![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
07.07.2017 |
Qeydiyyat nömrəsi |
10 |
Adı |
“Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
21.07.2017 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201707070010 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
20.07.2017 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası
Q Ə R A R A A L I R:
1. “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.
Direktorlar Şurasının sədri Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 10 07 iyul 2017-ci il Direktorlar Şurasının sədri _______________ Rüfət Aslanlı |
Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci və 13-3.2-ci maddələrinə müvafiq olaraq hazırlanmış və poçt rabitəsinin milli operatoruna (bundan sonra - Milli operator) maliyyə xidmətlərinin göstərməsi üçün lisenziya, onun filial və şöbələrinə isə icazələrin verilməsi qaydalarını, habelə maliyyə xidmətləri sahəsində Milli operatorun fəaliyyətinə dair prudensial normativləri və tələbləri müəyyən edir.
1.2. Milli operator, onun filial və şöbələri maliyyə xidmətləri sahəsində yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra- Palata) verdiyi lisenziyada və icazədə nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul ola bilərlər. Milli operatorun şöbəsinə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazə yalnız nəzdində fəaliyyət göstərdiyi filialın maliyyə xidmətlərinin göstərilməsinə icazəsi olduğu halda verilə bilər.
1.3. Maliyyə xidmətlərinin həyata keçirilməsi üçün lisenziya və icazələr müddətsiz verilir. Lisenziya və icazə verildiyi gündən qüvvəyə minir.
1.4. Milli operatorun fəaliyyətinə dair prudensial normativlərin və tələblərin müəyyən edilməsi maliyyə xidmətləri sahəsində onun təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədini daşıyır.
1.5. Maliyyə xidmətlərinin həyata keçirilməsi üçün lisenziya və icazələr barədə müvafiq qərarlar Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən qəbul edilir.[1]
2. Lisenziyanın alınması üçün müraciət
2.1. Maliyyə xidmətlərinin göstərilməsinə lisenziya almaq üçün Milli operator tərəfindən Palataya aşağıdakı sənədlər təqdim olunmalıdır:
2.1.1. lisenziyanın alınması üçün hüquqi şəxsin adı, təşkilati-hüquqi formasını, hüquqi ünvanını, hesablaşma hesabının nömrəsi və bankın adı, maliyyə xidmətləri üzrə fəaliyyət növlərini əks etdirən ərizə;
2.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
2.1.3. maliyyə xidmətlərinin göstərilməsinə başlandığı ilk üç il üçün kommersiya strategiyasını və maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) əks etdirən biznes plan;
2.1.4. auditor yoxlamasından keçmiş son maliyyə ilinin maliyyə hesabatları və son rübü əhatə edən balans, mənfəət və zərər haqqında hesabat, nağd pulun hərəkəti barədə hesabat;
2.1.5. Milli operatorun daxili informasiya, nəzarət və risklərin idarəetmə sistemlərinin reqlamenti (təşkilati strukturu, müvafiq struktur bölmələrinin, o cümlədən daxili audit bölməsinin əsasnamələri, Müşahidə Şurasının və daxili komitələrin əsasnamələri, maliyyə xidmətlərinə rəhbərlik edən şəxslərin səlahiyyətləri və s.);
2.1.6. Milli operatorun maliyyə xidmətlərinə aid hər bir fəaliyyət növü üzrə daxili qaydalar və müqavilələrin nümunəvi forması;
2.1.7. Milli operatorun maliyyə xidmətlərinə rəhbərlik edəcək vəzifəli şəxslərinin siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin təsdiqlənmiş surətləri, məhkumluğun olub-olmaması haqqında məlumat;
2.1.8. Milli operatorun Müşahidə Şurasının üzvləri və daxili audit şöbəsinin rəhbəri haqqında məlumat.
2.2. Lisenziya alınması üçün Milli operatorun müraciətinə tələb olunan bütün sənədlər təqdim olunduqdan sonra ən geci 60 təqvim günü müddətində baxılır, çatışmazlıqlar, nöqsanlar aşkar edilmədikdə və ya imtina üçün digər əsas оlmadıqda Palatanın İdarə Heyətinin növbəti iclasında lisenziya verilməsi məsələsinə baxılır və müvafiq qərar qəbul оlunur. [2]
2.3. Təqdim оlunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciət edənə 15 təqvim günü müddətində yazılı bildiriş göndərilir. Bu müddət ərzində müraciət edənə bildiriş göndərilməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sоnra sənədlərə müvafiq qaydada baxılır, dövlət rüsumu ödənilir və lisenziyanın verilməsi barədə qərar qəbul оlunur.
2.4. Palata iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin ərizəçiyə lisenziyanın verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu beş iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Palataya təqdim edilir.
2.5. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya iki iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya təqdim edilmədikdə, Palata tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat iki iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
2.6. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.6.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim оlunmadıqda;
2.6.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif оlunmuş məlumatlar оlduqda;
2.6.3. Milli operatorun nizamnamə kapitalı bu Qaydalarda müəyyənləşdirilmiş minimum tələbə cavab vermədikdə;
2.6.4. bu Qaydalarda müəyyən edilmiş zəruri şərtlər təmin оlunmadıqda.
3. Filial və şöbələrə icazələrin verilməsi
3.1. Filial və şöbələrin maliyyə xidməti göstərməsinə icazə almaq üçün Milli operatorun yazılı müraciətinə aşağıdakı sənədlər əlavə olunmalıdır:
3.1.1. filialın (şöbənin) maliyyə xidməti göstərməsinə icazə alınması barədə Milli operatorun səlahiyyətli idarəetmə orqanının qərarı və ya iclas protokolundan çıxarış;
3.1.2. filialın (şöbənin) Milli operatorun səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi (Əsasnamədə digər məlumatlarla yanaşı göstəriləcək maliyyə xidməti növləri göstərilir);
3.1.3. filialda (şöbədə) maliyyə xidmətinə məsul şəxs(lər)in (rəhbərin və ya digər müvəkkil şəxs(lər)in) səlahiyyətlərini əks etdirən sənəd, habelə peşə ixtisası və təcrübəsi haqqında məlumatları əks etdirən sənədlərin (təhsil haqqında və əmək fəaliyyəti barədə) təsdiqlənmiş surətləri, məhkumluğun olub-olmaması haqqında məlumat;
3.1.4. filialda maliyyə xidmətinə məsul şəxs(lər)in (rəhbərin və ya digər müvəkkil şəxs(lər)in) maliyyə xidmətləri üzrə peşə hazırlığını təsdiq edən məlumat və sənədlər.
3.2. Filialın və şöbənin maliyyə xidmətlərini həyata keçirməsinə icazə almaq üçün təqdim edilmiş müraciətə onun alındığı gündən 30 təqvim günü müddətində baxılaraq Palata tərəfindən müvafiq qərar qəbul olunur.
3.3. Təqdim оlunmuş çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciət edənə 10 təqvim günü müddətində yazılı bildiriş göndərilir. Həmin müddət ərzində müraciət edənə bildiriş göndərilməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərə müvafiq qaydada baxılır və qərar qəbul оlunur.
3.4. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.4 1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim оlunmadıqda;
3.4.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif оlunmuş məlumatlar оlduqda;
3.4.3. bu Qaydalarla müəyyən edilmiş zəruri şərtlər təmin оlunmadıqda.
4. Lisenziyada icazə verilən fəaliyyət növləri
4.1. Milli operator, onun filial və şöbələri maliyyə xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti Palatadan aldığı lisenziya və icazədə müəyyən edilmiş həcmdə həyata keçirə bilərlər.
4.2. Lisenziyada və icazədə elə fəaliyyət növlərinə icazə verilir ki, onların həyata keçirilməsi üçün Milli operatorun işçiləri lazımi hazırlığa malik olsunlar və ya həmin fəaliyyətin həyata keçirilməsi üçün bu Qaydalarla müəyyən edilmiş digər zəruri şərtlər təmin olunsun.
5. Maliyyə xidmətlərinə rəhbərlik edən şəxslərin peşə yararlılığına dair tələblər
5.1. Maliyyə xidmətlərinə bilavasitə rəhbərlik edən Milli operatorun vəzifəli şəxs(lər)i ali iqtisadi və ya hüquqi təhsilə və bank-maliyyə sahəsində azı 4 illik iş stajına və etibarlı işgüzar nüfuza malik olmalıdır.
5.2. Maliyyə xidmətlərinə rəhbərlik edən filialın vəzifəli şəxsi(ləri) ali və ya orta ixtisas təhsilinə, azı 3 illik iş stajına, bank işinə dair peşə hazırlıq kursunun sertifikatına və etibarlı işgüzar nüfuza malik olmalıdır.
5.3. Maliyyə xidmətlərini həyata keçirən şöbənin rəhbəri etibarlı işgüzar nüfuza malik olmalıdır.
6. Təşkilati-texniki tələblər
6.1. Milli operatorun təşkilati strukturu maliyyə xidmətlərinə adekvat səviyyədə qurulmalı, daxili informasiya, nəzarət və risklərin idarəetmə sistemi maliyyə xidmətləri sahəsində həyata keçirilən hər bir fəaliyyət növü üzrə səmərəli daxili nəzarətin həyata keçirilməsini təmin etməlidir. Milli operatorun daxili informasiya, nəzarət və risklərin idarəetmə sistemi avtomatlaşdırılmış informasiya sistemi əsasında qurulmalıdır.
6.2. Maliyyə xidmətlərini göstərən filiallarda daxili informasiya sisteminin Milli operatorun baş ofisi ilə real vaxt rejimində əlaqəsi təmin edilməlidir.
6.3. Milli operatorun (filialının) maliyyə xidmətlərini göstərəcəyi yer aşağıdakı texniki-təchizat və təhlükəsizlik tələblərinə cavab verməlidir:
6.3.1. kassa qovşağı və maliyyə xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan yer informasiya texnologiyaları vasitələri və hesablama texnikası ilə təchiz olunmalıdır;
6.3.3. pul vəsaitlərinin və digər qiymətlilərin saxlandığı kassa qovşağı mühafizə siqnalizasiya vasitələri ilə təchiz olunmalıdır;
6.3.4. əməliyyat və uçot işləri avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalıdır.
6.4. Milli operatorun şöbəsinin maliyyə xidmətlərini göstərəcəyi yer aşağıdakı texniki-təchizat və təhlükəsizlik tələblərinə cavab verməlidir:
6.4.1. pul saxlanan yer oda davamlı dəmir seyflərlə təchiz olunmalı, təhlükəsizlik tələblərinə cavab verməlidir;
6.4.2. informasiya texnologiyaları vasitələri və hesablama texnikası ilə təchiz olunmalıdır;
6.4.3. əməliyyat və uçot işləri avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalıdır.
6.5. Filiallarla Milli operator arasında nağd pulun və digər qiymətlilərin inkassasiya işinin təşkili Palatanın müvafiq normativ xarakterli aktları ilə banklar üçün müəyyən etdiyi qaydada tənzimlənir. Filiallar və şöbələr arasında nağd pulun və digər qiymətlilərin inkassasiya işinin təşkili Milli operatorun Palatanın razılaşdırılmaqla qəbul etdiyi daxili qaydaları ilə tənzimlənir.
7. Prudensial normativlər və tələblər
7.1. Milli operator maliyyə xidmətləri sahəsində fəaliyyəti dövründə nizamnamə kapitalının minimum məbləğinin, likvidlik göstəricilərinin və açıq valyuta mövqeyinin daimi olaraq aşağıdakı normativlər səviyyəsində saxlanmasını təmin etməlidir:
7.1.1. nizamnamə kapitalının minimum məbləği - 20 (iyirmi) milyon manat;
7.1.2. gündəlik ani likvidlik əmsalı - azı 50 (əlli) faiz;
7.1.3. açıq valyuta mövqeyi üzrə:
7.1.3.1. ayrılıqda hər bir sərbəst dönərli valyuta üzrə 5 (beş) faiz;
7.1.3.2. ayrılıqda hər bir qapalı valyuta üzrə 3 (üç) faiz;
7.1.3.3. sərbəst dönərli valyutalar üzrə məcmu açıq valyuta mövqeyi 10 (on faiz);
7.1.3.4. qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi 7 (yeddi) faiz.
7.2. Ani likvidlik normativinin hesablanması, likvidliyin planlaşdırılması və idarə olunması ilə bağlı digər tələblər, eləcədə açıq valyuta mövqeyinə dair tələblər Palatanın müvafiq normativ xarakterli aktları ilə banklar üçün müəyyən etdiyi qaydada tənzimlənir.
8. Prudensial hesabatlılıq
8.1. Milli operator maliyyə xidmətlərinə dair prudensial hesabatları aylıq əsasda hər növbəti ayın yeddisinə kimi Palataya təqdim etməlidir. İllik hesabatlar növbəti ilin yanvar ayının onuna kimi kənar auditor rəyi ilə təsdiqlənmiş illik balans, mənfəət və zərər haqqında hesabat isə auditor rəyi ilə birlikdə may ayının 1-dən gec olmayaraq təqdim edilməlidir. Zəruri hallarda Palata aralıq hesabatların, habelə hesabatların tərtibinə dair əlavə sənəd və izahatların təqdim olunmasını tələb edə bilər.
8.2. Prudensial hesabatlar Palatanın müəyyən etdiyi forma və məzmunda təqdim edilir. Hesabatlar Milli operatorun baş direktoru, baş mühasibi və maliyyə xidmətinə məsul şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq olunmalıdır. Rüblük və illik hesabatlar həmçinin Milli operatorun Müşahidə Şurasının sədri tərəfindən imzalanmalıdır.
8.3. Prudensial hesabatlar Milli operatorun və onun maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən bütün filial və şöbələrinin fəaliyyətini əhatə etməlidir.
8.4. Milli operatorun maliyyə hesabatlılığı sistemi maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı əməliyyatların (o cümlədən daxil olan pul vəsaitləri, həmin vəsaitlərin istifadəsi və investisiya edilməsi) maliyyə hesabatlarında ayrıca əks olunmasını təmin etməlidir. Maliyyə hesabatları prudensial hesabatlılıq çərçivəsində təqdim olunur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nın 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.5. Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə əsasən maliyyə xidmətlərinin həyata keçirilməsi üçün lisenziyalaşdırma və icazələr barədə müvafiq qərarlar Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla qəbul edilir.
[2] 20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812200017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna lisenziya, onun filial və şöbələrinə icazələrin verilməsi və fəaliyyətinə dair prudensial tənzimləmə Qaydaları”nın 2.2-ci bəndində “Direktorlar Şurasının” sözləri “İdarə Heyətinin” sözləri ilə əvəz edilmişdir.