Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2017-ci il
№ 1647
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının
Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi (bundan sonra ayrılıqda “iştirakçı”, birlikdə “iştirakçılar” adlandırılacaq),
2006-cı il 7 noyabr tarixində Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda müəyyən edilmiş əməkdaşlıq prinsiplərini nəzərə alaraq,
beynəlxalq hüquq normalarına və İştirakçıların dövlətlərində qüvvədə olan qanunvericiliyə uyğun bərabərlik və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq, hər iki dövlətin enerji potensialından istifadə etməyə və hər iki xalqın rifahını yüksəltməyə çalışaraq,
enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şəraitin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
İştirakçılar enerji kompleksinə aid olan, xüsusi olaraq neft, təbii qaz, alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində elmi, texniki və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı üçün lazımi tədbirlər görəcəklərini bildirirlər.
Maddə 2
İştirakçılar hər iki ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsində iqtisadi cəhətdən səmərəli enerji layihələrinin həyata keçirilməsi üçün təsərrüfat subyektlərini dəstəkləməyə səy göstərəcəklər.
Maddə 3
İştirakçılar ali təhsil, təlim və inkişaf proqramlarının, həmçinin birgə seminar, konfrans, dəyirmi masa müzakirələri və forumların həyata keçirilməsində tədqiqat institutları, universitetlər və təsərrüfat subyektlərinin dəstəyə ehtiyac olduğunu vurğulayırlar.
Maddə 4
İştirakçılar enerji sahəsində məlumat mübadiləsinə və ən yüksək standart və əməkdaşlıq təcrübələrinin təşviqinə səy göstərəcəklər.
Maddə 5
İştirakçılar Yaşıl İqlim Fondu (YİF) və Avropa İttifaqı fondları tərəfindən maliyyələşdirilə bilən bərpa olunan enerji ehtiyatlarına dair birgə layihələrin hazırlanmasını nəzərdən keçirəcəklər.
Maddə 6
Hər bir İştirakçı bu Anlaşma Memorandumuna uyğun olaraq tədbirlərin həyata keçirilməsində öz xərclərini qarşılayacaqdır. Bu Anlaşma Memorandumu İştirakçıların iqtisadi amilləri və büdcə məhdudiyyətlərinə uyğun icra olunacaqdır.
Maddə 7
Bu Anlaşma Memorandumunun heç bir müddəası İştirakçıların beynəlxalq öhdəlikləri və ya milli qanunvericiliyi ilə uyğun olmayan və ya ziddiyyət təşkil edəcək tərzdə təfsir və ya tətbiq edilmir. Bu Anlaşma Memorandumu Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasında təsbit olunmuş qaydaların predmeti deyildir və onun tətbiqi yalnız İştirakçıların milli qanunvericiliyi ilə tənzimlənir.
Maddə 8
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin Polşa tərəfindən alındığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə qüvvədə qalacaqdır. İştirakçılardan biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallarla digər İştirakçıya bildiriş vermədiyi təqdirdə, Anlaşma Memorandumu avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumunun ləğv edilməsi, İştirakçılar başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Anlaşma Memorandumuna uyğun başlanılmış fəaliyyətlər və proqramların davamiyyətinə onlar başa çatanadək təsir etməyəcəkdir.
Varşava şəhərində 2017-ci il 27 iyun tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, polyak və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Hər hansı fikir ayrılıqları yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının
|
Polşa Respublikasının
|
Energetika Nazirliyi adından
|
Energetika Nazirliyi adından
|
(imza)
|
(imza)
|