“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2018-ci il
№ 739
|
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya
1. Giriş
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşmış və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edilmişdir. İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikası müxtəlif beynəlxalq və regional təşkilatlarla, habelə bir sıra beynəlxalq şəbəkələrin üzvü kimi digər dövlətlərin müvafiq qurumları ilə fəal əməkdaşlıq etmiş, müxtəlif beynəlxalq təşkilatların dövlət qulluğu sahəsində tövsiyələrinin icrasını təmin etmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir.
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (bundan sonra – Strategiya) dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.
2. Strategiyanın əsas məqsədi
Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.
3. Dövlət qulluğu sahəsində mövcud vəziyyətin təhlili
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonrakı dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması aşağıdakı uğurların əldə edilməsi ilə nəticələnmişdir:
− dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılmış;
− status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları müəyyən edilmiş, dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılmış;
− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının şəffaf həyata keçirilməsi üçün prosedurlar müəyyən edilmiş;
− dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənmiş;
− dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılmış;
− dövlət qulluqçularının etik davranış qaydaları müəyyən edilmiş;
− dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra – Şura) və həmin sahədə tənzimləməni həyata keçirən qurum yaradılmış;
− dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmış;
− dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri formalaşdırılmış;
− dövlət qulluğu, insan resurslarının idarə edilməsi, etik davranış, korrupsiyaya qarşı mübarizə və digər mövzularda təlim modulları hazırlanmış və mütəmadi təlimlər təşkil edilmiş;
− bir sıra dövlətlərlə və beynəlxalq təşkilatlarla dövlət qulluğunun inkişafına xidmət edən əməkdaşlıq qurulmuşdur.
Dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində Azərbaycanın təcrübəsini beynəlxalq təşkilatlar mütərəqqi təcrübə kimi qəbul edir və müxtəlif beynəlxalq platformalar vasitəsilə digər dövlətlərə nümunə göstərirlər.
Dövlət qulluğu sahəsində əldə edilmiş uğurlara baxmayaraq, günümüzün tələbi islahatların yeni mərhələsinin başlanmasını və müasir idarəetmə prinsiplərinə cavab verən, daha peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasını zəruri edir. Həyata keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətlərinin və strateji prioritetlərinin düzgün seçilməsi məqsədilə mövcud dövlət qulluğu sisteminin güclü və zəif cəhətləri, onun inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilmişdir.
Dövlət qulluğu sisteminin güclü cəhətləri aşağıdakılardır:
− dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğu;
− Şuranın və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsi;
− vətəndaşların dövlət qulluğuna marağının yüksək olması;
− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsi;
− dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, təhsil səviyyəsi yüksək olan kifayət qədər dövlət qulluqçusunun çalışması.
Dövlət qulluğu sisteminin zəif cəhətləri aşağıdakılardır:
− dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu;
− dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında qarşılıqlı əlaqənin olmaması;
− dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması;
− dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması;
− şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi;
− həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu.
Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı imkanlar aşağıdakılardır:
− dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olması;
− dövlət qulluğu sahəsində həyata keçirilmiş beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğu;
− Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsi;
− Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası nəticəsində dövlət qulluğunun idarəetmə aləti kimi perspektivlərinin genişliyi.
Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı təhdidlər aşağıdakılardır:
− dövlət orqanları rəhbərlərinin dövlət qulluğuna, bu sahədə qanunvericiliyin düzgün tətbiq edilməsinə, habelə insan resurslarının idarə edilməsinə lazımi səviyyədə diqqət yetirməməsi;
− dövlət qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiq edilməsi üçün dövlət orqanlarının müvafiq struktur bölmələrinin potensialının aşağı səviyyədə olması;
− dövlət qulluğu haqqında qanunvericiliyin bəzi normalarının tam şəkildə tətbiq edilməməsi.
Strategiyanın hazırlanması zamanı dövlət qulluğunun güclü və zəif cəhətləri, mövcud vəziyyətdə onun inkişafı üçün imkanlar yaradan və təhdid hesab edilə biləcək faktorlar nəzərə alınmışdır.
4. Dövlət qulluğunun inkişaf prinsipləri
Dövlət qulluğu sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:
− meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;
− şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;
− sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;
− innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;
− səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;
− istisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
5. Dövlət qulluğunun inkişaf istiqamətləri
5.1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi
Hazırda Azərbaycan Respublikasının dövlət qulluğu sistemində həm karyera, həm də vəzifə modellərinə əsaslanan dövlət qulluğu sistemlərinin elementləri yer alır. Son dövrlərdə aparılan islahatlar vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin gücləndirilməsinə xidmət etmişdir və bu dəyişikliklər öz müsbət nəticəsini göstərməkdədir. Ümumiyyətlə, dövlət qulluğunda meritokratiyanın daha da gücləndirilməsi, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, habelə dövlət qulluğu sisteminin sadələşdirilməsi və şəffaflığının artırılması məqsədilə vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin inkişafına təkan verən tədbirlər həyata keçirilməlidir.
Dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışlar təhlil edilməli, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflər hazırlanmalıdır.
Dövlət qulluğunun inkişafında, bu sahədə kadr siyasətinin formalaşdırılmasında, dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlilində, normativ metodiki təminatının həyata keçirilməsində xüsusi rolu olan Şuranın fəaliyyəti gücləndirilməlidir.
Dövlət qulluğunun inkişafına təkan verən əsas amillərdən biri bu sahədə tənzimləməni həyata keçirən qurumun peşəkarlığı və effektivliyidir. Dövlət qulluğu sahəsində idarəetmənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – Mərkəz) fəaliyyəti təhlil edilməli, təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.
5.2. Dövlət qulluğunda kadr siyasətinin inkişafı
Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul etməli, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin etməli, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görməlidirlər.
Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilməli və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunmalıdır. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərməli, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil etməlidirlər.
Kadr qurumu aparıcı struktur bölmə olmaqla, dövlət orqanının kadr siyasətinin formalaşdırılmasında fəal iştirak etməli, onun həyata keçirilməsini təmin etməli və insan resurslarının idarə edilməsi ilə həmin orqanın qanunvericiliklə müəyyən edilmiş sahələrdə fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmalıdır.
Dövlət orqanlarının kadr qurumlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə kadr qurumlarının fəaliyyətini tənzimləyən nümunəvi sənəd – “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə” hazırlanmalıdır.
5.3. Dövlət qulluğunda rotasiya
Dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.
Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən qanunvericiliklə müəyyən edilmiş qaydada mütəmadi istifadə etməlidirlər.
Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır.
5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi
Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq edilməlidir. Tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən etməlidir. Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunmalıdır.
Səriştə (kompetensiya) modeli bütün dövlət qulluğu vəzifələrini əhatə etməli və ictimaiyyətə açıq olmalıdır. Səriştə (kompetensiya) modeli dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq edilməlidir. Dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsi məqsədilə test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksi hazırlanmalıdır.
5.5. Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi
Dövlət qulluqçularının peşəkar səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (bundan sonra – Akademiya) dövlət qulluqçularının əlavə təhsili sahəsində fəaliyyəti daha da təkmilləşdirilməlidir. Akademiyada qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayı və çeşidi artırılmalı, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadə genişləndirilməlidir. Akademiyanın pedaqoji heyətinin nəzəri və praktiki bilikləri, habelə pedaqoji bacarıqları artırılmalıdır. Akademiya dövlət qulluğunda əlavə təhsil sisteminin səmərəliliyinin artırılması məqsədilə Şura və Mərkəz ilə qarşılıqlı fəaliyyət göstərməlidir.
Dövlət orqanlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər planı hazırlanmalı, dövlət orqanlarının tədris mərkəzlərinin təcrübəsi öyrənilməli və onların gələcək fəaliyyəti ilə bağlı təkliflər hazırlanmalı, tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya qurumu yaradılmalıdır.
Dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sistemi formalaşdırılmalı, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələri ayrıca bənddə nəzərdə tutulmalıdır.
Dövlət qulluqçularının peşəkar inkişafının keyfiyyətini artırmaq məqsədilə onların təlimə tələbatının öyrənilməsi mütəmadi qaydada həyata keçirilməli və dövlət qulluqçuları üçün təlim strategiyası hazırlanmalıdır.
5.6. Dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi
İnformasiya texnologiyalarının nailiyyətləri idarəetmənin bütün sahələrində olduğu kimi, dövlət qulluğunun idarə edilməsində də geniş tətbiq olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təkmilləşdirilməlidir.
Dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılması məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) müvafiq məlumat bazaları arasında qarşılıqlı informasiya mübadiləsi təmin edilməlidir.
Dövlət qulluğunda insan resurslarının daha səmərəli idarə edilməsində əhəmiyyəti olan statistik məlumatların toplanılması qaydası və bu məlumatların məzmunu təkmilləşdirilməli, mütəmadi olaraq statistik toplular hazırlanmalıdır.
Dövlət qulluğu sahəsində dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadə, habelə bu sahədə kağız sənəd dövriyyəsinin aradan qaldırılması və şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılması məqsədilə elektron dövlət qulluğunun inkişafı təmin edilməlidir.
5.7. Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması
Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, digər sahələrdə çalışan mütəxəssislərin dövlət qulluğuna cəlb edilməsi və ümumilikdə dövlət qulluğunun iş yeri kimi cəlbediciliyinin artırılması məqsədilə dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi təkmilləşdirilməlidir. Əməkhaqqı sistemi, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması imkanlarını nəzərdə tutmalıdır.
Əməkhaqqı sistemi dövlət qulluğunda insan resurslarının mobilliyini, rotasiyasını, daha səmərəli və uzunmüddətli fəaliyyətini stimullaşdırmalıdır. Dövlət qulluqçularının əməkhaqları ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə uyğun olaraq optimal məbləğdə müəyyən edilməlidir.
5.8. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət
Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin vəziyyəti mütəmadi olaraq öyrənilməli, dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmləri müəyyən edilməli, aşkarlanmış pozuntu və çatışmazlıqların təhlili əsasında dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.
Hazırda dövlət qulluğuna dair normativ hüquqi aktların çoxluğu və müəyyən pərakəndəliyi onların düzgün tətbiq edilməsində çətinlik törədir, qanunvericilikdə mütəmadi dəyişiklik edilməsi zərurəti yaradır. Bu səbəbdən dövlət qulluğu sahəsində vahid qanunvericilik aktının – Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi zəruridir.
5.9. Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə struktur bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi sistemi formalaşdırılmalı, qiymətləndirmənin nəticələri həmin bölmələrin rəhbərlərinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi nəticələri ilə müqayisə edilməli və bu yolla qiymətləndirmənin obyektivliyinin və peşəkarlığının təmin edilməsi mexanizmləri yaradılmalıdır.
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin əhəmiyyətini artırmaq məqsədilə qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi həyata keçirilməlidir.
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı müasir metodlardan geniş istifadə edilməli, qiymətləndirməni həyata keçirən şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil edilməlidir.
5.10. Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi
Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.
Etik qaydalar üzrə mütəmadi və davamlı təlimlər keçirilməlidir. Bu təlimlərə xüsusilə rəhbər vəzifəli dövlət qulluqçuları və dövlət qulluğuna yeni qəbul olunan şəxslər cəlb edilməlidirlər.
Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilməlidir.
6. Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi
Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.
Fəaliyyət planları Strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri əks etdirir.
Bu Strategiyanın icrasının monitorinqini Mərkəz aparır. Monitorinqin keyfiyyətinin təmin edilməsi məqsədilə Mərkəz fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə indikativ göstəricilər, hesabat formaları hazırlayır və tədbirlərin nəticələri müvafiq indikativ göstəricilər vasitəsilə qiymətləndirilir.
Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatlar ildə bir dəfə ümumiləşdirilmiş hesabat formasında Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Strategiyanın maliyyələşdirilməsi
Bu Strategiyanın icrası ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanuna zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
8. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı
ABREVİATURALAR
|