AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.11.2018
QEYDİYYAT NÖMRƏSİ
1340-VQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-12-2018, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2484)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201811271340
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 noyabr 2018-ci il

№ 1340-VQ


Saziş 27 noyabr 2021-ci il tarixindən qüvvəyə minib.

 

Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Çili Respublikası Hökuməti,

Tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirməyi arzu edərək və öz dövlətləri arasında etibarlı diplomatik və xidməti/rəsmi pasport sahiblərinin giriş, çıxış və tranzit keçidini asanlaşdırmağa ümid edərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Etibarlı diplomatik və ya xidməti/rəsmi pasportlara malik Azərbaycan Respublikası və Çili Respublikası vətəndaşları, eləcə də onların pasportlarına adları daxil edilmiş yetkinlik yaşına çatmamış ailə üzvləri və belə pasport sahibi olan asılı ailə üzvləri giriş tarixindən etibarən altı (6) ay ərzində doxsan (90) gündən artıq olmayan müddətə digər Tərəfin ərazisinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilər.

2. Bu müddət göndərən dövlətin diplomatik nümayəndəliyinin və ya konsulluğun yazılı xahişi əsasında və hər bir Tərəfin ölkədaxili qanunları və qaydalarına uyğun olaraq müvafiq qurumlar tərəfindən yenilənə bilər.

 

Maddə 2

 

1. Digər Tərəfin ərazisində diplomatik nümayəndəlik və ya konsulluğun üzvü olan, etibarlı diplomatik və ya xidməti/rəsmi pasport sahibi olan hər hansı Tərəfin vətəndaşları qəbul edən dövlətin Xarici İşlər Nazirliyində akkreditə olunur və təyin olunduqları müddəti ərzində viza üçün tələb edilmədən onun ərazisinə daxil ola, orada qala və oranı tərk edə bilərlər.

2. Eyni qaydalar diplomatik və ya xidməti/rəsmi pasport sahibi olan sözügedən məmurların asılı ailə üzvlərinə və müvafiq diplomatik nümayəndəlikdə və konsulluqda işləyən məmurların diplomatik və xidməti/rəsmi pasportlarına adları daxil edilmiş yetkinlik yaşına çatmamış ailə üzvlərinə də tətbiq olunur.

 

Maddə 3

 

Hər hansı Tərəfin etibarlı diplomatik və ya xidməti/rəsmi pasport sahibi olan vətəndaşları beynəlxalq sərnişin daşımaları üçün açıq olan dövlət sərhədindən buraxılış məntəqələri vasitəsilə digər Tərəfin ərazisinə daxil ola və oranı tərk edə bilərlər.

 

Maddə 4

 

Hər hansı Tərəfin vətəndaşının diplomatik və ya xidməti/rəsmi pasportu digər Tərəfin ərazisində itirildikdə və ya yararsız vəziyyətə salındıqda, onun sahibi bu fakt barədə qəbul edən dövlətin səlahiyyətli qurumunu məlumatlandırır.

 

Maddə 5

 

Hər hansı Tərəfin diplomatik və ya xidməti/rəsmi pasport sahibi olan vətəndaşları digər Tərəfin ərazisində qüvvədə olan qanun və qaydalara riayət edirlər.

 

Maddə 6

 

Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin tətbiqini tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Belə dayandırma, eləcə də onun aradan qaldırılması digər Tərəf diplomatik kanallar vasitəsilə məlumatlandırıldıqdan dərhal sonra tətbiq olunur.

 

Maddə 7

 

Hər bir Tərəf öz mülahizəsi əsasında digər Tərəfin “persona non grata” və ya arzuolunmaz şəxslər kimi nəzərdən keçirilən diplomatik və ya xidməti/rəsmi pasport sahibi olan vətəndaşlarının ərazisinə girişinə icazə verməmək və ərazisində qalmağı ləğv etmək hüququnu özündə saxlayır.

 

Maddə 8

 

1. Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra otuz (30) gün ərzində diplomatik kanallar vasitəsilə bu Sazişin 1-ci maddəsində nəzərdə tutulan pasportların nümunələrini mübadilə edirlər.

2. Hər hansı Tərəf bu Sazişin 1-ci maddəsində nəzərdə tutulmuş pasportlara düzəliş etdikdə və ya bu Saziş qüvvəyə mindikdən sonra yeni pasport dövriyyəyə buraxdıqda, digər Tərəfi diplomatik kanallar vasitəsilə, onların dövriyyəyə buraxılmasından ən azı otuz (30) gün əvvəl yeni pasportların nümunələrini digər Tərəfə təqdim edir.

 

Maddə 9

 

Bu Sazişin yerinə yetirilməsində və ya tətbiqində yarana biləcək istənilən fikir ayrılığı və ya mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr vasitəsilə və ya qarşılıqlı şəkildə onlar tərəfindən razılaşdırılmış digər yollarla həll edilir.

 

Maddə 10

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulmuş prosedura uyğun olaraq qüvvəyə minir.

 

Maddə 11

 

1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və hər hansı Tərəfin bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların başa çatması barədə digər Tərəfi məlumatlandırdığı sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.

2. Hər hansı Tərəf bu Sazişi ləğv etmək niyyəti ilə bağlı digər Tərəfi diplomatik kanallar vasitəsilə və yazılı şəkildə məlumatlandırmaqla, istənilən vaxt bu Sazişi ləğv edə bilər. Belə halda, bu Saziş bu cür bildirişin alınmasından doxsan (90) gün sonra qüvvədən düşür.

Santyaqo şəhərində 13 sentyabr 2018-ci il tarixində, hər biri Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

Çili Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status