Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2019-cu il
№ 558
Azərbaycan Respublikası Hökuməti ilə
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti,
2007-ci il 2 may tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş”in əhəmiyyətini vurğulayaraq,
miqrasiya sahəsində əməkdaşlığı Tərəflərin dövlətlərinin ərazilərində miqrasiya proseslərinin tənzimlənməsinin vacib istiqamətlərindən biri hesab edərək, Tərəflərin miqrasiya sahəsində ikitərəfli əməkdaşlığının hüquqi əsasının yaradılmasına səy göstərərək,
qanunsuz miqrasiyanın milli təhlükəsizliyə, iqtisadi sabitliyə ciddi təhdid olduğunu və Tərəflərin dövlətlərinin ərazilərində kriminogen vəziyyətin mürəkkəbləşməsinə şərait yaratdığını dərk edərək,
qanunsuz miqrasiyaya qarşı birgə tədbirlərin həyata keçirilməsi niyyətlərini ifadə edərək,
tətbiq edilən beynəlxalq hüquq normalarına və Tərəflərin dövlətlərinin qanunvericiliyinə əsaslanaraq,
miqrasiya proseslərinin tənzimlənməsi və idarə edilməsi, həmçinin qanunsuz miqrasiya ilə mübarizənin zəruriliyini nəzərə alaraq,
miqrasiya proseslərinin tənzimlənməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə və insan hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verərək,
miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın effektiv formalarının inkişaf etdirilməsinə və peşəkar əlaqələrin genişləndirilməsinə dair ümumi niyyətləri ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Tərəflərdən hər biri bu Sazişin icrasına məsul olan səlahiyyətli orqanların siyahısını müəyyənləşdirir və bu barədə digər Tərəfi bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə yazılı bildirişi göndərərkən məlumatlandırır.
2. Tərəf dövlətlərin səlahiyyətli orqanları bu Sazişdə nəzərdə tutulmuş məsələlər üzrə bir-biri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərir.
Tərəfin səlahiyyətli orqanlarının siyahısında dəyişiklik edildiyi barədə Tərəflər bir-birini diplomatik kanallarla qısa müddətdə məlumatlandırır.
3. Bu Saziş çərçivəsində Tərəf dövlətlərin səlahiyyətli orqanları miqrasiya sahəsində əməkdaşlığı öz dövlətlərinin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun həyata keçirirlər.
Maddə 2
1. Bu Saziş çərçivəsində Tərəf dövlətlərin səlahiyyətli orqanları əməkdaşlığı aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirirlər:
a) kömək göstərilməsinə dair sorğuların icrası;
b) statistik, elmi-metodiki və qarşılıqlı maraq kəsb edən digər məlumatların mübadiləsi, o cümlədən:
aşkar edilmiş qanunsuz miqrasiya kanalları barədə;
Tərəflərin dövlətlərinin ərazilərində fəaliyyət göstərən və qanunsuz miqrasiyanın təşkilində və həyata keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslər barədə;
qanunsuz miqrasiyanın təşkilində və həyata keçirilməsində istifadə olunan göndərilmə və təyinat məntəqələri, marşrutlar, daşıyıcılar və nəqliyyat vasitələri barədə;
giriş vizalarının və digər sənədlərin alınması üsulları və onların qanunsuz miqrasiya məqsədləri üçün istifadəsi barədə;
Tərəflərin dövlətlərinin miqrasiya qanunvericiliyi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi, sığınacağın və vətəndaşlığın verilməsi qaydası, qanunsuz miqrasiyaya qarşı mübarizənin təşkili, həmçinin qanunvericiliyin qeyd olunan sahələrində dəyişikliklər barədə;
qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəldilmiş təcrübə və tədbirlər barədə;
saxtalaşdırılmış pasport-viza sənədlərinin aşkarlanmasına və istifadəsinin qarşısının alınmasına yönəldilmiş təcrübə və tədbirlər barədə;
şəxsiyyəti təsdiq edən və dövlət sərhədini keçməyə hüquq verən sənədlərin nümunəsi, onların formalarının dəyişdirilməsi, həmçinin Tərəflərin dövlətlərinin ərazilərinə giriş, olma və çıxış üçün sənədlərə tələblər barədə;
xarici miqrasiyanın tənzimlənməsi metodları barədə;
c) Tərəf dövlətlərin miqrasiya qanunvericiliyinə riayət edilməsi üzrə nəzarətin həyata keçirilməsi, həmçinin qanunsuz miqrasiyanın qarşısının alınması üçün icra edilən tədbirlər barədə təcrübə mübadiləsi;
d) Tərəflərin dövlətlərinin ərazilərində qanunsuz olan şəxslərin aşkar edilməsi;
c) etibarsız və ya müəyyən edilmiş qaydanı pozmaqla verilən Tərəflərin dövlətlərinin vətəndaşlarının şəxsiyyətlərini təsdiq edən sənədlər barədə məlumat mübadiləsi;
ə) üçüncü dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Tərəflərin dövlətlərinin ərazilərindən deportasiyası (kənara çıxarılması) zamanı onların Tərəflərin dövlətlərinin ərazilərindən tranzitinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı fəaliyyət;
f) pasport-viza sənədləri barədə məlumat mübadiləsi;
g) Tərəflərin miqrasiya məsələləri ilə məşğul olan əməkdaşlarının hazırlanması və ixtisasının artırılması, o cümlədən seminarların təşkili və bu sahədə təcrübə keçmə;
h) Tərəflərin miqrasiya sahəsində təcrübəsinin yayılmasına dair informasiya-analitik materialların, dövri nəşrlərin və materialların mübadiləsi;
i) miqrasiya problemlərinə dair elmi tədqiqatların həyata keçirilməsi;
j) cinayət, qanun pozuntusunun törədilməsinə görə axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi üzrə qarşılıqlı fəaliyyət;
k) şəxsiyyətin müəyyən edilməsi, o cümlədən lazım gəldikdə fotoşəkil əsasında şəxsiyyətin identifikasiyası üzrə müvafiq prosedurların keçirilməsi vasitəsilə, eləcə də şəxsin Tərəflərin dövlətlərinin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi;
l) Sorğu edən Tərəfin bu məlumatın alınması məqsədini göstərməklə Tərəflərin dövlətlərinin vətəndaşlarının miqrasiya uçotu və ya olduğu (yaşayış) yer üzrə qeydiyyatı, vətəndaşlığı barədə məlumatların təqdim edilməsi.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan məlumatların mübadiləsi Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilir.
3. Bu Saziş Tərəflərə qarşılıqlı məqbul hesab edilən digər əməkdaşlıq istiqamətlərinin işlənilib hazırlanmasına və inkişaf etdirilməsinə maneə törətmir.
Maddə 3
1. Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəf dövlətlərinin səlahiyyətli orqanlarının kömək göstərilməsinə dair sorğusuna (bundan sonra - sorğu) əsasən həyata keçirilir. Bir Tərəfin dövlətinin səlahiyyətli orqanı miqrasiya sahəsinə dair məlumatın digər Tərəf dövlətin səlahiyyətli orqanı üçün maraq kəsb etdiyini hesab etdikdə, həmin məlumatı digər Tərəf dövlətin səlahiyyətli orqanına sorğu olmadan təqdim edə bilər.
2. Sorğu yazılı formada rus dilində, həmçinin mətnin ötürülməsinin texniki vasitələrindən istifadə etməklə göndərilir.
Sorğunun həqiqiliyi və ya məzmunu ilə bağlı şübhə yarandıqda bu zaman əlavə təsdiq tələb edilə bilər.
3. Sorğu aşağıdakıları əhatə etməlidir:
sorğu edən və sorğu edilən orqanın adı;
sorğunun qısa məzmunu, onun məqsədi və əsaslandırılması;
sorğunun lazımi səviyyədə icrası üçün istifadə oluna biləcək hər hansı digər məlumat.
4. Sorğu sorğu edən Tərəfin səlahiyyətli orqanının rəhbəri və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanır və gerbli möhür ilə təsdiq edilir. Zərurət olduğu təqdirdə Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları sorğuların imzalanmasına səlahiyyət verilmiş digər vəzifəli şəxsləri müəyyənləşdirir və diplomatik kanallarla bu barədə bir-birini məlumatlandırırlar.
Maddə 4
1. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun tez və tam icra edilməsi üçün bütün zəruri tədbirləri görür.
Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasına maneə yaradan və ya onun icrasını əhəmiyyətli dərəcədə gecikdirən hallar barədə sorğu edən Tərəfin səlahiyyətli orqanını təxirə salınmadan məlumatlandırır.
2. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun lazımi səviyyədə icra edilə bilməsi üçün zəruri hesab etdiyi əlavə məlumatları istəmək hüququna malikdir.
3. Sorğunun icrası zamanı sorğu edilən Tərəfin dövlətinin qanunvericiliyi tətbiq olunur.
4. Sorğu edilən Tərəf sorğunun dərhal icra edilməsinin onun dövlətinin ərazisində aparılan cinayət təqibinə və ya digər icraata maneçilik törətdiyini ehtimal etdiyi təqdirdə, o, sorğunun icrasını təxirə salmaq və ya onun icrasını özü müəyyən etdiyi şərtlərə riayət olunmaqla əlaqələndirmək hüququna malikdir.
5. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı mümkün qısa müddətdə sorğu edən Tərəfin səlahiyyətli orqanını sorğunun icrasının nəticələri barədə məlumatlandırır. Sorğunun icra müddəti onun qəbul edildiyi tarixdən etibarən 1 (bir) aydan artıq olmamalıdır.
6. Sorğunun icrası sorğu edilən Tərəfin səlahiyyətinə aid olmadığı təqdirdə o, bu barədə sorğu edən Tərəfi təxirə salınmadan məlumatlandırır və onun xahişi ilə sorğunu sorğu edilən Tərəfin dövlətinin səlahiyyətli orqanına təqdim edir.
Maddə 5
1. Sorğu edilən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasının onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişə, digər əhəmiyyətli maraqlarına xələl gətirə biləcəyini və ya onun dövlətinin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə zidd olduğunu ehtimal etdiyi təqdirdə bu Saziş çərçivəsində kömək göstərməkdən tam və ya qismən imtina edilir.
2. Sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanı imtinanın səbəbləri göstərilməklə sorğunun icrasından tam və ya qismən imtina olunma barədə yazılı surətdə məlumatlandırılır.
Maddə 6
1. Sorğu edilən Tərəf dövlətin səlahiyyətli orqanı sorğu edən Tərəf dövlətin səlahiyyətli orqanının xahişi ilə sorğunun daxilolma faktının, onun məzmununun və ona əlavə olunmuş sənədlərin, habelə kömək göstərilməsi faktının konfidensiallığının təmin edilməsi üçün lazımi tədbirlər görür.
Sorğunu məxfilik qorunmaqla icra etmək mümkün olmadığı təqdirdə sorğu edilən Tərəf dövlətin səlahiyyətli orqanı bu barədə bu cür şərtlərlə sorğunun icra olunub-olunmamasına dair qərar qəbul edən Tərəf dövlətin səlahiyyətli orqanını məlumatlandırır.
2. Bu Saziş əsasında əldə edilmiş sorğunun icrasının nəticələri, onu təqdim edən Tərəfin razılığı olmadan sorğuedilmə və təqdimolunma məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə oluna bilməz.
3. Bu Saziş əsasında bir Tərəf dövlətin səlahiyyətli orqanının əldə etdiyi məlumatların üçüncü tərəfə verilməsi üçün bu məlumatları təqdim edən digər Tərəf dövlətin səlahiyyətli orqanının əvvəlcədən razılığı tələb olunur.
4. Bu Saziş əsasında Tərəf dövlətlərin səlahiyyətli orqanları sorğuların göndərilməsi və icrası çərçivəsində fiziki şəxs barəsində mübadilə etdikləri məlumatın qorunmasını Tərəflərin dövlətlərinin hər birinin qanunvericiliyinə və Tərəflərin dövlətlərinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun təmin edirlər. Tərəf dövlətlərin səlahiyyətli orqanları, həmçinin fiziki şəxs barəsində məlumatın təsadüfi itirilmədən, sanksiyalaşdırılmamış daxil olmadan, dəyişdirilmədən və ya yayılmaqdan qorunmasını təmin edirlər.
5. Bu Sazişin qüvvəsinə xitam verildiyi təqdirdə, məlumatın məxfiliyinin təmin edilməsini nəzərdə tutan bu maddənin bəndləri Tərəf dövlətlərin səlahiyyətli orqanları üçün qüvvədə qalır.
Maddə 7
1. Bu Saziş əsasında Tərəf dövlətlərin səlahiyyətli orqanları qarşılıqlı razılaşma ilə miqrasiya sahəsində əlaqələndirmə və əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə məsləhətləşmələr keçirirlər.
2. Bu Sazişin müddəalarının daha səmərəli icra edilməsinin təmin edilməsi məqsədilə Tərəf dövlətlərin səlahiyyətli orqanları birgə işçi qruplar yarada, ekspert görüşləri keçirə bilərlər.
Maddə 8
Bu Sazişin icrası və ya təfsiri ilə bağlı bütün məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 9
Hər bir konkret hal üzrə başqa qayda razılaşdırılmadığı təqdirdə, Tərəf dövlətlərin səlahiyyətli orqanları bu Sazişin icrası ilə bağlı yaranan xərcləri özləri ödəyirlər.
Maddə 10
Bu Sazişin həyata keçirilməsi zamanı işçi dil kimi rus dilindən istifadə edilir.
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 12-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Bu Saziş, onun qüvvəyə minməsi üçün Tərəflərin zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-məhdud müddətə bağlanılır və Tərəflərdən birinin bu Sazişin qüvvəsini ləğv etməsi niyyəti barədə digər Tərəfin yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən etibarən altı ay müddətində qüvvədə qalır.
Minsk şəhərində 19 noyabr 2018-ci il tarixində iki əsl nüsxədə, Azərbaycan və rus dillərində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
Hökuməti adından
(imza)
|
Hökuməti adından
(imza)
|