AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.08.2000
QEYDİYYAT NÖMRƏSİ
135
ADI
Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 641)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.08.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydasının tə

Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 7 avqust 2000-ci il
№ 135

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr

 

 

Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi

 

QAYDASI [1]  

 

1. İnsan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. [2]

2. Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. [3]

3. Müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur. Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır.

4. Əgər yaranmış vəziyyətlə əlaqədar (müayinə olunan şəxsin vəziyyətinin ağırlığı, müayinədən imtina edərək müqavimət göstərməsi və sairə) müayinənin tam həcmdə aparılması mümkün deyildirsə, tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və ikidən az olmayaraq bioloji mayelərin (qan, tüpürcək, sidik hava və s.) ikiqat miqdarının müayinəsi aparılır. Müayinə olunan şəxsdən götürülən bioloji mühit nümunələrinin mühafizəsini təmin etmək məqsədi ilə metodik göstərişlərin tələblərinə və digər zəruri şərtlərə riayət etməklə, həmin nümunələr 30 gündən az olmayaraq müayinə aparılan müəssisədə saxlanılmalıdır. Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat və metodika üzrə aparılır və müayinənin gedişi protokollaşdırılır. Bioloji mayelərin müayinəsinin və kliniki müayinənin nəticələri cəmləşdirilərək ümumi rəy verilir. [4]

5. Protokolun surəti müayinə aparılan tibb müəssisəsində qalır və stasionar xəstənin tibbi kartları üçün müəyyən edilmiş qaydada mühafizə olunur.

6. Travma ilə əlaqədar tibb müəssisəsinə daxil olmuş xəstələri müayinə edərkən, onlarda məstlik halı aşkara çıxarılarsa, rəydə sərxoşluq halının olması faktı qeyd edilir, qəbul olunmuş forma üzrə protokol tərtib olunur və ambulator və ya stasionar xəstələrin tibbi kartlarında sərxoşluq halı haqqında rəylə yanaşı, tibbi müayinə protokolunun say nömrəsi göstərilir.

Təxirəsalınmaz hallarda sərxoşluq olması haqqında rəy stasionar xəstənin kartında xəstənin statusu və laborator müayinələrin nəticələri barədə məlumatlar əsasında verilir. [5]

7. Tibbi protokolların olmaması müayinənin keçirilməsindən imtina üçün səbəb ola bilməz. Protokolun özbaşına şəkildə tərtib edilməsi yolverilməzdir. Hər bir halda protokol təsdiq olunmuş nümunəyə uyğun tərtib edilməlidir. Tibbi müayinənin xərcləri dövlət vəsaiti hesabına ödənilir.

8. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmədə baxılmasına qədər çıxarılmalıdır. Sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələr və ya psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair Ümummilli Məlumat Bankına verilməlidir. [6]

9. Narkotik vasitələr və psixotrop maddələr daşınması haqqında əsaslı şübhələr olan şəxsin, narkotik sərxoşluq vəziyyətində olub-olmaması ümumi qaydalarla aşkar edilir, həmin şəxs tibbi müayinədən keçirilməklə yanaşı, xüsusi ayrılmış yerdə, eyni cinsdən olan tibb işçisi tərəfindən bilavasitə yoxlanılır və rentgenoloji müayinədən keçirilir.

10. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan hər bir müayinə barədə mütləq qaydada qeydiyyat aparılır. Bunun üçün qeydiyyat jurnalından istifadə olunur. [7]

Jurnalda aşağıdakılar göstərilir:

1-ci sütunda sıra nömrəsi;

2-ci sütunda müayinənin keçirilmə vaxtı və tarixi;

3-cü sütunda müayinə olunanı göndərən təşkilatın adı, göndərişin tarixi;

4-cü sütunda müayinə olunanın soyadı, adı, atasının adı və yaşı;

5-ci sütunda müayinə olunanı təqdim edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, xidməti vəsiqəsinin nömrəsi;

6-cı sütunda müayinə aparan tibb işçisinin soyadı, adı, atasının adı;

7-ci sütunda müayinənin nəticəsi;

8-ci sütunda tibb işçisinin imzası;

9-cu sütunda müayinə protokolunun nömrəsi;

10-cu sütunda protokolu alan şəxsin imzası və ya poçtla göndərilən ünvan və tarix.

Jurnal müayinədə iştirak etmiş tibb işçisi tərəfindən doldurulur və müayinə aparılan kabinetdə saxlanılır. Jurnalın doldurulan vərəqləri nömrələnməli, tikilməli və tibb müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347)
  2. 2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847) ilə 1-ci bəndinin birinci cümləsində «həkim-narkoloqu» sözlərindən sonra «, həkim olmadıqda isə feldşer-narkoloqu» sözləri əlavə edilmişdir.

 

 

[2] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə "Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası"na aşağıdakı dəyişiklik və əlavələr edilmişdir:

Qaydanın adında "Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı" sözləri "Sərxoşluq hallarının bütün növlərinin" sözləri ilə əvəz edilmişdir;

1-ci bənd yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:

Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində sərxoşluq vəziyyətinin olub-olmamasını təyin etmək, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və bədən daxilində gizlədilməsi və məstlik halının aşkara çıxarılması məqsədi ilə keçirilən tibbi müayinə, inzibati hüquqpozma istisna olmaqla, yalnız təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən çıxarılmış qərar (qərarlar) əsasında həkim-narkoloqlar tərəfindən narkoloji tibbi müəssisələrində aparılır.    

 

 

[3] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə 2-ci bəndin ikinci sətrində "narkotik" sözü çıxarılmışdır, "növü" sözündən sonra "ehtiyac olduqda" sözləri əlavə edilmişdir.

2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847) ilə 2-ci bəndinin birinci cümləsində «olan» sözü «insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan» sözləri ilə, «istehlak etmə» sözləri «təxmini istehlak etmə» sözləri ilə əvəz edilmişdir..

 

[4] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə 4-cü bənddə "sidik" sözündən sonra "hava və s." sözləri əlavə edilsin, həmin bənddə "ikidən az olmayaraq" və "ikiqat miqdarının" sözləri çıxarılmışdır.

 

[5] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə 6-cı bənddə "məstlik" sözü bütün hallarda "sərxoşluq" sözü ilə əvəz edilmişdir.

 

[6] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə 8-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Zəruri hallarda narkotik vasitələrin və psixotrop maddələrin qəbulu faktını və məstlik halını təyin etmək məqsədi ilə təkrar müayinə yalnız məhkəmənin (hakimin) qərarı əsasında keçirilə bilər.

 

 

[7] 9 iyun 2003-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 347) ilə 10-cu bənddə "Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu faktının və məstlik halının" sözləri "Sərxoşluq hallarının bütün növlərinin" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status