“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
[1]
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulan kargüzarlığın aparılmasının əsas qaydalarını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən edilsin ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 iyul 1997-ci il
№ 617
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 20 may 2016-cı il tarixli 896 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 857)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 may 2016-cı il tarixli 896 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 857) ilə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 617 nömrəli Fərmanı ləğv edilmişdir.