Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında 2018-ci il martın 28-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il
№24
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi,
Xəzər dənizində Azərbaycan Respublikasının və İran İslam Respublikasının sektorlarının delimitasiyasının tezliklə razılaşdırılmasının iki qonşu və dost ölkənin milli maraqlarına xidmət etdiyini bir daha təsdiq edərək və Xəzər dənizində öz suveren hüquqlarının həyata keçirilməsinə əsaslanaraq,
Xəzər dənizinin dibinin və təkinin mineral ehtiyatlarının qarşılıqlı fayda əsasında işlənməsi sahəsində əməkdaşlığı dəstəkləyərək,
Tərəflərin neft və qaz sahəsində ikitərəfli qaydada, dostluq və mehriban qonşuluq mühitində əməkdaşlığı inkişaf etdirmək niyyətindən çıxış edərək, karbohidrogen ehtiyatlarının qarşılıqlı razılaşdırılmış və iqtisadi cəhətdən əlverişli şərtlərlə hasilatı və inkişafı üçün layihələrin həyata keçirilməsində hər iki dövlətin neft şirkətlərinin müvafiq təcrübəyə malik olması faktını nəzərə alaraq və bu məqsədlə uzunmüddətli əsasda xarici investisiyaların cəlb olunması və onlardan istifadə edilməsi niyyətini bildirərək,
beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq və Tərəflərin maraqları nəzərə alınmaqla,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər Xəzər dənizinin dibinin və təkinin karbohidrogen ehtiyatlarının istismarı məqsədilə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında gələcəkdə delimitasiya ediləcək müvafiq sektorlarında yerləşən Blok 1 və Blok 2-ni 50/50 prinsipi əsasında öz milli neft şirkətləri olan SOCAR və NIOC vasitəsilə birgə istismar edirlər.
Qeyd olunan blokların koordinatları bu Anlaşma Memorandumuna əlavə olunan coğrafi xəritədə göstərilir.
Bu maddənin müddəası bundan sonra heç bir halda Xəzər dənizində Azərbaycan Respublikası və İran İslam Respublikasının gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə birgə sahiblik və Xəzər dənizində digər neft və qaz yataqlarının birgə işlənməsi üçün əsas kimi təfsir edilə bilməz və hər bir Tərəfin gələcəkdə delimitasiya olunacaq sektorlarına münasibətdə suveren hüquqlarına toxunmur.
Maddə 2
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Xəzər dənizinin dəniz sərhədlərinin, dibinin və təkinin delimitasiyasını gözləyərkən, Tərəflər Xəzər dənizində yuxanda göstərilən iki (2) blokun birgə tədqiqi, kəşfi və işlənməsi məqsədilə bu Anlaşma Memorandumunun bağlanması üçün öz istəklərini ifadə etdilər.
Bu Anlaşma Memorandumu Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Xəzər dənizinin dibinin delimitasiyası üzrə hər hansı razılaşmanı əvvəlcədən müəyyən etmir və delimitasiya xəttinin koordinatlarının müəyyən edilməsinə təsir etmir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizinin delimitasiya xətlərinin müəyyən olunması bu Anlaşma Memorandumunun həyata keçirilməsinə təsir etmir.
Maddə 3
Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin tərəf olduqları hər hansı beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 4
Bu Anlaşma Memorandumunun 1-ci maddəsində göstərilən blokların birgə işlənməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) və İran İslam Respublikasının qanunlarına uyğun olaraq yaradılmış və fəaliyyət göstərən İran Milli Neft Şirkətinə (NIOC) həvalə edilir.
Maddə 5
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna yazılı şəkildə tərtib olunan və bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 6
Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və tətbiqindən irəli gələn hər hansı mübahisə Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 7
Bu Anlaşma Memorandumunun 1-ci maddəsində göstərilən blokların birgə işlənməsi hüququ bu Anlaşma Memorandumunun qüvvədə olduğu müddət ərzində etibarlıdır.
Maddə 8
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən 30 gün keçməməklə, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanmasının təsdiqinə dair sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu Tərəflərdən birinin digər Tərəfi ən azı üç ay əvvəlcədən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bu Anlaşma Memorandumunun ləğv edilməsinə dair niyyətini bildirənə qədər qüvvədə qalır.
Bakı şəhərində 2018-ci il 28 mart tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Anlaşma Memorandumunun təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətn əsas götürülür.
Azərbaycan Respublikasının
|
İran İslam Respublikasının
|
Energetika Nazirliyi
|
Neft Nazirliyi
|
adından
|
adından
|
(imza)
|
(imza)
|
Əlavə
Blokların istismarı və işlənməsi (Blok 1 və Blok 2)