AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
31.08.2017
QEYDİYYAT NÖMRƏSİ
28
ADI
“Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.09.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201708310028
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.09.2017
“Kredit tarixçəsi subyektinin razılıǧının alınması və razılıǧın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

31.08.2017

Qeydiyyat nömrəsi

28

Adı

“Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.09.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201708310028

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.09.2017

 

 

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

 

QƏRARA ALIR:

 

1. “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Baş icraçı direktora (İbrahim Alışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Direktorlar Şurasının sədri                                                                      Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 28

31 avqust 2017-ci il

Direktorlar Şurasının sədri

_______________

Rüfət Aslanlı

 

 

Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası

 

1. Ümumi müddəalar

 

Bu Qayda “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 4.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.

 

2. Əsas anlayışlar

 

Bu Qaydada istifadə edilən “kredit bürosu”, “kredit tarixçəsi”, “kredit tarixçəsinin subyekti”, “kredit hesabatı”, “məlumat təchizatçısı” və “məlumat istifadəçisi” anlayışları “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra - Qanun) onlar üçün müəyyən edilmiş mənaları daşıyır.

 

3. Kredit tarixçəsi subyektinin razılığının alınması

 

3.1. Məlumat təchizatçıları tərəfindən kredit bürosuna kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların təqdim edilməsi və kredit büroları tərəfindən məlumat istifadəçilərinə kredit tarixçələrini təşkil edən məlumatların təqdim edilməsi bu Qaydanın 3.5-ci, 3.6-cı, 3.7-ci və 3.7-1-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit tarixçəsi subyektinin yazılı (o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) razılığı əsasında həyata keçirilir.[1]

3.2. Kredit tarixçəsi subyektinin yazılı razılığında əks olunan məlumatlar Qanunla müəyyən edilir. “Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə Razılıq ərizəsi”nin (bundan sonra – Razılıq ərizəsi) forması bu Qaydanın əlavəsində müəyyən edilir. Razılıq ərizəsində “Toplanılmasına və işlənilməsinə razılıq verilmiş məlumatlar” bəndi üzrə “Kredit tarixçəsi subyektinin qeyd etdiyi məlumatlar” xanası seçildikdə, həmin məlumatlar Razılıq ərizəsinin kredit tarixçəsinin subyekti tərəfindən imzalanan əlavəsində göstərilir. Məlumat təchizatçısı və ya məlumat istifadəçisi kredit təşkilatı olduqda, Razılıq ərizəsində “Toplanılmasına və işlənilməsinə razılıq verilmiş məlumatlar” bəndi üzrə “Bütün məlumatlar” xanası seçilməlidir.

3.3. Kredit tarixçəsi subyekti tərəfindən Razılıq ərizəsi imzalandığı andan etibarən məlumat istifadəçisi və ya məlumat təchizatçısı tərəfindən kredit tarixçəsi subyektinin yazılı razılığının alınması təmin edilmiş hesab olunur.

3.4. Məlumat təchizatçıları və istifadəçiləri yazılı razılıq alarkən kredit tarixçəsinin subyektinə özlərinin Qanunla müəyyən olunmuş vəzifələri və kredit tarixçəsi subyektinin Qanunla müəyyən olunmuş hüquqları barədə ətraflı məlumat verir və bu barədə Razılıq ərizəsində müvafiq qeyd aparır.

3.5. Qanunun 14.0.1-ci maddəsinə uyğun olaraq Qanunun 12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatlar, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumatlar kredit tarixçəsi subyektinin razılığı alınmadan verilməlidir.[2]

3.6. Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq kredit bürosu rəsmi nəşrlərdə, rəsmi informasiya resurslarında və digər rəsmi mənbələrdə ümumi istifadə üçün açıq olan məlumatları kredit tarixçəsinin subyektinə aid hissədə kredit tarixçəsi subyektinin razılığı olmadan kredit tarixçəsinə daxil edə bilər.

3.7. Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq kredit tarixçəsinin subyekti, icraatlarında olan işlərlə əlaqədar məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına kredit tarixçəsi subyektinin razılığı tələb olunmur.[3]

3.7-1. Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.[4]

3.8. Qanunun 15.6-cı maddəsinə uyğun olaraq kredit tarixçəsinin subyekti vəfat etdikdə, ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Bu halda müvafiq olaraq vərəsənin, qanuni nümayəndənin, valideynin və ya himayəçinin, şəxs səlahiyyətli nümayəndəsi vasitəsilə razılıq verdikdə isə səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməlidir.

 

4. Razılığın alınması faktının kredit bürosu üçün təsdiqi

 

4.1. Məlumat təchizatçısı tərəfindən kredit bürosuna kredit tarixçəsini təşkil edən məlumat Qanunun 17.4-cü maddəsinə uyğun olaraq elektron formada təqdim edilir. Məlumat təchizatçısı tərəfindən kredit bürosuna məlumat kredit bürosu sisteminin müvafiq məlumat yükləmə vasitələri ilə birbaşa və ya Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada “Elektron hökumət” portalı vasitəsilə təqdim edilir.

4.2. Məlumat istifadəçisi tərəfindən kredit hesabatının kredit bürosundan alınması üçün müraciət məlumat istifadəçisinin yazılı (o cümlədən, gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) müraciəti və kredit bürosu sisteminin müvafiq sorğu vasitələri ilə birbaşa müraciəti vasitəsilə edilə bilər.

4.3. Kredit bürosu tərəfindən məlumat istifadəçisinə kredit hesabatı bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müvafiq müraciət üsullarına uyğun olaraq təqdim edilir.

4.4. Kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosuna birbaşa təqdim edilməsi və kredit hesabatının kredit bürosundan birbaşa alınması zamanı Razılıq ərizəsində qeyd edilmiş kredit tarixçəsi subyektinin məlumat mübadiləsinə münasibətini əks etdirən məlumatları və borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə razılığın qüvvədə olma müddətini qeyd etmək üçün kredit bürosu sistemində müvafiq xanalar olmalıdır.

4.5. Kredit tarixçəsi subyektinin yazılı razılığı alındıqdan sonra məlumat təchizatçısı və ya istifadəçisi kredit bürosu sisteminə bu Qaydanın 4.4-cü bəndində göstərilmiş xanalar üzrə müvafiq məlumatları təqdim etdikdə yazılı razılığın alınması faktını kredit bürosu üçün təsdiqləmiş hesab olunur.

4.6. Məlumat istifadəçisi tərəfindən kredit hesabatının kredit bürosundan alınması üçün yazılı (o cümlədən, gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) müraciət edildikdə, məlumat istifadəçisi Razılıq ərizəsinin surətini (o cümlədən, gücləndirilmiş elektron imzalı elektron sənəd formasında müraciət edilərkən elektron surətini) müraciətə əlavə edir.

4.7. Məlumat istifadəçisi tərəfindən kredit hesabatının kredit bürosundan alınması üçün Qanunun və bu Qaydanın tələblərinə cavab verən formada hazırlanmış yazılı (o cümlədən, gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) müraciət kredit bürosuna daxil olduqda məlumat istifadəçisi yazılı razılığın alınması faktını kredit bürosu üçün təsdiqləmiş hesab olunur.

4.8. Məlumat təchizatçısı və ya istifadəçisi tərəfindən razılığın alınması faktı kredit bürosu üçün təsdiqləndikdən sonra kredit bürosu Razılıq ərizəsinin şərtləri nəzərə alınmaqla məlumat təchizatçısı tərəfindən təqdim edilmiş kredit tarixçəsini təşkil edən məlumatları qəbul edir və ya kredit hesabatını məlumat istifadəçisinə təqdim edir.

4.9. Məlumat təchizatçısı və ya məlumat istifadəçisi tərəfindən razılığın alınması faktı kredit bürosu üçün təsdiqlənmədiyi təqdirdə kredit bürosu məlumat təchizatçısı tərəfindən təqdim edilmiş kredit tarixçəsini təşkil edən məlumatları qəbul etməkdən və ya kredit hesabatını məlumat istifadəçisinə təqdim etməkdən imtina edir.

4.10. Kredit tarixçəsi subyektinin razılığının alınması tələb edilmədiyi hallarda kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməsi və ya kredit hesabatının kredit bürosundan alınması kredit tarixçəsi subyektinin razılığının alınması faktı kredit bürosu üçün təsdiq edilmədən bu Qaydanın 4.1-4.3-cü bəndlərinə uyğun olaraq həyata keçirilir.

 

 


 

 

 

Məlumat təchizatçısının və ya istifadəçisinin eyniləşdirmə məlumatları daxil edilən sahə

 

Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”na

Əlavə

 

Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə

 

RAZILIQ ƏRİZƏSİ

Fiziki şəxs üzrə

 

Fiziki şəxsin eyniləşdirmə məlumatları:

Adı, soyadı, ata adı

 

Sənədin seriyası və nömrəsi

 

Sənədin FİN kodu

 

VÖEN-i (əgər varsa)

 

Şəxsin adından çıxış edən səlahiyyətli şəxsin eyniləşdirmə məlumatları:

Adı, soyadı, ata adı

 

Sənədin seriyası və nömrəsi

 

Sənədin FİN kodu

 

Səlahiyyəti təsdiq edən sənədin adı

 

 

Hüquqi şəxs üzrə

 

Hüquqi şəxsin eyniləşdirmə məlumatları:

Adı

 

VÖEN-i

 

Şəxsin adından çıxış edən səlahiyyətli şəxsin eyniləşdirmə məlumatları:

Adı, soyadı, ata adı

 

Sənədin seriyası və nömrəsi

 

Sənədin FİN kodu

 

Səlahiyyəti təsdiq edən sənədin adı

 

 

Razılıq verilən kredit bürosunun məlumatları:

Adı

 

VÖEN-i

 

Razılığın verilmə tarixi:

Razılığın tərtib olunma tarixi

 

 

Məlumatın toplanılmasına və işlənilməsinə kredit tarixçəsi subyektinin münasibəti:

Haqqımda toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə

razıyam

razı deyiləm

 

Haqqımda toplanan məlumatların kredit bürosuna təqdim edilməsinə

razıyam

razı deyiləm

Toplanılmasına və işlənilməsinə razılıq verilmiş məlumatlar

Bütün məlumatlar

Kredit tarixçəsi subyektinin qeyd etdiyi məlumatlar

Məlumatların transsərhəd ötürülməsinə

 

razıyam

razı deyiləm

Məlumatların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa kredit bürosuna ötürülməsinə

razıyam

razı deyiləm

 

Məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra

məhv edilsin

arxivləşdirilsin

Kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsinə

razıyam

razı deyiləm

 

 

Razılığın müddəti və onun geri götürülməsi:

Borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə razılığın qüvvədə olma müddəti və onun geri götürülməsi şərtləri

 

_______________________

(il, ay, gün və s.)

 

 

_______________________

(şərtlər)

 

 

Razılığı alınmış şəxsin təsdiq qeydləri:

Razılıq alınarkən məlumat təchizatçısı və ya məlumat istifadəçisinin Qanunla müəyyən olunmuş vəzifələri və mənim hüquqlarım barədə mənə məlumat verilməsini

 

təsdiq edirəm

inkar edirəm

 

Kredit tarixçəsi subyektinin (və ya səlahiyyətli şəxsin) imzası və əlaqə nömrələri:

 

 

Telefon: __________________________

 

 

 

İmza: _______________________

 

Kredit tarixçəsi subyektinin razılığının sonu

 

 

Razılığı almış şəxsin adı, soyadı və imzası:

 

 

Adı, soyadı: _______________________

 

 

 

İmza: _______________________

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 yanvar 2019-cu il tarixli 1951100001 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201901280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 yanvar 2019-cu il tarixli 1951100001 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201901280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2019-cu il) ilə “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın 3.1-ci bəndində “3.6-cı və 3.7-ci” sözləri “3.6-cı, 3.7-ci və 3.7-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 yanvar 2019-cu il tarixli 1951100001 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201901280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2019-cu il) ilə “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın 3.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.5. Qanunun 14.0.1-ci maddəsinə uyğun olaraq Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumat və kredit təşkilatları tərəfindən Qanunun 23.1-ci maddəsinə uyğun olaraq kredit bürosuna verilmiş məlumatlarda sonrakı dəyişikliklər barədə neqativ məlumat kredit tarixçəsi subyektinin razılığı alınmadan verilməlidir.

 

[3] 28 yanvar 2019-cu il tarixli 1951100001 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201901280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2019-cu il) ilə “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nın 3.7-ci bəndində “müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada” sözləri “icraatlarında olan işlərlə əlaqədar” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 yanvar 2019-cu il tarixli 1951100001 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201901280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2019-cu il) ilə “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”na yeni məzmunda 3.7-1-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status