AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.11.2000
QEYDİYYAT NÖMRƏSİ
421
ADI
Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2000, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 797)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq qərara alıram:

1. "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə edilir).

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

 

Bakı şəhəri, 28 noyabr 2000-ci il

      № 421


 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə

təsdİq edİlmİşdİr

 

Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq islahatı haqqında" və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası qanunlarına və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikası ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətinin (torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti istisna olmaqla) həyata keçirilməsi qaydalarını müəyyən edir. [1]

2. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətinin məqsədi bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və texniki uçotunun aparılmasında, habelə yerquruluşu, axtarış və kəşfiyyat işlərinin həyata keçirilməsində, torpaq sahəsi üzərində öhdəliklər və məhdudiyyətlərin, servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin etməkdir.

3. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. [2]

4. Torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti orqanlarının tərkibinə həmçinin Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları daxildir. [3]

5. Dövlət Xidmətinin rəisi vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasında torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir. [4]

6. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə görə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir. [5]

7. Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin aidiyyəti struktur bölmələri rəhbərləri vəzifələrinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir, dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş digər işçilər isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir. [6]

8. Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli bölmələrin (qurumların) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir. [7]

 

II. Torpaqlardan İstİfadəyə və onların mühafİzəsİnə Dövlət nəzarətİnİ həyata keçİrən orqanların vəzİfələrİ

 

9. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti vəzifələrinə uyğun olaraq Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti: [8]

9.1. öz səlahiyyətli daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir;

9.2. təbii və antropogen proseslərin zərərli təsirləri nəticəsində torpaqların münbitlik xassələrinin pisləşməsi ilə tənəzzülə (deqradasiya) uğraması səbəblərini araşdırıb ekspertizasını təşkil edir və bunların aradan qaldırılması barədə müvafiq təkliflər hazırlayır;

9.3. torpaqların münbitliyinin bərpası, onun artırılması və mühafizəsi məqsədi ilə aparılmış aqrotexniki, aqrokimyəvi, meliorativ (rekultivasiya tədbirləri), fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirləri barədə aidiyyəti üzrə hesabat verir;

9.4. münbitliyi itirilmiş torpaqların münbitlik xassələrinin bərpası və artırılması məqsədi ilə onların müvəqqəti təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası barədə təkliflər verir;

9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir; [9]

9.6. torpaq qanunvericiliyinin pozulması hallarını müəyyən edir və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

10. Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və onların yerli bölmələri (qurumları) aşağıdakılar barədə dövlət nəzarətini həyata keçirirlər; [10]

10.1. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə;

10.2. torpaqların mövcud istifadə vəziyyəti, uçotu və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı, habelə ehtiyat torpaq fondu (istifadə edilməyən torpaqlar) barədə dürüst məlumatlar verilməsinə;

10.3. torpağın üst qatının pozulması işlərinin aparılması zamanı onun üst münbit qatının (əkin və əkin altı qatı) kənara götürülməsi və həmin torpaq kütləsinin torpağın təkrar rekultivasiya olunması və eləcə də ərazidə mövcud olan qeyri münbit torpaqların əkin qatının yaxşılaşdırılmasında istifadə edilməsinə;

10.4. torpaqların münbitlik xassələrinin yaxşılaşdırılması, eroziyanın qarşısının alınması, şorlaşması, şorakətləşməsi, bataqlaşması, su altında qalması, məişət tullantıları, çirkab suları, eləcə də müxtəlif mənşəli radioaktiv və kimyəvi elementlərlə çirklənməsi, zəhərli bitkilərlə, alaq otları və kol-kosla örtülməsi, tənəzzülə uğraması (deqradasiya) və digər mənfi təbii və antropogen proseslərə qarşı kompleks mübarizə tədbirlərinin vaxtında yerinə yetirilməsinə;

 

III. Torpaqlardan İstİfadəyə və onların mühafİzəsİnə Dövlət Nəzarətİ orqanlarının hüquqları

 

11. Torpaqlardan istifadəyə və onların mühafizəsi üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş dövlət müfəttişlərinə, onların müavinlərinə, dövlət müfəttişlərinə, müfəttişlərə, habelə rayon (şəhər) dövlət müfəttişlərinə onlara həvalə edilmiş vəzifələrə müvafiq olaraq öz səlahiyyətləri daxilində aşağıdakı hüquqlar verilir:

11.1. torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müəyyən edilmiş qaydada tərtib edilmiş sənədləri müvafiq orqanlara göndərmək;

11.2. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərininin, istifadəçilərinin və icarəçilərin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmə qarşısında iddia qaldırmaq;

11.3. torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, yerquruluşu işləri, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən qərar, sərəncam və digər normativ xarakterli aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq;

11.4. torpağın üst münbit qatını götürmədən yollar salınmasını, boru kəmərlərinin, qurğuların və digər obyektlərin tikintisi və quraşdırılmasını, kanallar çəkilməsini. Habelə torpaqların mühafizəsinə zidd olaraq aparılan geoloji kəşfiyyat, axtarış, geodeziya, başqa elmi-tədqiqat, sınaq-təcrübə işlərinin, aqrotexniki və meşə meliorativ tədbirlərinin həyata keçirilməsini, hidrotexniki qurğuların quraşdırılmasını və terrasların salınmasını, torpaqların mühafizəsini təmin edən tədbirlərinin görülməsinə qədər müvəqqəti dayandırmaq barədə müvafiq yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında məsələ qaldırmaq;

11.5. torpaq qanunvericiliyini pozan vəzifələri və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək;

11.6. qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün aidiyyəti üzrə müvafiq məhkəməyə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təkliflər vermək; [11]

11.7. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərindən torpaqlardan səmərəli istifadə və onların mühafizəsi vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada statistik və digər məlumatları almaq;

11.8. torpaq sahələrində elmi tədqiqat, sınaq-təcrübə işləri aparmaq və onların nəticələrini ekspertiza etmək, torpaqların səmərəli istifadəsi və mühafizəsi barədə tədbirlərin yerinə yetirilməsi vəziyyətini yoxlamaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada mütəxəssislər cəlb etmək;

11.9. torpaq sahəsi ayrılmış hüquqi şəxslərə xidməti vəsiqəni təqdim etməklə həmin torpaq sahələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək;

11.10. torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məsələlərinə dair təklif və tövsiyələr vermək;

11.11. təbiət mühafizə tələbləri pozulmaqla aparılan aqrotexniki və meşə-meliorativ işlərini, habelə təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinatlı torpaqlardan istifadə edilərkən qanunvericiliyə uyğun müəyyən edilmiş rejim pozulmaqla aparılan işlərin dayandırılması barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək.

12. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və onun yerli qurumları torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti barədə Dövlət Xidmətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi formada hər ilin 1 yanvar tarixinə olan vəziyyətə dair hesabat təqdim edirlər. [12]

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

2.       2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660)

3.       15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244)

4.       1 dekabr 2016-cı il tarixli 1137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 dekabr 2016-cı il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2055)

5.       21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 1-ci bənddə “nəzarətinin” sözündən sonra “(torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[2] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 3-cü bənddə “Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 3-cü hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 4-cü, 9-cu, 10-cu və 12-ci bəndlərdə "Azərbaycan Respublikasının Dövlət Torpaq", 5-ci və 7-ci bəndlərdə "Azərbaycan Respublikası Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 4-cü bənddə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin rayon (şəhər) torpaq şöbələri” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 4-cü hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri “Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 8-ci bənddə yeni redaksiyada yeni cümlə əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 5-8-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifə etibarı ilə eyni zamanda Azərbaycan Respublikasında torpaqlardan istifadə və onların mühafizəsi üzrə Baş Dövlət müfəttişlər, onun müavinləri isə Baş dövlət müfəttişinin müavinləridir.

6. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin sədri vəzifə etibarlı ilə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində torpaqlardan istifadə və onların mühafizəsi üzrə Baş dövlət müfəttişidir, onun müavini isə baş dövlət müfəttişinin müavinidir;

7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin baş idarələrinin və onların tərkibindəki şöbələrin rəisləri vəzifə etibarlı ilə eyni zamanda torpaqlardan istifadəyə və onların mühafizəsi üzrə dövlət müfəttişləridir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin mərkəzi aparatında dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş mütəxəssisləri və aparıcı mütəxəssisləri isə torpaqdan istifadə və onların mühafizəsi üzrə müfəttişlərdir.

8. Rayon (şəhər) torpaq şöbələrinin müdirləri vəzifə etibarlı ilə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizə üzrə rayon (şəhər) dövlət müfəttişləridir. Rayon, şəhər torpaq şöbələrinin baş mütəxəssisləri müvafiq rayon, şəhər torpaqlardan istifadə və onların mühafizəsi üzrə müfəttişlərdir

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 5-ci hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri “Dövlət Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 6-cı hissəsində “Komitəsinin sədri” sözləri “Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 7-ci hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur vahidlərinin (şöbələrinin)” sözləri “Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin aidiyyəti struktur bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 8-ci hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri “Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının” sözləri ilə, “yerli qurumların (bölmələrin)” sözləri “yerli bölmələrin (qurumların)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 9-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9-cu hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 dekabr 2016-cı il tarixli 1137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 dekabr 2016-cı il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2055) ilə 9.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.5. Torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırır;

 

[10] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə “rayon (şəhər) torpaq şöbələri” sözləri isə “onların yerli qurumları və yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 10-cu hissəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onların yerli qurumları və yerli bölmələri” sözləri “Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və onların yerli bölmələri (qurumları)” sözləri ilə əvəz edilmişdir.

 

[11] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 797; 2001-ci il, № 12, maddə 755) 11-ci bəndinin 11.6-cı yarımbəndində “məhkəməyə,” sözündən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri əlavə edilmişdir.

 

[12] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 12-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, rayon (şəhər) torpaq şöbələri torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti barədə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin müəyyən etdiyi formada hər ilin 1 yanvar vəziyyətinə ona hesabat təqdim edirlər.

 

21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 12-ci hissəsində “Dövlət Komitəsi və onun yerli bölmələri” sözləri “Dövlət Xidməti və onun yerli qurumları” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə onun” sözləri “Dövlət Xidmətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status