“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 783-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında
SAZİŞ
Bundan sonra ayrı-ayrılıqda “Razılığa gələn Tərəf” və birlikdə “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Laos Xalq Demokratik Respublikası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərinin inkişafını təşviq etməyi arzu edərək,
etibarlı diplomatik pasportlara malik olan iki dövlətin vətəndaşlarının arasında giriş-çıxış və hərəkətinin asanlaşdırılmasını arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişdə istifadə olunan termin aşağıdakı mənaya malikdir:
“Diplomatik pasportlar” - Azərbaycan Respublikasının diplomatik pasportları və Laos Xalq Demokratik Respublikasının diplomatik pasportları.
Maddə 2
1. Etibarlı diplomatik pasportlara malik olan Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası vətəndaşları, digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə 1 (bir) ay müddətinə qədər vizasız daxil ola, orada qala, oradan gedə və tranzit qaydada həmin ərazidən keçə bilərlər.
2. Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddəti, qəbul edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, həmin vətəndaşların rəsmi müraciəti əsasında uzadılır.
Maddə 3
Öz müvafiq diplomatik missiyasında, konsulluğunda və ya beynəlxalq təşkilat yanında akkreditə olunmuş daimi nümayəndəliyində vəzifələrini yerinə yetirmək üçün digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə səyahət edən Razılığa gələn Tərəfin dövlətinin etibarlı diplomatik pasportlara malik olan vətəndaşları və onların ailə üzvləri qəbul edən dövlətin Xarici İşlər Nazirliyində akkreditə edilir.
Maddə 4
Etibarlı diplomatik pasportlara malik olan bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqələrindən daxil ola və oradan gedə bilərlər.
Maddə 5
1. Bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşına məxsus diplomatik pasport digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, pasportun sahibi bu barədə qəbul edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarını məlumatlandırır.
2. İtirilmiş və ya korlanmış diplomatik pasportun əvəzinə pasport sahibinin vətəndaşı olduğu dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu həmin şəxsə yeni səyahət sənədi verir. Səyahət sənədi əsasında çıxışa, qəbul edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarının müvafiq razılığından sonra icazə verilir.
Maddə 6
Etibarlı diplomatik pasportlara malik olan bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanunlara və qaydalara riayət edirlər.
Maddə 7
Razılığa gələn Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya vətəndaşların sağlamlığı səbəbindən bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayır. Razılığa gələn Tərəflər bu Sazişin tətbiqinin dayandırılması və onun yenidən qüvvəyə minməsi haqqında qərarı barədə dərhal, 48 saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırırlar.
Maddə 8
Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin arzuolunmaz sayılan şəxslərinin öz dövlətinin ərazisinə daxil olmasına icazə verməkdən imtina etmək və ya həmin şəxslərin öz ərazisində qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.
Maddə 9
1. Razılığa gələn Tərəflərin Xarici İşlər Nazirlikləri, bu Sazişin qüvvəyəminmə tarixindən sonra 30 gün müddətində diplomatik kanallar vasitəsilə bu Sazişin şamil edildiyi pasportların nümunələrini mübadilə ediriər.
2. Razılığa gələn Tərəflər dövriyyəyə yeni diplomatik pasportlar buraxdıqları halda, onların rəsmi istifadəyə verilmə tarixindən ən azı 30 gün əvvəl diplomatik kanallar vasitəsilə bu pasportların nümunələrini mübadilə edirlər.
Maddə 10
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokol formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 12
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanmasını təsdiqləyən sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Razılığa gələn Tərəflərdən hər biri istənilən vaxt bu Sazişi ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş göndərə bilər. Ləğvetmə belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra qüvvəyə minir.
Bu Saziş Bakı şəhərində 19 iyun 2017-ci il tarixində, hər biri Azərbaycan, laos və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri və tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
|
Laos Xalq Demokratik
|
Hökuməti adından
|
Respublikası Hökuməti adından
|
(imza)
|
(imza)
|