“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2018-ci il
№ 1339-VQ
Saziş 7 fevral 2019-cu il tarixdən qüvvəyə minib.
Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti,
iki dövlət arasındakı dostluq münasibətlərini gələcəkdə də inkişaf etdirmək niyyətini rəhbər tutaraq,
etibarlı diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi ilə Razılığa gələn Tərəflərin rəsmilərinin səfər mübadiləsini təşviq etmək, yardım göstərmək və həvəsləndirmək niyyəti ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Razılığa gələn Tərəflərdən birinin etibarlı diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq, ilk dəfə daxil olduqları tarixdən etibarən yüz səksən (180) gün ərzində doxsan (90) gündən artıq olmayan müddətdə orada qalmaq, oranı tərk etmək və oradan tranzit keçmək üçün viza tələbindən azad edilirlər.
Razılığa gələn Tərəflərdən birinin digər Razılığa gələn Tərəfin ərazisində yüz səksən (180) gün ərzində doxsan (90) gündən artıq qalmaq istəyən bu maddənin 1-ci bəndində adıçəkilən vətəndaşlarından əvvəlcədən viza əldə etmək tələb olunur.
Razılığa gələn Tərəflərdən hər birinin digər Razılığa gələn Tərəfin ərazisində yerləşən diplomatik nümayəndəliyə, konsulluğa təyin olunan və ya beynəlxalq təşkilatlarda nümayəndə olan etibarlı diplomatik, xidməti və rəsmi pasportlara malik vətəndaşlarından, eləcə də onların etibarlı diplomatik, xidməti və rəsmi pasportlara malik olan ailə üzvlərindən ölkəyə daxil olmazdan əvvəl Qəbul edən Dövlətdə akkreditasiya üçün viza əldə etmək tələb olunur.
Bu Sazişin məqsədləri üçün, “etibarlı pasport” dedikdə Razılığa gələn Tərəflərdən hər hansı birinin ərazisini tərk edərkən ən azı doxsan (90) gün etibarlılıq müddəti olan pasport nəzərdə tutulur.
Razılığa gələn Tərəflərdən hər birinin etibarlı diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisində olduğu müddətdə həmin digər Razılığa gələn Tərəfin qanun və qaydalarına riayət edirlər.
Maddə 5
Bu Saziş Razılığa gələn Tərəflərdən hər birinin səlahiyyətli qurumlarının digər Razılığa gələn Tərəfin dövlətinin arzuolunmaz hesab etdiyi vətəndaşlarının öz dövlətinin ərazisinə daxil olmasından imtina etmək, orada qalma müddətini qısaltmaq və ya ləğv etmək hüququnu məhdudlaşdırmır.
Maddə 6
Razılığa gələn Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququna malikdirlər.
Razılığa gələn Tərəflər bir-birini dərhal, lakin 48 saatdan gec olmayaraq belə dayandırmanın qəbulu və ləğvi ilə bağlı qərar barədə diplomatik kanallar vasitəsilə məlumatlandırırlar. Qərar belə bildirişin alınmasından iyirmi dörd (24) saat sonra qüvvəyə minir.
Maddə 7
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə özlərinin diplomatik, xidməti və rəsmi pasportlarının nümunələrini mübadilə edirlər.
Yeni diplomatik, xidməti və rəsmi pasportlar dövriyyəyə buraxıldıqda və ya mövcud pasportlara dəyişikliklər edildikdə, bu nümunələrin dövriyyəyə buraxılmasından və ya dəyişikliklərin edilməsindən ən azı otuz (30) gün əvvəl, Razılığa gələn Tərəflər bir-birinə diplomatik kanallar vasitəsilə onların tətbiqi barədə təfsilatlı məlumatla müşayiət olunmaqla bu pasportların nümunələrini göndərirlər.
Maddə 8
Bu Sazişin təfsiri və ya həyata keçirilməsi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılıqları Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün hər iki Razılığa gələn Tərəfin milli qanunvericiliyində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.
Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfi diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumatlandırmaqla, bu Sazişi istənilən vaxt ləğv edə bilər. Bu Sazişin qüvvəsi belə bildirişin alındığı tarixdən doxsan (90) gün sonra başa çatır.
Nyu-York şəhərində 2018-ci il 27 sentyabr tarixində, hər biri Azərbaycan, monqol və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir aynlığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
|
Monqolustan
|
Hökuməti adından
|
Hökuməti adından
|
Elmar MƏMMƏDYAROV,
|
Damdin TSOGTBAATAR,
|
xarici işlər naziri
|
xarici işlər naziri
|