaslarında, ikinci hissəsində və üçüncü hissəsinin on üçüncü abzasında ismin müvafiq hallarında "xüsusi razılıq" sözlərindən sonra ismin müvafiq hallarında "və ya icazə" sözləri əlavə edilmişdir.

 

[12] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Faydalı qazıntıları çıxarmaq, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək, xüsusi mühafizə edilən geoloji obyektləri yaratmaq hüququ verən xüsusi razılığa müvafiq olaraq yer təki sahəsi istifadəçiyə dağ-mədən ayırması şəklində verilir. Faydalı qazıntılar yer təkinin geoloji öyrənilməsi ilə eyni vaxtda, yaxud onun ardınca çıxarılacağı halda da yer təki sahəsi dağ-mədən ayırması şəklində verilir.

 

[13] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin ikinci hissədə “yerin təkindən istifadəyə xüsusi razılıq” sözləri “dağ-mədən ayırması statusu” sözləri ilə əvəz edilmişdir.

 

[14] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin üçüncü hissədə “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “xüsusi razılığa” sözləri “dağ-mədən ayırması statusuna” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “hazırlandıqdan,” sözündən əvvəl “və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi” sözləri və yeni məzmunda ikinci-beşinci cümlələr əlavə edilmişdir.

 

[15] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 10-cu maddənin dördüncü hissəsində "Xüsusi razılığa uyğun olaraq geoloji" sözləri "Geoloji" sözü ilə əvəz edilmişdir.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin dördüncü hissənin ikinci cümləsinə “sahələrə” sözündən sonra “bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir və həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[16] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 10-cu maddənin beşinci hissənin ikinci cümləsindən “xüsusi razılıqda” sözləri çıxarılmışdır.

 

[17] 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1315) ilə 10-cu maddəyə yeni məzmunda altıncı hissə əlavə edilmişdir.

 

[18] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 12-ci maddənin altıncı hissəsində "xüsusi razılıq" sözlərindən sonra "və ya icazə" sözləri əlavə edilmişdir.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 12-ci maddənin altıncı hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılmışdır.

 

[19] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin birinci hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılmışdır, həmin hissədə “qanunvericiliklə” sözü “bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə və “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[20] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin ikinci hissənin ikinci cümləsində “istisna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri ilə əvəz edilmişdir.

 

[21] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin üçüncü hissəsində “Xüsusi razılıq və ya icazə” sözləri “İcazə” sözü ilə əvəz edilmişdir.

 

[22] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin dördüncü hissəsindən “xüsusi razılığa və ya” sözləri çıxarılmışdır.

 

[23] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin altıncı hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılmışdır.

 

[24] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 13-cü maddənin beşinci hissəsinin birinci cümləsindən "(haqq)" və ikinci cümləsindən "(haqqın)" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Xüsusi razılığa görə dövlət rüsumu (haqq) alınır. Dövlət rüsumunun (haqqın) miqdarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 13-cü maddənin birinci, üçüncü, altıncı və səkkizinci hissələrində "xüsusi razılıq" sözlərindən sonra "və ya icazə" sözləri, dördüncü hissəsində "xüsusi razılığa" sözlərindən sonra "və ya icazəyə" sözləri əlavə edilmişdir və beşinci hissəsi çıxarılmışdır.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 13-cü maddənin yeddinci hissənin birinci cümləsində “Xüsusi razılıq və ya icazə müvafiq icra hakimiyyəti orqanın” sözləri “İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə və ikinci cümləsində “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz edilmişdir.

 

[25] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 14-cü maddənin adından “dövlət xüsusi razılıq və ya” sözləri çıxarılmışdır.

 

[26] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267) ilə 14-cü maddənin birinci hissəsində “Xüsusi razılıq və ya icazə” sözləri “İcazə” sözü ilə və “xüsusi razılıqlar” sözləri “icazələr” sözü ilə əvəz edilmişdir.

 

[27] 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267) ilə 14-cü maddənin ikinci hissənin birinci abzasında “Xüsusi razıl&