AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2018
QEYDİYYAT NÖMRƏSİ
1885
ADI
Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-03-2018, Nəşr Nömrəsi: 58), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2018, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 435)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201803141885
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2018
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülmüşdür. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olmuş, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilmişdir.

Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

Bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin; [1]

1.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

1.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

1.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

1.5. elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

1.6. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin. [2]

4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: [3]

5.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirsin;

5.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

5.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin, təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

5.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə “Elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

5.5. elektron xidmətlərin, o cümlədən dövlət – biznes (G2B – government to business), biznes – dövlət (B2G – business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

5.6. rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. [4]

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 mart 2018-ci il

                    №1885

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə 1.1 – 1.5-ci, 1.8-ci və 1.9-cu bəndlər ləğv edilmişdir.

 

[2] 24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə 3-cü və 4-cü hissələr ləğv edilmişdir.

 

[3] 24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə 5-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;

5.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;

5.3. “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

 

[4] 24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə 6-cı hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status