AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
30.01.2019
QEYDİYYAT NÖMRƏSİ
1951100005
ADI
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201901300005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.02.2019
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

30.01.2019

Qeydiyyat nömrəsi

1951100005

Adı

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.02.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201901300005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.02.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1951100005

30 yanvar 2019-cu il

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

 

 

Banklarda kredit risklərinin idarə edilməsi

Qaydaları

 

1.                  Ümumi müddəalar

 

1.1.                 Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklarda kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.

1.2.                 Banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir.

1.3.                  Banklarda kredit risklərinin idarə edilməsinin təşkilati strukturu “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” ilə tənzimlənir.

 

2.                  Anlayışlar

 

2.1.                 Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1.           kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riski;

2.1.2.           faktiki illik faiz dərəcəsi – kredit üzrə bu Qaydalara 2 saylı Əlavədə müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi;

2.1.3.           kreditin təminata olan nisbəti əmsalı (KTN əmsalı) – kreditin məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı;

2.1.4.           istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;

2.1.5.           daşınmaz əmlak krediti – fiziki şəxslərə şəxsi istifadə məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit;

2.1.6.            risk iştahası – bankın strateji hədəflərinə çatması və biznes planının icrası üçün bankın riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi risk səviyyəsi;

2.1.7.                risk profili – qiymətləndirmə anında bankın hər bir risk kateqoriyası üzrə ümumi risklərinin (risklərin azaldılması tədbirləri tətbiq edilmədən) və ya xalis risklərinin (risklərin azaldılması tədbirlərinin tətbiqindən sonra) məcmusu;

2.1.8.       valyuta məzənnəsinin hedcinqi - mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin azaldılması vasitəsi;

2.1.9.       qeyri-işlək kreditAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş kredit;

2.1.10.   restrukturizasiya tədbiri – Palatanın normativ xarakterli aktlarına əsasən müəyyən edilən müqavilə şərtlərinin dəyişdirilməsi tədbirləri;

2.1.11.  borcun gəlirlərə nisbəti əmsalı (BGN əmsalı) – istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalı (birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbəti);

2.1.12.  şok – bankın fəaliyyətinə potensial təsir edə biləcək, ehtimal olunan və ölçülə bilən hadisə;

2.1.13.   kredit tələbi –pul öhdəliklərinin icrası ilə bağlı bankın tələb hüquqları;

2.1.14.   bazar qiyməti – açıq və likvid bazarda aktiv üçün alıcının ödəyəcəyi və satıcının qəbul edəcəyi ən yüksək qiymət.

 

3.                  Kredit risklərin idarə edilməsi sistemi

 

3.1.                 Banklarda kredit risklərinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:

3.1.1.           kredit risklərinin idarə edilməsi strategiyası;

3.1.2.           kredit risklərinin idarə edilməsi siyasəti;

3.1.3.            kredit risklərinin qiymətləndirilməsi;

3.1.4.            təminatın qiymətləndirilməsi;

3.1.5.            kredit risklərinin monitorinqi;

3.1.6.            qeyri-işlək kreditlərin idarə edilməsi;

3.1.7.            stress-testin aparılması;

3.1.8.            hesabatlıq;

3.1.9.            kredit risklərinin idarə edilməsinin təşkilati strukturu.

 

4.                  Kredit risklərinin idarə edilməsi strategiyası

 

4.1.                 Baş risk inzibatçısı bankın biznes strategiyasına və risk iştahasına müvafiq olaraq kredit risklərinin idarə edilməsi strategiyasını hazırlayır. Kredit risklərinin idarə edilməsi strategiyası ən azı aşağıdakıları əhatə edir:

4.1.1.           iqtisadi dövrün və makroiqtisadi mühitin bankın kredit strategiyasına təsirləri;

4.1.2.           bankın risk iştahasına uyğun olaraq müxtəlif kredit növləri, iqtisadi sektorlar, coğrafi ərazi, valyuta və kreditin müddəti üzrə kredit portfelinin həcmi ilə bağlı bankın planları, habelə kredit portfelində qeyri-işlək kreditlərin yuxarı həddi;

4.1.3.           kredit risklərinin minimallaşdırılması məqsədilə bank tərəfindən nəzərdə tutulan tədbirlər;

4.1.4.           bankın risk iştahasına uyğun olaraq bankın fəaliyyətindən gözlənilən gəlirlilik səviyyəsi;

4.1.5.           bankın yeni fəaliyyət istiqamətini seçməsinin, habelə yeni məhsulların təqdim edilməsinin onun risk profilinə adekvatlığı və bankın kapitalına təsiri;

4.1.6.           bankın portfel səviyyəsində kredit risklərinin idarə edilməsi tədbirləri.

4.2.                 Bankın İdarə Heyəti kredit risklərinin idarə edilməsi strategiyasının bankdaxili effektiv kommunikasiyasını təmin edir.

4.3.                 Bankın Müşahidə Şurası kredit risklərinin idarə edilməsi strategiyasını təsdiqləyir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirir. Strategiyadan kənarlaşmalar olduqda, bu barədə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən Risklərin İdarə edilməsi Komitəsinə (bundan sonra – RİK) və İdarə Heyətinə məlumat verilir.

 

5.                       Kredit risklərinin idarə edilməsi siyasəti

 

5.1.                 Kredit risklərinin idarə edilməsi strategiyasının effektiv tətbiq edilməsi üçün bankın Baş risk inzibatçısı kredit risklərinin idarə edilməsi siyasətini hazırlayır. Bankın kredit risklərinin idarə edilməsi siyasəti bu Qaydalara və Palatanın müəyyən etdiyi prudensial tələblərə cavab verməklə yanaşı, onun əməliyyatlarının həcminə, mürəkkəbliyinə və risk profilinə adekvat olmalıdır.

5.2.                 Kredit risklərinin idarə edilməsi siyasəti bankın kredit tələblərinin yaranması, treydinq və investisiya əməliyyatlarının aparılması, habelə yeni bank məhsulları ilə bağlı qərarların qəbul edilməsi istiqamətini müəyyən edir. Kredit risklərinin idarə edilməsi siyasətində ən azı aşağıdakılar öz əksini tapır:

5.2.1.           təminata dair minimum tələblər (qəbul edilən təminat növləri, dəyəri və s.);

5.2.2.           təminatsız, habelə xarici valyutada kreditlərin verilməsi ilə bağlı tələblər;

5.2.3.           kredit məhsulu üzrə kredit məbləğinin yuxarı həddi;

5.2.4.            bankın treydinq və investisiya fəaliyyəti ilə bağlı tələbləri;

5.2.5.            daxili risk reytinqi sistemi və hər bir risk dərəcəsi üzrə meyarlar;

5.2.6.           bankın yeni fəaliyyət istiqaməti və yeni məhsulunun təqdim edilməsi ilə bağlı tələblər;

5.2.7.            törəmə maliyyə alətlərinin növləri və kontragentlər ilə bağlı meyarlar;

5.2.8.           ən azı aşağıdakı istiqamətlər üzrə maksimum limitlər:

5.2.8.1.          BGN əmsalı (borcalan üzrə, kredit növləri üzrə və s.);

5.2.8.2.          bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum miqdarı;

5.2.8.3.          banka aidiyyəti olan şəxslər ilə aparılan əməliyyatların həcmi;

5.2.8.4.          kredit məhsulu, iqtisadi sektor, coğrafi ərazi, bankın filialı üzrə kredit tələbinin həcmi;

5.2.8.5.          informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilə bilən kreditin maksimal məbləği;

5.2.8.6.          kreditlərin ümumi həcminin depozitlərin ümumi həcminə nisbəti;

5.2.8.7.          təminat növləri, təminat növləri üzrə KTN əmsalı və təminatsız kreditlər üzrə kredit tələbinin həcmi;

5.2.8.8.          digər kredit təşkilatları üzrə kredit tələbinin həcmi;

5.2.8.9.      törəmə maliyyə alətlərinin həcmi.

5.3.                 Kredit risklərinin idarə edilməsi siyasəti bankın aidiyyəti struktur bölmələrin əməkdaşlarına tanış olması üçün təqdim edilir.

5.4.                 Kredit risklərinin idarə edilməsi siyasəti bankın Müşahidə Şurası tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. Kredit risklərinin idarə edilməsi siyasətindən kənarlaşmalar olduqda, bu barədə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən RİK-ə və İdarə Heyətinə məlumat verilir.

5.5.                 Kredit risklərinin idarə edilməsi siyasətində kredit tələbinin yaranması və kredit riskinin monitorinqi prosesində iştirak edən struktur bölmə və əməkdaşların səlahiyyət və məsuliyyət bölgüsü müəyyən edilir. Səlahiyyət və məsuliyyət bölgüsü borcalanın, emitentin və kontragentin riskliliyindən, habelə aparılan əməliyyatın məbləğindən asılı olaraq müəyyən edilir.

 

6.                  Kredit risklərinin qiymətləndirilməsi

 

6.1.                 Bank kredit tələbinin yaranması, treydinq və investisiya fəaliyyəti, habelə yeni bank məhsullarının təqdim edilməsi zamanı kredit risklərini qiymətləndirir.

6.2.                 Borcalan üzrə kredit risklərinin qiymətləndirilməsi üçün borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman ən azı aşağıdakılar nəzərə alınır:

6.2.1.           istehlak kreditləri üzrə:

6.2.1.1.               borcalanın BGN əmsalı;

6.2.1.2.               borcalanın yaşı və iş təcrübəsi;

6.2.1.3.               kreditin məqsədi və onun ödənilməsi mənbəyi;

6.2.1.4.               borcalanın kredit tarixçəsi;

6.2.1.5.               KTN əmsalı (kredit üzrə təminat olduqda);

6.2.1.6.               borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları;

6.2.1.7.               borcalanın xərclərinin səviyyəsi, habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları;

6.2.1.8.          borcalanın təminat qismində təqdim etmədiyi əmanətləri və digər aktivləri;

6.2.2.           digər kredit tələbləri (iri və orta sahibkarlara verilən biznes krediti, qarantiya, akkreditiv və s.) ilə bağlı bu Qaydaların 6.2.1.3 – 6.2.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı aşağıdakılar nəzərə alınır:

6.2.2.1.               borcalanın müxtəlif ssenarilərdə pul axınlarının pisləşməsi halında borc öhdəliyinin ödənilməsi yolları;

6.2.2.2.               borcalanın səhmdarları (payçıları) və idarəetmə orqanının üzvləri barədə məlumatlar;

6.2.2.3.               borcalanın biznes təcrübəsi və onun fəaliyyət göstərdiyi sektorda mövqeyi;

6.2.2.4.               borcalanın maliyyə vəziyyəti (borcalan holdinq şirkəti və ya onun tərkibində şirkət olduqda, konsolidasiya olunmuş əsasda baxılır).

6.2.3.            Kiçik sahibkarlara verilən biznes kreditləri bu Qaydaların 6.2.1.3-6.2.1.5-cı yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı ən azı bir illik dövriyyəsi və maliyyə hesabatları nəzərə alınır.

6.2.4.            xarici valyutada verilmiş kredit tələbləri üzrə bu Qaydaların 6.2.1-ci və 6.2.2-ci yarımbəndlərinin tələbləri ilə yanaşı, borcalanın məzənnə riskinə qarşı həssalığı qiymətləndirilir. Bu zaman aşağıdakılar nəzərə alınır:

6.2.4.1.               borcalanın xarici valyutada olan pul axınlarına;

6.2.4.2.               borcalanın istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri, habelə onların etibarlılıq müddəti;

6.2.4.3.               xarici valyutanın milli valyuta qarşısında dəyər qazanması halında borcalanın artmış kredit öhdəliyini ödəmə qabiliyyəti;

6.2.4.4.               borcalanın valyuta mövqeyi (borcalanın xarici valyutada olan tələb və öhdəlikləri arasındakı fərq).

6.2.5.           xarici ölkədə yerləşən borcalana qarşı kredit tələbinin yaranması zamanı bu Qaydaların 6.2.3-cü yarımbəndi ilə yanaşı, ən azı aşağıdakılar nəzərə alınır:

6.2.5.1.               borcalanın ölkəsindəki iqtisadi və siyasi amillərin onun ödəmə qabiliyyətinə təsiri;

6.2.5.2.               borcalanın ölkəsində kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında və təminatının realizasiyasında yarana biləcək risklər.

6.3.                 Kredit tələbləri (istehlak və daşınmaz əmlak kreditləri istisna olmaqla) və ya investisiya fəaliyyəti ilə bağlı olaraq kredit risklərinin qiymətləndirilməsi zamanı borcalanın və ya emitentin maliyyə hesabatlarına (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları), vergi orqanlarına təqdim etdiyi hesabatlara, habelə borcalanın və ya emitentin biznes planına (yeni biznes növü və ya sahəsi yaradıldıqda) baxılır. Borcalanın maliyyə hesabatları kredit üzrə sifarişin təqdim edilməsi tarixindən ən azı son 2 (iki) illik dövrü (borcalanın fəaliyyətə başladığı müddət 2 ildən az olduqda, fəaliyyət göstərdiyi dövrü) əhatə edir.

6.4.                 Kredit tələbinin yaranması zamanı borcalanın bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna, habelə banka aidiyyəti olan şəxslərə aid olması yoxlanılır.

6.5.                 Borcalanın ödəmə qabiliyyəti kredit tələbinin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq, bütün hallarda qiymətləndirilir. Borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və kredit tələbinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi tələb olunmur.

6.6.                 Bank sindikativ və birgə kreditlərin verilməsində iştirakçı bank qismində çıxış etdikdə üzərinə götürdüyü riskin adekvat qiymətləndirilməsində təşkilatçı bankın və ya digər iştirakçı bankların birgə qiymətləndirməsinə deyil, kredit sifarişinin tam həcmdə özü tərəfindən aparılan hərtərəfli təhlilinə əsaslanır.

6.7.                 Borcalanın ödəmə qabiliyyətinin informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi bankın kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş kreditlər üzrə bu Qaydaların tələbləri nəzərə alınmaqla aparılır.

6.8.                 Qiymətli kağızların ticarəti (treydinq) və investisiya fəaliyyəti üzrə kredit riskinin qiymətləndirilməsi məqsədilə bank tərəfindən kontragentin və emitentin ən azı maliyyə vəziyyəti, beynəlxalq nüfuzlu reytinq agentlikləri (“Fitch”, “Moody’s” və “Standard & Poor’s”) tərəfindən verilmiş kredit reytinqi (olduqda), likvidliyi, müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyəti, habelə bu Qaydaların 6.2.2.1 – 6.2.2.4-cü yarımbəndlərinin tələbləri üzrə qiymətləndirilir.

6.9.                 Bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalıdır.

 

7.                  Daxili risk reytinqi sistemi

 

7.1.                  Bank kredit riskinin idarə edilməsi strategiyasına və siyasətinə müvafiq olaraq borcalan ilə bağlı kredit riskini qiymətləndirmək üçün daxili risk reytinqi (bundan sonra - DRR) sistemini hazırlayır. DRR sistemi borcalanları risk reytinqləri üzrə təsnifləşdirməli və portfel üzrə ümumi risk profilini müəyyən etməyə imkan verməlidir.

7.2.                 DRR sistemi bankın fəaliyyətinə, ölçüsünə və aparılan əməliyyatların mürəkkəbliyinə adekvat olmalıdır.

7.3.                  Borcalanın risk reytinqi kredit tələbinin yaranma anında müəyyən edilir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. İqtisadi şəraitin, habelə borcalanın öhdəlik üzrə davranışının dəyişilməsi hallarında borcalanın risk reytinqinə yenidən baxılır.

7.4.                  Borcalanın risk reytinqi müəyyən olunan zaman onun maliyyə və keyfiyyət (fəaliyyət göstərdiyi sahə, fəaliyyətinin davamlılığı, kredit tarixçəsi və s.) göstəriciləri, habelə makroiqtisadi göstəricilər nəzərə alınır.

7.5.                 Yeni kredit tələbi yarandıqda, habelə mövcud kredit tələbinin məbləği artırıldıqda, borcalanın risk reytinqi yenidən müəyyən edilir.

7.6.                  Kredit risklərinin idarə edilməsi siyasətində risk reytinqinin müəyyən edilməsi metodologiyası, onun yenilənmə tezliyi və halları əks olunur.

7.7.                 Ən azı ildə bir dəfə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən DRR sisteminin əks-yoxlaması (modelin ehtimal olunan nəticələrinin faktiki nəticələrlə müqayisə edilməsi) aparılır və yoxlama nəticələri RİK-ə və İdarə Heyətinə təqdim edilir.

 

8.                  Təminatın qiymətləndirilməsi

 

8.1.                  Təminatın qiymətləndirilməsi zamanı ən azı aşağıdakılar nəzərə alınır:

8.1.1.                təminat qismində zamin çıxış etdikdə, zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına baxılır. Zaminin ödəmə qabiliyyəti bu Qaydaların 6-cı hissəsinə müvafiq olaraq qiymətləndirilir;

8.1.2.                təminat qismində qarantiyalar çıxış etdikdə, qarantiya verən tərəfin bu Qaydaların 6-cı hissəsinə müvafiq olaraq ödəmə qabiliyyəti qiymətləndirilir;

8.1.3.                təminat qismində daşınar əmlak çıxış etdikdə, onun yüklülüyü Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yoxlanılır, habelə onun bazar qiyməti, satış imkanları və əmlakın saxlanmasına nəzarət olunur;

8.1.4.                təminat qismində daşınmaz əmlak çıxış etdikdə, onun bazar qiyməti və satış imkanları təhlil edilir;

8.1.5.                təminat qismində qiymətli kağızlar çıxış etdikdə, emitentin ödəmə qabiliyyəti və qiymətli kağızların satış imkanları təhlil edilir.

8.2.                 Kreditlər üzrə təminat qismində bu Qaydaların 8.1-ci bəndində qeyd olunmuş təminatlar çıxış etdikdə, təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır.

8.3.                  Təminatın qiymətləndirilməsi müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən aparılır. Qiymətləndiricilər bankın əməkdaşı və ya kənar şəxslər sırasından təyin edilir. Qiymətləndiricilərin siyahısı bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən nəzərdən keçirilir və ən azı ildə bir dəfə onların fəaliyyəti yenidən qiymətləndirilir.

8.4.                  Qiymətləndiricilər müstəqil olmalı, habelə qiymətləndirmə sahəsində ən azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdırlar. Qiymətləndiricinin müstəqil olmasının meyarları ən azı aşağıdakılardır:

8.4.1.                kreditin verilməsi prosesində iştirak etmir;

8.4.2.                borcalanın ödəmə qabiliyyəti onun qiymətləndirmə nəticələrinə təsir etmir;

8.4.3.                qiymətləndirmə nəticələri ilə bağlı maraqlar münaqişəsi yoxdur;

8.4.4.                təminatın sahibinə və borcalana aidiyyəti olan şəxs deyil;

8.4.5.                təhrif olunmamış və obyektiv qiymətləndirmə hesabatı hazırlayır;

8.4.6.            qiymətləndirmə üzrə xidmət haqqı qiymətləndirmə nəticələrindən asılı deyil.

8.5.                  Kredit risklərinin idarə edilməsi məqsədləri üçün borcalanın təqdim etdiyi təminat üzərində bankın hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.

8.6.                  Bankın məcmu kapitalının 5 faizdən yuxarı olan bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı kredit tələbləri üzrə təminat müstəqil və kənar şəxs olan iki qiymətləndirici tərəfindən ayrıca qiymətləndirilir. Bu zaman qiymətlər fərqli olduqda, bank tərəfindən təminatın aşağı olan qiyməti əsas götürülür.

8.7.                  Bankdaxili qaydalarda təminatın qiymətləndirilməsi və qiymətləndiricilərin seçilməsi meyarları müəyyən edilir.

 

9.                  Kredit inzibatçılığı

 

9.1.                      Hər bir kredit tələbi üzrə borcalanın kredit risklərinin təhlili nəticələri, kreditin verilməsi ilə bağlı qərar sənədləşdirilir və kredit dosyesində saxlanılır. Kredit dosyesinə daxil olmalı sənəd və məlumatların siyahısı bu Qaydaların 1 saylı Əlavəsində nəzərdə tutulmuşdur.

9.2.                 Kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən fiziki və ya hüquqi şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verir.

9.3.                  Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilir:

9.3.1.                kreditin təyinatı;

9.3.2.                kreditin şərtləri (kreditin məbləği, valyutası, müddəti, faktiki illik faiz dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər). Faktiki illik faiz dərəcəsinin hesablanması bu Qaydalara 2 nömrəli əlavədə müəyyən edilmiş metodologiya əsasında aparılır;

9.3.3.                kreditin gecikdirilmə şərtləri;

9.3.4.                ödəniş cədvəli;

9.3.5.                tərəflərin hüquq və vəzifələri;

9.3.6.                vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsi şərtləri;

9.3.7.                kredit müddəti ərzində müqaviləyə əlavə və dəyişikliklərin edilməsi qaydası;

9.3.8.                tərəflərin məsuliyyəti;

9.3.9.                mübahisələrin həlli qaydası.

 

10.              Kredit risklərinin monitorinqi

 

10.1.             Bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi məqsədilə aşağıdakılar həyata keçirilir:

10.1.1.            borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyi təhlil edilir;

10.1.2.            borcalanın və emitentin öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışı izlənilir;

10.1.3.            iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülür;

10.1.4.            mövcud olduqda borcalanın, kontragentin və emitentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiyməti izlənilir;

10.1.5.            kredit tələbinin təyinatı üzrə istifadə edilməsi yoxlanılır.

10.2.             Kredit risklərinin monitorinqi funksiyası həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölməsindən ayrı olmalıdır. Bankın daxili qaydalarında monitorinqin aparılması funksiyasını həyata keçirən struktur bölmə, monitorinqin aparılma tezliyi, aşkarlanmış problemlərin sənədləşdirilməsi və görüləcək tədbirlər müəyyən olunur.

 

11.              Portfel səviyyəsində kredit risklərinin idarə edilməsi

 

11.1.             Bank portfel səviyyəsində kredit risklərinin idarə edilməsi və monitorinqi sisteminə malik olmalıdır.

11.2.             Portfel səviyyəsində kredit risklərinin idarə edilməsi aşağıdakı tədbirlər vasitəsilə həyata keçirilir:

11.2.1.            yeni kredit tələblərinin yaranmasının limitləşdirilməsi və ya tam məhdudlaşdırılması;

11.2.2.            törəmə maliyyə alətlərinin tətbiqi;

11.2.3.            kredit tələblərinin satışı (bank sirrini təşkil edən kredit tələbləri istisna olmaqla).

11.3.             Bu Qaydaların 11.2-ci bəndində göstərilmiş tədbirlərdən birinin və ya bir neçəsinin icrası ilə bağlı qərar bankın kredit risklərinin idarə edilməsi siyasətində nəzərdə tutulduğu hallarda, habelə bankın kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş limitlərin aşılması hallarında RİK-in təklifinə əsasən bankın Müşahidə Şurasının tərəfindən qəbul edilir.

 

12.              Qeyri-işlək kreditlərin idarə edilməsi

 

12.1.             Bankın kredit portfeli üzrə qeyri-işlək kreditlərinin idarə edilməsi ilə bağlı strategiya İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası tərəfindən təsdiqlənir. Strategiyada ən azı aşağıdakılar əks olunur:

12.1.1.            bankın fəaliyyət mühitinin, o cümlədən daxili və xarici amillərin bankın qeyri-işlək kreditlərinin idarə edilməsinə təsiri;

12.1.2.            bankın qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı imkanlarının (kadr ehtiyatı, informasiya texnologiyaları və s.) artırılması hədəfləri;

12.1.3.            qısa-, orta- və uzunmüddətli dövrdə qeyri-işlək kreditlərin həcminin azaldılması hədəfləri;

12.1.4.            qeyri-işlək kreditlərin idarə edilməsi prosesinin monitorinqi.

12.2.             Qeyri-işlək kreditlərin idarə edilməsi strategiyasına uyğun olaraq tədbirlər planı hazırlanır. Tədbirlər planı bankın İdarə Heyəti tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. Tədbirlər planı aşağıdakıları əhatə edir:

12.2.1.            qeyri-işlək kreditlərin azaldılması ilə bağlı tədbirlər və onların reallaşdırılma müddətləri;

12.2.2.            qeyri-işlək kreditlərin müxtəlif seqmentlər üzrə təsnifləşdirilməsi və hər bir seqment üzrə görülməli tədbirlər;

12.2.3.            tədbirlərin icrası üçün tələb olunan resurslar;

12.2.4.            maraqlı tərəflərlə tədbirlər planının icrasının koordinasiyası.

12.3.             Tədbirlər planının icrası bankın qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən həyata keçirilir. Qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalı və kadr ehtiyatı ilə təmin olunmalıdır. Bankın İdarə Heyəti rübdə bir dəfə tədbirlər planının icrasına dair hesabatı bankın Müşahidə Şurasına təqdim edir.

12.4.             Bankın qeyri-işlək kreditlərinin idarə edilməsi strategiyasının səmərəliliyinin monitorinqi ən azı aşağıdakı göstəricilər əsasında aparılır:

12.4.1.            dövr ərzində qeyri-işlək kreditlərin həcmində dəyişiklik;

12.4.2.            yığımların və yığımlar üzrə xalis gəlirlərin həcmi;

12.4.3.            restrukturizasiya tədbirlərinin sayı və növləri, hər bir növ üzrə effektivlik göstəricisi;

12.4.4.            görülmüş hüquqi tədbirlər, o cümlədən, realizasiya olunmuş təminatlar.

 

13.              Kreditlərin restrukturizasiyası

 

13.1.                       Bank borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiya edə bilər. Kreditin restrukturizasiyası aşağıdakı prosedurlardan ibarətdir:

13.1.1.                 borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi bu Qaydaların tələblərinə müvafiq olaraq aparılır. Qiymətləndirmədə restrukturizasiya tarixinə təqdim olunmuş məlumatlardan istifadə olunur. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyəti kredit öhdəliyinin ödənilməsi üçün yetərli olmalıdır. Kreditin təminatı (olduqda) restrukturizasiya tarixinə aşağıdakı şərtlərlə qiymətləndirilir:

13.1.1.1.           təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 ayadək müddət keçdikdə təminatın yenidən qiymətləndirilməsi aparılmır (iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar dəyərinə mənfi təsir etməsi halları istisna olmaqla);

13.1.1.2.            təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 aydan çox müddət keçdikdə təminat yenidən qiymətləndirilir;

13.1.2.                 restrukturizasiya tədbirinin seçilməsi. Bankdaxili qaydalarda müxtəlif kredit növləri, iqtisadi sektor və borcalanaların xüsusiyyətlərinə müvafiq olan restrukturizasiya tədbirləri müəyyən edilir;

13.1.3.                 ödəniş cədvəlinin müəyyən edilməsi. Ödəniş cədvəli borcalanın ödəmə qabiliyyətinə adekvat olaraq müəyyən olunur və müqavilənin müddəti ərzində borcun ödənilməsini təmin edir.

13.1.4.                 monitorinq. Borcalanın ödəmə davranışına müvafiq olaraq restrukturizasiya tədbirlərinin səmərəliliyi monitorinq vasitəsilə qiymətləndirilir.

 

14.              Stress – testin aparılması

 

14.1.              Bank ehtimal olunan hadisələrin kredit portfelinə təsirini qiymətləndirmək üçün stress-test aparır.

14.2.              Stress-testin aparılması bankın risklərin idarə edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Stress-test ən azı 6 ayda bir dəfədən az olmayaraq aşağıdakı məqsədlər üçün bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən aparılır və onun nəticələri RİK-ə və Müşahidə Şurasına təqdim edilir:

14.2.1.            kredit risklərinin idarə edilməsi ilə bağlı strategiyanın, siyasətin və daxili qaydaların təkmilləşdirilməsi;

14.2.2.            əlavə kapital tələbinin öncədən müəyyən edilməsi;

14.2.3.            effektiv fövqəladə hallar planın hazırlanması.

14.3.              Stress-test bankın daxili qaydaları ilə müəyyən edilən stress-test proqramı əsasında aparılır. Stress-test proqramı İdarə Heyəti tərəfindən hazırlanır, Müşahidə Şurası tərəfindən təsdiq edilir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. Stress-test proqramı ən azı aşağıdakıları əhatə edir:

14.3.1.            stress-testin aparılma metodologiyası, tezliyi və halları;

14.3.2.            stress-test ssenariləri;

14.3.3.            stress-testin nəticələrinə dair ekspert mülahizəsi;

14.3.4.            stress-testin nəticələrinə uyğun tədbirlər planı.

14.4.                       Bank stress-test proqramının icrası üçün adekvat resurslara (insan və informasiya texnologiyaları) malik olmalıdır.

14.5.             Ssenarilər reallığa və bankın kredit portfelinin xüsusiyyətinə adekvat olmalıdır.

14.6.             Ssenarilərin qurulmasında aşağıdakı şokların bir və ya bir neçəsi nəzərə alınır:

14.6.1.            iqtisadi şəraitin və ya ayrılıqda iqtisadi sektorların vəziyyətinin əlverişsiz dəyişməsi;

14.6.2.            təminatın dəyərinin azalması;

14.6.3.            bankın likvidlik çatışmazlığı;

14.6.4.            faiz dərəcələrinin və ya valyuta məzənnəsinin dəyişməsi;

14.6.5.            fors-major hallarının baş verməsi;

14.6.6.            müştərinin ödəmə qabiliyyətini itirməsi (qeyri-işlək kreditlərin sayının artması);

14.6.7.            qanunvericilikdə dəyişikliklərin edilməsi.

14.7.             Bank stress-testləşdirmənin nəticələri barədə məlumatı müvafiq dövrün prudensial hesabatları ilə birgə Palataya təqdim edir.

 

15.              Hesabatlıq

 

15.1.             Kredit risklərinin effektiv idarə edilməsi məqsədilə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən bankın məruz qaldığı kredit riskləri barədə hesabat hazırlanır. Hesabatda bankın kredit və investisiya portfeli üzrə bankın məruz qaldığı risklər, bu risklərin bankın risklərin idarə edilməsi strategiyasına və siyasətinə adekvatlığı, habelə risklərin bankın kapitalına təsiri barədə məlumatlar əks olunur.

15.2.             Hesabat aylıq əsasda hazırlanır və bankın Müşahidə Şurasına, RİK-ə və İdarə Heyətinə təqdim edilir.

15.3.             Bankın risklərin idarə edilməsi strategiyası və siyasətindən kənarlaşmalar olduqda, habelə makroiqtisadi vəziyyətin ani dəyişməsi hallarında kredit riskləri barədə hesabat bu Qaydaların 15.2-ci bəndində qeyd olunmuş dövrilikdən daha sıx dövriliklə hazırlanıb təqdim edilə bilər.

 

 


 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”na

Əlavə 1

 

 

Kredit dosyesi

 

1. Ümumi sənədlər

 

1.        Borcalanın özünün, yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) imzası ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit müraciəti (sifarişi);

2.        Borcalan barədə aşağıdakı məlumatlar:

2.1.  borcalanın şəxsiyyətini təsdiq edən sənədin surəti (fiziki şəxs olduqda);

2.2.  borcalanın rəhbərinin adı, soyadı, atasının adı (hüquqi şəxs olduqda);

2.3.  borcalanın ünvanı (faktiki olduğu yer), əlaqə telefonu, faks nömrəsi və elektron poçt ünvanı (mövcud olduqda);

2.4.  borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat.

3.        Hüquqi şəxsin mövcudluğunu təsdiq edən hüquqi sənədlərin (təsis və dövlət qeydiyyatına dair sənədlər) notariat qaydasında təsdiq olunmuş surətləri;

4.        Borcalan hüquqi şəxs olduqda, onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;

5.        Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) göstərməklə vergi orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti (qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda);

6.        Kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə);

7.        Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat;

8.         Bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat;

9.        Biznes-plan (kreditin növündən asılı olaraq tələb olduqda);

10.    Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi;

11.    Bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolundan çıxarış və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar;

12.    Kredit müqaviləsi;

13.    Borcalan fiziki şəxs olduqda əmək haqqı, tutduğu vəzifə və iş müddəti göstərilməklə onun iş yerindən arayış və/və ya fiziki şəxsin digər mənbələrdən aldığı gəlir (təqaüd, miras, maddi yardım, dividend, kompensasiya və s.) barədə rəsmi qaydada təsdiq edilmiş arayış;

14.    Bu Qaydalarda nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə kredit tarixçəsini təşkil edən məlumatlar;

15.    Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş (olduqda) illik maliyyə hesabatları və aralıq maliyyə hesabatları. Borcalan banka aidiyyəti hüquqi olan şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş (olduqda) ən azı son iki illik maliyyə hesabatları;

16.    Borcalan hüquqi şəxs olduqda, kreditin müddəti ərzində illik maliyyə hesabatları;

17.    Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair bankın rəyi;

18.    Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı təmərküzləşmə riski barədə məlumat (belə hal baş verdikdə);

19.    Borcalan hüquqi/fiziki şəxs olduqda bank tərəfindən müəyyən edilmiş borcalanın daxili risk reytinqi;

20.    Borcalan hüquqi şəxs olduqda onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri;

21.    Borcalanın valyuta riskinə qarşı istifadə etdiyi valyuta məzənnəsinin hedciq alətləri barədə məlumat (olduqda);

22.    Borcalan fiziki şəxs olduqda borcalanın təminat qismində təqdim etmədiyi əmanət və digər aktivləri barədə məlumat;

23.    Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.);

24.    Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq bölməsi tərəfindən tərtib olunmuş hesabat;

25.    Kredit ödəmə qrafiki barədə məlumat;

26.    Kreditin restrukturizasiyasını təsdiq edən əlavə müqavilə və sənədlər.

 

2.                  Təminata dair sənədlər

 

1.        Təminata dair mövcud qanunvericiliyə uyğun bağlanmış (təsdiq edilmiş) müqavilə;

2.        Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

3.        Girov predmeti birgə və ya üçüncü tərəfin mülkiyyətində olduqda onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin razılığını təsdiq edən sənədlər (razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda);

4.        Bank təqdim olunan girov predmetinin alınmasını maliyyələşdirdikdə (daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər;

5.        Mövcud qanunvericiliyə uyğun olaraq girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat;

6.        Girov predmetinin fiziki və texniki vəziyyətinin yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, habelə qiymətləndirmənin nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə) barədə məlumat;

7.        Bank tərəfindən girov predmetinin bankın xeyrinə sığortalanması tələb edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şahadətnaməsi);

8.        Təminat qarantiya və ya digər zəmanət növündə olduqda təminatçının (qarantın) maliyyə vəziyyəti barədə məlumat və onun bank tərəfindən qiymətləndirilməsinin nəticələri;

9.        Əlavə təminatın sənədləşdirilməsi (zərurət yarandıqda);

10.    Təminatın əvəz edilməsinin sənədləşdirilməsi (zərurət yarandıqda);

11.    Təminatçı hüquqi şəxs olduqda:

11.1.            mövcudluğunu təsdiq edən hüquqi sənədlərin (təsis və dövlət qeydiyyatına dair sənədlər) surətləri;

11.2.            təminatçının səlahiyyətli idarəetmə orqanının qərarı (bu səlahiyyətlər kollegial idarəetmə orqanına məxsus olduqda);

11.3.            təminat müqaviləsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər;

12.    Zamin fiziki şəxs olduqda:

12.1.            onun gəlir mənbəyini (mənbələri) təsdiq edən məlumatlar;

12.2.            onun ödəniş qabiliyyətinə dair digər məlumatlar, o cümlədən kredit bürosundan alınmış arayış.

13.    Pul girovu ilə təmin olunmuş kreditlər üçün hesabın bloklaşdırılmasını təsdiq edən sənədlər.

 

3. Digər sənədlər

 

1.        Borcun tutulmasına dair sənədlər (borcalanlara ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.);

2.        Tikinti sahəsinə verilən kreditlər üçün tikinti layihələrinə dair sənədlər, o cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, layihələrin və onun mərhələlərinin başa çatdırılmasına dair sənədlər və tikintidə aparılmış yoxlamalar haqqında hesabatlar;

3.        Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir rəsmi iddia, yaxud borcalan tərəfindən banka qarşı qaldırılmış rəsmi şikayət/iddia);

4.        Borcalanla yazışmalar;

5.        Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər.

 

 


 

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”na

Əlavə 2

 

 

Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması metodologiyası

 

A. FİFD-in hesablanması aşağıda göstərilmiş riyazi tənlik vasitəsilə hesablanır:

 

 

S – borcalana verilən xalis kredit məbləği, yəni ayrılmış kredit və banka ödənilmiş cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişinin) sıra nömrəsi;

n — pul axınlarının (ödənişlərinin) sayı;

x — Faktiki illik faiz dərəcəsi.

m — illik ödəniş intervalı

 — kredit müqaviləsi üzrə  pul axınlarının (ödənişlərinin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir;

B. FİFD-in hesablanmasına aşağıdakı xərc maddələri daxil edilmir:

a) kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, ölkə qanunvericiliyinin tələblərindən irəli gələn xərclər (məsələn, icbari sığorta, notarial xərclər və s.);

b) kreditin əldə edilməsini məhdudlaşdırmayan sığorta xərcləri;

c) banka əvvəlcədən məlum olmayan sığorta haqları;

d) sığorta şirkətinin müştərinin öz istəyi ilə seçilməsi imkanı olduqda tətbiq olunmuş sığorta haqları (bu xərc banka məlum olmadıqda);

e) borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı (məs. ödənişlərin gecikdirilməsinə görə cərimələr) yarana biləcək xərclər;

f) həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kreditin xidmət olunması üzrə müqavilədə nəzərdə tutulmuş ödənişlər, o cümlədən:

i. kredit borcunun müəyyən və ya tam hissəsinin vaxtından əvvəl bağlanması üzrə komisyon xərcləri;

ii. borcalan üçün müəyyən edilmiş overdraft limitinin aşılması üzrə komisyon tutulmalar;

iii. kredit borcunun vəziyyəti barədə məlumatın əldə edilməsi üzrə ödənişlər;

iv. kredit kartları üzrə konvertasiya, əməliyyatların dayandırılması və bu kimi digər tutulmalar.

C. Kredit kartları (xətti) vasitəsilə ayrılan kreditlər üzrə FİFD-in hesablanması aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

a) kredit müqaviləsi borcalana kreditin istifadəsi üzrə sərbəst davranışa imkan yaratdıqda, kreditin tam məbləğdə müqavilənin qüvvəyə mindiyi gün istifadə edilməsi nəzərə alınır;

b) kredit müqaviləsində kreditin istifadəsi üzrə sərbəst davranış müəyyən edildikdə və bu əsasda fərqli faiz dərəcəsi və komissiya tələbi tətbiq olunduqda, hesablama tətbiq oluna biləcək ən yüksək tələblər nəzərə alınmaqla həyata keçirilir;

c) kredit müqaviləsi üzrə borcalanın ödəniş qrafiki nəzərdə tutulmadıqda aşağıdakılar fərz olunur:

i. kreditin müddətinin bir il olması

ii. ödənişlərin aylıq əsasda və bərabər ödənişlərlə həyata keçirilməsi

d) kredit müqaviləsi üzrə ödəniş qrafikində yalnız müddət müəyyən edildikdə, ödənişlərin həcmi isə sərbəst olduqda (yəni, müqavilə üzrə müəyyən edilmədikdə), ən kiçik ödənişin (yalnız faiz ödənişlərinin) həyata keçiriləcəyi və əsas məbləğin müddətin sonunda ödəniləcəyi fərz olunur.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status